elektron siqaret

Elektron siqaret, yaxud bəzəkli düşmən – XƏBƏRDARLIQ

Baxış sayı: 985

Siqaretdən asılılığı azaltmaq üçün elektron siqareti çıxış yolu kimi görənlərin arzusu reallığı əks etdirmir. Elektron siqaretin zərərləri baxımından adi siqaretdən geri qalmadığı təsdiqini tapır. Xüsusilə son günlər Dünya Səhiyyə Təşkilatı elektron siqaretin zərərləri ilə bağlı müxtəlif açıqlamalar yayır.

Qeyd edək ki, elektron siqaretləri ilk dəfə Ruyan Group Ltd Honkonq şirkəti ixtira edib. Şirkət rəhbərinin atasının siqaret aludəçiliyi nəticəsində ağciyər xərçəngindən ölməsindən sonra belə bir ixtira ortaya çıxıb. Şirkət elektron siqareti 2003-cü ildə patentləşdirib. Bu siqaretlərin satışına isə ilk dəfə Argentinada başlanılıb. Elektron siqaretlər xarici görünüşünə görə, adi siqaretlərdən fərqlənmirlər. Onlar akkumulyatordan, buxar generatordan və ətirli maye ilə doldurulmuş dəyişik katriclərdən ibarət olan borucuqdur. Katricində olan maye isə nanə, tütün, çiyələk və vanil ətirlidir. Siqaretin ucu qullab vaxtı yanır, çəkən adam “tüstünü” alanda bu, çəkmə prosesini təqlid etməyə imkan verir. Elektron siqaretlərin qiyməti adi siqaretlərdən çox bahadır. Formasından asılı olaraq 20-100 manat arasında dəyişir.

 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirir ki, elektron siqaret qida əlavəsinə bənzəyir. Onun sözlərinə görə, elektron siqaret tütünlə qeyri-tütün arasında olan bir məhsuldur: “Bilərəkdən elektron siqareti bu cür yaradıblar. Dəfələrlə demişik ki, elektron siqaret tütündən hazırlanan siqaretdən heç də az təhlükəli deyil. Dəfələrlə elektron siqaretin reklamının qadağan olunmasını, məhdudiyyət qoyulmasını tələb etsək də, təəssüf ki, buna nail ola bilmirik. İnsanlar elektron siqaretdən uzaq olmalıdır. Çünki bu siqaretlər heç də tütünlü məhsuldan az zərərli deyil. Təəssüflər olsun ki, Azərbaycanda bəzi qurumlar elektron siqaretlə bağlı böyük vərəqələr yayırlar. İnsanları cəlb edirlər, aldadırlar. AİB bütün gücü ilə elektron siqaretin Azərbaycanda məhdudlaşdırılmasına, tütün səviyyəsində dərk olunmasına çalışacaq”.

 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə Siyasəti və Planlaşdırma şöbəsinin həkimi Lətafət Dadaşova insanlar arasında yaranan yanlış təsəvvürdən danışıb: “Təəssüf ki, insanlar arasında belə yanlış təsəvvür var ki, elektron siqaretlər adi siqaretlərin tərgidilməsinə kömək edir. Düşünürlər ki, elektron siqaretlərdən istifadə edərək digər adi siqaretlərin tərkibindən azad olmaq olar. Bunlar yanlış təsəvvürlərdir. Əslində elektron siqaretlər adi siqaretləri istehsal edən şirkətlər tərəfindən hazırlanır. Elektron siqaretlər də əsasən nikotin tərkibli olur. Elektron siqaretlər cəlbedici qablaşdırmada olan tütün, nikotin məhsuludur. Məhsulu yaradan şirkətlərin məqsədi ondan ibarətdir ki, insanlarda siqaretdən asılılıq yaratsınlar. Elektron siqaretlərin insan orqanizminə çox böyük zərəri var. Çünki onların tərkibində nikotinlə yanaşı, digər zərərli maddələr də var.

Adi siqaretlərin tərkibindən fərqlənsə də, bu fərq yaxşılığa doğru deyil. Onların tərkibində xeyli əlavə maddələr var. Temperatur yüksəldikcə elektron siqaret qızır və onun tərkibində əmələ gələn buxar ətrafa yayılır. Temperatur yüksəldikcə nikotinin orqanizmə toksiki təsiri daha da güclənir.

Parçalanan bir sıra zərərli məhsullar hüceyrələrə toksiki təsir göstərir. Elektron siqaretin dumanının tərkibində olan maddələr insanlara həm konsoregen təsir göstərir, həm də digər xəstəliklərin yaranmasına səbəb olur”.

L.Dadaşova bildirir ki, elektron siqaretdən istifadə etdikdən uzun illər sonra xərçəng xəstəliyi yarana bildiyi kimi, istifadədən qısa müddət sonra ağız boşluğunda, udlaqda, bronxlarda da xəstəliklər yarana bilir: “Bu siqaretlər yeniyetmələrin orqanizminə daha mənfi təsir göstərir. Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı dərc etdiyi məlumatlarda göstərir ki, adi siqaretlərdə olduğu kimi elektron siqaretlərdən də istifadə zamanı adi siqaretin təsirinə oxşar şəkildə fəsadlar, xəstəliklər yaranır. Bu siqaretlərin tüstüsü hamilə qadınlara da mənfi təsir göstərir”.

L.Dadaşova qeyd edir ki, elektron və adi siqaretlərin zərərli olması, onlardan istifadənin məhdudlaşdırılması 2017-ci ilin dekabr ayında qəbul olunmuş qanununda əksini tapıb: “2017-ci ildə bu sahədə qəbul olunan qanunda həm adi, həm elektron siqaretlər, həm də qəlyan tütün məhsullarına aid edilərək istifadəsi məhdudlaşdırılıb”.

Həkim bildirir ki, elektron siqaret əvvəllər yox idi, amma istifadəsi getdikcə daha geniş vüsət alır: “Elektron siqaretdən nə qədər adamın istifadə etməsi ilə bağlı statistik məlumat yoxdur. Adi siqaret çəkənlərin sayı daha çoxdur. Qiyməti baha olduğu üçün elektron siqaretlərdən hər kəs istifadə edə bilmir. Azərbaycanda 15 yaşdan yuxarı kişilərin təxminən 33.1 faizi siqaretdən mütəmadi istifadə edir. Bu göstərici müxtəlif yaş qruplarını əhatə edir. Siqaret çəkənlərin əksəriyyəti yeniyetməlik yaşından başlayır. Qadınlar arasında siqaret çəkənlərin sayı çox aşağıdır”.

L.Dadaşova vurğulayır ki, nazirliyin əhali arasında siqaretdən istifadənin azaldılması üçün mübarizə strategiyası davam edir: “Mediada, əhali qrupları arasında, universitetlər, məktəblərdə təbliğatı geniş şəkildə aparırıq və gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir