nikah

Erkən nikahların zərərli yönləri

Baxış sayı: 1. 517

“Azərbaycanda 2011-ci ildə 5138, 2012-ci ildə 295, 2013-cü ildə 229 erkən nikah faktı qeydə alınıb”. Bu barədə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib.
Onun sözlərinə görə, təəssüf ki, 2014-cü ildə erkən nikahlarda artım müşahidə olunur. “2014-cü ildə erkən nikahların sayı 479 təşkil edib. 2015-ci ildə bu rəqəm bir qədər azalaraq 388 olub. 2016-cı ildə isə ölkədə 312 erkən nikah qeydə alınıb” (APA).

Veysəlova bildirib ki, 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildə 4392, 2012-ci ildə 3236, 2013-cü ildə 2855, 2014-cü ildə 3296, 2015-ci ildə 2895 nəfər, 2016-cı ildə isə 2809 olub: “Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planına əsasən uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlərin aparılması, təhsildən yayınan və sosial cəhətdən həssas uşaqların reabilitasiyası üzrə tədbirlərin görülməsi nəzərdə tutulub. Bu istiqamətdə Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların təhsil aldığı müəssisələrdə təhsilə davamiyyət ilə əlaqədar mütəmadi görüşlər təşkil olunur. Daha sonra müəyyən edilmiş risk qrupuna daxil olan uşaqların ailələri ilə preventiv işlər aparılır. Preventiv işlər çərçivəsində uşaqların təhsilə davamiyyəti ilə bağlı göstəricilər nəzərdən keçirilir, məktəbdə təhsil alan və risk qrupuna aid ailələrdən olan şagirdlərin təhsil göstəriciləri, eləcə də şagirdlərin dərsdənkənar üzləşə biləcəyi mənfi hallarla bağlı məktəb kollektivi ilə müzakirələr aparılır. Risk qrupuna daxil olan, xüsusilə, qız uşaqlarını təhsildən yayındıran valideynlər nəzarətə götürülərək onlarla profilaktik işlər aparılır, problemlərinin həlli istiqamətində aidiyyəti dövlət orqanlarına müraciət edilir”.

Dediyinə görə, xüsusilə, gənclər arasında maarifləndirmə işlərinin gücləndirilməsinə ehtiyac var: “İlk növbədə qızların erkən yaşda ərə verilməsinə, təhsildən yayınmasına şərait yaradan yanlış dini təsəvvürlərin, stereotiplərin aradan qaldırılması üçün dövlət orqanları və vətəndaş cəmiyyətinin bu sahədə fəaliyyəti gücləndirilməlidir. Valideyn məsuliyyətsizliyinin qarşısının alınması, onlara bilik və bacarıqların öyrədilməsi sahəsində maarifləndirmə işinin daha da gücləndirilməsi vacibdir. Həssas qruplara aid olan uşaqların iqtisadi, sosial və mədəni hüquqlarının qorunmasını təmin etmək üçün Komitənin nəzdində, 11 rayonda Uşaq və Ailələrə Dəstək Mərkəzləri fəaliyyət göstərir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların müəyyənləşdirilməsi və onların ailələrinin yaşayış səviyyəsinin yüksəldilməsi ilə məşğul olan mərkəzlər həmin ailələri mövcud sosial xidmətlərlə əlaqələndirir”.

Hüquqşünas Vüqar Səfərli bildirir ki, Ailə Məcəlləsinin 10-cu maddəsinə görə, respublikada nikah yaşı 18-dir: “Üzürlü səbəblər olduqda nikaha daxil olmaq istəyən nikah yaşına çatmayan şəxslərə yaşadıqları ərazinin qeydiyyat şöbəsi orqanı onların xahişi ilə qeydiyyat yaşının bir ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Nikah bağlama şərtlərinə görə, tibbi müayinədən keçməlidirlər və bunu təsdiq edən arayış olmalıdır”.

Psixoloq Ramil Nəcəfli deyir ki, erkən nikahlar adətən valideynlərin övladlarının yerinə qərar verməsi nəticəsində baş verir: “Qızın özünün erkən yaşda kimisə sevməsi, ona qoşulub qaçması çox nadir hallarda rast gəlinir. Bəzi valideynlər qızı erkən yaşda – məktəbi qurtaran kimi ərə verirlər. Bu isə sevgi əsasında olmur. Bu, qızın şəxsi qərarı deyil. Qız erkən yaşda sevərək ərə getməyibsə, ola bilsin ki, müəyyən müddətdən sonra qarşısına çıxan kiməsə qarşı sevgi yarana bilər. Bu zaman artıq xəyanət edə bilər, ailə münaqişəsi yaranar, ərindən imtina edər, boşanmaq üçün kritik həddə gəlib çıxa bilərlər. Erkən nikahlar sonradan xəyanət, ailənin dağılması ilə nəticələnir. Və yaxud ailədə qısqanclıq və başqa konfliktlər dözülməz həddə olur”.

Nəcəfli qeyd edir ki, psixoloji olaraq qadınlar 15-18 yaşlarda ailə qurmaq üçün hazır olmur: “Baxmayaraq ki, xanımlar bu yaşda formalaşır, qarşı cinslə maraqlanır. Bunlar, sadəcə uşaqlıq əyləncəsidir. Sonunu düşünmək ağıllarına gəlmir. Ailə həyatına adaptasiya ola bilmirlər. Erkən yaşda kimisə sevmələri yeniyetməlik krizində sevgiyə olan ehtiyaclarını göstərir. Psixoloji cəhətdən isə ailə həyatına hazır olmaq oğlanlarda 25 yaşdan başlayır. Qızlar isə 20-25 yaş arasında ailə həyatı üçün formalaşırlar. 30 yaşdan yuxarı xanımlar ailə həyatına nə qədər hazır olsalar da, tibbi cəhətdən problemlər yarana bilir. Hamiləliklə, sonsuzluqla, uşağın dünyaya gəlməsi ilə bağlı problemlər yaranır”.

Araşdırmalara görə, regionlarda, əsasən də cənub rayonlarında azyaşlı qızların ərə verilməsi halları daha çoxdur. Bəzi rayonların əksər məktəblərində 14-15 yaşında qızlar dərsə gəlmir. Ya nişanlı olduğu, ya da ərə getdikləri üçün onlara təhsilini davam etdirməyə qoymurlar. Fizioloji baxımdan analıq dövrü üçün ən azı 18 yaş həddi normal qəbul olunub. 18 yaşdan aşağı yaşda hamilə olduqda bətndəki uşağın inkişafı ləngiyə və ya anomal uşaq dünyaya gələ bilər. Eləcə də, orqanizmdə hormonal balanslaşma pozulur. Bu da qadının tez yaşlanmasına və xəstəliklərə tutulmasına səbəb olur.

 

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir