whatsapp

“Ehtiyatlı olun, uşaq oğruları var” kimi “WhatsApp” mesajları yayanların məqsədi nədir?

Baxış sayı: 233

Son günlər sosial şəbəkələrdə və “WhatsApp”da məktəblərdə uşaq oğurluğu ilə bağlı yayılan videogörüntülər valideynləri qorxuya salıb. Belə ki, Sumqayıt şəhər 24 saylı orta məktəbin qarşısında bir nəfərin uşaqları oğurlaması barədə səs yazıları və videokadrlar yayılıb. İstifadəçilərdən bu şəxsi görənlərdən, tanıyanlardan polisə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, kütlə arasında həyəcan, təlaş yaradan belə anonim səs yazıları və videogörüntülər vaxtaşırı olaraq yayılır, insanlara göndərilir. Lakin həmin insanların kimliyi müəyyən olunmur və cəzasız qalırlar. Bundan bir müddət əvvəl insanlar arasında geniş müzakirə olunan səsyazısında orta məktəbin həyətində məktəblilərə narkotik tərkibli konfet verildiyi iddia edilirdi. Rəsmi qurumların araşdırmalarından sonra həmin səsyazsının əsassız olduğu müəyyən edilmişdi.

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda 24 saylı orta məktəbin qarşısında uşaq oğurluğu ilə bağlı sosial şəbəkədə yayılan videogörüntüyə münasibət bildirib. DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bu dəfə yayılan məlumatın da tam əsassız olduğunu bildirib. Onun fikrincə, bu cür məlumatlar əhali arasında panika yaymaq məqsədi güdür. “Nəinki Sumqayıtda, respublikanın heç bir bölgəsində orta məktəblərdə, heç bir yerdə adam oğurluğu qeydə alınmayıb. Görüntülərin ictimailəşməsindən sonra videonun çəkildiyi ehtimal edilən həmin orta məktəbin direktoru Sumqayıt Polis İdarəsinə dəvət olunub. Direktor izahatında bildirib ki, rəhbərlik etdiyi məktəbdə belə bir hal olmayıb, yayılan məlumatlar şayiədir. Vətəndaşlar bu cür təxribatlara uymamalıdır”, – deyə Mansurzadə “Trend”ə bildirib.

O, vətəndaşları qarşılaşdıqları qanun pozuntusu, kriminal hadisə barədə Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə, eləcə də aidiyyəti üzrə polis orqanlarına məlumat verməyə çağırıb.

Təhsil Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayıb. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov “modern.az”a bildirib ki, videogörünütülərdən xəbərdardır: “Hazırda hüquq-mühafizə orqanları ilə birlikdə araşdırmalar aparılır. Yekun məlumat veriləcək”.

Sumqayıtda 24 saylı orta məktəbin qarşısında uşaq oğurluğu ilə bağlı sosial şəbəkədə yayılan videogörüntü ilə bağlı həmin məktəbin rəhbərliyi də açıqlama verib. Hadisə ilə bağlı adı hallanan Sumqayıt şəhər 24 saylı orta məktəbin rəhbərliyindən “Trend”ə bildirilib ki, məktəb ərazisi hasarlıdır və bu ərazidə uşaqların oğurlanması halları baş verməyib və ərazidə heç bir şübhəli şəxs görülməyib: “Bu videonu hamıya telefonla göndərirlər. Bizə də deyiblər ki, həmin şəxs guya yaxınlıqdakı uşaq bağçasının ətrafında və yeni salınan yaşayış massivində videoya düşüb”.

Adının hallanmasını istəməyən yaxınlıqdakı özəl bağçadan isə “Trend”ə bildirilib ki, onların binaları hər tərəfdən videomüşahidələr aparır: “İndiyədək videoya belə şübhəli şəxs düşməyib. Əgər belə bir şəxs olsaydı, ilk növbədə biz hadisənin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edərdik. Bu video Sumqayıtda, demək olar ki, əksər valideynlərin telefonuna göndərilib”.

Təhsil eksperti Kamran Əsədov bildirir ki, təhsil müəssisələrinin mühafizəsi etibarlı deyil: “Son zamanlar məktəblilərlə bağlı cinayət hadisələri artıb. Hesab edirəm ki, uşaqların və gənclərin təhlükəsizliyini təmin etmək üçün ali təhsil müəssisələri, məktəblər, eləcə də uşaq bağçaları ciddi mühafizə olunmalıdır. Məhz mühafizə sisteminin bərbad vəziyyətdə olması problemlərin sayının artmasına və əhatə dairəsinin genişlənməsinə səbəb olub.
Bu gün 4472 orta məktəb binasının mühafizəsi demək olar ki, təhlükəsizlik tələblərinə cavab verməyən şəxlər, yaşlı xalalar, dayılar tərəfindən həyata keçirilir. Düşünürəm ki, bəzi böyük məktəblərdə polis nəzarətçiləri təşkil olunmalıdır”.

Əsədovun fikrincə, şagirdlərin təhlükəsizliyini təmin etmək üçün məktəblərdə müəllimlərin növbətçiliyi təşkil olunmalıdır: “Növbətçi müəllimlər məktəblərdə nizam-intizama nəzarət etməlidirlər. Hər gün hər mərtəbədə bir müəllim növbətçi olmalıdır. Ən əsası məktəbin qapısında da etibarlı, işinə məsuliyyətlə yanaşan nəzarətçilər dayanmalı, məktəbə kimin gəlib-getdiyinə nəzarət etməlidir. Şübhəli görünən və tanış olmayan insanları sorğu-sual etməlidir. Kim gəldi, məktəbə buraxmaq olmaz!”

Onun dediyinə görə, son illərdə baş verən hadisələri analiz etdikdə bədbəxt hadisələrin çoxunun məktəbdən kənarda baş verdiyi görünür: “Məktəblərdə tədrislə yanaşı tərbiyə məsələlərinə xüsusi yer verilməlidir”,- deyən Əsədov əlavə edib ki, nəzarətçilər şagirdlər dərsdən çıxıb qaçmasınlar deyə ciddi nəzarət etməlidirlər: “Uşaq bir neçə gündür dərsə gəlmirsə, evinə zəng edib maraqlanmalıdırlar. Bəlkə heç evdə də deyil, evdəkiləri “məktəbə gedirəm” adı ilə aldadıb dərslərini səbəbsiz yerə buraxır. Amma məktəblər buna nəzarət edə bilmir və ya etmir. Təəssüf ki, bu gün məktəblərdə təhlükəsizlik məsələləri qənaətbəxş deyil. Bir çox məktəblərdə məktəb intizamı qaydaları yerinə yetirilmir. Məktəblərin mühafizəsi lazımi səviyyədə deyil. Ona görə də bu məsələni qabartmaq lazımdır, daim gündəmdə saxlamağa ehtiyac var”.

Həmsöhbətimiz bildirir ki, təkcə orta məktəblər deyil, ali təhsil müəssisələrinin də mühafizə olunmasında ciddi şəkildə problem var: “2009-cu ildə Azərbaycan Neft Akademiyasında baş verən qanlı terror aktı hər kəsin yadındadır… Düzdür, bir çox ali təhsil müəssisələrində polislər olur. Ali məktəblərdə mühafizəçilər var və onlar hamısı öz işlərini görürlər. Lakin mühafizə sistemi orta məktəblərdə yoxdur”.

Onun dediyinə görə, bundan da bərbad vəziyyət uşaq bağçaları ilə bağlıdır. “Demək olar ki, uşaq bağçalarının da mühafizəsi yox dərəcəsindədir. Düzdür, uşaq bağçalarında kameraların yerləşdirilməsi bu səpkidə görünən təqdirəlayiq işdir. Amma buna nəzarət edən, problem yaranan zaman onu aradan qaldırmaq üçün bağçalarda ciddi şəkildə kadr problemi var. İstər uçaq bağçası, istər orta məktəb, istərsə də ali məktəblərdə mühafizəni həyata keçirən şəxslər bu sahədə xüsusi bacarıqlara malik olmadığından bu da mühafizənin etibarlı olması barədə şübhə yaradır”.

İKT layihələri rəhbəri, bu sahə üzrə ekspert Elçin Məmmədov bildirir ki, insanları qorxuya salan səs yazıları, videogörüntülər “WhatsApp”dan göndərilirsə, mütləq nömrə var: “Həmin nömrə vasitəsilə aidiyyəti qurumlar, hüquq mühafizə orqanları bunu kimlərin etdiyini tapa bilərlər”.

Məmmədov qeyd edir ki, əhalini təlaşlandıran belə mesajların yayılmamasına nəzarət etmək çox çətin olar: “Belə mesajlar zəncirvari olaraq sosial şəbəkə və “WhatsApp” istifadəçiləri tərəfindən qısa müddət ərzində yayılır”.

Onun sözlərinə görə, “WhatsApp”dan gələn qorxuducu mesajların qarşısını almaq çətindir: “Yalnız mesajı göndərdikdən sonra göndərən nömrəni bloklamaq olar. Əgər göndərilən mesajın içərisində “link” olarsa, bu “link”i heç bir halda açmaq məsləhət deyil. Mesaj tanıdığınız insandan gəlibsə, lakin mətnin həmin şəxsə aid olmadığını düşünürsüzsə, o mesajı yazan şəxslə bunu dəqiqləşdirdikdən sonra mesajı açın. Əks halda mesajdakı virus sizin məlumatları 3-cü serverə göndərə bilər”.

Müsahibimiz qeyd edib ki, bu tip mesajları tanımadığınız nömrələrdən alırsınızsa, o nömrələrlə bağlı hüquq mühafizə orqanlarına müraciət edərək araşdırılmasını istəyə bilərsiniz.
Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir