TOY

Dünyanın ən qəribə toy hekayətləri – BİZDƏ VƏ ONLARDA

Baxış sayı: 1. 616

Avqustun 23-də Salyan rayonunun Qaraçala qəsəbəsində keçirilən toy mərasimində gözlənilməz hadisə yaşanıb. Belə ki, qəsəbədə toy mərasimi keçirən Adil Eyvazov (ad şərtidir) adət-ənənəyə uyğun olaraq günorta saatlarında gəlin gətirməyə gedən zaman qız evində üzləşdiyi vəziyyət onu pis duruma salıb. Belə ki, bəy qız evinə gedən zaman gəlinin başqa bir oğlana qoşulub qaçdığını öyrənib. Məlum olub ki, gəlin toydan bir gün öncə, yəni el arasında “heyvankəsdi” adlanan vaxt evdən qaçıb.

Çıxılmaz duruma düşən bəy toy günü bir neçə saat ərzində başqa bir gəlin taparaq evinə gətirib. Oğlanın valideynləri gəlinin başqa bir oğlanla qaçması nəticəsində xeyli maddi ziyana düşdüyünü bildirirlər. Qeyd edək ki, gəlin Əliyeva Sona (ad şərtidir) Salyan rayonunun Düzənlik kəndinin sakinidir.

Sözügedən hadisə son bir sutkada sosial şəbəkə və mediada ən çox müzakirə edilən mövzulardan birinə çevrilib. Bəlkə dünya üzrə “ən qəribə toy hekayələri” kateqoriyasında bu sayaq nümunə belə, yoxdur. Amma biz fürsətdən istifadə edib, dünyadakı qəribə toylardan danışacağıq. Qəribə toy adətlərindən yox, məhz toylardan – bizim üçün ağlasığmaz görünən, qeyri-adi formada baş verən, qəribə sonucları olan toylar.

 

 

Su altında, məhkəmə zalında, havada… evlənənlər varmış

Çində bir cütlük su altında evlənib. Rusiyada isə məhkum olduğu zaman aşiq olan bir cütlük sevgilərinin başladığı həbsxanada evləniblər. Cənubi Koreyada bir cürlük toy öpüşünü göy üzündə edib. İsveçdə isə cütlük bir oteldə toyunu edib. Çində 10.10.10 tarixində minlərlə cütlük eyni anda evlənib.

kendisi ile evlendi ile ilgili görsel sonucu

Bunlar, sadəcə, bir neçə örnəkdir. Keçək digərlərinə.

ABŞ-ın Kaliforniya ştatında qətllə bağlı adi məhkəmə prosesi məzəli sonluqla bitib. Hakim hökmü oxuyandan cəmi bir dəqiqə sonra nikah mərasimi keçirib və müttəhimi ailə qurması münasibətilə təbrik edib. Di gəl, təzə bəy gəlininə yarım əsr sonra qovuşacaq. Təzə bəyə çevrilmiş müttəhim Denn Desbrounun məhkəməsi prosesi San-Dieqo şəhərində keçirilib. 36 yaşlı D.Desbroun qətldə suçlanaraq 53 il müddətinə azadlıqdan məhrum edilib.

Hökm oxunandan dərhal sonra hakim Patrisiya  Kukson zaldakıların tam əksəriyyətinin çölə çıxmasını tələb edib. Zalda yalnız müttəhimin valideynləri və bacısı, habelə onun nişanlısı, 33 yaşlı Destininin qohumları qalıblar. Hakim Kukson nikahı rəsmiləşdirib, Denn və Destini öpüşüblər. Bundan sonra Patrisiya Kukson təzə bəylə gəlinə evində bişirdiyi tortu verib. Məhkəmə zalına bıçaq keçirmək yasaqlandığından Kukson tortu əvvəlcədən kəsmişdi və bu minvalla təzə bəylə gəlin tort tikələrini plastik çəngəllərlə yeyiblər.

Nikahdan əvvəl Patrisiya Kukson çox sərt olub. O, ağır cəzanı nəzərdə tutan ittihamı mümkün qədər tez oxumağa çalışıb, habelə işə yenidən baxılması və hökmün vaxtının dəyişdirilməsi ilə bağlı vəsatətləri rədd edib. Müttəhimin vəkili Stiv Klaynın dediyinə görə, baş verənlər onun üçün də gözlənilməz olub: “Bu, fenomenal gün idi. Nikahla bağlı xahişi nəzərə aldığına görə hakimə minnətdaram. Həyatım boyu belə proses görməmişdim”.

Denn Besropu 2003-cü ildə Kevin Santosu qətlə yetirib. Uzun illər boyu qatili ifşa etmək mümkün olmasa da, sonucda Dennə qarşı ifadə verən şahid tapılmışdı. Denn və Destini 20 il əvvəl tanış olublar. Destini hamilə qalandan sonra onlar ayrılmışdılar. Bu ilin yanvarında isə Destini oğlunun xahişi ilə Denni facebook-da tapmışdı. Fəqət, həmin vaxt Denn artıq həbsdə idi.

Destini məhkəmənin hər iclasına qatılmağa başlayıb və proses zamanı Denn oğlunun 33 yaşlı anasına evlənməyi təklif edib. Destini də hakim Kuksondan nikahı rəsmiləşdirməyi istəyib. Nikah zamanı təzə bəyin biləklərində qandal, zalın bütün qapıları isə bağlı olub. Yaşananları 5 polis zabiti diqqətlə izləyib. Patrisiya Kuson 1992-ci ildə Kaliforniya ştatının qubernatoru Pit Uilsonun qərarı ilə hakim təyin olunub.

 

 

Xəstəxanada, sarğılar içində evləniblər

Bir neçə il öncə Keniyada dünyanın ən qəribə toylarından biri keçirilib. Bəylə gəlin ağır yaralı vəziyyətdə xəstəxanadakı ortopedik yataqda ailə həyatına qədəm qoyublar.

Əslində Ceyms Muanqi və Miryam Qakenyanın toyu ənənəvi şəkildə keçiriləcəkdilər. Ancaq mərasimə bir neçə gün qalmış nişanlı cütlük ölümcül avtomobil qəzasına uğrayıblar. Gəlin bədənindəki çoxsaylı qırıq xəsarətləri ilə həkim nəzarətinə götürülüb. Dəvətnamələr qohumlara paylandığından, bəylə gəlinin ailəsi toyun vaxtında keçirilməsinə qərar verib. Belə olan halda bədəni gipsin içində olan gəlin və vəziyyəti nisbətən yaxşı olan bəy qolundakı sarğı ilə toya gəlməli olub.

Xəyallarındakı toyla ərə getmək arzusu reallaşmayan Miryam heç nişan üzüyünü də barmağına taxa bilməyib. Buna səbəb onun barmağının da sarğının içində olması olub. Ancaq evləndiyi üçün xoşbəxt olduğunu gizlətməyən keniyalı qız hələ bir müddət ər evinə həsrət qalacaq. Onun müalicəsinin xəstəxana şəraitində həftələrlə davam edəcəyi açıqlanıb.

 

 

Bəy tapmayıb, özü ilə evlənib

Ailə qurmaq üçün həyat yoldaşının axtarışları bəzi insanlarda çox uzun müddət davam edir. London sakini olan qız isə vaxtını uzun-uzadı sərf etməyərək həyatı boyu tanıdığı adamla ailə qurub. O, özünə ərə gedib.  24 yaşlı qızın dediyinə görə, bu ideya onun ağlına island müğənni Byorkun “İzabel” mahnısını dinləyərkən gəlib.

“Həmin anı yaxşı xatırlayıram. Perfomans sənətini öyrənirdim, 18 yaşım vardı və bu mahnını eşitdim. ”Mənim adım İzabeldir, özüm özümlə evliyəm”. Həmin vaxtdan bəri mahnı beynimdə idi” – Qreys deyib. O vaxtdan 6 il sonra Qreys özü ilə evlənmək fikrinə düşüb.

Dediyinə görə, ailə üzvləri, qohumları və dostları bu fikri normal qarşılayıblar: “Valideynlərim çılğın təbiətimə alışıblar. Dostlardan bəziləri belə qərarın eqoizm olduğunu desələr də, məni dəstəklədilər”.

Qreys Qedlerin Devonşirdəki toyunda 50 qonaq olub və bu, nikahda həm “bəy”, həm “gəlin” olan qızı çox təəccübləndirib.

“Bu qədər adamı görəndə çaşdım. Ən uzağı, 20 nəfəri görəcəyimi düşünürdüm. Yeni statusum əla hisslər bəxş edib. İndi sakitəm, özümə güvənirəm. Fəqət, bundan sonra kiməsə ərə gedəcəyimi istisna etmirəm” – Qrey Qedler söyləyib.

Jim Zetz ile ilgili görsel sonucu

Çinli balaca qızın toyu – göz yaşları içində

ABŞ-nın Kaliforniya sakini Cim Zetza xərçəng xəstəliyindən əziyyət çəkib. O da bir ata kimi öz qızının toyunu görmək arzusunda olub. Lakin qızının hələ azyaşlı olması Cimin bu arzusunun tez bir zamanda reallaşdırmasına mane olub. Həkimlər Cim Zetzaya xəstəlik səbəbindən yaxın zamanda öləcəyini deyiblər. Buna görə də Cim Zetza qızı üçün rəmzi olaraq toy mərasimi təşkil edib. Rəmzi toy mərasimində ata və qızı, həmçinin yaxınları göz yaşlarına hakim ola bilməyiblər.

 

Havada toy

Britaniyalı Castin Bann və Karolina Hekvud uçuş zamanı evləniblər. Bunun üçün onlara üç təyyarə və keşiş lazım gəlib. Onların hərəsi təyyarələrdən birində olublar və maraqlı bir konfiqurasiya nəticəsində izdivac gerçəkləşib.

 

Su altında toy

Toylar şəhəri olan Las Veqasda Şarlin və Devid Helmanın toy mərasimi kazino-otel “Silverstoun”un akvariumunda keçirilib. Yəqin ki, bu toydakı ən əcaib foto keşişin “gəlini öpə bilərsiniz” sözlərindən sonra alınıb.

 

Buzlquuda toy

Anna Xoll və Con Boxaç isə Alyaska ştatında yerləşən buz dağının üstündə evləniblər. Hər nə qədər fiziki qanunlarına zidd olsa da, mərasim baş tutub.

 

İdman ayaqqabılarında toy

Yakob Zuma – Afrika Milli Konqresinin yeni lideri öz toyunu köhnə Afrika ənənələri ilə keçirib. O və dördüncü həyat yoldaşı hər nə qədər köhnə adətlərlə evlənsələr də, ağ idman ayaqqabısı geyinərək müasir görünməyə çalışıblar.

 

Toy tortu

Gəlin paltarında olan 20 qadın nəhəng tortun içindəki 50.000 dollarlıq uduşu olan lotereya biletini axtarıblar. Bu tədbir də Nyu-Yorkda, “Braydzillas” realiti-şousunn ikinci mövsümünün açılışı münasibətilə baş tutub.

Özü ilə evlənənlər arasında çinli kişi Lyu Ye də var. O da gəlin tapmağa vaxt sərf etmək istəmədiyi üçün özü ilə evlənib.

Argentina sakinləri – 24 yaşlı Reynaldo Vavikuçi və 82 yaşlı Adelf Marta Volpes 11 illik vətəndaş nikahından sonra evləniblər.

Dünyanın ən uzun sakini olan (2.36 metr) çinli Bao Sişun 168 santimetrlik qadınla evlənib.

Sonda… Gördüyünüz kimi, toy çılğınlığı, ömür-gün yoldaşı seçmək sahəsindəki əndrəbadiliklər dünyanın hər yerində var. Amma okeanın o tayındakılar üçün bu, bəzən əyləncə, ekstrim, qeyri-adilik naminə baş versə də, Azərbaycanda səbəblər başqadır. Elə yazının girişində bəhs etdiyimiz nümunədə olduğu kimi: imkansızlıq, toy məsrəfləri boşa getməsin deyə… yeni bir gəlin. Bu da bir ekstrimdir əslində. “Ginnesin rekordlar kitabı”na düşəcək qədər sürətli bir şəkildə gəlin tapma aksiyası…

 

 

Sevinc TELMANQIZI