yol

Dünyadakı qəribə yol hərəkəti qaydaları

Baxış sayı: 234
Milli Məclisin “Yol hərəkəti haqqında” Qanuna etdiyi dəyişikliklə ölkəmizdə sürücülük hüququ ilə bağlı bir yenilik baş verdi. Dəyişiklik qüvvəyə mindikdən sonra 65 yaşına çatmış şəxslər “D” və “DE” kateqoriyaları üzrə sürücülük hüququnu avtomatik olaraq itirəcəklər. Bu isə sürücülük hüququnu itirmənin indiyə qədər olmayan tam yeni bir əsasıdır.
Bu yeniliyin tətbiqi maraqlı təcrübi suallar doğuracaq. Hazırda yaşı 65-i ötmüş və “D” və “DE” kateqoriyalı sürücülük hüququ olan şəxslər var. Ən maraqlısı onların bu kateqoriyalar üzrə sürücülük hüququnun taleyi ilə bağlı olacaq. Konstitusiyaya (149-cu maddə) “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun olaraq, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırmayan (yəni pisləşdirən) normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Deməli, hazırda yaşı 65-i ötmüş şəxslər malik olduqları “D” və “DE” kateqoriyası üzrə sürücülük hüquqlarını sürücülük vəsiqəsinin müddəti bitənədək saxlamalıdırlar. Amma həmin vəsiqənin müddəti bitdikdən sonra onların bu kateqoriyalar üzrə sürücülük hüququ uzadılmayacaq (yəni dəyişdirilən vəsiqədə “D” və “DE” kateqoriyaları göstərilməyəcək).
“D” və “DE” kateqoriyalarına malik olan və yaşı 65-ə çatmamış şəxslər isə bu yaşa çatdıqdan sonra onlara verilən yeni vəsiqədə “D” və “DE” kateqoriyası göstərilməyəcək.
Şəxs vəsiqəsini 65 yaşından qabaq dəyişdikdə və yeni vəsiqənin müddəti 65 yaşı keçəndən sonra bitməli olduqda isə yəqin ki, onun “D” və “DE” kateqoriyası üzrə sürücülük hüququnun 65 yaşadək etibarlı olduğu göstəriləcək…
Bu qadağa bizi dünyadakı qəribə yol qadağaları, sürücülərə qarşı tətbiq olunan yasaqlarla əlaqədar durumu araşdırmağı sövq etdi. Məlum oldu ki, dünyanın inkişaf etmiş, texnikası, demokratik dəyərləri ilə hər kəsə örnək olan ölkələrində sürücülərə qarşı elə qəribə qadağalar, cəza mexanizmləri tətbiq olunur ki… 
Başlayaq Böyük Britaniyadan. Birləşmiş Krallığın Edmont şəhərində velosiped sürmək hər oğulun işi deyil. Bunun üçün ya akrobat olmalısan, ya da ən azı üç əlin olmalıdır. Çünki şəhərin velosipeddən istifadə edənlər üçün özünəməxsus qəribə qanunu var. Şəhərin yol hərəkəti qaydalarında tələb edilir ki, velosiped idarə edən şəxs sağa və ya sola dönərkən döndüyü istiqaməti əli ilə göstərməlidir. Halbuki qanuna görə velosipedçi velosipedi idarə edərkən əllərini sükandan çəkməməlidir.
Fransa: Avtomobillərin yeni çıxan vaxtlarında Parisdə sürücü qadınlar yol qəzalarına daha çox səbəb olduğu üçün şəhər meriyası bunun qarşısını almaq məqsədilə qanun qəbul edir. Bu qanuna görə yaşı 30-dan aşağı olan qadınlara avtomobil idarə etmək qadağan olunur. Qanun çıxan günün səhərisi Parisdə bir nəfər də olsun qadın sürücüyə rast gəlməyiblər. Səbəb isə… sürücü qadınların yaşının 30-dan artıq olduğunu bildirmək istəməməsi olub.
Andreyin başına gələnlər
Rusiyada isə bir sürücünün başına qəribə olay gəlib. Sürücülük vəsiqəsi üçün başında aşsüzən formasında toxunma papaqla şəkil çəkdirmiş moskvalı sürücü Andrey Filin bundan sonra sükan arxasına yalnız belə vəziyyətdə oturmalıdır.
 
Əks halda onun sürücülük vəsiqəsi əlindən alınacaq. Bu barədə Rusiya Baş Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin rəis müavini Vladimir Kuzin deyib: “Onu yolda saxlasalar və başında o aşsüzən formasında papaq olmasa, vəsiqəsi əlindən alınacaq. Çünki sürücülük vəsiqəsindəki foto gerçəkliklə uyğun olmalıdır. Qoy, bundan sonra sükan arxasında olanda aşsüzəni başından çıxarmasın. Rəsmi sənədlər üçün nəzərdə tutulmuş fotoda başda papağın olması yalnız dini inanclara görə həmin insanın başqalarının yanında başını aça bilməməsi ilə bağlı ola bilər”.
 
A.Filinin dediyinə görə, başında toxunma aşsüzən olan fotolu sürücülük vəsiqəsini yanvarın 9-da alıb. O, pastafarianlıq təriqətinin ardıcılı olduğunu söyləyib: “Beynəlxalq sürücülük vəsiqəsi üçün də başımda aşsüzən foto çəkdirəcəyəm. Amma o aşsüzən ya dəmirdən, ya da plastikdən olacaq”.
Dünyada ilk dəfə sürücülük vəsiqəsi üçün başında aşsüzən foto çəkdirən şəxs avstraliyalı pastafarian Niko Almdır. Olay 2011-ci ildə yaşanıb. Pastafarianlıq və ya Uçan Spagetti Əjdahası təriqəti 2005-c ildə yaradılıb. Təriqətin banisi, amerikalı Bobbi Henderson bu minvalla ABŞ-ın Kanzas ştatının məktəblərində dünyanın “İlahi şüurun istəyi ilə yaranması” barədə dərslərə etiraz edib. Lağlağı təriqətin atributu aşsüzəndir.
 
Rusiyada Pastafarian Kilsəsi 2013-cü ildə rəsmi qeydiyyata alınıb
Arkanzas ştatının Littl Rok şəhərində sürücülərə sərinləşdirici içkilər və buterbrod satılan ərazilərdə siqnal vermək qadağandır. Şotlandiyada isə işıqforun qırmızı işığına olduqca həssas yanaşırlar. İstəyir gecə saat 3, küçələr də bomboş olsun, yenə də qırmızı işıqda keçən sürücü polisə aparılır, məhkəməyə verilir və 400 paund həcmində pul cəzası alır, eyni zamanda sürücülük vəsiqəsinə bal da yazılır. Sərxoş vəziyyətdə maşın sürən üçün də eyni cəzalar, üstəgəl həbs cəzası keçərlidir.
Buna qarşılıq olaraq, Şotlandiyada sığorta şirkətləri maşına dəymiş ziyana görə 100 min sterlinqə yaxın ziyan ödədiyi üçün avtomobil qəzası edən sürücünü dərhal qara siyahıya daxil edir. Və həmin adamın maşını normal tariflərdən 3-5 qat daha artıq məbləğə sığorta edilir.
Sürücü 3 gün həbs olunur – çünki qırmızı işıqda keçib 
Səudiyyə Ərəbistanda qırmızı işıqda keçən sürücü 3 gün müddətinə həbs edilir. Bu 3 gün ərzində bütün işləri və görüşləri alt-üst olur. Bununla yanaşı, ölkədə yol-nəqliyyat hadisələrində yaralanan və ölənlərin sayı yox deyiləcək qədər azdır.
Yaxın aylarda Birləşmiş Əmək Əmirliyinin (BƏƏ) Dubay şəhərində nəqliyyatın yeni növünün – tramvayın istismara verilməsi yol polisindən və nəqliyyat idarəsindən yeni yol hərəkəti qaydalarının, onları pozanlar üçün cərimə sisteminin hazırlanmasını tələb edir.
Məsələn, tramvay yolları ilə yol kəsişmələrində ağır nəticələrə səbəb olacaq işıq siqnallarına riayət edilməməsi pozucuya 30 min BƏƏ dirhəminə (8176 dollara) və sürücülük hüququndan bir ilə qədər məhrum edilməyə başa gələ bilər. Yol hərəkəti hadisəsinin iştirakçısının zədələnməsi ilə nəticələnən analoji pozuntuya görə günahkar beş mindən 15 min dirhəmə qədər (1300-4100 dollar) ödəməli olacaq və yarım il sürücülük hüququndan məhrum ediləcək.
Tramvay yollarında işıq siqnallarını pozmadan və zərərçəkən olmadan baş verən yol-nəqliyyat hadisəsi onu törədənə 3 min dirhəmə (təxminən 800 dollara) başa gələcək.
Qeyd edək ki, Dubayda şəhər tramvayı layihəsi son bir neçə il ərzində həyata keçirilir. Ümumi uzunluğu 14,6 kilometr olan xətt turistlərin sevimli Sufuh, Cumeyra Biç Rezidens, Dubay Marina sahilyanı rayonlarından keçəcək.
Dubayda tramvay rəsmən 2014-cü ilin noyabrında işə başlayacaq. Buna qədər marşrutda intensiv test sınaqları keçiriləcək.
Kanadada yol polisləri hər ay maaşlarından əlavə pul alırlar. Gəlirlərinin təxminən 30 faizini kəsdikləri cəzalar təşkil edir. Cəzalar polisə yox, birbaşa bank şöbələrinə ödənilir.
İtaliyada piyadaların ölümü ilbəil artır. Ölkənin Nəqliyyat Nazirliyindən verilən məlumatda ötən il maşın yollarında 627 piyadanın və 352 velosipedçinin avtomobil vurmasından dünyasını dəyışdiyi bildirilib. Bu səbəbdən 35 mindən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bunun qarşısını almaq üçün İtaliyanın millət vəkilləri 21 yaşı tamam olmayan sürücülərə içkili vəziyyətdə sükan arxasında oturmağı qadağan etmək qərarını irəli sürüblər. Bundan əlavə yol hərəkəti qaydalarını pozan sürücülər daha kəskin cəzalarla üzləşə bilər.
Malaziyada polisə rüşvət verməklə nəyi həll edirlər? 
İsveçrədə (ərazi 41 285 kvadrat km, əhali təqribən 8 milyon, bərk örtüklü avtomobil yollarının uzunluğu 71 min kilometr) 2012-ci ildə nəqliyyat qəzalarında 378 nəfər həlak olub. Bu, II dünya müharibəsindən sonra ən aşağı göstəricidir. Bu ölkədə müharibədən sonra 30 il ərzində yol qəzalarında ölü sayı sürətlə artır, 1971-ci ildə isə pik nöqtəyə çatır (1773). Sonradan hökumətin sərt tədbirləri və texniki inkişaf nəticəsində geri sayım başlayır. İcazə verilən alkoqol miqdarının 0.8 promildən 0.5-ə endirilməsi, bütün sərnişinlər üçün təhlükəsizlik kəmərinin məcburi olması, yolların keyfiyyəti müsbət nəticə doğurdu. Bunu da qeyd edək ki, müharibədən sonra ölkədə nəqliyyat vasitələrinin ümumi sayı da 63 dəfə artıb. Əgər 1945-ci ildə ölkədə 63 000 minik avtomobili vardısa, 2008-də bu göstərici 4 milyon oldu. Eyni zamanda, ağır xəsarət alanların sayı 9% azalaraq, 4780-ə, yüngül xəsarət alanların sayı isə 5% azalaraq 20176-ya düşdü. Qəzaların əksəriyyəti yaşayış məntəqələri daxilində baş vermişdi.
Malaziyada və İndoneziyada yol hərəkəti qaydalarına riayət etməmək, svetafor işıqlarını saya almamaq az qala ölkənin mədəniyyətinin bir parçası sayılır. Polislər yoxlama adı ilə maşınları saxlayır və aldıqları rüşvətlə aşağı məvaciblərini kompensasiya edirlər. Bu ölkələr artıq sözügedən qaydada idarə olunmağa öyrəşiblər.
İsveçdə isə içkili vəziyyətdə maşın sürmək birbaşa cinayət sayılır. Ona görə də ölkə polisi içkili maşın sürmək və sürət həddini aşmağı “silahla adam yaralamaq” cinayəti ilə eyniləşdiriblər. Bu cür pozuntular zamanı ya sürücünün vəsiqəsi ömürlük əlindən alınır, ya da çox ağır pul cəzaları verilir. Təhlükəsizlik kəməri taxmayanlara da 100 kron pul cəzası kəsilir. Bu 2 cəza növü İsveçdə minlərlə canın həyatda qalmasına səbəb olduğu kimi, milyonlarla kron maddi ziyanın qarşısını da ala bilir.
 
Sevinc Telmanqızı



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir