elektrik cereyani

Elektrik cərəyanı vurarkən ilkin tibbi yardım necə olmalıdır?

Baxış sayı: 437

Elektrik cərəyanı vurması müsbət və ya mənfi elektrik axınının eyni anda orqanizmdə birləşməsidir. Bu, 15 voltdan artıq olduqda zəif hiss edilir, 30 voltdan artıq olduqda isə orqanizmdə narahatlıq hissi yaradır. Cərəyanla işləyənlərin təhlükəsizlik qaydalarına əməl etməməsi zamanı həmin hadisə ilə tez-tez rastlaşmaq olur. Yüksək cərəyan axını orqanizmdə elektrik cərəyanının qısa dövrə vurması və yumşaq toxumalarda meydana çıxan yanıqlarla müşayiət olunur. Elektrik vurması əzələ yanıqları, sınıqlar, sümüklərin və həzm sistemi orqanlarının iflici, ürəyin dayanması kimi hallarla özünü göstərir.

Təcili Tibbi Yardım Şöbəsinin həkimi Vüsal Qasımlının dediyinə görə, tibbi yardım cərəyanın hərəkət və şiddətindən asılıdır: “İlkin tibbi yardım vəziyyəti qiymətləndirə bilən şəxs tərəfindən edilməlidir. İlk növbədə, ürək-damar reanimasiyası, yəni canlandırması alqoritminə başlamaq lazımdır. Bundan başqa süni masaj və süni tənəffüsə ehtiyac var. Yaxşı olar ki, zərərçəkən ərazidən uzaqlaşdırılandan sonra ona isti maye verilsin, çünki belə zədələnmələr zamanı bədəndə soyuma gedir. Zərərçəkəni yorğan və ya adyalla bürümək lazımdır ki, bədəndə soyuma prosesi getməsin”.

Yardımı hadisədən dərhal sonra göstərmək çox vacibdir. Bu zaman ehtiyatlı addımlarla cərəyana məruz qalana yanaşmaq lazımdır. İlk olaraq mütləq elektrik təmas nahiyəsindən plastik, kağız, taxta və ya dəri kəmər vasitəsilə ayrılmalıdır.

Həkim göstərilən yardımlar barədə danışarkən deyib: “Bəzən ilkin tibbi yardım zamanı səhvlərə yol verilir və yaxud edilən yardım əhəmiyyətsiz olur. Məsələn, zərərçəkənə sodalı su içirir, zədənin üstünə su atır, üzərinə su çiləyirlər. Hətta bunu hadisə yerinə dərhal çatan kimi edirlər, halbuki bu, elektrik keçiriciliyini daha da artırır. Yaxud zərərçəkəni torpağa basdırırlar. Torpağa basdırmaq tənəffüsü, ümumiyyətlə orqan və sistemlərin fəaliyyətini pozur”.

Elektrik cərəyanı vurması insanı şoka sala bilər, həmin hal hallüsinasiyalarla da müşahidə olunur. Elektrik şokunun nəticələri ürək və tənəffüs ritminin pozulması, başgicəllənmə, bulanıq görmə, sümüklərin sıxılması kimi hallarla da özünü göstərir. Lakin cərəyanın dərəcəsi çox deyilsə, nəticələr bəlli olmaya da bilər. Amma bu, bir insan həyatı və sağlamlığı üçün heç də az təhlükə demək deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir