erken nikah

Erkən nikah halları ilə mübarizə tədbirləri gücləndirilir

Baxış sayı: 151

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi erkən nikahlarla bağlı preventiv tədbirləri davam etdirir. Qeyd edək ki, erkən nikahlar daha çox yetkinlik yaşına çatmayan qızların hüquqlarının pozulmasına, ailələrin dağılmasına və məişət zəminində zorakılıq hallarının artmasına səbəb olur.

Daha bir ailə faciəsi bu ilin yanvar ayında Masallı rayonunda yaşanıb. Erkən yaşında ailə quran Masallı rayon sakini Fatimə Mais qızı Hüseynova qeyri-rəsmi həyat yoldaşı İman Nurəddin oğlu Məmmədov tərəfindən ailə münaqişəsi zəminində qətlə yetirildi. Baş vermiş hadisə ilə bağlı istintaqın gedişi və bu məsələyə dair digər məlumatlar Masallı rayon İcra Hakimiyyəti tərəfindən Komitəyə təqdim edilib.

erken nikah

Məlum olub ki, İ. Məmmədov qətllə bağlı təqsirləndirilən şəxs qismində həbs edilib və hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Təqdim edilən məlumatda həmçinin bildirilir ki, işin səmərəliliyinin artırılması məqsədilə rayon İcra Hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu” “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya” ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir. 2020-ci il yanvar ayından etibarən Komissiya üzvləri 21 ailə ilə görüş keçirib, valideynlərlə söhbət aparıb. Həyata keçirilən fəaliyyət nəticəsində aşkara çıxan bir sıra pozuntulara görə bəzi valideynlər qanunla müəyyən edilmiş qaydada cərimələnib, bir qisminə isə xəbərdarlıq edilib. Məlumatda o da qeyd olunur ki, bu hadisədən sonra nəzarət tədbirlərinin daha da gücləndirilməsi nəticəsində Masallı rayonunda bir neçə erkən nikah faktının baş verməsinin qarşısı alınıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu” və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”lara bu istiqamətdə fəaliyyətlərinin və birgə səylərinin gücləndirilməsini tövsiyə edir, eyni zamanda ictimaiyyəti uşaq hüquqlarının qorunması ilə bağlı məsələlərdə biganə qalmamağa çağırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir