lift

Elektronlaşa bilməyən xidmət – SOSİAL PROBLEM

Baxış sayı: 301

Hazırda ölkəmizdə bütün sahələrdə elektronlaşma həyata keçirilir. Demək olar ki, əksər kommunal ödənişləri onlayn formada rahat həyata keçirə bilirik.

Lakin Mənzil İstismar Sahəsinin tərkibində bəzi sahələr var ki, onlarda hələ də müasir dövrün texnoloji yenilikləri tətbiq olunmur. Lift ödənişlərinin yığılması hələ də ötən əsrin sonlarındakı sistemlə gedir. Əksər binalarda əhalidən lift ödənişləri toplanılır, lakin qəbz verilmir. Verilsə belə, əl ilə yazılmış, hüquqi əsası olmayan kağız olur. Bəs görəsən lift ödənişlərini niyə hələ də onlayn formada ödəmək mümkün olmur? Bunun üçün hər hansı bir iş aparılırmı?

 

Onlayn şəkildə olarsa…

İqtisadçı Pərviz Heydərov deyir ki, onlayn ödənişlər müsbət qiymətləndirilməli, günümüzün tələbi kimi qəbul edilməlidir: “İstənilən ödənişin onlayn şəkildə həyata keçirilməsi həm vergidən yayınmanın qarşısını alar, həm ödənişi asanlaşdırar, həm də xidmətin keyfiyyətini yüksəldər”.

 

Problem Mənzil İstismar sahələrindədir

İqtisadçı bildirir ki, bu gün mənzil sahibləri bilmədən müxtəlif yerlərə ödəniş edirlər: “Lift ödənişlərini bəzi binalarda bələdiyyə, bəzilərində isə Mənzil İstismar Sahəsi yığır. Lift xidmətləri üçün ödənişin yalnız Mənzil İstismar Sahəsinə ödənməli olduğundan hər kəs məlumatlı deyil. Çünki bu pullar əllə, kustar şəkildə yığılır. Məhz bu səbəbdən təkcə liftlər deyil, yaşayış binalarında göstərilən xidmətlərin əksəriyyəti bərbad vəziyyətdədir. Buna son qoymaq üçün məsələyə kompleks yanaşılmalıdır. Mənzil İstismar Sahəsinin missiyasının hələ neçə illər bundan öncədən başa çatdığını birdəfəlik qəbul etmək lazımdır”.

 

Çətinlik ondadır ki…

P.Heydərovun sözlərinə görə, lift xidməti onlayn ödənişlərə keçmək heç də çətin proses deyil: “Problem odur ki, xidmətin cavabdehliyi heç bir səlahiyyəti olmayan Mənzil İstismar sahələrindədir. Nəyə görə binalarda lift xidmətinə Mənzil İstismar Sahəsi cavabdehlik daşıyır? Axı onların bu xidməti yüksək səviyyədə təşkil etmək üçün müvafiq texniki imkanları yoxdur”.

P.Heydərov bildirir ki, yeni tikililərdə xidmət haqqı yüksək olsa da, keyfiyyət də yaxşıdır: “Yeni tikililərdə sakinlər göstərilən ümumi kommunal xidmətlər çərçivəsində liftlər üçün də pul ödəyirlər. Düzdür, yeni tikililərdə kommunal xərclər, o cümlədən liftlər üçün xidmət haqları daha bahadır. Amma həmin binalarda yüksək səviyyəli, ən müasir standartlara cavab verən, hətta binanın elektrik enerjisi kəsildikdə belə fəaliyyət göstərən lift xidməti mövcuddur. Bu binalarda kommunal xidmətlər hansı şirkət cavabdehdirsə, “lift pulu” da ona ödənilir”.

 

 

Vahid tarif də yoxdur

P.Heydərovun sözlərinə görə, lift və digər xidmətin konkret tarifi olmalıdır: “Məsələn, biz işığı, qazı işlədirik. Tarif Şurası tarifi müəyyən edir. Biz də bilirik ki, məsələn, işığın bir kilovatına görə nə qədər ödəniş etməliyik. Hamısının da çekini alırıq. Amma lift xidməti, digər təmizlik xidmətləri üçün vahid tarif yoxdur. Mənzil İstismar Sahəsi liftə görə hər mənzildən, 1-2 manat pul yığır. Bunu nəyə əsasən yığırlar, hansı normativə əsaslanırlar heç kim bilmir. Yığılan məbləğə görə göstərilən xidmət də bərbad vəziyyətdədir”.

P.Heydərov deyir ki, əgər xidmət haqqı nağd şəkildə alınırsa, deməli, büdcədən yayınma üçün kifayət qədər imkan yaranır: “Göstərilən xidmətə görə ödəniş nağd alınırsa, heç bir çek təqdim edilmirsə, deməli, aldıqları məbləğ nəzarətdən kənarda qalır. Miqdarı da, hansı təyinata görə alındığı da bəlli olmur. Ümumilikdə heç bir haqq-hesab həyata keçirilmir”.

Lift qəzasi

Həlli yolu

P.Heydərov bildirir ki, problemin həlli üçün vətəndaşa xidməti göstərənin kim olduğu dəqiq müəyyən olunmalıdır: “Vətəndaş aldığı xidmətə görə kimdən cavabdehlik tələb etməli olduğunu, pulu kimə ödədiyini bilməlidir. Bundan sonra hər şey yüksək səviyyədə təşkil olunarsa, ödənişin onlayn olması da öz həllini tapa bilər. Amma indiki şəraitdə biz bunun olmasını tələb etsək də, alınan deyil. Çünki, əksər binalarda vətəndaşlar lift xidmətinə kimin cavabdeh olduğunu bilmir”.

Qeyd edək ki, hələ 2018-ci ildən də lift xidmətləri ilə bağlı ödənişlərin onlayn həyata keçirilməsi ilə bağlı təklif hazırlanıb təqdim ediləcəyi barədə xəbərlər yayılmışdı. Lakin üstündən 3 il keçsə də məsələ hələ də həllini tapmayıb.

 

İlin sonunu gözləyək

“Lifttəmir” İstehsalat Birliyinin baş mühəndisi Mehdi Hüseynov hazırda lift xidmətləri üçün onlayn ödənişin reallaşdırılması istiqamətində işlərin həyata keçirildiyini bildirdi: “Biz artıq onlayn ödəniş məsələsi ilə bağlı işlərə başlamışıq. Digər kommunal ödənişlərin həyata keçirildiyi yeni növ kassa aparatlarına keçidlə bağlı işlər görülür. İlin sonuna qədər onlayn ödənişə keçid prosesinin tamamlanmasına çalışırıq”.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir