Hamlet Xanizade

“Erməni müəlliməm atama vurulmuşdu” – Əfsanəvi aktyorun qızı ilə müsahibə

Baxış sayı: 1. 691

Hamlet Xanızadə yaratdığı mürəkkəb obrazlarla həmişə mənə böyük dənizlərdə üzməyi sevən gəmi kapitanını xatırladıb. Ancaq düşünürəm ki, onu nəhəng edən təkcə güclü aktyorluq qabiliyyəti yox, həm də fərqli xarakterli insan olması idi.

Aktyorun qızı Aygün Xanızadə atasının şəxsiyyət və aktyor kimi bilinməyən tərəflərindən danışır.

– O, qızlarının həkim olmasını istəyirdi. Amma sizin də yolunuz atanızın işlədiyi teatra düşdü. Tibbə marağınız olmadı?

– Yox, bizdə məsələ başqa cür oldu. Atam rəhmətə gedəndən sonra dostları dedi ki, gəlin, kömək edək, Hamletin uşaqlarını Mədəniyyət və İncəsənət institutuna düzəldək. Həm gözümüzün qabağında olarlar, həm də hamı onları yola verər. Yəni həkim olmamağımız maraqla bağlı deyildi, vəziyyət bu cür alındı. Əvəllər bir sözlə, bir kəlmə ilə bütün işlər həll olunurdu. Hazırda “Azdrama”da menecer kimi fəaliyyət göstərirəm. Kollektiv mənim üçün doğmadır. Gələndən hamısını – həm işçiləri, həm də aktyorları tanıyıram. İşləməmişdən qabaq da bura tez-tez gəlirdim. Teatrı sevirəm.

– Bacınız nə işlə məşğuldur?

– Bacım Xumar hazırda Fövqaladə Hallar Nazirliyində çalışır.

– Atanız rəhmətə gedəndə evli idiniz?

– Yox. Nə nəvə, nə də övlad toyu gördü.

– Tamaşlarına baxırdınızmı?

– İki tamaşası yadımdadır. Bizi bir dəfə “Dəli yığıncağı”na gətirmişdilər. Tamaşa zamanı səhnədə atamı itələdilər. Bunu görüb, iki bacı oturduğumuz yerdə elə hay-küylə ağladıq ki, anam məcbur olub bizi zaldan çıxartdı. Anama dedim ki, atamı görməsəm, sakit olmayacağam. Mən bilməliyəm ki, atama heç nə olmayıb. Əlacsız qalıb, səhnə arxasına – atamın yanına apardılar. Ata dedi ki, ağalama, bu, səhnədir, rol oynayırıq.
“İblis” tamaşası da yadımdadır. Həmin tamaşadan sonra otaqlarımız gül-çiçəklə dolu idi. O zamanlar bunları dərk etmirdik. Balaca idik. Bilmirdik ki, niyə atama məktub yazırlar, güllər göndərirlər.

– Ananız nə işlə məşğul olub?

– Anam Moksvada institut bitirib. Atam rəhmətə getməmişdən qabaq onu məktəbə müəllimə kimi işə düzəltmişdi. Anam həmişə deyirdi, “Məni də işə düzəltdi ki, rahat getsin. Əlimizdə həmişə bir parça çörəyimiz olsun”. Düzdür, bizə həmişə köməklik olub. Anamgilin ailəsi imkanlı olublar. Onların əli atamın vaxtında da, atamdan sonra da həmişə bizim üstümüzdə olub. Buna baxmayaraq, valideyinlərim bir yerdə yaxşı, xoş günlər keçiriblər.

Anamın nənəsigil “Sovetski”də yaşayıblar. Qonşuluqda isə aktyor Kamal Xudaverdiyev qalırmış. Atam anamı onlara gedəndə, balkondan görüb. İlk baxışdan bir-birlərinə vurulublar. Bir neçə dəfə anamı evə yola salıb. Yaxından tanış olandan sonra biliblər ki, anaları xəstəxanada bir yerdə işləyirlər. Atam elçi göndərib, nənəmgil də onun ailəsini tanıdıqlarına görə, rahatlıqla veriblər. Anam deyir, onda hələ atama aktyor gözü ilə baxmırmış. Onu sadəcə bir insan kimi sevib. İndi jurnalistlər anama qısqanclıqla bağlı sual verəndə deyir ki, heç vaxt qısqanmayıb. Kimə ərə getdiyini bilib.

– Bəs içindəki qadın eqosu?!..

– Təbii ki, o da var. Yəqin, qısqanıb, sadəcə, biruzə verməyib. Ancaq buna görə evimizdə söz-söhbət olduğunu da xatırlamıram.

– Atanız sizi əzizləyəndə hansı adla çağırırdı, nə deyirdi?

– Bacıma həmişə “ponçik” deyirdi. Bacım kök, yumru qız idi. Mənimlə münasibətlər isə bir az sərhədli idi. Evin böyük uşağı idim deyə, nisbətən ciddi yanaşırdı. Zarafatlarını bacımla edərdi. Ona axşamlar lay-lay oxuyardı. Əlbəttə, məni də çox istəyirdi.

– Kənardan bəzən sərt insan təsiri bağışlayırdı… Necə insan idi?

– Evdə də ciddi idi. Amma heç vaxt sərt, acıdil insan olmayıb. Dostları ilə bir yerə yığışanda deyib-gülür,sağlıqlar deyirdi. Məclis adamı idi. Bir dəqiqənin içində hamını ələ ala bilirdi. Uşaqla bir cür, böyüklə ayrı cür danışardı.
Evdə xüsusi qadağaları olan insan deyildi. Bizə də, anama da sərbəstlik vermişdi.

– Valideyin iclaslarınıza gedirdi?

– Hə. Çox gedib. Biz o vaxt Nərimanov rayonunda 47 nömrəli məktəbdə ermənilərlə bir yerdə oxuyurduq. Sinif rəhbərim erməni qadın idi. O, atama vurulmuşdu. Bilirdi ki, atam aktyordur. Həmişə deyirdi ki, iclaslara atanı çağır. Bir dəfə məktəbimizə şəhər komitəsindən demişdilər ki, Tacikstan mədəniyyətini təbliğ edən tədbir keçirməliyik. Sinif rəhbərim mənə yaxınlaşıb dedi ki, bunu ancaq Hamlet Xanızadə təşkil edə bilər. Atama dedim, müəlliməmlə görüşdülər, razılaşdılar. Atam onlar üçün bütün proqramı hazırladı. Anama tapşırdı ki, Tacikistan mətbəxindən bir-iki yemək hazırlasın. Müəllimə də bizimlə tacik rəqsi qurdu. Atam teatrdan bizə hörüklər, papaqlar, paltarlar gətirdi. Bir sözlə, çox böyük bir tədbir təşkil etdilər. Komissiya tədbirə baxıb, təəcüblənmişdi ki, bunu necə etmisiniz? Bu, məktəbdə böyük sensasiya yaratmışdı.

Təkcə bizə qarşı belə xeyirxah deyildi. Kiməsə əl tutmaq onun xarakteri idi. Görsəydi ki, kimsə küçədə pul dilənir, mütləq ona evdən geyim, yemək yığıb aparardı.

– Atanız müəllimənizin ona simpatiyası olduğunu bilirdimi?

– Bilirdi.Bilirdi ki, hamısının onun üçün ürəyi gedir.

– Bəs necə reaksiya verirdi?

– Centelmen kimi davranırdı. Atamı çox adam istəyirdi. Hətta dünyasını dəyişmiş sənət yoldaşlarından birinin atama vurulduğunu eşitmişəm.
O vaxt söhbət anama çatanda deyib ki, “vurulub – vurulub da. Hamletə o qədər insanlar vurulub ki… Gərək onda çoxdan boşanardım”. Doğrudan çox adam olub. Sadəcə, adalarını çəkmək istəmirəm.

– Məktublar yazırdılarmı?

– Məktublardan birini yubileyində teatra gətirmişəm. Anam deyir, o qədər elə məktublar oxuyub ki. Bir neçəsini saxlayıb da. Evə gələndə hər dəfə bir yığın məktub gətirirdi. Hansına lazım idi, cavab yazırdı. Görürdün, kimsə vacib işlə bağlı nömrə qoyurdu. Bir kağızda isə pomada izi var idi, kağızı öpmüşdülər. Bəzən instutlara gedəndən sonra tələbələr məktub yazırdılar. Məktubları Bürcəli ilə oxuyub, gülürdülər. Biri yazmışdı ki, mən sizə “Hamlet”i oynamağı arzulayıram. Amma özündənrazı, “ulduz xəstəliyi” olan deyildi. Adi insan idi. Küçədə və evdə fərqlənmirdi.

– Əslən bakılı idi. Bakılıların ən çox hansı xüsusiyyətini daşıyırdı?

– Bakının Şağan kəndindən idi. Ləhcəsi yox idi. Həmişə deyirdi ki, danışığımızda gərək ləhcə olmasın. Bakılıları çox istəyirdi.Ən əsası isə çox fəxr edirdi ki, azərbaycanlıdır. Teatrdan 7-8 nəfər aktyor ailəsi ilə birlikdə Bolqarıstana istirahətə getmişdik. Orada bir restorandakı müsabiqədə atam qalib gəldi. Səhnəyə çıxıb Azərbayacanı təmsil etdiyini görə çox sevindiyini dedi.

Müasirliyə açıq adam idi. Anam bizi rus sektoruna yazdıranda heç etiraz etmədi. Deyirdi, qoy öyrənsinlər. Özü rus, ingilis, ərəb dillərini bilirdi. Hərdən bizimlə ingilis dilində danışırdı. Səhv etmirəmsə, fransız dilindən də nəsə bilirdi.

Ayrı-ayrı ölkələrin ədəbiyyatını oxuyurdu. Hansısa fənndən sual verəndə onu elə izah edib, başa salardı ki… Fizikanı sevirdi. Çox yaxşı zehni var idi.

– Fuad Poladovla dost olublar. İki nəhəng, xarakterli insanın dostluq etməsi bir ayrı cür gözəldir…

– Həm sənətdə, həm də həyatda onları çox şey birləşdirirdi. Yaxşı dost idilər.

– Nəyə qarşı dözümü yox idi?

– Haqsızlığa. Yalanı xoşlamazdı. O qədər haqsızlıqlar görüb ki… Bəzi insanlardan incik idi.

– Evdə məşqlər edirdimi?

– Çox az. “İblis”in qırmızı libasını evə gətirmişdi, bacımla geyinib oynayırdıq.

– Oynadığı obrazlardan hansına bənzəyirdi?

– Bəlkə “İblis” obrazı ona yaxın idi. O jestlər, danışıqlar… Bir də “İmtahan” filmindəki obrazı özünə bənzəyirdi. Orada atam rektor rolunda elə bil, özünü oynayırdı.

– Dövlət adamları, məmurlarla dostluq edirdimi?

– Dostluqları var idi. Aralarında yaş fərqi olmasına baxmayaraq, Kəmaləddin Heydərovun atası ilə çox yaxın olublar. Özündən yaşca böyüklərlə oturub-durmağı xoşlayırdı.

– Ananız tez-tezmi yada salıb, danışır?

– Danışır… Deyir, rəhmətlik belə çəkilərdi, belə deyərdi. Çox kövrək olub. Bir şey olan kimi ağlamağa başlayır. Atamın son günləri bizim üçüm çox çətin olub. 20 yanvar hadisələri ona çox pis təsir etdi. 20 yanvar gecəsi Bürcəli Əsgərovla birlikdə küçəyə çıxdılar. Bütün gecəni çöldə oldular. 20 yanvar hadisəsindən atam vəfat edən günə qədər bizm evdə matəm yaşanırdı. Əsəbləri pozulmuşdu. Hər gün qəbr üstə gedirdi. İtkin düşənlərin ailələrinə qoşulub, axtarışlar edirdi. Ölümünə iki gün qalamış hamımızı Şağan kəndinə apardı. Anam dedi, gedək ki, fikri dağılsın. Qohumlarının hamısı ilə görüşdü. Elə bil ki, sağollaşırdı. Fevralın 2-si idi, yenə hansısa şəhidin qəbri ütsünə getmişdi. Bir az keçəndən sonra rejissor Hafiz Fətullayev onu halsız, huşsuz vəziyyətdə evə gətirdi. Sən demə, beyninə qan sızıbmış. Xəstəxanaya apardılar, səhər xəbər gəldiki, keçinib.

– Övladlarınızda babalarına məxsus istedad, sənət həvəsi varmı?

– Qızımın 19, oğlumun 17 yaşı var. Qızım tez-tez teatra gəlir. Amma istəməzdim bu sahəni seçsin. Bu işin məsuliyyəti ağırdır. (Azvision.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir