emzik

Əmzik köprələrə necə təsir edir?

Baxış sayı: 1. 665

Əmzik körpələrin dostudur deyirlər. Amma körpələrə əmzik verilməsi heç də birmənalı qarşılanmır. Həm həkimlərin, həm də valideynlərin əmzik mövzusunda fərqli fikirləri daim toqquşur.

Avstriya İnstitutu Tibbi tədqiqat fondunun alimlərinin fikrincə, əmziklər uşaqlara imkan verir ki, onlar öz nəbzini nəzarətdə saxlasın. “Qəfil uşaq ölümü sindromu” zamanı körpə nəfəsi dayandıqda və ya təzyiqi kəskin düşdükdə yuxudan oyana bilmir. Ağzında əmzik olan uşaqlar isə daha tez oyanır və bu sindromdan tez qurtula bilir. Alimlər belə düşünür ki, əmzikli uşaqlar nə qədər dərin yatsalar belə, özlərini təhlükəsiz hiss etdiklərindən oyanma refleksləri də güclü olur. Əmziksiz körpələr isə dərin yuxuya getməklə birlikdə demək olar ki, tamamilə gücsüzləşir və öz özünü oyandırma qabiliyyətini itirir.

Pediatr Xatirə İsayevanın sözlərinə görə, əmzikdən uşaq çətinliklə imtina edir, psixoloji asılılıq əmələ gəlir. Əmzik uşağın fikrini cəmləyir, ətraf aləmdən təcrid edir, ətrafla tanışlığa mane olur. Eyni zamanda, uşaqda damaq inkişafını ləngidir, qabağa uzanmasına şərait yaradır, boğaz ətinin şişməsinə səbəb olur. Bu səbəbdən valideynlər mümkün qədər əmziyi körpələrinə verməməli, uzun aylar boyunca daimi əmzik vərdişindən uşaqları qorumalıdırlar: “Əmzik dad bilməyə, nitqin inkişafına maneədir. Əmzik uşağın ağız boşluğunun quruluşuna, dişlərin sıralanmasına təsir edir, bəzən gec danışmasına səbəb olur. Əmzikdən uzun müddət istifadə qulaqda iltihab yarada bilər. Əmziklə təmizliyə riayət etmək çətindir, uşaq böyüdükcə əmziyi daha çox çirkləndirir və onu hər dəfə təmizləmək olmur”.

Psixoloq Emil Behrudinin sözlərinə görə, əmziklər psixoloji asılılıq yaradır, amma əmziyin uşağa verdiyi rahatlıqla müqayisədə onun asılılıq yaratması elə də qorxulu sayılmamalıdır. Əmzik o halda ziyanlı ola bilər ki, ana nəzarət etməsin və körpə günün 24 saatı əmziklə gəzsin. Valideyn nəzarəti altında əmzikdən müəyyən müddət istifadə edilməsi uçaqların rahatlaması və psixoloji sakit olması üçün lazımdır: “Əmzik körpədə əks təsir göstərmirsə, onun iştahını kəsmirsə, kəskin psixoloji asılılıq yaratmırsa əmzikdən istifadənin heç bir qorxusu yoxdur. Əmzik əmməyən uşaqlar analarına daha bağlı olurlar. Amma bu bağlılıq heç də müsbət bağlılıq olmur. Əmzik uşaqların yuxuya getməsi üçün gözəl bir vasitədir. Əmziksiz uşaqlar əmzik əvəzi ana südü axtarırlar ki, bu da körpədə anadan asılılıq yaradır. Belə körpələri analarından ayırmaq, ayrı yatırtmaq, başqasının qucağına vermək də mümkün olmur. Uşaq ana bətnindəki kimi özünü bağlı hiss edir ki, bu da özünün bir fərd kimi formalaşmasına imkan vermir”.

Əmzik doğru istifadə edilməzsə, ana əmizdirmə mövzusunda problemlər yaşaya bilər. Dişlərdə müxtəlif çürüklərə səbəb ola bilər, qulaq infeksiyasına yol aça bilər. Evdə çıxarılmış əmziklər, dadlandırılmış əmziklər, körpənin boyuna bağlanmış əmziklər etibarlı deyil və körpənin inciməsinə səbəb ola bilər. Əmzik istifadə edəcəksinizsə onu etibarlı və ağıllı bir şəkildə istifadə etməlisiniz. Heç bir zaman əmzik ananın əmizdirməsindən əvvəl başlanmamalıdır. Ana əmizdirmədən əmzik verildiyi təqdirdə körpə ana süddən imtina edə bilər. Lakin prematüre körpələrdə və xəstəxanada uzun müddət qalması lazım olan xəstə körpələrdə əmzik istifadə edilə bilər. Əgər əmzikdə qırılmalar, cırılmalar varsa nəzarət edin. Bəzən ailələr körpəyə dərman verdikdən dərhal sonra əmzik verərlər. Ağrı kəsicilər, vitaminlər, antibiotiklər əmzikdə çatlamalara səbəb ola bilər. Dərman istifadə edən körpələrin əmzikləri daimi nəzarətdə saxlanılmalıdır.

 

Günay Ramizqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir