qrip

Dünyada koronovirus bəlası, Azərbaycanda isə qrip…

Baxış sayı: 836

“Qrip və soyuqdəymə səngimir, sönməyə doğru getmir. Qonşu Gürcüstanda ”B” qripinin yeni dalğası başlayıb. Bizdə belə rəsmi məlumat olmasa da, eyni vəziyyətdəyik. Mart ayını gözləyək…”

Bu sözləri pediatr Vaqif Qarayev facebook səhifəsində yazıb. Onun sözlərinə görə, yenilik yoxdur, qripə yoluxmamaq üçün deyilən məsləhətlərə əməl etməliyik.

Pediatr Dünya Səhiyyə Təşkilatının “COVİD-19-”la bağlı bəyanatını qeyd edib ki, aprelin ortalarında yoluxma sayı azala bilər: “Uşaqlar arasında çox az rast gəlinir. Hamilələr bətndəki uşağı yoluxdurmur, daha çox kişilər xəstələnir, ölürlər.

Sağalanların sayı da durmadan artır. Ebola qızdırması və HİV-lə yoluxma zamanı istifadə edilən antivirus preparatları koronavirusu da öldürür. Hər halda, pozitiv məqamlar var”.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə açıqlama yayıb.

1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində olan 2 tələbə evinə buraxılıb. Onların səhhətində hər hansı problem aşkarlanmayıb:

“Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalan 1 nəfər karantin müddəti bitdiyindən fevralın 18-də evinə buraxılacaq. Onun vəziyyəti normaldır və heç bir şikayəti yoxdur”.

Amma Azərbaycana gətirilən tələbələrin bəzilərində hərarət olması, karantinə alınmaları müəyyən şübhələr oyadıb.

Cəlal İsayev ile ilgili görsel sonucu

Ölkənin baş infeksionisti Cəlal İsayev “Yeni Müsavat”a bildirdi ki, Türkiyədən gələn tələbələr yoxlanmışdılar, analizlər mənfi göstərmişdi, onlarda koronavirus aşkarlanmamışdı: “Hərarət müxtəlif səbəblərdən olur. Onlardan biri özü təsdiqləmişdi ki, soyuq dəymişdi. Ümumiyyətlə, Azərbaycanda koronavirus yoxdur və bunu Ümumdünya Səhiyyə Təşkilatı da açıqlayıb”.

C.İsayev qeyd edib ki, havalar istiləşdikcə koronavirusun məhv olacağı gözlənilir: “Viruslar isti temperatura dözmür, uzun müddət davam edə bilməz”.

Çin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin Pnevmoniyanın yayılmasına qarşı mübarizə komissiyasının rəhbəri deyib ki, ölümcül koronavirus epidemiyası apreldə təsirini itirəcək. İki aydan sonra epidemioloji vəziyyətin sabitləşəcəyi gözlənilir.

Epidemiyanın pik həddi fevralın sonuna düşəcək, apreldə isə vəziyyət düzəlməyə doğru gedəcək. Koronavirus müsbət 56 dərəcədə dərhal, 37 dərəcədə isə təxminən 15 dəqiqəyə tələf olur. Aprelin başlaması ilə havaların isinməsi bu virusun məhvinə səbəb olacaq.

Koronavirusun yeni növü 2019-cu ilin dekabrında Mərkəzi Çinin 12 milyon əhalisi olan Uxan şəhərində qeydə alınıb. Çindən başqa 25 ölkədə həmin xəstəlik aşkar edilib.

Dünya Səhiyyə Təşkilatı bunu çoxsaylı ocağı olan epidemiya kimi səciyyələndirərək beynəlxalq miqyaslı fövqəladə vəziyyət olaraq tanıyıb.

koronavirus ile ilgili görsel sonucu

Bununla belə, Uxan şəhərinin müvəqqəti xəstəxanalarından birinin baş həkimi koronavirusdan ölüb.

Bu barədə yerli “Jenmin Jibao” qəzeti məlumat yayıb. Liyu Çjimin fevralın 17-də ölüb. O, koronavirusan ölən ilk tibb müəssisəsi rəhbəridir.

Ümumilikdə, Çində yeni virusdan ölənlərin sayı 1868 nəfərə çatıb. Bir gün ərzində virusdan 98 ölüm hadisəsi baş verib. 1701 nəfər, ölkə üzrə isə ümumilikdə 12,5 min nəfər sağalaraq xəstəxanalardan evə buraxılıblar.

Hazırda ölkədə 72 mindən çox insan virusun daşıyıcısıdır. Gün ərzində daha 1,8 min nəfər virusa yoluxub. Çində koronavirus ötən ilin sonlarında yayılıb.

Ölkənin hakimiyyət orqanları 2019-cu ilin 31 dekabrında Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkənin Xubey əyalətində naməlum pnevmaniyanın yayılması haqqında xəbərdar edib. Mütəxəssislər yeni koronavirusla yayıldığını müəyyənləşdiriblər.

Bu arada ÜST səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqramının direktoru Maykl Rayan hazırda əsən panika havasının bir qədər yersiz olduğunu söyləyib.

Onun sözlərinə görə, koronavirus adı ilə daha çox bilinən “Covid-19″ virusu təkcə insan sağlığını deyil, Yer kürəsinin bütün həyat sahələrinə ciddi təsir göstərməkdədir. Özəlliklə Çin iqtisadiyyatına dəyən zərər artıq on milyardlarla ölçülür.

M.Rayan əlavə edib: “Bu, çox ciddi bir hadisədir və böyümək potensialı da var. Lakin yoluxanların sayı nəzərə alınsa, biz cavab tədbirlərini balanslaşdırmaq məcburiyyətindəyik. Çünki Hubey vilayəti xaricində epidemiya əhalinin olduqca cüzi hissəsinə toxunub”.

Rayan koronavirusla əlaqədar səyahət gəmilərinin hərəkətinə qadağan qoyulmasının da əleyhinə olduğunu bildirib: “Əgər biz potensial patogenlə hər hansı bir kontakta görə hər bir səyahət gəmisini dayandırsaq, bu hara qədər sürəcək”.

koronavirus ile ilgili görsel sonucu

Koronavirusla fövqəladə şəkildə mübarizə olunmasının əleyhinə çıxanlardan biri də ÜST-nın baş direktoru Tedros Adhan Gebreyesusdur. Onun sözlərinə görə, yoluxanların sayında azalma müşahidə edilməsi sevindirici gəlişmədir.

“İnfeksiyaya bulaşan insanların 80%-də xəstəlik yüngül keçir, 14%-də isə ciddi simptomlar müşahidə olunur. Ən ağır vəziyyətdə olanların sayı isə ümumi göstəricilərin 5%-ni təşkil edir”, – deyə o vurğulayıb.

T.Gebreyesus həmçinin uşaqlar arasında yoluxma hallarının azlığına diqqət çəkərək bunun araşdırılmasının vacib olduğunu söyləyib.

ÜST-in informasiyasına əsasən, xəstələnənlər arasında “Covid-19″dan ölənlər təxminən 2%-dir ki, bu da 2002-2003-cü illərdə tüğyan edən ”SARS” atipik pnevmoniya və ya Yaxın Şərqdə meydana çıxan respirator sindromdan vəfat edənlərin sayından azdır.

Çində tüğyan edən dəhşətli koronavirus (COVID-2019) epidemiyası bütün dünyada tibbi maskalara tələbatı artırıb. Ehtimal olunur ki, vəziyyət belə davam etsə fərdi müdafiə vasitələri ilə bağlı dünya ehtiyatları yaxın 4-6 ay ərzində tükənəcək.

Ümumdünya Səhiyyə Təşkilatı respiratorlara tələbatın 100 dəfədən çox artdığını və bunun da onların dəyərini 20 dəfədən çox yüksəltdiyini açıqlayıb. Qoruyucu maskaların çatışmaması şəraitində ilk növbədə səhiyyə işçilərinin təmin edilməsi nəzərdə tutulur.

Mətbuatda gedən xəbərlərə görə, dünyadakı maska qıtlığı fonunda Azərbaycanda da tibbi maskaların qiyməti qaldırılıb.

Bir neçə həftə əvvələ qədər bir ədədi 10 qəpiyə satılan qoruyucu maskaların hazırda apteklərdə 3-4 dəfə baha satıldığı deyilir. Bununla bağlı növbəti sayımızda apteklərdən reportaj təqdim edəcəyik.

 

Emil SALAMOĞLU




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir