Zeyneb Kazimova

Ermənilərlə Qarabağ münaqişəsini fransız dilində dartışan baş redaktorla MÜSAHİBƏ

Baxış sayı: 1. 240

Azərbaycanda nəşr olunan qəzetlər arasında onun yeri fərqidir. Çünki o, yeganə fransızdilli nəşrdir. İllərdir Azərbaycan həqiqətlərini, ölkəmizin tanınmış şəxsləri, tarixi şəxsiyyətləri təbliğ edən “Le Carrefour” qəzetinin baş redaktoru Zeynəb Kazımova bizə öz fəaliyyətindən, rəhbəri olduğu qəzetdən danışdı.

-Zeynəb xanım, Azərbaycanda belə bir təyinatlı qəzet çıxarmaq ideyası necə yarandı?
-1995-ci ildən mətbuatdayam. Fəaliyyətimi Azərbaycan Dövlət Radiosunda başlamışam. İxtisasca beynəlxalq jurnalistəm. Jurnalistikaya təsadüfən gələnlərdən deyiləm. 2002-ci ildə Azərbaycanda nəşr olunan ingilisdilli “Azmedia” qəzetində müxbir kimi fəaliyyətə başladım. 2003-cü ildən 2006-cı ilə qədərsə oranın baş redaktoru oldum. Həm də Beynəlxalq Jurnalistlər Biriyinin üzvü idim. 2006-cı ildən isə təsisçi qəzeti bağladı, redaksiya heyəti isə dağılmaq istəmədiyini, əksinə, belə bir heyətlə davam etmək istədiklərini dedilər. 2007-ci ildə isə “Le Carrefour” qəzetini fiziki şəxs kimi mən təsis etdim.
-Dövriliyi, tirajı necədir?
-Bu qəzet 1500 tirajla çıxır. Həftəlik qəzetdir. Amma maliyyə baxımdan imkanlar zəif olduğuna görə ayda bir dəfə və ya ayda iki dəfə çıxara bilirik. Fəaliyyətimiz yeni başlayanda “Azərbaycan” nəşriyyatında ayrıca otaq kirayələmişdik. Bu qəzetin həyatında yüksəliş, intibah, bəzənsə bir qədər zəifləmə dönəmi olub. Zəifləmə də son dönəmlərə təsadüf edib ki, bunun nəticəsində bizim artıq redaksiyamız yoxdur. Bir müddət kirayə yerlərində fəaliyyətimizi davam etdirmişdik. Son 2 il ərzində redaksiya ofisimiz yoxdur. Evdən davam edirik.
-Kimdi sizin potensial oxucularınız? Kimlər oxuyur, kimlər izləyir bu qəzeti?
-Ölkə daxilində yaşayan, işləyən fransızlar. Fransa səfirliyi başda olmaqla, eləcə də ölkədə fəaliyyət göstərən 55 fransız şirkətindəki işçilər. Yəni, təxminən rəsmi statistikaya görə, Azərbaycanda 200-ə yaxın fransız var. Amma bununla paralel, 10 frankafon ölkənin səfirliyi var: İsveçrə, Belçika, Polşa, Mərakeş, Mİsir… Onların hər birində bu qəzeti oxuyurlar.
-Abunə yoxdur?
-Xeyr, yoxdur. Bizdə vaxtilə olmuşdu. Azərbaycanda Fransız Mədəniyyət Mərkəzinə – orda müxtəlif kurslar var – gələn insanlar könüllü şəkildə abunə yazıla bilərdi. Amma maddi problemlərə görə bəzən bizdə dövrilik problemli olurdu. O zaman da bu abunəliyə təsir edirdi.
-Bəs elekron versiyanızın durumu necədir?
-2009-cu ildən elektron versiyamız var. Lecarefour.az saytımıza daxil olan insanlar bizim materiallarla tanış ola bilərlər. Sonra bir müddət, 2012-ci ildə müvəqqəti dayandırdıq, sonradan yenidən davam etdik.
-Azərbaycanın yeganə fransızdilli media orqanı olmaq sizə hansı üstünlükləri qazandırır?
-Bu, təbii ki, ilk növbədə Azərbaycan media məkanında yeganə fransızdilli qəzet olmaq özəlliyi deməkdir. Bir qədər spesifikdir. Fransızdilli qəzet deyəndə bu, çox maraqla, cəlbedici qarşılanır. İnsanlara qeyri-adi təsir bağışlayır, dərhal maraq yaradır. Gündəlik, sıradan azərbaycandilli qəzetdən fərqli olaraq, diplomatik korpus nümayəndələrində ikiqat diqqətə səbəb olur. Bizim qəzetin missiyası spesifikdir.
-Mövzularınız, qəzetin əhatə dairəsi barədə də danışardız mümkünsə…
-Ümumiyyətlə, bu qəzetin missiyası Azərbaycanın təbliğatına yardım etmək, eləcə də Azərbaycan-Fransa münasibətlərinə töhfə verməkdən ibarətdir. Eyni zamanda Azərbaycanla Ermənistan arasındakı münaqişənin ölkəmiz adına gerçəklərini fransızdilli oxucuya çatıdırmaq da vəzifələrimiz sırasındadır. Ölkəmizdə baş verən mühüm hadisələri gündəm olaraq oxuculara çatdırırıq. Amma digər səhifələrimizdə Azərbaycanın tarixində mühüm yer tutan şəxslərin həyatı, onların övladları barədə maraqlı yazılar yer alır. Yəni, biz fransızları maraqlandıra biləcək, onların diqqətini cəlb edəcək məlumatları təqdim edirik. Dili bilmək heç də bu dildə qəzet çıxarmaq üçün yetərli deyil. Ona görə də bizim qəzetin materiallarını fransız redaktor yoxlayır. Onları da adətən könüllü valantyor tapıram.
-Azərbaycanda qəzet çıxarmaq ciddi maliyyə tələb edir. Sizin maliyyə mənbəyiniz hardandır?
-Qəzetin stabil maliyyəsi yoxdur. Maliyyə dayağı bu günə kimi özüm olmuşam. Bu, o demək deyil ki, iş adamıyam və vəsaitim çoxdur. Amma zaman-zaman maliyyə yardımı da olub. Azərbaycanda fəaliyyət göstərən fransı şirkətləri var ki, orda rəhbər fransızdırsa, bu dildə qəzetin çıxmasında maraqlı olur. Bəzi fransız şirkətlərinin rəhbəri azərbaycanlı olanda isə işimiz çətinə düşür (gülür). Amma zaman-zaman müxtəlif şirkətlər qəzetlə yardım ediblər. Dəstək olarsa, daha geniş masştablı işlər görə bilərik. Fransa televiziyası olan TV5 kanalında da bizim qəzet haqqında maraqlanıb, bizim barəmizdə yazıb. Onun Facebbokdakı verilişinin yüz minlərlə izləyicisi var.
-Fransız dili mənfur qonşularımızın, ermənilərin də çox istifadə etdiyi dildir. Fransada bu millətin nümayəndələrinin daha çox yaşadığını nəzərə alsaq, Qarabağ həqiqətlərini öz qəzetinizdə, onun rəsmi saytında təbliğ edirsizmi, informasiya müharibəsində hansı formada iştirak edirsiz?
-Siz çox doğru dediz ki, Fransada ermənilər çoxluq təşkil edir. Bəzən Fransada hansısa tədbirdə və ya virtual dünyada soyadı fransız olan biri ilə rastlaşır, danışır və Qarabağ mövzusunu müzakirə edəndə qəribə bir təəssübkeşliklə Ermənistanı müdafiə edir, qondarma soyqırımdan danışır və sair. Araşdıranda isə məlum olur ki, o, əslən ermənidir, neçənci nəsildən sonrasa soyadını dəyişib. Xüsusən Dağlıq Qarabağ mövzusunda erməni əsilli fransızlar, ermənilərlə ciddi polemikalarımız olur. Amma hesab edirəm ki, bu məsələ ilə bağlı daha ciddi təşkilatlanmaq lazımdır. (Musavat.com)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir