makiyaj

Düzgün makiyaj fırçasını necə seçməli?

Baxış sayı: 1. 994

Son illər aktual olan makiyaj trendlərini yaratmaq üçün əl qabiliyyəti ilə paralel düzgün seçilmiş makiyaj fırçaları da önəmlidir. Şəxsən mən düzgün makiyaj fırçaları aldıqdan sonra vizajistə getdiyimi xatırlamıram. Gərəkli kosmetik vasitələr, düzgün fırçalar zövq  və azacıq əl qabiliyyəti çox gözəl makiyaj növləri yaratmağa kömək edir. Bir şeyi qeyd edim ki, şəhərimizin mağazalarında makiyaj fırçası seçərkən satıcıların seçiminə çox da güvənməyin. Qarşınıza hər zaman fırçalardan yaxşı başı çıxan satıcı çıxmaya bilər və siz pulunuzu yalnış fırçalara xərcləmiş olarsınız. Əvvəlcə internetdə sizə lazım olan fırçaları araşdırın sonra alın. Bir də mütləq mağazaya makiyajsız gedin. Alacağınız fırçalardan istifadə edərək makiyaj edin, sonra qərarınızı verin.

Keyfiyyət haqqında

Əvvəlcə onu deyim ki, böyük fırça dəstlərindənsə tək satılan fırçalara daha çox üstünlük verin. Birincisi dəstdə sizə lazım olmayan fırçalara boşuna pul verməyin, ikincisi isə adətən tək satılan fırçalar daha keyfiyyətli olur.

Fırçaların materialı 3 cür olur: Təbii tük, süni tük və qarışıq.

Təbii tükdən olan fırçalar daha çox toz teksturlu kosmetikadan, süni tükdən olanlarsa krem teksturlu kosmetikadan istifadədə daha rahat olur. Məsələn: Dələ tükündən düzəldilmiş fırçalar daha yumşaq, tülkü tükündən düzəldilənlər isə daha bərk olur. Sintetik materialdan hazırlanmış fırçalarsa elastikliyi ilə fərqlənir.

Adətən bərk, kobud fırçalar keyfiyyətsiz sayılır. Onlarla həm kosmetika pis çəkilir, həm də dəriniz zədələnir.

Fırçaların keyfiyyətli olmasının əsas göstəricilərindən biri də tüklərin tökülüb-tökülməməsidir. Bunu yoxlamaq isə elə də çətin deyil: Fırçanı üzünüdə gəzdirin bircə dənə tük belə çıxmış olsa olsa o fırçanı almağa dəyməz, hər makiyajdan sonra üzünüzdən tük təmizləyəcəksiniz. Fırçaları yuduqda isə tüklərin az qala yarısı töküləcək.

İkinci göstərici isə dəstəyin nə qədər bərk birləşdirilməsidir. Əlinizlə dəstəyin laxlayıb-laxlamamasını yoxlayın. Az da olsa boşluq varsa bilin ki, ilk yumadan sonra o boşluq bir az da artacaq.

Tonlaşdırma

1. İlk olaraq özümün də istifadə etdiyimi Duo Fibra (1) fırçasından danışmaq istəyirəm. Tonal vasitəni vurmaq üçün müxtəlif fırçalardan istifadə olunur. Amma məhz duo fibra tonal kremi üzünüzə çox yaxşı paylaşdırır, qətiyyən iz qoymur.  Bu fırçanı müxtəlif brendlərdən əldə edə bilərsiniz. Fırçanın ən yaxşı xüsusiyyəti odur ki, tonal kremin örtücülük qabiliyyətini artırır. Yəni, eyni tonal kremi əlinizlə və bu fırçayla vursanız fırçayla vurulduqda krem üzünüzün qüsurlarını daha yaxşı örtəcək. Adətən bu fırçanın tükləri sintetik olur.

2. Yastı və yumru başlıqlı fırçayla üzünüzə həm baza həm tonal krem vura bilərsiniz. Makiyaj bazasını üzə çox yaxşı çəkən bu fırçanın tonal krem çəkməsini elə də bəyənmirəm çünki işıq altında xətlər görünür. Tonal vasitəni fırçayla yaydıqdan sonra əllə hopdurmaq lazım olur.

3. Korrektor üçün olan fırçayla isə üzümüzün qızartılarını yaxşıca örtmək olur. Əgər dəriniz problemlidirsə bu fırça sizə vacib lazımdır. Ağır teksturlu korrektoru problemli bölgəyə məhz bu fırça həm nazik çəkə bilir həm də problemi gizləyə bilir.

Bu fırça həm də gözaltı konsileri yaymayaraq dəriyə hopdurmağa kömək edir.

4. Makiyajda konturlama trendini hamımız sevirik. Konturlamanı düzgün həyata keçirmək üçün düzgün fırçalara ehtiyacımız  var. Üzümüzü fırçalarla konturladıqdan sonra isə beauty blender adlanan “sehrli” sponjla qarışdırırıq.

5. Fırça dəstinizə beauty blenderi daxil etməyi unutmayın.

6. Yumruformalı iri və yumşaq fırçalar kirşan vurmaq üçündür. Fırça nə qədər böyük olsa kirşan o qədər rahat çəkiləcək.

Ənlik vurmaq üçünsə əsasən iki cür fırça lazım olur.

7. Əyri başlıqlı fırçalar daha çox tünd rəngli kirşanları almacıq sümüyünün alt tərəfinə vurmaq üçün istifadə edirik.

8. Daha yumru formalı, ortaölçülü fırçadan isə almacıq sümüyünün üzərinə kirşan vurmaq üçün uyğundur.

9. Yelpiyəbənzər fırçalarla isə həm haylayter vurmaq, həm tonlaşdırma sonrası üzümüzdə gəzdirərək kirşan artıqlarını götürmək üçün rahatdır.

 

Göz makiyajında bir neçə fərqli fırça iştirak edir. Qaş fırçası, layner çəkmək üçün fırça, göz kölgəsi fırçaları.

10. Qaşları daramaq və qaş qələmini çəkmək üçün istifadə olunan fırçalar müxtəlif olur. Əyribaşlıqlı və maskara fırçasına bənzər fırçalar  ən rahat olanlardır.

11. Layner fırçaları adətən iti başlıqlı və qeyri-elastik olmalıdır. Layner çəkmək üçün onlarla fırça növü var hər kəs əlina daha yatımlı olan fırçanı seçməlidir.

Göz kölgəsi üçünsə əsasən 3 fərqli fırça lazımdır.

12. Bütün göz qabağına vurulan əsas rəng üçün istifadə olunan fırçalar iri və oval başlıqlı və yumşaq olur.

13. Göz kənarlarına kölgə qoymaq və kənar cizgiləri vurğulamaq üçün olan fırçalar qısa və yumru kəsimli  olur.

14. Tünd göz kölgələrini yaymaq, yumşaq rəng keçidi etmək üçün nəzərdə tutulan fırçalar adətən konusvari uclu və yumşaq tüklü olur.

15. Kiçik və yumrubaşlıqlı fırçalar göz qələmini yaymaq, alt gözqapağı boyunca gözkölgəsi çəkmək və yaymaq üçün uyğundur.

Dodaqlar

16. Nazik və sintetik materiallı olan  fırça dodaq boyasını daha rahat yaymaq, dodağı dəqiq konturlamaq üçündür. Dodaq fırçaları yastı və ya itiuclu ola bilərlər. Qeyd edim dodaq boyasını fırçayla çəkəsiniz o daha qalıcı olacaq.

Artıq hansı fırçanın keyfiyyətli və ya keyfiyyətsiz olduğunu bilirsiz. Ümid edirəm ki, yazım, sizə lazım olan makiyaj fırçalarını tapmağa və artıq pul xərcləmədən indivudal fırça dəstinizi yaratmaqda kömək edəcək. Mən fırça alarkən isə İnglot mağazasına baş çəkirəm.

Nigar Xəlilova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir