Əməkdar artist: “Müəyyən yaş müddətinə qədər evdə uşaqdan böyük heç kim olmamalıdır” – MÜSAHİBƏ

Baxış sayı: 1. 402

Tərbiyəli övlad bir sənət əsərinə bənzəyir. Necə ki rəssam tablo yaradır, yazıçı kitab yazıb ortaya çıxarır, hər bir uşaq da öz valideynlərinin verdiyi tərbiyə ilə formalaşıb kimlik tapan insan adlı bir əsərə çevrilir. Bu baxımdan tərbiyə valideynlərin üzərinə düşən ağır, həssaslıq və məsuliyyət tələb edən bir işdir. Biz də “Mənim balam” rubrikamızda məşhurların öz övladlarını tərbiyə üsulundan bəhs edirik.

Bu həftəki qonağımız isə əməkdar artist Şövqi Hüseynov və onun həmkarı, həyat yoldaşı Şəbnəm Hüseynova ailəsidir. Onların 8 yaşında Ülvi adlı övladları var. Ülvinin tərbiyə üsulunu isə evin rəisindən xəbər alırıq.

Şövqi Hüseynov hesab edir ki, övladla ailədə önəmli biri kimi davranmaq və onun da düşüncələrini önəmsəmək vacibdir. Uşaq evdə sevildiyini və düşüncələrinə hörmət edildiyini bilməlidir.

– Şövqi bəy, övladınızın tərbiyəsi üçün ilk olaraq nəyi əsas götürürsünüz?

– Mən uşaq təbiətini qələmə bənzədirəm. Onun beyni bəyaz səhifədir. Tərtəmiz beyinə sahib olan uşaq gördükləri ilə böyüyür. Övlada “bunu et”, “onu etmə” deməklə tərbiyə vermək heç də düzgün deyil. Uşaq nə görürsə, onunla böyüyür. Onların tərbiyəsi daha çox evdə valideynlərin bir-birinə olan münasibətindən formalaşır. Valideynlər övladın yanında, cəmiyyətdə özünü necə aparırsa, uşaq da özünü cəmiyyətdə onun kimi aparır. Ailədən çox şey asılıdır. Tərbiyədən əlavə, insanın şəxsiyyət kimi formalaşmasında genin də böyük rolu var. Mövzuya haradan baxırsan-bax, yenə də tərbiyə məsələsində qan öz sözünü deyir. Biz teatrda “Otello” tamaşasını məşq edəndə rejissorumuz deyirdi ki, Mavr özünün genini, vəhşi təbiətini nə zamansa ortaya qoymalı idi, baxmayaraq ki, o sevirdi.
Uşaq nə görürsə, onu da götürür. Həmişə bir valideyn kimi çalışırıq ki, özümüzü övladımızın yanında nümunəvi aparaq. Yadıma gəlmir ki, mənim valideynlərim məni qarşılarına qoyub sözlə tərbiyə etsinlər. Mən də valideynlərimdən gördüyüm tərbiyəni övladıma aşılayıram. Şükürlər olsun ki, oğlumun tərbiyəsindən narazı deyiləm. Bu günə kimi ona “get dərsini oxu”, “özünü belə apar” kimi sözlər deməmişəm. Ülvi məktəbdə əlaçıdır, hələ ki ondan mənə bir şikayət gəlməyib.

– Sizcə, uşağın nazı ilə oynamaq lazımdırmı?

– Baxır, uşağın istəyinə. Əgər uşağın istəyi qida ilə bağlı bir şeydirsə, onu mütləq şəkildə almaq lazımdır. Ancaq uşağa elə bir şərait yaratmaq lazımdır ki, valideyn gedib kiməsə ağız açmasın. Uşaq evdə hərtərəfli qayğı və məhəbbəti hiss etməlidir. Müəyyən yaş müddətinə qədər evdə uşaqdan böyük heç kim olmamalıdır. Evdə vacib saylan hörmətli bir insan olduğunu uşaq mütləq şəkildə hiss etməlidir. Əlbəttə ki, dərəcəsində olmalıdır. Oğlumun 8 yaşı var. O bilir ki, nəyi xahiş etmək olar, nəyi olmaz. Uşaqlara nəyisə qadağa qoymağın əleyhinəyəm.

– Şövqi Hüseynov yaxşı atadır, yoxsa yaxşı dostdur?

– Çalışıram ki, övladıma yaxşı dost olum. Çünki mənim atam da mənə yaxşı dost olub. Dost olsaq da, olmasaq da biz onsuz da atayıq. Şəxsiyyət vəsiqəmdə də bir övlad sahibi olduğum yazılıb (gülür). Bunu heç kim dana bilməz. Ata mütləq şəkildə öz oğlu ilə dost olmalıdır. Dost deyirəmsə, bu o demək deyil ki, övladımla gedib hansısa böyük işlər görməliyəm. Ümumiyyətlə, oğlan uşağı evdə ondan yaşlı insanla dost olanda psixoloji cəhətdən daha tez inkişaf edir, formalaşır. Qız uşağı ilə əlbəttə ki, tamam başqa yanaşma tələb edir. Qızların tərbiyəsi ilə daha çox anaları məşğul olur.

– Deyirlər ki, oğlan uşağına ata, qız uşağına ana tərbiyə verməlidir. Bəs sizdə necə?

– İstər oğlan, istər qız övladın tərbiyəsi ilə ana məşğul olmalıdır. Onları hansısa qadağalar qoymaqla, sərt hərəkətlə tərbiyə etməməlidir. Ana övlada daha yaxındır. Ata evə gələn vaxt, övladı ilə görüşən zaman öz tərbiyəsini ona aşılayır. Amma övladla ana daha çox təmasda olur, nəinki ata. Atanın ailə ilə davranışının özü də övlad üçün bir tərbiyədir.

– Sizin həyat yoldaşınız da aktrisadır. Oğlunuz Ülvi sənətçilər ailəsində dünyaya gəlib. Teatra, incəsənətə marağı varmı?

– Əlbəttə. Onun teatra böyük marağı var. Ülvi hekayələr, nağıllar yazır. Onun “Yenilik” uşaq jurnalında yazıları dərc olunur. Tanınmış saytlarda yazıları çıxır. Bizim uşaq tamaşalarımızın bədii şurası uşaqlardan ibarətdir, o, bədii şuranın üzvüdür. Orada teatrla bağlı fikirlərini bölüşür. Ülvi teatrda böyüyən uşaqdır. Gələcəkdə hansı sənət sahibi olacaqsa, bu onun azad seçimidir. Biz yalnız onu istiqamətləndirəcəyik. Əgər aktyorluğu seçəcəksə, biz ona mane olmayacağıq.

– Aktyorlar deyirlər ki, bu sənət çox çətindir. Onun üçün də bir çoxları övladlarının bu sənəti seçməsini istəmirlər.

– Övladım aktyorluq sənətini seçsə, çox sevinərəm. Çünki aktyorluq çox çətin sənətdir. İstəyərdim ki, övladım bir kişi olaraq çətin bir peşəylə məşğul olsun. Bilmək olmaz, bəlkə onların dövründə hər şey tamamilə dəyişdi. Bəlkə övladlarımız bizim sənətimizi daha yüksək səviyyədə dünyaya təqdim edəcək. Hansı peşəni seçsə, bir valideyn kimi biz də öz borcumuzu yerinə yetirib ona dəstək olacağıq. Çalışacağıq ki, ona düzgün istiqamət verək. “Mən arabaçıyam, oğlum da mütləq şəkildə arabaçı olmalıdır” kimi fikirlər məni heç zaman cəlb etməyib.

“Kaspi.az”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir