erken nikah

Erkən nikah məsələsində DİN FAKTORU

Baxış sayı: 1. 051

Daxili işlər nazirinin müavini, general Oruc Zalov bir neçə gün əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, erkən nikahların kifayət qədər aktual olmasından aidiyyəti dövlət qurumları ictimaiyyətin və beynəlxalq təşkilatların tövsiyəsi nəzərə alınmaqla Daxili İşlər Nazirliyi tərəfindən xüsusi göstərişlər hazırlanıb yerli orqanlara göndərilib və icrası daim nəzarətdədir:

“İnsan hüquq və azadlıqlarının pozulması ilə müşahidə olunan erkən nikahların qarşısının alınması məqsədilə əhali arasında, həmçinin orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə hüquqi maarifləndirmə tədbirlərinə xüsusi önəm verilir”.

 

Mövzu ilə bağlı açıqlama verən Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva bildirir ki, sözügedən problemin həlli yolu üçün ilk olaraq erkən nikahların səbəbləri geniş şəkildə araşdırılmalıdır:

“Zənnimcə, erkən nikahlara birinci səbəb ailələrin maddi durumu ilə bağlıdır. Belə ki, maddi durumları zəif olan ailələr qızlarına ali təhsil verməyə can atmırlar, həm də ki, buna gücləri çatmır. Daha sonra gələcək karyera qura bilməyən, işsiz qalan qızlar da ailədən, evlilikdən başqa nəsə düşünmürlər. Onlar elə bilirlər ki, evləndikdən sonra hər şey daha yaxşı, gözəl olacaq.

Üçüncü səbəb isə dindar ailələrdir. Onlar arasında radikal olan şəxslər övladlarını erkən nikaha təhrik edir, buna çalışırlar”.

Birlik sədri qeyd edir ki, erkən nikahın fəsadları illər keçdikcə özünü daha qabarıq göstərir:

“Qızların nikaha hazırlıqsız, məlumatsız olaraq daxil olması düzgün deyil. Bunun orqanizmə də zərərləri olur, həmçinin də erkən nikahdan sonra doğulan uşaqlarda da xəstəliklərə daha çox rast gəlinir.

Erkən evlənən və qeyri-rəsmi nikahda olan qadınlar sonradan problemlərlə qarşılaşdıqda da heç bir şey tələb edə bilmirlər. Həmçinin onların bacarıqları, savadları olmadığı üçün isə iş tapa bilmirlər və çarəsiz qalırlar.

Əlavə edim ki, insan alveri qurbanları arasında erkən nikaha girənlərin də sayı az deyil. Onlar çarəsiz qalıb, insanlara aldanırlar və qurbana çevrilirlər”.

Z.Mustafayeva deyir ki, erkən nikahın qarşısını almaq üçün müvafiq qurumlar birləşərək addım atmalıdırlar:

“Hazırda müvafiq qurumlar, QHT-lər regionlarda maarifləndirmə işləri aparsalar da, nəticələr ürəkaçan olmur. Çünki maarifləndirmədə istiqamət düzgün seçilməlidir və tədbirlərə müəllimlər, qurum nümayəndələri, uşaqlar yox, birbaşa risk qrupuna daxil olanlar – ailələr dəvət edilməlidirlər.

Həmçinin düşünürəm ki, dövlət tərəfindən qız uşaqları olan ailələrin maddi durumuna nəzarət edilməli və kömək göstərilməlidir. Valideynlər bilsə ki, qız uşaqlarına diqqət çoxdur, vəsait ayrılır, onlar da qızlara təhsil verməkdə maraqlı olacaqlar.

Bundan başqa ictimai qınaq da mühüm əhəmiyyətə malikdir. Bu qınaq olmalıdır ki, digər valideynlər erkən nikahdan çəkinsinlər”.

Əlavə edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mövzu ilə əlaqədar bildirib ki, Azərbaycanda 18 yaşına qədər nikaha girən qızların sayı ilə bağlı ən yüksək göstərici 2011-ci ildə (5 138) qeydə alınıb.

Komitənin təşəbbüsü ilə qanunvericilikdə qızların nikah yaşının 18-ə qaldırıldığını xatırladan H. Hüseynova deyib ki, 2012-ci ildən bu göstərici azalıb:

“2018-ci ildə bu göstərici 338 olub. Əvvəl 15-17 yaşında ana olan qızların sayı 4392 nəfər idisə , 2018-ci ildə bu göstərici 2129 nəfərdir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir