toy

Duvaqsız gəlinlər: Azərbaycanda YENİ TOY QAYDALARI

Baxış sayı: 207

“Yaxşı ki, karantinin bitməyini gözləmədən evləndik. Düzdü, toyumuzda az adam iştirak etdi. Amma biz belə daha xoşbəxtik”.

Bu sözləri karantin müddətində, yəni ötən ayın əvvəli ailə quran Günay və Elnur cütlüyü deyir. Həyatlarının ən gözəl günlərini yaşadıqlarını deyən gənc ailə, xoşbəxt olmaq üçün böyük restoranlarda, bahalı və qonaq-qaralı toylara ehtiyac olmadığını deyirlər:

“Düzdü, əvvəl biz də gözləyirdik ki, karantin bitsin sonra toyumuzu edək. Amma sonra qərar verdik ki, gözləmək əbəsdir. Arada lazımsız söz-söhbət yaranır. Əksinə, belə daha yaxşı oldu. Toydan narazı gedən, məclisimizi üstündən bir ay keçsə də müzakirə mövzusuna çevirənlər olmadı. Ancaq ailələrimiz, dostlarımız oldu. Xoşbəxtliyimizə şahid olmaq üçün bu insanların olması yetərli idi”.

 

Amma Günay və Elnur qədər şanslı və cəsarətli olmayanlar da var. Karantin səbəbi ilə artıq 7 aydır bu şənliklərin heç biri həyata keçmir.

Yaz aylarından bəri toy etməyi planlayan gənc cütlüklər isə karantinin uzadılması səbəbi ilə sadəcə toy tarixlərini dəyişməklə yetinirlər.

Elə həmsöhbətimiz Mehman Nəbiyev də Operativ Qərargahın qərarını gözləyənlərdəndir:

“Toyların keçirilməsinə icazə verilsə, biz də toyumuzu etmək istəyirik. Az, ya da çox adamla toy etməyin bir fərqi yoxdur. Amma bütün yaxınlarımızın, dost-tanış, qohum əqrəba ilə ən xoş günümüzdə görmək təbii ki, daha xoş olardı. Bilmirəm Operativ Qərargahın toylarla bağlı qərarı necə olacaq. Hələ gözləyirik”.

Ailəsinin toya çox qonaq dəvət etmək arzusuna görə, mərasimi saxlayan nişanlı qızlardan biri də Rəfiqə Balayevadır. Söhbətimiz zamanı Rəfiqə dedi ki, əgər atası razılaşsaydı, toy çoxdan olmuşdu:

“Nişanlımın ailəsi toyu etmək istəyir. Amma atam razılaşmır. Buna görə bir neçə dəfə mübahisəmiz də düşüb. Əgər əvvəlki qaydada toyların keçirilməsinə icazə verilsə, biz də edəcəyik”.

Rəfiqənin atasının toyu etməmək üçün özünə görə haqlı səbəbləri də var. Belə ki, 13 ildir qapısında toy olmayan Şərif kişi, bu illər ərzində kimin toyuna getməyib ki?! Dəvət olunduğu heç bir toydan qalmayan ata, bütün bu adamları övladının toyunda görmək istəyir. Elə bu səbəbdən də toyu adət etdiyimiz kimi, 500-ə qədər adamın iştirak etdiyi və günlərlə qonaq-qaranın əksik olmadığı formada etməyi gözləyir.

efsane rusttemova

Təbii ki, bütün bu söz-söhbətlər, qərarsızlıqlar ilk növbədə gənc cütlüklərin psixologiyasına, daha sonra da münasibətlərinə təsir edir. Psixoloq Əfsanə Rüstəmova deyir ki, artıq 7 aydır ki, Azərbaycanın ən böyük bazarı hesab edilən “toyxanalar” fəaliyyət göstərmir. Bu situasiyadan əziyyət çəkən işçi kütləsi və sahibkarla yanaşı ailələrin də öz övladları üçün arzuladıqları təmtəraqlı toy istəyi ürəklərində qalıb:

“Hər hansı bir qərar verilərkən mütləq coğrafiya, etnik, mental və milli dəyərlər göz önünə alınmalıdır. İnsanı yalana təhrik edən qərarlar vətəndaşı dövlətə qarşı çıxmış göstərə bilir. Bu kimi halların olmaması üçün optimal həllər təklif olunmalıdır.

Belə olmadığı halda ortaya bir çox problemlər çıxır. Öncədən həyatlarına dair planlar quran cütlüklər indiki halda çox böyük müəmma içindədir. Bu onları gərginləşdirib münasibətlərində də problem yaradır. Digər tərəfdən valideynlərin və ailə böyüklərinin “yatırım” gözü ilə baxdıqları toyun kiçik heyətlə keçirilməsi arzusu da ailələrdə “kriz”ə səbəb olur. Hər bir halda ortada problem yaranır və bu problemin həlli qeyri-müəyyən vaxta qədər uzadılıb.

Düzdür, “Qaydalar onları pozmaq üçündür” məntiqli davranışlar da sərgiləndi bu zaman kəsimində. Amma böyük əksəriyyət nizamla qərarın yumşalmasını gözləyir. Bu gözləmə zamanı ayrılan nişanlılar, sadəcə toyu gecikdiyinə görə, mübahisə etməyiblər, eyni zamanda “Allah qismət eləmədi”, “Bu bir işarədir”, “Bəlkə də toyun olsa, daha pis şeylər olarmış” və s. kimi batil inanclardan qaynaqlanır.

Kiçik bir xatırlatma edim. Toy, sadəcə biznes-qazanc və ya dəyər deyil. Toy yaşadığımız ölkədə həm də nəsil artımı üçün bir vasitədir. Odur ki, gəlin aidiyyatı qurumlardan rica edək ki, həm də Azərbaycanın yaxşılığı üçün verdikləri qərarlarda bu məsələni də gündəmdə saxlasınlar”.

Hüquqşünas Şamil Paşayev deyir ki, toyların keçirilməməsi ilə bağlı verilən qərar məntiqsizdir:

Samil Pasayev

“Bu gün biz qarşılaşdığımız məkanların bəzilərində bəy və gəlin öz xüsusi libaslarını geyinmirlər. Restoranın qaydalarına uyğun olaraq masalarda 4-6 nəfər olmaqla əyləşib mərasimlərini qeyd edirlər. Burada tək fərq gənc cütlüyü adət etdiyimiz libasda görməməyimiz olur. Əgər onlar bu libasda olsa, bu toy hesab olunacaq. Toy da Operativ Qərargahın müvafiq qərarına əsasən qadağandır. Bu qaydanı pozanda inzibati xətalar məcəlləsinin 211-ci maddəsinə görə inzibati məsuliyyətə, eyni zamanda 139-1-ci maddəyə görə cinayət məsuliyyətinə cəlb edilmələri mümkündür. Göründüyü kimi, bu məntiqsiz və absurd bir qərardır. Çünki əgər qapalı və açıq restoranların fəaliyyətinə icazə verilibsə, müəyyən sosial məsafəni qorumaqla insanlar restoranlarda əylənə bilirlərsə, eyni hallara riayət etməklə toy etmək də mümkün olar. Bu birbaşa Operativ Qərargahın müstəsna səlahiyyətində olduğuna görə, onlar da hesab edir ki, bəy və gəlin libası geyinilməməli, toy keçirilməməlidir. Toyla bağlı ümumi mənzərəni dəyişmək vacibdir. Amma bu da hər hansı bir qadağa ilə yox, düşüncə ilə olmalıdır. Bu gün toyların olmaması iqtisadiyyatın demək olar hər bir sahəsinə təsir edir”.

Elə Şamil Paşayevin də dediyi kimi toyların keçirilməməsi təkcə gənc cütlüklərə deyil, iqtisadiyyatın bir çox sahələrinə də öz təsirini göstərir. Bunlardan ön sırada gələnlərdən biri gəlinlik salonlarıdır. Şəhərin bir neçə gəlinlik salonlarına üz tutsaq da, ya bağlı qapılar arxasında qaldıq, ya da bekar oturan satıcıların deyinməsinə şahid olduq. Satıcı Gülnaz İbrahimova deyir ki, aylardır nə sifariş edən var, nə də gəlib-gedən:

“Yayın əvvəlində sifariş verənlər olurdu. Sonradan tarixləri dəyişdilər. Daha sonra isə tamamilə ləğv edərək almayacaqlarını bildirdilər. İndi də gəlib bütün günü bekar otururuq. Heç kim gəlmir. Buna görə biz də yeni geyimlər təşkil etmirik”.

Gözəllik salonlarında da eyni situasiya ilə qarşılaşdıq. İndi bura müraciət edənlər gündəlik baxım üçün gələnlərdir. Sözün qısası, biz bu siyahını uzada da bilərik. Hazırda ofisiantından tutmuş müğənnisinə, gül salonlarından şadlıq evlərinə qədər bu yerlərdə işləyən hər kəs toysuzluq sindromundan əziyyət çəkir. Amma bunlar növbəti yazımızın mövzusudur. (“Lent.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir