Əməkdar artist: “Hamının mənə nifrətlə baxmasını istəyirəm!” – MÜSAHİBƏ

Baxış sayı: 1. 887

Əməkdar artist, Musiqili Teatrın aktyoru Əkbər Əlizadəni səhnədən çox efirdə görürük. Başqa sözlə desək, o, aparıcı kimi daha çox gündəmdədir. Lakin o özü belə hesab eləmir. Deyir, həftəsonları teatrda tamaşaçıları qarşısına çıxır, sadəcə, efirdə tanınma imkanları daha çoxdur. Nə deyək, olsun…

Publika.az saytına müsahibə verən tanınmış aktyor və aparıcı arzularını dilə gətirib…

– Həm aktyor, həm aparıcı kimi fəaliyyət göstərirsiniz. İki işi eyni vaxtda görmək sizə çətin deyil?

– Qətiyyən. Həm aktyorluq, həm aparıcılıq, həm də gözəl rəqqaslıq – bunlar artıq həyat tərzimə çevrilib, özümü öz qabımda hiss edirəm.

– Amma səhnədən daha çox efirdə görünürsünüz…

– Uzun illərdir ki, Musiqili Teatrda fəaliyyət göstərirəm və hər həftənin cümə, şənbə və bazar günləri səhnədə tamaşaçılar qarşısına çıxıram. Hələ tamaşaların məşqlərinə nə qədər vaxt sərf edirəm. Sadəcə olaraq, efir elədir ki, tamaşaçının üz-gözünü görə bilmirsən, ekran səni insanlardan ayırır. Amma səhnədə tamaşaçının nəfəsini belə hiss edirsən. Orada canlı ünsiyyəti daha çox hiss edirəm. Efirdə olsam da, olmasam da, hər şeydən əvvəl mən aktyoram.

– Komik aktyor sayılırsınız və sizi görəndə istər-istəməz dodağımız qaçır… Maraqlıdır, Əkbər özünü hansısa bir dramatik rolda, yaxud faciədə təsəvvür edirmi?

– Ah, bunu nə qədər arzuladığımı bilsəniz. Əslində, mən dram teatrı-kino fakultəsini bitirmişəm. İlk dəfə 1997-ci ildə Akademik Milli Dram Teatrının səhnəsində möhtəşəm bir tamaşada – “Fərhad və Şirin”də Xosrovun oğlu Şiruyyəni oynamışam. Böyük aktyorumuz Həsən Məmmədov, Məleykə Əsədova, Rafiq Əzimov kimi sənətkarlarla tərəf-müqabili olmuşam. Uzun illərdən sonra “Qayınana” serialında bir dramatik obraz canlandırdım. Bu gün də fərqli ampluada səhnəyə çıxmaq və tamaşaçılarımı yaxşı mənada heyrətləndirmək istəyirəm.

– Məsələn, necə bir rolda? Ümumiyyətlə, sizin üçün müsbət, ya mənfi rolun fərqi varmı?

– Əslində, mənfi rolları daha çox xoşlayıram. Elə arzuladığım rol da mənfi obrazdır. Elə bir mənfi rolda çıxış etmək istəyirəm ki, tamaşaçılarımın mənə olan münasibəti 180 dərəcə dəyişsin. Desinlər, bunun canında nələr varmış? Küçədə gedəndə hamının mənə nifrətlə baxmasını istəyirəm. Nifrətlə məhəbbətin arası da bir addımdır axı.

– Kinoya çəkilmək arzunuz yoxdur?

– Niyə yoxdur, bunu çox istəyirəm. İstərdim ki, çoxlu filmlər çəkilsin, rejissorlarımız bizi görsün, dəvət etsin.

– Həyatınız ekranlaşdırılsa, yaxud səhnələşdirilsəydi, hansı janra üstünlük verərdiniz?

– Həyatı dolğun, maraqlı, doya-doya yaşayan adamam. Yəqin, belə fürsət düşsə, həmin film və ya tamaşanın dram, tragikomediya olmasını istəməzdim.

– Bilirsiniz, niyə soruşdum, adətən nikbin görünən insanların gülüşünün arxasında bir kədər, məyusluq dayanır. Necə deyərlər, ağlayanın bir dərdi, gülənin min dərdi.

– Xeyr, mənim sənətim də təbiətimlə həmahəngdir. Teatrda deyib-gülürəm, oynayıram, zarafatlaşıram. Ruhum sənətimə də təsir edib.

– Həmişə göründüyünüz kimi şən, pozitivsiniz?

– Olduğum və göründüyüm kimiyəm, lakin çox vaxt əsəbi oluram. Hər şeyin istədiyim şəkildə olmasını arzulayıram. Olmayanda dünya başıma fırlanır. Məndə hər şey qarşılıqlı olmalıdır.

– Kənardan baxanda deyərsən, Əkbərin heç dərdi-səri yoxdur. Elədir?

– Yox, problemlərim də olur. Kredit borclarım var. Sadəcə, ağlamağı sevmirəm. İnsanların tamaşama gələrkən mənə yazığı gəldikləri üçün alqışlamalarına istəmirəm.

– Qızbacı rollarını məharətlə yaradırsınız. Bunun üçün çox məşq edirsiniz?  

– Xeyr, daha çox fantaziyalarımı işə salıram. Bir də müşahidə qabiliyyətim güclüdür. Gördüyüm, rastlaşdığım insan tiplərinin xarakterlərini, danışıq maneralarını mənimsəyirəm. Yaddaşıma köçürdüklərim dadıma çatır.

– Bəzi adamlar üçün onlar haqqında nə deyiləcəyi önəm daşımır. Onlar öz həyatlarını istədikləri kimi yaşayır. Maraqlıdır, ətrafın, insanların fikri sizin üçün çoxmu önəmlidir?

– Çox önəmlidir. Razıyam sizinlə, bəzi adamlar deyir, ətrafdakılar mənim həyat tərzimə uyğunlaşınlar, necə istəyirəmsə, elə də yaşayıram. Mən elə insanları qəbul etmirəm. Lap çəkməçi olsa da, onun fikri ilə hesablaşıram.

– Tənqidə münasibətiniz necədir?

– Yaxşı, dinləyib, nəticə çıxarıram. Yalançı təriflərdənsə, elə həqiqi tənqidlər daha yaxşıdır.

– Bəs tənqid təhqir həddinə çatanda?

– Yox, təhqiri qətiyyən qəbul eləmirəm. Onda artıq hərəkətə keçirəm.

– Yəni?

–  Yəqin, fiziki hərəkəti nəzərdə tutduğumu düşünəcəksiniz. Ancaq yox, ona əməllərimlə cavab verirəm. Ümumiyyətlə, xaraktercə xırdaçı adam deyiləm və xırdalanmaq təbiətimə yaddır. İnsanlarla mübahisə etməyi xoşlamıram. Birini o desin, birini mən deyim, ortalığı qarışdırım, xeyr, bu mənlik deyil. Kimsə məni təhqir edibsə, həmin adamın cavabını əməlimlə, gördüyüm işlə verirəm. O adam da kənardan baxıb yana-yana qalır. Dəfələrlə bunun şahidi olmuşam.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir