“Ərini aldadan qadınlar artıb”

Baxış sayı: 1. 736

Dövlət Statistika Komitəsinin rəsmi açıqlamasına görə, 2015-ci ilin yanvar-avqust aylarında 6 mindən çox boşanma qeydə alınıb. 2014-cü ildə bu rəqəm 12088 olub. İlbəil boşanma sayının artdığını rəsmi rəqəmlər də təsdiq edir. Qəribəsi budur ki, böyük məhəbbətlə, sevgi ilə ailə quran gənclərin 2-3 ay sonra boşandığının şahidi oluruq. Ailə münaqişəsi zəminində öldürülən qadınların da artdığı bir vaxtda əslində boşanma əsas çıxış yollarından biri kimi göstərilir.

Tanınmış vəkil Şəfiqə Nağıyeva boşanma hallarına elə qadınların səbəb olduğunu deyir: “Bu gün boşanmalar həddindən artıq çoxalıb. Çıxdığım məhkəmə işlərinin çoxu boşanma ilə bağlıdır. Təbii, əvvəlcə tərəflər arasında barışıq olmasına çalışıram. Bu, bəzən alınır. Amma elə müraciət edən cütlüklər olur ki, onların yenidən bir araya gəlməsi mümkün olmur”.

Hüquqşünas əvvəlki illərlə müqayisədə boşanma səbəblərinin də dəyişdiyini deyib: “Bir neçə il əvvələ qədər boşama səbəbi qayınana, baldız, yaşayış səviyyəsinin aşağı olması idisə, bu gün boşanma səbəbi xəyanətdir. Əksəriyyət həyat yoldaşından gizlin sosial şəbəkələrə daxil olur, icazə vermədiyi halda mobil telefondan istifadə edir.

Əminliklə deyirəm ki, bu gün boşanmaların səbəbi əksər qadınların facebook, instaqram kimi sosial şəbəkələrin istifadəçisi olub, orada öz fotolarını paylaşmaları, yaxud ərindən gizlin telefon işlədib, digər şəxslərlə münasibət qurmaları, mesajlaşmalarıdır. Həmin mesajlar üzə çıxanda da qarşı tərəf çıxış yolunu məhkəmə qapısında tapır. Bunun əsasında deyə bilərəm ki, boşanmaların böyük çoxluğu xəyanətlə bağlıdır”.
Şəfiqə Nağıyeva vəkillik praktikasında qəribə hallarla da qarşılaşıb: “Bəzən rəsmi nikahı, övladları olan kişilər başqa xanımla tanış olaraq onunla evlənir, ədəb-ərkanla toy da edir. Sonra da ikinci qadın birinciyə acıq vermək üçün şəkilləri sosial şəbəkədə paylaşır. Məsələ böyüyəndə birinci qadın boşanır, kişi ikinci ilə rəsmi nikaha girir. Yəni belə qarışıq vəziyyətlər də olur”.

Hüquq müdafiəçisi boşanma hallarının fərqli yaş qrupuna aid olduğunu bildirir: “55-60 yaşında 30-40 illik evlilərdən tutmuş 20-25 yaşlarında 2-3 aylıq evli olanların da boşanma işlərinə baxmışam. Böyük əksəriyyət, bir daha deyirəm, xəyanətlə üzləşdiyi üçün boşanır. Əvvəllər xəyanətkar kişilər olurdu, amma hazırda qadın xəyanətləri daha çox artıb”.

O, boşanma səbəbi kimi yenicə tanış olanların tez bir zamanda evlilik qərarı almasını da istisna etmir: “Xarici ölkələrdə insanlar tanış olur, bir müddət xasiyyətlərinə bələd olduqdan sonra evliliyə qərar verirlər. Bizdə isə gördü, xoşu gəldi, yaxud valideyn sözü ilə ailə qurur və nəticə çox vaxt ürəkaçan olmur”.

Şəfiqə Nağıyevanın dediyinə görə, indi qayınanı boşanmaya səbəb göstərənlərin sayı azalıb: “Mənim işlərinə baxdıqlarım içərisində bu, az hallarda baş verir. Məsələ burasındadır ki, indiki gənclər böyüklərdən qaçır. Əvvəllər hamı qayınana, qayınata, baldızla böyük bir ailədə yaşayırdı, heç bu qədər də boşanma yox idi. İndiki qızlar ailə quran kimi ayrı ev, sərbəstlik istəyir. Elçi gələndə qız evinin ilk sualı bu olur: “Ayrı evi var?” Gənclər ayrı yaşayanda da özbaşınalıq edir, nəticəsi boşanma olur. Düşünürəm ki, gənc ailələr bir müddət böyüklərlə birgə yaşasalar yaxşıdır. Onların nəzarəti ailəni daha möhkəm edər. Çünki özü bu yollardan keçən heç bir valideyn istəməz ki, övladları səhv addım atsın”.

Gülşən Raufqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir