gender

Dünyada gender bərabərsizliyi – Fərqli modellər, bəlli hədəflər

Baxış sayı: 831

Sağlam cəmiyyətdə cinsindən asılı olmayaraq, bütün fərdlərin hüquqları qorunmalıdır. Qadın ana olduğu üçün həm özünün, həm də övladlarının hüquqlarını qorumağı bacarırsa, bu, hərtərəfli müsbət haldır deyə vurğulanır daim.

Qadın haqlarına fərqli ölkələr fərqli prizmalardan yanaşır. Bəzi cəmiyyətlər üçün qadının məşğulluğu önəmlidirsə, bəzi cəmiyyətlərdə hətta XXI əsrdə belə təhsil hüququnun tanınması qeyri-adi hal kimi qəbul olunur. Məsələn, “Taliban” Əfqanıstanda hakimiyyətə gəldikdən sonra sərt şərtlər daxilində qadınlara təhsil hüququnun verilməsini vurğulayaraq bildirir. Bəs müsəlman olmayan ölkələrdə qadın hüquqlarına baxış necədir?

Məsələn, Avstriya hökumətinin Milli Plan çərçivəsində hədəfi qadınların nəinki əmək bazarında rolunun artırılmasına yönəlib, hətta əmək haqqının ödənməsində də bərabərliyin qorunması prioritetdir. Belçikada qadınlara fiziki zorakılığın qarşısını almaq üçün zaman-zaman strategiyalar hazırlanır. Estoniya illərdir qadınların maddi asılılığının olmaması, həmçinin, bütün sahələrdə kişilərlə bərabər hüquqlu qərarlar qəbul etmək, zorakılığa məruz qalan qadınlara bütün mümkün vasitələrlə yardım etmək istiqamətində mühüm işlər görür.

Bir neçə il öncə Fransa prezidenti Fransua Olland maraqlı bir açıqlama vermişdi: qadınlar ətraf mühitin mühafizəsi və qlobal istiləşmə problemlərinin həlli yollarının axtarışında mühüm rola malikdirlər. Qlobal problemlərin həllində qadınların rolu artırılarsa, bu, gender bərabərsizliyinin qarşısını ala biləcək, deyə dövlət başçısı qeyd etmişdi.

Göründüyü kimi, hər cəmiyyətin problemləri və bu problemlərin həllərinə baxışı fərqlidir. Tarixə nəzərə salanda da müxtəlif xalqların qadınlara münasibətinə dair maraqlı faktlara rast gəlmək olar. Türk dünyasında qadın zəif yox, zərif və güclü obraz kimi xarakterizə olunur. Misalı üçün, “Kitabi-Dədə Qorqud” dastanında yazılıb ki, Selcan xatun, Burla xatun, Banuçiçək və digər xanımlar silahlanıb, at çapıb, savaş meydanlarında düşmənlə çarpışıblar.

Şərqdə, Türk-müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycanda azadlıq bayrağı dalğalananda bu sevincdən qadınlara da pay düşdü. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin daim diqqətində olan, o dövr ziyalıların ən çox savaşdığı məsələlərdən biri idi qadın hüquqları. Qadınların mənəvi haqları, təhsil hüquqları ilə yanaşı, siyasi müstəvidə də səsləri eşidilməyə başladı. Çadranı atan müsəlman qadınları Şərqdə ilk dəfə seçkidə iştirak etmək haqqı qazandılar. Yəni, seçki hüququ qazanmış oldular.

Türkiyə Cümhuriyyəti də bu mənada inkişaf edib. Xüsusilə son illər qardaş ölkədə qadın hüquqları daim gündəmdə olan, müzakirə edilən mövzulardandır.

“Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərova mövzunu şərh edərkən öncə qadına qarşı ayrı-seçkiliyin bütün cəmiyyətlərdə olduğunu təəssüflə bildirdi.

Günel Səfərova: Heç vaxt hakimiyyətin və müxalifətin adamı olmamışam – Yenicag.Az

“Bu, özünü daha çox zorakılıq formasında büruzə verir. Qanunlarda boşluq olsa da, Azərbaycanda qadın və kişi arasında ayrı-seçkilik yoxdur. Münasibət dövlətin qanunları, qanundan irəli gələn tələblərin necə icra olunmağından, mədəniyyətdən, o cümlədən dindən asılı olaraq formalaşır. Əfqanıstanda təhsil bərpa olunub. Bununla bağlı əcnəbi sosial şəbəkə istifadəçilərinin reaksiyalarına fikir verdim. Maraqlı məqamlar üzə çıxır. ABŞ-da, Böyük Britaniyada kilsə əsaslı məktəblərdə oğlanlar və qızlar ayrı-ayrı təhsil alır. Bu, onların mədəniyyətinin bir parçasıdır. Lakin cəmiyyətə  adaptasiya prosesində ayrı-seçkilik özünü göstərir. Biz adıçəkilən ölkələrdə qadının günaha görə daş-qalaq edilərək cəzalandırılmasını görmürük. Təəssüf ki, şəriət qanunları ilə idarə olunan İranda, Əfqanıstanda bunu görürük. Təhsil hüququnun verilməsi ciddi siyasi qərar deyil. Nəinki Əfqanıstanda, hətta qonşu ölkələrdə bu, tendensiya yarana bilər”, – deyə o qeyd etdi.

Onun sözlərinə görə, Türkiyədə qanunlar, işlək mexanizmlər var, lakin cəmiyyətin formalaşdırdığı qanunlar da var: “Bunu qadın cinayətlərində aydın görürük. Azərbaycan cəmiyyəti din amili üzərində qurulmasa da, fərqli dəyərlər zənciri var, bu da daha çox qadınlar üzərində qadağalarda özünü göstərir”.

 

Nigar HƏSƏNLİ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir