autizm

Dünyanın ən cəsarətli insanları – ARAŞDIRMA

Baxış sayı: 969

“Hər il yeni ildə insanlar dilək tutur, qarşılarına yeni hədəflər qoyurlar. Bu il üçün ən böyük arzum ittiham edənlərin bizi başa düşməsi və qəbul etməsidir. Təsəvvür edin, ana olduğunuz ilk andan onu geyindirməyi, onunla əylənməyi, danışmağı xəyal edərsiniz. Bizim evimizdə isə vəziyyət fərqlidir. Bəli, əvvəlcə bunların bəzilərinə biz də sahib idik. Amma sonra itirdik. Sözlər səssizləşdi, atdığımız addımlar yavaşladı və çoxlu göz yaşı israf etdik. Bu, onun tənbəlliyi və inadkarlığına görə deyil. Mənim oğlum da hamının oğlu kimi rəqs etməyi, oynamağı, gülməyi, qucaqlamağı, cizgi filminə baxmağı sevir. Amma yenə də fərqli yaradılışı var”. Bu sözlər autizm sindromlu Əhmədin anası Nailəyə məxsusdur. (Adlar şərtidir)

 

“Özünüzü bir gün oğlumun yerinə qoyun”

Nailə deyir ki, gündəlik həyatımızda hər gün rastlaşdığımız məqamlar onun oğlu üçün böyük çətinlikdir: “Fərqli işıqlar, səslər, qoxular və hətta bəzi şeylərin görünüşü onun üçün çoxdur. Alış-verişə getmək, parkda uşaqlarla oynamaq və saç kəsdirmək kimi normal məqamlar onun üçün dözülməzdir. Ağlayıb mızıldayarkən ona qayğı göstərən insanların dünyanın ən gözəl mahnısını oxumaq üçün ona qoşulmaq istədiyini düşünür. Övladlarını oğlumdan qaçıran analar əslində gələcəyin zalımlarıdır. Uşaqlar bu cür fərqlərdən xəbərsizdirlər, sadəcə oynamaq istəyirlər. Alış-verişdə oğlumu yaramaz adlandıran qadın, dünyaya oğlumun gözü ilə baxmağa çalış. Rənglərin və səslərin həddindən artıq olduğunu düşün. Ətrafdakıların gurultusunu təsəvvür edin. Siz də bunları dərindən hiss etdikdə, belə ağlayarsınız. Autizmli uşaqlar bu dünyada ən cəsarətli insanlardır. Heç kimin bilmədiyi döyüşlərdə döyüşürlər. Yetkin insanların da öhdəsindən gələ bilməyəcəyi çətinliklərlə üzləşirlər. Bu il, mühakimə etmədən əvvəl düşünməyinizi istəyirəm. Özünüzü bir gün oğlumun yerinə qoyun və həqiqətən bir super qəhrəman olduğunu görün”.

Nailəni qəhrəmanı kimi super qəhrəmanlar çoxdur. Cəmiyyətin ən böyük problemi isə bu qəhrəmanların daşıdığı sindrom olan autizmi xəstəlik kimi qiymətləndirməsidir. Autizm sindromlu şəxslərin öz dünyası olur, ətraf aləm onlara xaos kimi görünür, hadisə və məkanı anlamaqda çətinlik çəkir, ünsiyyət qura bilmirlər. Autizm xəstəlik deyil, fərqindəlikdir. Bəs biz bunun fərqindəyikmi?

Məlumat üçün bildirək ki, bu termin ilk dəfə 1911-ci ildə İsveçrə psixiatrı Eyqen Bleyler tərəfindən elmi ədəbiyyata gətirilib. Daha sonra Amerika psixiatrı Leo Kanner 1943 -cü ildə erkən uşaq autizminin təsvirini verib.

“Son zamanlar autizmin görülmə sıxlığı artıb”

Mərkəzi Gömrük Hospitalın həkim-pediatrı Nigar Mirzəyeva deyir ki, autizm- inkişaf geriliyi yaradan bir pozulmadır. Doğuşdan gəlir, yaxud uşaq doğulandan ilk 3 il müddətində ortaya çıxır: “Aparılan araşdırmalar nəticəsində məlum olub ki, ana bətnində uşağı qidalandıran bağın hücrəsəl sayında artım və azalma müşahidə olunur.  O hüceyrə sayı normal olan uşaqlarda autizm görülmədiyi, hüceyrə sayında çox miqdarda artım olan uşaqlarda autistik vəziyyətin ortaya çıxması sübut olunub”.

Həkimin sözlərinə görə, danışan uşağın belə, 3 yaşında problemləri yarana bilər: “İki yaşından sonra uşağın danışmasında ləngimə olur, sosiallaşma pozulur, öz yaş qrupu, hətta oyuncaqları ilə oynamır. Göz təması qura bilmir, deyilən sözləri təkrarlama xüsusiyyətləri olur. Jest və mimikalardan istifadə etmir, fərqli səslər çıxarırlar. Son zamanlar autizmin görülmə sıxlığı artıb. Əgər uşağınızda qeyd olunan davranış pozulmasında hamısı olmasa belə, bir qismini fərq edirsinizsə, vaxt itirmədən uşaq psixoloquna müraciət etmək lazımdır. Çünki bütün dünyada aparılan araşdırmalar göstərir ki, autizmin irəliləməsinin qarşının alınmasında erkən diaqnoz və doğru yönləndirmə çox önəmlidir”.

“Özlərini təhlükədə hiss etdikləri üçün qorunmağa çalışırlar”

Psixoloq Günel Hacızadə deyir ki, autizmlə bağlı ən dəqiq diaqnozu uşaq psixiatrları, nevropatoloqlar və ya nevropsixoloqlar təyin edə bilir. Uşağın adıyla çağırdığınız zaman reaksiya verməməsi, göz kontaktının çox zəif olması və ya ümumiyyətlə olmaması, yaşıdlarıyla ünsiyyət qura bilməmək, qrup şəklində oynanılan oyunlara qoşula bilməmək, nitqdə müəyyən loqopedik problemlərin olması və ya nitqin ümumiyyətlə olmaması kimi bir çox ev şəraitində müəyyən oluna biləcək əlamətlər mövcuddur. Uzun müddət ərzində eyni mövzu üzərində danışır, səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirir, mənasız sözləri ardıcıl təkrarlayır, predmetləri davamlı olaraq çevirməkdən xoşu gəlir, yaradıcılıq tələb edən oyunları oynaya bilmir, hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verir, davamlı olaraq eyni oyunları oynayır, ağrıya qarşı laqeyddir, səslərə qarşı həddindən artıq həssas və ya həddindən artıq laqeyddir, tək qalmağı seçir, təmasdan və qucağa alınmaqdan xoşu gəlmir, ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir, danışmaq əvəzinə hərəkətlərlə ehtiyaclarını ifadə etməyə çalışırlar. Autizm sindromu olan birinin bütün duyğuları həssasdır. Bu səbəbdən də sizin fikir vermədiyiniz qoxu, səs, rəng, toxunuş kimi şeylər onlara həddən artıq təsir edə bilər. Həmin təsirin nəticəsi olaraq autizmi olan uşaqlarda aqressivləşmək, qışqırmaq, özünə və ya ətrafına zərər vermək kimi davranışlar müşahidə edilə bilər. Bu onların zəif olduğunu göstərmir, sadəcə, özlərini təhlükədə hiss etdikləri üçün qorunmağa çalışırlar”.

 

“Autizm sindromu olan uşaqların xüsusi bacarıqları olur”

Psixoloqun sözlərinə görə, təcrübə göstərir ki, autizm sindromlu uşaqların zəka səviyyəsi də fərqli olur: “Konkret təfəkkürə malikdirlər. Həmin konkretlik sayəsində riyazi elmləri daha yaxşı qavrayırlar. Sürətli və dəqiq hesablama bacarıqları onlara bu sahədə uğur qazanmağa kömək edir. Öyrənmək metodları tipik uşaqlardan fərqlənsə də, autizm sindromu olan uşaqların həqiqətən kəşf edilməyə dəyər xüsusi bacarıqları var. Çünki, autizm sadəcə olaraq uşaqların sosial bacarıqlarına mane olan bir sindromdur. Onlar öz yaşıdlarıyla oynamaq istəmədiyi üçün deyil, necə oynayacağını bilmədiyi üçün oynamırlar. Sizin verdiyiniz tapşırıqları etmək istəmədikləri üçün deyil, necə edəcəyini bilmədikləri üçün tətbiq etmirlər. Valideynlərin bu durumdakı vəzifəsi çox səbirli olmaq, uşağın yaşadığı bu sosial problemi olduğu kimi qəbul etmək və ev şəraitində də maksimum şəkildə öyrədici olmağa çalışmaqdır. İstifadə etdiyiniz hər cümləyə diqqət etməlisiniz. Sizi dinləmədiyini düşündüyünüz zamanlarda da o sizi eşidir və dediyiniz hər söz onun inkişafına təsir edir. Mümkün qədər motivasiyasını yüksək tutacaq sözlərdən istifadə etməyə çalışın. “Bunu da öyrənə bilmədi, uzun zamandırkı üzərində çalışırıq amma öyrənmir, deyəsən alınmayacaq” kimi cümlələri, “Mən bilirəm ki o, bunu bacaracaq. O, çox bacarıqlıdır, hər şeyi öyrəndiyi kimi bunu da öyrənəcək” kimi cümlələrlə əvəzləmək lazımdır. İfadə etdiyiniz hər pozitiv ifadə onun inkişafı üçün bir addım olacaq”.

 

“Reabilitasiya etmək üçün cəmiyyət içərisinə çıxarmaq lazımdır”

Psixoloqun sözlərinə görə, ailələrin ən çox çətinlik çəkdiyi digər problem isə autizmi olan uşaqlarıyla birlikdə olduqları zaman hər kəsin istifadə etdiyi ictimai nəqliyyat vasitələrindən istifadə edə bilməməsidir: “Bunun əsas səbəbi isə cəmiyyət qınağıdır. Bildiyimiz kimi autizmi olan uşaqlar özünü idarə etməyi öyrənənə qədər uzun mərhələlərdən keçməlidirlər. Bu səbəbdən də avtobus və ya metrolarda qəribə səslər çıxaran, öz özünə gülən, qəribə hərəkətlər edən uşaq gördüyünüz zaman nəzərlərinizi həmin uşağın və ya anasının üzərinə cəmləşdirməyin. Bəzi insanların yanlış düşüncəsi var ki, “uşağın problemi varsa, evdən çıxarmasınlar, ya da hara gedirsə, taksiylə getsin”. Bu məsələdə maddi tərəfi kənara qoysaq, nəzərinizə çatdırmaq istərdim ki, autizm sindromu olan uşaqların əsas problemi sosiallaşma, ətraf mühitlə əlaqə qura bilməmək, uyğunlaşmaqda çətinlik çəkməkdir. Elə isə bu problemi yaşayan uşağı düzgün reabilitasiya etmək üçün onu daha çox cəmiyyət içərisinə çıxarmaq və hətta daha çox ictimai nəqliyyat növündən istifadə etməsini təmin etmək lazımdır. Hər hansı minik vasitəsində uşaq qışqırarsa, ətrafda səssizliyi bərpa etmək çox vacibdir. Ola bilər ki, hətta kiminsə səsi və ya geyindiyi geyimin rəngi ona neqativ təsir bağışlamış olsun. Bu zaman təşvişə düşərək sizlərin də səs-küy etməsi onu nəyinki sakitləşdirəcək, hətta daha da gərginləşdirəcək. Qısacası, autizmi olan uşaqların inkişafında psixoloqun və ailənin rolu olduğu qədər cəmiyyətin də rolu vardır. Cəmiyyət normal və anlayışla qarşıladıqca, valideynlər daha rahatlıqla və daha güclü əzmlə uşaqlarının inkişafı üçün çalışa biləcəklər. Autizm uşağa və ailəsinə bir çox problem yaşatsa da, xüsusi təlimlərlə bütün bunların öhdəsindən gəlmək mümkündür. Bəzi valideynlər üçün bu, əlçatmaz bir xəyal kimi görünsə də, bu uğura nail ola bilmiş bir çox nümunəvi insan var.  Bu insanlardan biri Temple Qrandindir. 3 yaşına qədər ümumiyyətlə nitqi olmamasına baxmayaraq, xüsusi təlimlər və ailəsinin dəstəyi sayəsində öz səsini kəşf edib və məşhur yazarlardan biri olub. Sonralar Kolarado Universitetində professor kimi dərs deyib. Antoni İanniyə həkimlər autizm diaqnozu təyin etdiyi zaman ailəsinə uşağın həyatı boyunca heç bir şeyə nail ola bilməyəcəyini deyiblər. Amma Antoni ailəsinin dəstəyi ilə əzmlə çalışaraq uğurlu basketbolçu olub.

 

Autizmli məşhurlar

Autizm sindromlu dahilərdən söz düşmüşkən dünyada tanınan alimlər haqqında danışmasaq olmaz. Lüdviq van Bedhoven, Franz Kafka, Tomas Ceferson, Karl Yunq, Henri Ford, Albert Eynşteyn, İsaak Nyuton, Fridrik Nitşe, V.A.Mozart, Nikola Tesla, Vinsent van Gogh, Tomas Edison , Ç.R.Makintoş tarixin ən məşhur autizm sindromlu dahiləridir.

Gəlin, onların fərqli dünyalarına daxil olmağı öyrənək. Bəlkə, o fərqlilikdən biz də öyrəndik… Bəlkə də dahi yetişdirdik…

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir