valideyn

Düzgün qurulmayan valideyn-övlad münasibətləri və ya “camaatın uşağı” prinsipi

Baxış sayı: 831

Ailələr arasında hər dövrü əhatə edən bir problem var ki, daim öz aktuallığını qoruyub saxlayır. Bu, yanlış qurulan valideyn-övlad münasibətidir. Burada ən böyük zərər təbii ki, uşaqların psixologiyasına dəyir. Və onların gələcəyi ailədə gördüyü tərbiyə əsasında formalaşır. Amma əksər vaxtlarda valideynlər övladlarının psixologiyasını nəzərə almadan onların üzərinə düşür və tərbiyə üsulu olaraq müqayisə metodunu seçirlər. El dili ilə desək valideynlər “filankəsin uşağı”, “camaatın uşağı” kimi fikirlərlə tərbiyə üsuluna üstünlük verirlər.

Mövzu ilə bağlı danışan psixoloq Gülnarə Əliyeva bildirir ki, uşağın hansı ailədə böyüyüb tərbiyə alması onun gələcək həyatına və şəxsi həyatına çox böyük təsir göstərir: “Belə ki, uşağın tərbiyə olunma metodlarına görə bir neçə tip ailə növləri var. Bunlardan birincisi mükəmməlliyyətçi ailə tipidir. Bu tipdən olan ailələr uşağa çox təzyiq göstərirlər. Uşağın bütün davranışları valideyn tərəfindən idarə olunur, ona son dərəcə sərt qayda-qanun qoyulur və bu qanundan kənara çıxmaqdan söhbət belə gedə bilməz. Burada uşağın heç bir söz haqqı yoxdur. Uşağın heç bir davranışı alqışlanılmır, pis hərəkəti cəza ilə nəticələnir, yaxşı davranışına isə mükafat verilmir. Bu tip ailələrdə olan uşaqlar bu cür münasibətlə qısa müddətdə yaşaya bilirlər, lakin uzun müddətdə davam edərsə onların sağlamlığında və psixikasında travmalar yaranır. Mükəmməlliyyətçi ailədə böyüyən uşaqlar özgüvənsiz, çəkingən, küskün, davakar, tez təsir altına düşən olurlar və daima valideyni tərəfindən tənqidə məruz qalırlar ki, bu da uşağın psixologiyasına mənfi təsir göstərir. Belə uşaqlar uşaqlıq mərhələsindən çıxdıqdan sonra irəliləyən yaşlarda həyatın çətinlikləri ilə başa çıxa bilmirlər. Çünki daim onları valideyn yönəldib və onların yerinə qərar veribdir”.

Psixoloq qeyd edir ki, ikinci tipə aid olan laqeyd ailələrdir: “Bu, mükəmməlliyyətçi ailələrin tam əksidir. Burada qayda-qanun, uşağa nümunə olacaq rol yoxdur. Valideynlər uşağın heç bir qərarına müdaxilə etmirlər, onun hər davranışını xoş qarşılayırlar. Ümumiyyətlə, uşağın davranışına sərhəd qoyulmur, o sərbəst fərd kimi böyüyür. Bu tip ailədən olan uşaqlar hər yerdə diqqət mərkəzində olmaq istəyirlər, heç vaxt qayda-qanunla yaşamadıqlarına görə harada necə davranacaqlarını bilmirlər, evdə rol model olmadığı üçün uşaqlar başqa yerdə özlərinə modellər axtarırlar, həddindən artıq ərköyün davranış nümayiş etdirirlər və buna görə də dost əhatəsində belə uşaqlar sevilmirlər”.

Onun sözlərinə görə, üçüncü ailə tipi qoruyucu ailədir: “Bu ailələrdə qoruma instinkti və mərhəmət qayda-qanunlardan öncə gəlir. Uşağın etməli olduğu nələrisə valideyn özü edir, sanki uşağa qıymırlar. Uşağın təkbaşına hansısa işi görməyinə imkan verilmir, lazım olduğundan daha çox diqqət göstərilir və uşaq daim nəzarətdə saxlanılır. Bunun da uşaqlar üçün öz təsirləri var. Onlar emosional olurlar, sərbəst fərd kimi formalaşa bilmirlər və gələcəkdə öz ayaqları üzərində durmağa çətinlik çəkirlər. Digər ailə tipi tutarsız, əsassız, ziddiyyətli ailələrdir. Bu tip ailələrdə tutarsızlığın əsas səbəbi ana-atanın uşaq təlim və tərbiyəsində dünya görüşlərinin fərqli olmasıdır. Bu da uşağa birbaşa olaraq təsir edir. Əsasən gənc yaşda valideyn olan ailələrdə belə hallar müşahidə edilir. Bu cür ailədə olan uşaqlar inadcıl, tərs, həmçinin özünə qapanıq xarakterdə olurlar. Onlar valideynlərinə qarşı sevgi dolu olmurlar. Çünki ana-atanın sözləri dünya görüşünə görə üst-üstə düşmədiyindən dava-dalaş içərisində olurlar. Bu da uşağa özünün mənfi təsirini göstərir. Bu tip ailələrin uşaqlarında yalan danışmaq vərdişi ola bilər”.

Psixoloq əlavə edir ki, sonuncu ailə tipi demokratik ailədir: “Bu tip ailələrdə uşağın bütün duyğu və düşüncələrinə qarşı hörmət var, uşağın söz haqqı qorunur. Onun özünü ifadə etməsinə icazə verilir. Belə ailələrdə ailə toplantıları tez-tez keçirilir və qərarlar ortaq alınır. Əgər uşağa qadağa qoyulursa onun səbəbləri uşağın yaşına uyğun səviyyədə başa salınır. Valideyn uşağı öz gördüyü dövrün tələblərinə uyğun deyil, müasir zəmanəyə uyğun şəkildə böyüdür. Belə ailədə böyüyən uşaqlar özlərini çox rahat və asan şəkildə ifadə edə bilirlər, özgüvənli olurlar, ətrafa qarşı uyumludurlar, sosial fobiyaları yoxdur, yəni assosial deyillər. Ən əsası həmin uşaqlar məsuliyyət sahibidirlər”.

“Valideynlərin övladları arasında ayrı-seçkilik etmələrinin müxtəlif səbəbləri ola bilər”, – deyən psixoloq bildirib ki, məsələn, ana əgər öz ailəsində ortancıl övlad olub və diqqətdən kənar qalıbsa çalışır ki, öz qızına daha çox diqqət ayırsın: “Yaxud ailədə böyük övlad olaraq üzərində böyük yük olubsa, o, öz böyük övladını digərlərindən üstün tutmağa çalışır. Həmçinin atada da bu proses belədir. Bundan əlavə, övladını müvəffəqiyyətli olub-olmadığına, çirkin və ya gözəl olduğuna görə də ayrı-seçkilik qoyan valideynlər var. Bu, ömürlük uşağın psixikasına travmadır. Təəssüf ki, həmin uşaq müəyyən yaşa çatıb ailə qurduqda belə o travmanı unuda bilmir. Bəli, uşaqlar ikisi də eyni cür tərbiyə oluna bilər, amma onlar xaraktercə müxtəlif ola bilərlər. Burada ən önəmli şey valideynin uşağını tanımamasıdır. Valideynin əsas problemi uşağın hansı potensiala sahib olduğuna bələd olmamağıdır. Bəzi uşaqlar var ki, onlar dəqiq fənlərə maraqlı olurlar. Valideyn isə başa düşmür ki, bunun sol beyni daha yaxşı inkişaf edib. Digər uşaq ədəbiyyatı sevir və deyir ki, bax, o, necə fizikanı, riyaziyyatı bilir, amma sən həll edə bilmirsən. Bu uşağın özündən asılı ola biləcək bir şey deyil”.

G. Əliyeva qeyd edir ki, ailədə bir uşaq sakit ola bilər, digəri isə hiperaktiv: “Burada da uşaqlar arasında diqqət əskikliyi olur. Dövrümüzün bəlasıdır ki, valideyn bu əskikliyi görmür, başa düşmür. Uşaqdan tələb edir ki, sinif yoldaşın bir həftə ərzində bu şeiri əzbərləyə bildi, bəs sənin ondan nəyin əskikdir? Və ya o uşaq necə sakitdir, amma sən çox dəcəllik edirsən. Belə bir atalar məsəli var ki, “dəliyə ağıllı-ağıllı deyərlər ağıllı olar, ağıllıya dəli-dəli deyərsən dəli olar”. Çalışmaq lazımdır ki, uşaqlarımızın mənfi xüsusiyyətlərini qabartmaq yerinə az da olsa müsbət xüsusiyyətlərini önə çəkməliyik. Çünki mənfini deyə-deyə uşaqda fikir formalaşır ki, onsuz da mən oxuyan deyiləm, oxusam da bacarmıram. Ona görə də uşaqları müqayisə etməməli, övlad arasında ayrı-seçkilik edib travmaların yaranmasına şərait yaratmamalıyıq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir