usaq

Dünyanı bürüyən PROBLEM – analar övladlarının canına niyə qıyır? – İZAHLAR

Baxış sayı: 215

Doğma anaları tərəfindən öldürülən uşaqların faciəsi tarix boyunca bütün dünyada baş verib. Lakin son illərdə anaların öz övladlarını öldürməsi, övladları ilə birgə intihar etməsi və ya övladlarını öldürəndən sonra öz canlarına da qıyması halları ilə tez-tez rastlaşırıq. İddia edirlər ki, hələ mediada yayılmayan , üzə çıxmayan xəbərlər bundan dəfələrlə çoxdur.

Cəmiyyətin günü-gündən mürəkkəbləşdiyi bir zamanda bu cür xoşagəlməz halların çoxalması təsadüfi deyil. Hazırda dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrində azyaşlı uşaqlarını öldürən analara istiqamətlənmiş elmi fəaliyyət proqramları hazırlanıər və buna uyğun olaraq işlər aparılır.

Belə ki doğuşdan sonrakı dövrdə uşaqlarını öldürən anaların əksəriyyətinin vaxtilə ailədə şiddət gördüyü və ya ümumən psixikasındakı bir sıra çatışmazlıqların səbəbinin məhz ailədəki zorakılıq və qayğısızlıq olduğu təsdiqlənib.

Hüquqşünas Anar Ramazanov deyir ki, bununla bağlı hüquqi tənzimləmə mexanizmləri işlənib hazırlanıb və tətbiq olunur.

“Azərbaycan Konstitusiyasına  görə, ailə – uşaq dövlətin xüsusi himayəsindədir. Konstitusiyamız birbaşa qeyd edir ki, ailə cəmiyyətin və dövlətin özəyini təşkil edir. Təbii ki, cəmiyyətin özəyinə dövlət biganə qala bilməz”.

Ananın uşağını öldürməsi texniki termin kimi  ingilis dilində “maternal filicide” adlanır. Bu hadisələrdə “cinayət” deyil, “öldürmək” terminindən ona görə istifadə olunur ki, cinayət kəlməsinin yükü çox ağırdır. Avropa 0-2 yaş arasındakı uşaqların qatili olan analara digərlərinə nisbətən daha az həbs cəzası verilməsi qanunla tənzimlənir.

Aparılan araşdırmalarda məlum olub ki, qadınların doğuşdan dərhal sonra və laktasiya dövründə körpəsini öldürməsi olduqca tez-tez rast gəlinən bir haldır. Laktasiya dövründə anaların psixi-ruhi durumu ürəkaçan vəziyyətdə olmur. Belə ki  analar övladları doğulan anda ya ona ürəkdən bağlana bilər və ya beyni  körpəni onu öz düşməni kimi qəbul edə bilər.

A.Ramazanovun sözlərinə görə, vəziyyətindən asılı olmayaraq ortada qətl  hadisəsi varsa, artıq cinayət məsuliyyəti yaranır.

“Çünki bu əməldə cinayət tərkibi var. Sırf uşağını öldürən analarla bağlı Cinayət Məcəlləsində xüsusi bir maddə mövcuddur. “Ananın yeni doğduğu körpəni öldürməsi”  maddəsi Cinayət Məcəlləsində xüsusi norma ilə tənzimlənir. Cinayət Məcəlləsinin 120-ci maddəsi isə qəsdən adamöldürmə maddəsidir. Ananın öz uşağını öldürməsində qəsdən adam öldürmə cinayətinin və yeni doğulmuş uşağı öldürməsi cinayətinin tərkibi də yarana bilər. Amma əgər uşağın doğulmasından bir müddət keçibsə, burada artıq qəsdən adam öldürmə cinayəti yaranır.

Qəsdən adam öldürmə cinayətində 9 ildən 14 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda, yeni doğulmuş uşağını doğuşdan dərhal sonra öldürən analara isə 3 ilə qədər həbs cəzası nəzərdə tutulur”.

Cinayət hüququ ədəbiyyatında “Doğuşdan dərhal sonra” anlayışı belə izah olunur:

Ananın yeni doğduğu uşağı doğuşdan dərhal sonra öldürməsi dedikdə uşağın ana bətnindən ayrıldıqdan sonra dərhal öldürülməsi başa düşülür. Cinayət hüququ ədəbiyyatında bu müddətin uşağın ana bətnindən ayrıldığı andan 4 saat keçənədək olan müddətin nəzərdə tutulması təklif olunur.

Hüquqşünas qeyd edib ki, bu müddət qanunla belə tənzimlənmir.

“Qanunda ana bətnindən ayrıldıqdan  sora qısa zaman müddətində qətl baş verərsə, bu xüsusi norma ilə tənzimlənir. Lakin hüquq ədəbiyyatında bu müddətin 4 saat keçənə qədər olan müddət götürülməsi təklif olunur. Çünki yalnız 4 saatdan sora ana özünə tam gələ bilər”.

1969-cu ildə doktor Filipp Resnik tərəfindən aparılan bir araşdırmada uşaqlarını öldürən anaların 68%-nin psixi xəstəxanalara və yalnız 27%-nin həbsxanaya göndərildiyi təsbit edilib.

Uşaqlarını öldürən ataların isə 72%-i həbsxanaya düşür və cəmi 14%-i xəstəxanaya yerləşdirilir.

1997-ci ildə isə ABŞ-da Ədliyyə Nazirliyinin apardığı araşdırmada səkkiz yaşınadək olan uşaqların anaları tərəfindən öldürülməsi faktının daha yüksək olduğu, 8 və daha çox yaşı olan uşaqların isə atalarının qəzəbinə tuş gəldiyini təsbit ediblər. Araşdırmada uşaqlıq dövründə oğlanların qızlara nisbətdə daha çox öldürüldüyü qeyd olunub.

Anaların öz uşaqlarını öldürməsi faktı, adətən, onların 3-5 yaş aralığında qeydə alınır. Məktəbli uşaqlarını öldürən anaların əksəriyyətinin də buna əslində bir neçə dəfə cəhd etdikləri, sadəcə müəyyən səbəblərdən alınmadığı və ya istəyib də cəhd edə bilmədikləri ortaya çıxıb. Qısacası, mütəxəssislərin fikrincə, yeniyetmə uşaqlarını bu və ya müəyyən səbəblərdən öldürən analarda da bu “qəzəb”  məhz laktasiya dövrünün şüuraltında qorunub saxlanan fəsadlarıdır.

A. Ramazanov yeni doğulmanın meyarının hər elmdə müxtəlif olduğunu vurğulayır.

“Yeni doğulma anlayışının məzmunu mamalıqda, mikropediatriyada, məhkəmə təbabətində eyni deyil. Mama və neomatoloqlar yeni doğulma dövrünü 3-4 həftə hesab edirlər. Məhkəmə təbabətində yeni doğulma dedikdə belə bir qısa müddət(doğuşdan sonrakı 1-ci, 2-ci günlər) başa düşülür ki, bu müddət ərzində uşaqda hələ də dölə xas əlamətlər olur”.

Ümumən bütün dünyada cinayətlərin üçdə biri hamiləlik dövründə və doğuşdan sonra meydana gəlir. Araşdırmalara əsasən, demək olar ki, cinayət törədən bütün anaların müqəddəs və ya kəskin psixotik səbəbləri  olur. Yeni Zelandiyada aparılan bir tədqiqatda, cinayətdən sonra müsahibə verən anaların ruhi sağlıq problemi olanları uşaqlarını planlaşdırmadan qəflətən öldürdüyünü, depressiyalı analar isə uşaqlarını hadisədən bir neçə həftə əvvəl öldürməyi düşündüklərini deyiblər.

Bu qətlin qurbanı olma riski, uşaqların həyatının ilk illərində (3-5 yaş dövründə) daha yüksəkdir. ABŞ-da uşaq öldürmə halları geniş yayılsa da, bu problem milli sərhədlərdən kənara çıxır. Çox ehtimal ki, bu nəticələrin azlığı qeyri-dəqiq qərarlar və bəzi qətllərin heç vaxt aşkar edilməməsi ilə bağlıdır.

İnkişaf etməkdə olan ölkələrdə, cinsi ayrı-seçkilik səbəbi ilə oğlanların ölümünə daha çox üstünlük verilir. Ölkələr arasında mədəni və hüquqi fərqlər də uşaq ölümü ilə bağlı tədqiqat nəticələrinə təsir edə bilər.

Bu cinayətlərin əhəmiyyətli bir hissəsi (16-29%) anaların intihar etməsi ilə sonlanır. Anaların əksəriyyəti,övladları ilə birlikdə ölümcül intihar cəhdləri edir. Gənc uşaqların anaları intihar etdikdə, onların təxminən 5% -i uşaqlarından ən az birini öldürmüş olur.

Hüqüqşünas Anar Ramazanov cinayət hüququ ədəbiyyatından bəzi məlumatları bölüşərək qeyd edib ki, bu cinayət ona görə yüngülləşdiri hallarda qəsdən adam öldürmənin bir növü hesab edilir ki, yeni doğduğu uşağı qətlə yetirən ananın psixikası kəskin deformasiyaya uğrayır.

“O öz hərəkətləri üzərində nəzarəti qismən itirir. Eyni zamanda hamilə qadının hamiləlik müddətində və doğum zamanı orqanizmdə gedən mürəkkəb proseslər onun normal fiziki qabilliyətini də müəyyən qədər məhdudlaşdırır. Orqanizmdə gedən psixofizioloji proseslərin təsiri altında belə qadınların xasiyyəti dəyişir. Heç bir səbəb olmadan tez-tez əsəbləşirlər və s. Orqanizmin belə dəyişikliyi hamilə qadının öz iradəsindən asılı olmur”.

Əksər hallarda bu analar altruistik motivlərə malikdirlər.

Altruistik intihar – öz həyatını sosial motivlər naminə qurban verən və bununla yüksək dərəcədə qrup identifikasiyasına malik şəxslərdə təsadüf edilir.

Bundan əlavə, insanın özünə qəsd edərkən yaxınlarını da özü ilə ölümə aparmaq  cəhdləri də olur. Belə şəxslərdə genişlənmiş intihar (məsələn, intihardan əvvəl azyaşlı uşağını guya əzabdan qurtarmaq üçün öldürmüş qadının hərəkəti) halları da qeydə alınır.

Təbii ki hər yaxın adamını öldürənə ruhi xəstə adını vermək doğru deyil, bu məhkəmə psixiatriya ekspertizasının həll etməli olduğu məsələdir. (Modern.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir