siyasetciler

Dünyanı idarə edən 10 ən güclü qadın – FOTOLAR

Baxış sayı: 728

“Forbes” dünyanın ən nüfuzlu 100 qadınının siyahısını hazırlayıb. Siyahıda dünyanın 30 ölkəsindən – siyasətçilərdən pandemiyaya qarşı mübarizə aparanlara qədər fərqli peşələrin nümayəndələri yer alıb. Pandemiya “Forbes”in mütləq siyahısına yeni seçim meyarı gətirib: 2020-ci ilin bənzərsiz problemlərini bütün yollarla həll etmək bacarıqları. İngilis kraliçası bu siyahıda 46-cı yerdə qərarlaşıb, Elvira Nabiullina 47, Rihanna 69, Beyons 72, Sanna Marin 85-ci sırada gəlib.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən oxucuları siyahının ilk 10 pilləsində qərarlaşan planetin ən vacib on xanımı ilə tanış edir.

 

Qeyl Budro

Amerika Birləşmiş Ştatlarının ən böyük sığorta şirkətlərindən biri olan “Anthem”in prezidenti və icraçı direktoru bu il ən güclü qadınların onluğuna daxil olub. 60 yaşlı Qeyl Budro səhiyyə sahəsində zəngin peşəkar təcrübəyə malikdir, son iki ildə “Anthem”in səhmləri 20 faiz artıb. Ancaq söhbət yalnız kommersiya faydalarından getmir. Şirkət amerikalıların üzləşdiyi ciddi sağlamlıq problemlərini həll etmək üçün 53 milyon dollardan çox qrant ayırıb.

 

Ebiqeyl Conson

Amerikanın “Fidelity Investments” şirkətinin prezidenti “Forbes”ə görə dövrünün ən zəngin qadınlarından biridir. Ebbi MBA dərəcəsini Harvarddan qazanıb, 1980-ci illərdə analitik kimi çalışmağa başlayıb. Babasının təsis etdiyi Boston fondu şirkətinin sədri vəzifəsi ona atasından ötürülüb. 58 yaşlı milyarder kriptovalyutalara çox həvəs göstərir, 2018-ci ildə belə bir platforma təqdim edib.

 

Ana Botin

Ana məşhur ispan bankiri, maliyyə və “Santander” kredit qrupu idarə heyətinin sədridir. 2014-cü ildə atası Emilionun qəfil ölümündən sonra bu vəzifə ona keçir. Filadelfiya və Harvardda təhsil alan Ana rəhbər vəzifəyə təyin edildikdən sonra hər kəsə meydan oxuyur. “Santander” İspaniyanın ən böyük maliyyə və kredit şirkəti olmaqla bərabər Avropanın əhəmiyyətli oyunçusuna çevrilir. Botin ölkəsindəki maliyyə böhranlarını aradan qaldırmaq üçün sahibkarlara, xüsusən də qadınlara məxsus kiçik müəssisələrin ayaqda qalmasına yönələn layihələr həyata keçirməyə başlayır. Ana dünyanın ən nüfuzlu şəxslərinin siyahılarının daimi üzvüdür və ehtimal ki, onu tərk etməyən yeganə İspan qadınıdır.

 

Nensi Pelosi

Nensi Pelosi uşaqlıqdan siyasətə atılmağa hazır olub. Vaşinqtondan uzaq olmayan Merilenddə anadan olub, Kolumbiyada siyasi elmləri öyrənib, 1961-ci ildə Con Kennednin andiçmə nitqinə qatılıb. Pelosi ABŞ Nümayəndələr Palatasının 52-ci və 55-ci spikeridir. Bu təyinat onu ölkədəki ən yüksək rütbəli qadını edir.

2013-cü ildə Seneca Falls Milli Qadınlar Şöhrət Salonuna gətirilib. 80 yaşlı demokrat artıq üçüncü dönəm spiker vəzifəsindədir. Pelosi Trump ilə qarşıdurmadan çəkinmədən ABŞ tarixində prezidentə qarşı dördüncü impiçment prosedurunu başladıb.

 

Meri Barra

2014-cü ildən bəri Meri “General Motors”un baş icraçı direktorudur. O, Amerikanın üç ən böyük avtomobil istehsalçısından birinə rəhbərlik edən ilk qadındır. “GM” gender bərabərliyi hesabatlarında davamlı olaraq yüksək bal toplayır, lakin Barrın nailiyyətləri bununla bitmir. Elektrikli və ağıllı avtomobillərə, eyni zamanda “Maven” adlı sərnişin paylaşma xidmətinə şirkət milyardlarla sərmayə qoyub. 2020-ci ilin yazında Meri “Ventec Life Systems”in kritik ventilyasiya avadanlığı istehsalına kömək etmək üçün “General Motors”un istehsal xəttlərini yenidən ayırdı.

 

Melinda Qeyts

56 yaşlı xanım Qeyts dünyanın ən güclü beşinci qadınıdır. Bill və Melinda Qeyts Vəqfinin həmsədri olaraq xeyriyyəçilik sahəsində görülən işlərdə böyük payı var. Bu, təhsil, yoxsulluq, kontrasepsiya və sanitariyaya qədər qlobal məsələlərə yönəlmiş dünyanın ən böyük özəl xeyriyyəçilik fondudur. Fondun hədəf kapitalı 40 milyard dollardır. Melinda qadın və qızların hüquq və bərabərsizlik problmelərinin həlli istiqamətində layihələr həyata kçeirir. Bundan əlavə, Qeyts Vəqfi koronavirusla mübarizə layihələrinə ciddi vasait ayırıb.

 

Ursula Von der Leyen

Von der Leyen Avropa Komissiyasının sədri vəzifəsini icra edən ilk qadındır. 62 yaşlı qadın təsir edici səlahiyyətlərə malikdir: 700 milyondan çox avropalıya aid qanunvericiliyə cavabdehdir. 2005-ci ildən 2019-cu ilə qədər, yəni hazırkı təyinata və Belçikaya köçənə qədər Alman siyasətçi Angela Merkelin ofisində bütün həmkarlarından daha uzun müddət işləyib. Ursula Ailə Naziri, Əmək və Sosial İşlər Naziri vəzifələrində çalışıb, son altı ildə isə Almaniyanın Müdafiə naziri olub.

 

Kamala Harris

Əlbətdə ki, “Forbes” siyahısını Trampın şəxsi düşməni adlandırılan demokrat və mühacirlər ailəsindən Amerika siyasətinin ən yüksək zirvəsinə yol açan əsl döyüşçü Kamala Harris olmadan təsəvvür etmək olmazdı. Kamala Harris siyasətə ilk addımını 2010-cu ildə atıb. O, Kaliforniya Baş Prokurorluğuna namizədliyini verərək əyalət tarixində seçilən ilk qaradərili və ilk qadın olub. 2014-cü ildə ikinci dövr əyalət prokurorluğuna yenidən seçilən Harris 2016-cı ildə keçirilən prezident seçkilərində Kaliforniyadan Konqresə girən ilk Cənubi Asiya mənşəli və ikinci qaradərili senator seçilib. Eyni zamanda Amerika Birləşmiş Ştatlarının tarixində vitse-prezident seçilən ilk qadın və ilk asiya-amerikalıdır.

 

Kristin Laqard

2019-cu ilin noyabrında Laqarde Avropa Mərkəzi Bankına rəhbərlik edən ilk qadın təyin edilir. İndi Avropa Mərkəzi Bankının 64 yaşlı sədri ciddi sınaqla – koronavirus pandemiyasının yaratdığı avrozona ilə bağlı iqtisadi böhran təhlükəsi ilə üz-üzədir. 2011-ci ildən 2019-cu ilin ortalarına kimi Kristin qlobal pul sisteminin sabitliyini təmin edən Beynəlxalq Valyuta Fonduna rəhbərlik edib. Eyni zamanda bu vəzifədə çalışan ilk qadın idi. Bundan əvvəl Fransanın İqtisadiyyat və Maliyyə Naziri vəzifələrində olub.

Hələ 2008-ci ildə Laqarde maliyyə sənayesindəki “qrup düşüncəsini” zəif nöqtə kimi göstərmiş və dünyanı gender islahatlarına çağırmışdı.

 

Angela Markel

Ən güclü qadınlar siyahısını Almaniyanın Federal Kansleri rövqləndirir. Jurnalistlərin dediyi kimi, Dəmir Frau ölkənin başçısı postundakı ilk qadındır. Vəfizədən gedəcəyi barədə çox sayda proqnozlar gəzsə də, 2005-ci ildən bəri bu vəzifəni icra edir. Buna baxmayaraq, Angela yaxşı anlayır ki, hakimiyyətin dəyişilməyə ehtiyacı var. Kansler səlahiyyət müddətinin 2021-ci ildən çox uzanmayacağını söyləyib.

Faktiki olaraq Merkel güclü Alman iqtisadiyyatı sayəsində Avropanın lideridir. Oktyabr 2020-ci ildə aparılan sorğunun nəticələrinə görə, 14 Avropa ölkəsindəki insanların 75% -i Angelaya digər siyasətçilərdən daha çox güvənir. Kansler ölkəsinə bir milyondan çox suriyalı qaçqını qəbul edib, Trampa fəal şəkildə qarşı çıxıb. Ən əsası Avropa Birliyini gücləndirmək üçün çalışmalarını davam etdirdi. İndi hamını maraqlandıran bir sual var, Merkel vəzifəsindən gedəndən sonra estafeti kim əlinə alacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir