masin

Ekoloji tələblərə cavab verməyən avtomobillər istismardan çıxarıla bilərmi?

Baxış sayı: 25

“Son 3 ildə Azərbaycanda, istehsal olunduğu ölkədə istismar müddəti başa çatmış və ekoloji tələblərə cavab vermədiyi üçün istifadəsi qadağan edilmiş nəqliyyat vasitələrinin sayı 2,5-3 dəfə artıb”. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərov deyib.

Belə nəqliyyat vasitələrinin 40 faizinin müəyyən müddətdən sonra tullantıya çevrildiyini deyən nazirlik rəsmisi qeyd edib ki, hesablamalara görə, 1991-92-ci illərdə Azərbaycanda atmosferə atılan tullantıların 85-90 faizi stasionar mənbələrin, yəni sənaye müəssisələrinin, az hissəsi isə nəqliyyat vasitələrinin payına düşürdü. Bu gün isə bunun əksi olaraq, ölkədə atmosferə atılan zərərli qazların çox hissəsi – 75 faizə qədəri nəqliyyat vasitələrinin payına düşür: “Sənaye müəssisələrinin daha mütərəqqi texnologiyalar əsasında yenidən qurulması nəticəsində ətraf mühitə daha az tullantı buraxılır. Buna görə də, indi əsas problem avtomobillərin formalaşdırdığı zəhərli qazlardır. Nəqliyyat vasitələrinin ətraf mühitə böyük həcmdə zərərli qaz ayırmasının səbəbləri də müxtəlifdir”.

Həmin səbəbləri açıqlayan M.Qənbərov qeyd edir ki, Azərbaycanda əhalinin maddi rifah səviyyəsi yüksəldikcə, avtomobil alan şəxslərin sayı da artır. Onun sözlərinə görə, bu gün Azərbaycana idxal edilən nəqliyyat vasitələrinin 80 faizdən çoxu işlənmiş, ekoloji tələblərə uyğun gəlmədiyindən, istifadə olunduğu ölkələrdə istismarına qadağa qoyulan maşınlardır.

Həmin avtomobillərin ətraf mühiti çirkləndirdiyini deyən ETSN rəsmisi əlavə edib ki, inkişaf etmiş ölkələrdə ekoloji tələblərə uyğun olmayan maşınların istifadəsi məsələsinə ciddi diqqət yetirilir, maşınların ekoloji tələblərə uyğun olması tələbi qoyulur, onlar ətraf mühit üçün problem yaratdıqda, istismardan çıxarılır.

M.Qənbərov bildirir ki, köhnəlmiş nəqliyyat vasitələri yalnız ekoloji fəsadlar yaratmırlar, onlar həm də qəza hallarının baş verməsinə səbəb olurlar: “Buna görə, əhali problemin mahiyyətini dərk etməlidir. Onlar belə avtomobillərin hansı fəsadlara yol açdığını başa düşməlidirlər. Hər bir insan özü dərk etməlidir ki, belə nəqliyyat vasitələrini istifadə etməmək daha yaxşıdır. Çünki bu maşınlar sağlamlıq üçün birbaşa təhlükədir, çox yanacaq sərf edir, texniki xidməti baha başa gəlir. Digər tərəfdən, bu avtomobillər tez-tez qəza halları yaradır, indi hiss etmədiyimiz təhlükələrin yaranmasına səbəb olur. Sonda bunların utilizasiyası da bir problemdir”.

Nazirlik rəsmisi bildirir ki, dünya təcrübəsində köhnə avtomobillərin istifadəsinin qarşısının alınması üçün kompleks tədbirlər görülür.

O, həmin təcrübəyə əsaslanaraq, təklif edir ki, bunun üçün ilk növbədə ekoloji baxımdan istismara yararsız avtomobillərin Azərbaycana idxalını məhdudlaşdırmaq və qadağa qoymaq olar: “Xarici ölkələrdə belə maşınların şəhərin mərkəzinə daxil olmasına məhdudiyyət və ya qadağa qoyulur, belə nəqliyyat vasitələrinin alınması, texniki baxışı zamanı müəyyən vaxt və qiymət həddi qoyulur. Məsələn, təzə maşınlar 5 ildən bir, köhnə maşınlar hər il texniki baxışdan keçirilir. Digər tərəfdən, təzə avtomobilin rüsumu daha ucuz, köhnə maşınınkı yüksək olur. Ona görə də, bu gün Azərbaycan reallıqları nəzərə alınmaqla müəyyən qərarlar qəbul edilməli, problemlərin həlli istiqamətindən müzakirələr keçirilməlidir. İnsanlar maşın aldıqda iqtisadi amillərlə yanaşı, nəqliyyat vasitəsinin ekoloji göstəricilərini də nəzərə almalıdırlar”.

Bəs görəsən bu tip avtomobillərin dövriyyədən çıxarılması mümkünüdürmü? Bu problemi necə həll etmək olar?

Avtomobillər üzrə ekspert Eldəniz Cəfərov da son illərdə Azərbaycanda ekoloji cəhətdən zərərli avtomobillərin sayının xeyli artığını təsdiqləyir: “Bu avtomobillər insan sağlamlığı üçün ciddi təhlükədir. Amma bu o demək deyil ki, hər gün ölkəyə küllü miqdarda yararsız avtomobil daxil olur. Bildiyiniz kimi, qərara əsasən 2005-ci ildən aşağı tarixdə istehsal olunan avtomobillər Azərbaycana buraxılmır. Bu qərarın qəbul edilməsində əsas məqsəd ölkənin avtomobil parkını yeniləmək idi.  Yəni köhnə və yararsız avtomobillərin axınının qarşısını almaq əsas niyyət idi. Bəzi işbazlar Gürcüstan bazarlarında satılan yararsız avtomobilləri gətirib burada satışı ilə məşğul olurdular. 10 il əvvəl küllü miqdarda yararsız və ekoloji zərərli avtomobillərin ölkəyə axını oldu. Bu avtomobillər əsasən Avropa və ABŞ-dan Gürcüstan bazarlarına, oradan da bizə gətirilirdi. Sözügedən qərar çıxdıqdan sonra bu məsələ bir qədər səngidi. Bir neçə il ərzində yarasız avtomobillərin ölkəyə daxil olmasında ciddi azalma müşahidə olunur. Amma əhalinin yeni avtomobil almaq qabiliyyəti xeyli aşağıdır. Bildiyiniz kimi, gömrük rüsumlarının yüksək olması və aksiz vergisinin artırılmasından sonra yeni avtomobillərin qiyməti bahalaşdı. Devalvasiyadan sonra vətəndaşlar yeni avtomobil almaqda çətinlik çəkirlər. Ona görə də, hal-hazırda daxili bazarda olan köhnə avtomobillərin alış-verişi aparılır. İstehsal tarixi 2005-ci ildən aşağı olmasa da, ekoloji cəhətdən zərərli avtomobillər yenə idxal olunur. Avropa ölkələrində bu avtomobilləri heç kim sürmür. Yəni onların istismar müddəti başa çatıb. Orada bu avtomobillərin istismarı qadağan edilib. Onlar öz avtomobillərini 1000-2000 avro qiymətinə təhvil verirlər. Həmin avtomobilləri alaraq gətirib burada satırlar. Halbuki bu avtomobillərin böyük əksəriyyətinin istismar müddəti başa çatıb. Bunun qarşısını almaq üçün bir neçə il əvvəl Azərbaycan avtomobil parkının yenilənməsi barədə qərar çıxdı. Təəssüf ki, hələ bu barədə irəliləyiş yoxdur. Yeni avtomobillərin idxal olunması üçün gömrük rüsumlarının və aksiz vergisinin aşağı salınması lazımdır. Həmçinin, banklar kredit faizlərini aşağı salmalıdır. Bildiyiniz kimi, hal-hazırda banklar avto-kreditləşməyə ilkin olaraq avtomobilin 40 faizini tələb edirlər. Yəni əgər 30 min dollar civarında avtomobil almaq istəyirsinizsə, ilkin ödəniş olaraq 10 min dollardan çox ödəniş etməlisiniz. Növbəti illər üçün 15 faiz tələb olunur. Əslində bu, çox yüksək rəqəmdir. Buna görə də avto-kreditləşmənin ilkin ödənişi aşağı salınmalıdır. Həmçinin, illik ödəniş 9-10 faiz civarında olarsa, hər kəs yeni avtomobil alar.  Vətəndaşlar yeni avtomobil ala bilmədiyinə gör,ə köhnə və ekoloji zərərli avtomobilləri alıb istismar etməyə məcbur olurlar”.

 

Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyir ki, istismar müddəti başa çatan avtomobillər hər kəsin şəxsi mülkiyyətinə çevrilib: “Bu barədə hər hansı inzibati qayda tətbiq etmək mümkün deyil. Çünki bu, çox çətin və mürəkkəb bir məsələdir. İnsanın şəxsi mülkiyyətini əlindən almaq olmaz. Əhali  bu avtomobilləri təhvil verib, yeni avtomobil almaq iqtidarında deyillər. Bu tip avtomobillər əsasən regionlarda daha çox istifadə olunur. Məsələnin həlli üçün müəyyən güzəştli kreditlər verilə bilər. Köhnə avtomobillərə müəyyən məbləğ ödəməklə, vətəndaşlardan alıb həmin şəxslərə yeni avtomobil almaq şansı yaradıla bilər. Əslində bu problem hansısa qaydada öz həllini tapa bilər. Onsuz da maddi durumu normal olan insanlar yeni avtomobil alır. Yəni avtomobili vətəndaşın əlindən almaq məsələnin həlli deyil. Vətəndaşa demək olmaz ki, sənin avtomobilinin istismar müddəti başa çatıb, artıq öz maşınını sürə bilməzsən. Bunun üçün müxtəlif həll yolları təklif olunmalıdır”.

 

 

Şəbnəm Mehdizadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir