ders

Dünyada ailələr məktəb və təhsilə nə qədər pul xərcləyir?

Baxış sayı: 1. 372

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Valideynlər mağazalarda, alış-veriş mərkəzlərindədir. Məktəb geyimləri, dərs ləvazimatları, çantalar… Və daha nələr, nələr…

Mövzunun aktual olduğunu nəzərə alıb, Türkiyə mediasına istinadən dünyanın fərqli ölkələrində övlad oxutmağın ailələrə necəyə başa gəldiyini təqdim edirik. Bu arada uşaqların məktəbdə neçə saat keçirməsi ilə bağlı detallar də bu yazının içərisində yer alacaq.

Bir çox ölkələr üçün payız yeni təhsil ilinin başlanğıcını ifadə edir. Amma ölkələr arasında təhsil ili fərqi olduqca diqqət çəkicidir. Məsələn, Amerikada məktəbə getməklə Çili, Rusiya və ya İslandiyada məktəbə getmək bir-birindən fərqlidir.

Bəs dərs müddəti ən qısa olan ölkə hansıdır? Məktəb xərcləri üçün ən çox pul xərcləyən ailələr hansı ölkədədir: hansı ölkədə orta təhsil müddəti 23 ilə çatır?

Amerikada məktəblər açılanda orta hesabla bir ailənin uşağı üçün çəkdiyi məsrəf 685 dollara çatır.

Bu rəqəm 2005-ci ildən bu yana 250 dollar məbləğində artıb. 2018-ci ildə bu ölkədə ailələrin toplam məktəbə başlama məsrəflərinin 27,5 milyard dollar olması gözlənilir.

Universitet təhsili da daxil edildiyi zaman bu rəqəm 83 milyard dollara çatır. Bu məsrəflər içində ən böyük hissəni orta hesabla 299 dollarla kompüter təşkil edir. Ardınca 286 dollarla məktəbli geyimi, 271 dollar ilə tablet və kalkulyator kimi elektronik vasitələrə çəkilən xərclər gəlir.

Dəftər, qələm, kitab və başqa əsas ləvazimatlar üçün çəkilən xərc isə orta hesabla 112 dollardır.

Danimarkada uşaqların məktəbdə keçirdikləri vaxt normadan 200 saat daha artıqdır.

33 inkişaf etmiş ölkə arasında ibtidai sinif şagirdlərinin məktəbdə keçirdiyi zaman baxımdan Rusiya ən sonda gəlir.
Beynəlxalaq norma 800 saat olduğu halda, Rusiyada ibtidai sinif şagirdləri ildə sadəcə 500 saatlarını məktəbdə keçirirlər. 8 aylıq bir təhsil ili baxımdan bu, gündə 5 saatlıq dərs mənasına gəlir.

Amma bu vəziyyət təhsil səviyyəsi baxımından Rusiyaya neqativ təsir göstərmir. Burada oxuma-yazma səviyyəsi 100-ə yaxındır.

Danimarka isə digər ucda yer alır. Bu ölkədə ibtidai sinif şagirdləri ildə ümumən 1000 saatlarını sinifdə keçirirlər. Bu, Rusiya ilə müqayisədə iki ay daha çox məktəb deməkdir. Bundan başqa, burada məktəb daha gec saatda bağlanır.
Danimarkanın təhsil baxımdan siyahıdakı ilk beşlikdə yer almasında bəlkə də bu uzun dərs saatlarının da payı var.

 

Təhsilin ən bahalı olduğu yer Honq Konqdur

Hansı ölkədə məktəbə getməsindən asılı olaraq təhsil xərcləri arasındakı fərq 100 min dollara çatır. Məktəbin illik ödənişi, kitab, nəqliyyat (avtobus xidməti) kimi məqamlar üst-üstə gələndə ibtidai sinifdən universitetə qədər ümumi məsrəflər baxımdan Honq Konq ən bahalı yer olaraq qarşımıza çıxır.

Honq Konqda ailələr bir uşağın təhsili üçün 131 min dollar xərcləyirlər.

Birləşmiş Ərəb Əmirlikləri isə 99 min dollarla ikinci sırada yer alır. Ardınca 71 min dollarla Sinqapur, 58 min dollarla ABŞ gəlir.

Amerikada artan universitet xərclərinə baxmayaraq, ailələrin öhdəsinə ümumi məsrəfin 23 faizi düşür. Fransada isə ailələr təhsil müddəti boyunca cəmi 16 min dollar xərc çəkirlər.

Bu gün bir il ərzində istehsal edilən qələm sayı 15-20 milyarda yaxındır. Dünyada qələm istehsalı üçün ildə 60-80 min ədəd ağac kəsilir.

Avstraliyada şagirdlər həyatlarının dörddə birini məktəbdə keçirirlər. Müəyyən bir nöqtədə təhsilin artıq sona çatması ilə həyata atılmaq lazım gəlir. Amma Yeni Zelandiya və İslandiya kimi ölkələrdə təhsilin tamamlanması üçün 20 il lazımdır. Avstraliyada isə bu, 22.9 ildir.

Nigeriyada 7 yaşında məktəbə başlayan şagirdlərin təhsil alma müddəti orta hesabla 5.3 ildir.

Türkiyədə 2018 ili üçün məktəb məsrəfləri birinci sinfə başlayan uşaq üçün 1624 lirə, liseydə isə 1830 liraya çatır. Bu il bütün təhsil mərhələlərində məsrəflər 30 faizə yaxın artış göstərib.

Musavat.com xatırladır ki, Azərbaycanda bir uşağı məktəbə hazırlamaq xərci 120 manatdan başlanır. Alınacaq məktəb ləvazimatlarının qiymətindən asılı olaraq, bu məbləğdə maksimum hədd 1000-1200 manat ola bilər. Əgər şagird dövlət məktəbində təhsil alırsa, valideyn illik ödəniş ödəmir. Amma bunun əvəzində repetitor və ya hazırlıq kursu xərclərini nəzərə alsaq, bu, ildə 1500-3000 manat ödəniş deməkdir. Ödənişli liseylərdə oxumaq isə daha məsrəflidir. İllik ödənişi 4000-10000 manat arası olan özəl liseylər var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir