Volkan ust

Efirdə evlilik təklif edən TV rəhbəri: “İkinci toyumu Bakıda edəcəyəm” – MÜSAHİBƏ

Baxış sayı: 1. 644

Bu günlərdə keçmiş həyat yoldaşına canlı efirdə ikinci dəfə evlənmə təklif edən “CBC Sport” telekanalının baş direktoru Volkan Üst qafqazinfoya müsahibə verib. “Gencaile.az” həmin müsahibəni ixtisarla təqdim edir.

– Keçmiş həyat yoldaşımla 11 il evli olmuşuq. Onunla bir ara münasibətlərimizdə problemlər oldu. Düşünmək üçün bir ara ayrı yaşamaq qərarına gəldik. Amma fiziki olaraq ayrılmamışdıq. Çünki mənim bir əlim həmişə onların üstündə idi. İki gözəl övladımız da var. Övladlarımdan birinin özəl problemləri var. O bizi daha çox bir yerə gəlməyə vadar edirdi. Düşündüm və bu qədər ayrı qalmağımızın yetərli olduğuna qərar verdim. Özgə Uzunun həmin gün Çağla Şikel və Alişanın verilişində qonaq olacağını bilirdim. Verilişin rejissoru dostumdur və ondan xahiş etdim ki, belə bir fikrim var. İcazə aldım və o sürprizi etmək qərarı verdim. Onun xəbəri olmadan bunu etdim. Ən çoxu da dediyindən yayınmasın, sözündən qaçmasın deyə canlı efirdə evlilik təklif etdim.

Öz aranızda ona evlilik təklifi edib “yox” cavabı almışdınız, yoxsa?..

– Birbaşa canlı yayımda bunu etdim. İlk dəfə.

– Türkiyəyə bunun üçün getmişdiniz?

– Yeni il üçün getmişdim. Amma belə bir fikrim var idi. Canlı yayıma çıxması işimi asanlaşdırdı. Əgər elə olmasaydı, başqa sürpriz fikirləşməli idim. Hər kəsin göz önündə təklif etdim, cavabımı aldım. Bunun geri dönüşü yoxdur.

– Toy nə zamandır?

– Azərbaycanda toy edəcəyəm. Bunun qonaqlığını verməmək olmaz.

– Stadionda toy mərasimi oldumu heç?

– Yox, olmadı. Hər halda ilk biz edəcəyik.

– Evlilik təklifi etmişkən bəlkə toyu da maraqlı məkanda edəsiniz?

– Stadionun direktoru Cavid bəy verərsə, edərik. Ola bilər. Sadəcə bunun üçün yayı gözləmək lazımdır. Amma mən gözləyə bilməyəcəm, qışda toyu edəcəyəm. Hər halda şadlıq sarayı tutacağam. İki səbəblə Azərbaycanda toy etmək istəyirəm. Birincisi, Azərbaycan mənim həyatımda önəmli yerə sahibdir. İkincisi, mən artıq burada yaşayıram və toyu bura adət-ənənələri ilə etməyi düşünürəm. Çox maraqlı olacaq. Bilirəm ki, Türkiyədən çox dostum gələcək. Onlara ölkəni də tanıdacağam. Azərbaycanı tanımadan insanlar fikir söyləyirlər. Amma bura bambaşqa ölkədir.

– Azərbaycanda telekanal rəhbərləri mətbuatdan qaçır. Amma siz mətbuata çox açıqsız…

– Mən də sizin kimi müxbir olmuşam. Ona görə də sizə cavab verməmək özünə xəyanətdir. Həm də nə varsa, özüm aydınlıq verə bilirəmsə, niyə bunu etməyim?! Digər tərəfdən, eyni məslək sahibləriyiksə, haqqımız var soruşmağa və cavab almağa.

– Bakıda oteldə qalırsınız…

– Qalırdım. Bu gün səhər ev tutmuşam. Həyat yoldaşım da 15 gün sonra bura gələcək. Birlikdə yaşayacağıq. Birdəfəlik bura köçürlər. Amma 1 il oteldə qalmışam.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir