Varis

Ermənləri silkələyən hekayə: «Cənubda qar uçqunları» – VARİS YAZIR

Baxış sayı: 1. 655

Yazıçı Varisin Moskvada işıq üzü görən «Cənubda qar uçqunları» adlı hekayəsi rus xalqında ermənilərə qarşı inamsızlıq yaratdığına görə ermənilər tərəfindən ciddi təpkiylə qarşılaşmaqda və get-gedə daha böyük oxucu auditoriyası toplamaqdadır.

Yazıçı özü bu hekayəsini düşmən ölkəyə qarşı mübarizəsinin ikinci mərhələsinə aid edir. Belə ki, Moskvada «Müasirlər və klassiklər» vintaj seriyasından çıxaraq hazırda dünyanın 23 ölkəsində satışda olan «Yanvarın 13 günü» (Şuşanın işğalı, İlham Zəkiyev obrazı) hekayə və esselər toplusu, Böyük Britaniyanın Birmingem Universiteti, Armaniyanın Martin Lüter Universiteti kitabxanalarının fonduna daxil edilmiş «Son məktub» (Xocalı faciəsi) və «Əzilmiş fotoşəkillər» (Sumqayıt hadisələri) romanları, Amerikada dərc olunan    «Metamorfoz» (Mübariz İbrahimov obrazı) povestində və s. yazıçı ermənilərin xalqımıza qarşı apardığı işğalçılıq siyasətindən və erməni vəhşiliklərindən epizodlarla bəhs edir ki, bunlar yazıçının mübarizəsinin birinci mərhələsinə aiddir.

İkinci mərhələdə isə yazıçı ermənilərin digər xalqlara qarşı törətdikləri cinayətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi güdür: Ümumdünya Dağ Yəhudiləri Konqresinin rəsmi İnternet saytında tövsiyə edilən ədəbiyyat nümunəsi olan «Xrizantema dəstəsi» sənədli hekayəsində ermənilərin 1918-ci il Quba soyqırımı zamanı yəhudiləri qətlə yetirmələrindən söz açılır.

Rusiya ictimaiyyətinə təqdim edilən «Cənubda qar uçqunları» sənədli hekayəsində isə II Dünya müharibəsində yüz minlərlə erməninin faşist Almaniyasının tərkibində Sovet ordusuna qarşı amansızlıqla vuruşmasından bəhs olunur.

«Cənubda qar uçqunları» hekayəsinin orijinal versiyasını bu linkdən oxuya bilərsiniz.

Hekayənin tərcümə variantını oxucularımıza təqdim edirik.

 

                           Cənubda qar uçqunları

                     (Gündəlikdən)

 

Qar dənəciklərinin rəqsinə tamaşa eləməyi çox sevirəm. Küləksiz, sakit havada yırğalana-yırğalana, ləngər vura-vura səmadan ta ki yerə kimi yol qət eləyib sonra da üzü üstə yerə döşənirlər.

Qar yağmağa başlayanda ilk gələn dənəciklər ən altda, qar kəsən ərəfədə gələnlər ən üstdə, digərləri isə ortalarda yer alır. Onları eynən insanlara bənzədirəm. Ən narahat yerdə – ən altda olanlar qocaları, sonrakılar orta yaşlıları, növbəti gələnlər gəncləri, ən üstdə – ən rahat yerdə olanlar isə uşaqları xatırladır.

Çoxdan idi ki, Rusiya qarı görmürdüm. Bu, nədirsə, bir möcüzədir.  Biz tərəfdə – Cənubda qar adi ağ rəngdə olur, amma Rusiya qarının rəngi adi ağ deyil, haradasa parıltılı ağdır.

Bu qış dayımın – Bakı universiteti müəllimi Rəhman Orduxanovun hesabına Yesentukidə xırçıltı qopara-qopara qarın üzəriylə hey gəzdim, qartopası düzəldib gəldiyim «Niva» sanatoriyasının tibb bacılarına atəş yağdırdım, üzümü səmaya tutub yanaqlarımı döyəcləyən quşbaşı qarın soyuqluğundan həzz aldım.

Dayım xroniki pankreatit xəstəliyini müalicə etdirmək üçün  Yesentukiyə bir neçə ildir ki, həmkarı Cəlal müəllimlə gəlir. Bu il oğluna toy elədiyi üçün Cəlal müəllim gələsi olmamışdı. Dayım ona yol yoldaşı olmağı məndən xahiş edəndə, düzü bu mənə maraqsız göründü. Aramızdakı yaş fərqi axı məni qoymayacaqdı dayımın yanında sərbəst olum. Üstəlik, işimin gücümün də gur vaxtı idi. Amma hər halda, razılaşmalı oldum. Nəslin ağsaqqalı ayda-ildə bir dəfə mənə ağız açır. Razılıq verməsəm bir toyda, bir də yasda məni quru yuyub yaş sərəcəkdi.

«Niva» sanatoriyasında yerimizi rahatlayan kimi başladım narazılığa. Dedim, ay dayı, dostum Vüsalgil keçən il burdakı «Rossiya» sanatoriyasında qalıblar, çox gözəl sanatoriyadır. Bir tərifləyirdi ki, oranı. Digər dostum Elşənin atası isə hər il gəlib «İstok» sanatoriyasında qalır. «İstok» da buranın ən sayılıb-seçilən sanatoriyalarındandır. Sənsə gör məni hara gətirmisən. Buranın hay-hayı gedib, vay-vayı qalıb ki.

Kişini yeməkxanadakı dietik süfrənin dadsızlığına görə də, mineral su mənbəyinin, Tambukan palçığı müalicəxanasının uzaqlığına görə də, sanatoriyada pasientlərin demək olar ki, hamısının yaşlı olmasına görə də, rəqs axşamlarının darıxdırıcılığına görə də hey qınamaqdaydım. O isə demək olar ki, mənə məhəl qoymur, ciddicəhdlə müalicəsini alır, boş vaxtlarında da ya özüylə gətirdiyi iki tarixi kitabı – V.Sidixmenovun «Çinin mancur hakimləri» və Svetoniyanın «On iki sezarın həyatı» kitablarını paralel oxuyur, ya mürgüləyirdi.

Yesentuki parkında veyillənmək, ticarət mərkəzində artıq əzbərdən tanıdığım şöbələrə göz qoymaq, mərkəzi meydanda, dəmiryolu vağzalında gəlib-gedənlərə nəzər yetirmək, kafe və restoranlara baş çəkmək (təkcə elə gürcülərin «Ne qoryuy» adlı restoranında bəlkə də 10 dəfə oturmuşdum), bir də internetdə qurdalanmaq gündəlik həyat normam idi. Mərkəzi parkdakı qartal abidəsinin önündə cigit paltarında bəlkə 10 dəfə şəkil çəkdirmişdim,  «Sevginin sıfırıncı kilometri» kompozisiyasına barmaqlarımı toxundurub bəlkə də 10 dəfə sevgi arzularımı söyləmişdim. Mineral su qalereyasının qarşısında disk satan Volodya ilə bəlkə də rəhmətlik Vladimir Vısotski barədə 100 saat söhbət eləmişdim.

Bir axşam yeməkxanaya – şam yeməyinə yollananda dayım dedi ki, burda bir keçmiş zabit var, Proxor adında, Kaluqadan gəlib, mən onunla oturacağam, odur ki, üzürlü say.

Soruşdum, niyə?

Dedi: – Proxor 1-ci Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində bizimkilərə qarşı vuruşub. İki gündür onu başa salmaq istəriyəm ki, bu səhv addımdır, ancaq sala bilmirəm. Daş atıb başını altına tutur ki, əvvəla, ermənilər öz xristian qardaşlarımızdır, sonra da ki, Ermənistan həm də Rusiyanın müttəfiqidir, kömək etmişəmsə yaxşı etmişəm.

Dayımın millətçi olmadığını gözəl bilirdim. Milli azadlıq hərəkatı başlayanda bircə dəfə də mitinqlərə getməmişdi. Amma dedi, bu etdiyim bir millətçilik deyil, sadəcə, ədaləti bərpa etmək istəyidir.

Yeməkxanada öz 21№-li masamızın arxasında oturub çuğundur salatımı, omletimi masa qonşularım Nastya xalayla Kuzma əmiyə ərmağan edərək makaronla kotleti didişdirə-didişdirə 16№-li masaya – dayımla Proxor adlı həmin o yekəpər, pəhləvan cüssəli şəxsə göz qoydum.

Axşam Teatral meydanında xeyli gəzişib Teatral restoranında canlı caz musiqisini dinləyə-dinləyə iki parç «Jiquli» pivəsi içdikdən sonra narın yağan qardan həzz duya-duya sanatoriyaya qayıtdım. Otağa girəndə dayımı çarpayısında əyləşərək narazı-narazı telefonunu döyəcləyən gördüm.    Dedim, a kişi, telefonu niyə sındırırsan. Dedi, internet zibil gəlib gedir.

Proxorla söhbətinin nəticəsini soruşdum. Telefonundan gözünü çəkməyərək söylədi:

– Ona başa salmağa çalışdım ki, biz sizinlə, ermənilərlə və daha 12 xalqla uzun illər eyni bayraq altında yaşamışıq, Sovet xalqını birlikdə təşkil etmişik. 2-ci dünya müharibəsi Bakı neftinin hesabına qalibiyyətlə başa çatıb. Digər respublikalardan fərqli olaraq Azərbaycan heç kəsə boyunduruq olmayıb, ittifaq hökumətindən heç vaxt dotasiya istəməyib.   Siz ruslar bizim – 14 xalqın böyük qardaşı olmusunuz. İndi ayrıseçkilik edib ermənilərə qahmar çıxmaq, haqq işimizdə bizə pəl vurmaq yaraşmaz. Dedim, Qarabağın ermənilərə nə aidiyyatı ola bilər ki, «qara» və «bağ» sözləri sırf türk sözü olaraq «Çyornıy sad» mənasını bildirir?    Amma başa düşmək istəmədi. Dedi, bəzi nüanslar var ki, bizi ermənilərlə daha yaxın, daha doğma edir.

İçimi çəkib: «Daha o Proxora yaxın getmə» – söyləyəndə dayım ardını gətirməyə imkan vermədi:

– Amma bir şey var, onu dəqiqləşdirmək istəyirəm. Ürəyimə damıb ki, mən deyən kimidir.

Maraq məni boğdu, «Nə?» sualı ilə gəlib onun yanında əyləşdim.   Düymə kimi olan xırda gözlərini telefonundan ayırıb mənə zillədi:

– Proxor bayaq belə bir cümlə işlətdi. Dedi, bizim hərbçilər nəslimiz döyüşən nəsil olub. Ulu babası 1-ci Dünya müharibəsində kavaleriya əlaçısı olub, babası 2-ci Dünya müharibəsində «Rəşadətə görə» medalını alıb. Atası isə Əfqanıstanda vzvod komandiri olub. Hamısının döyüş yolundan danışdı, məlum oldu ki, babası Pyotr 1942-ci ildə Kerç uğrunda döyüşlərdə həlak olub. Həmin vaxt onun ölüm xəbəri gələndə bir döyüş yoldaşı nənəsinə deyibmiş ki, Pyotrgilin mühasirəyə düşən vzvodunu 809-cu piyada batalyonu məhv edib. Düzdür, batalyonun komandirinin soyadı alman soyadıdır, Bekker. Ancaq zənnim məni aldatmırsa, 2-ci dünya müharibəsində 808-dən – 818-dək – düz on bir batalyon faşistlər tərəfində vuruşan erməni legionuna məxsus olub.

Ümid və inam… Şübhəli olanda birinciyə, tam qətiyyətli olanda ikinciyə sarmaşırsan. Əksərən isə bu ikisinin tən ortasında – yolayrıcında qalırsan.

Gecə internet gəlmədi ki, gəlmədi. Bir müddət Volodyanın telefonumun yaddaşına yazdığı Vladimir Vısotskinin mahnılarını dinlədim:

– Ax, voyna, çto j tı sdelala, podlaə.

Stali tiximi naşi dvorı.

Naşi malğçiki qolovı podnəli –

Povzrosleli oni do porı…

Yuxulayanadək dayımın çarpayıda oturmuş əli telefonlu silueti gözümdən əskik olmadı. Yuxu rejimini heç vaxt pozmayan kişi bəlkə də heç yatmadı da. Səhər yuxudan ayılanda isə onu qoltuğunda bükülü dəsmal palçıq vannasına tələsən gördüm. Mənə də tapşırıq verdi ki, bacıoğlu, internet hələ də yoxdur, tez-tez yoxla, internet gələn kimi «Google»yə «809-cu piyada batalyonu» sözünü yaz, gör təxminimdə düzəmmi.

Kişi getdi, əl-üzümü yuyub tənbəl-tənbəl yeməkxanaya – səhər naharı yeməyə düşdüm.

Südlü sıyığımla omletimi yenə masa qonşularıma ötürüb soyutma yumurtanı iştahsız-iştahsız dişimə çəkdim, sonra da hər günkü marşrutumla şəhər mərkəzindəki su qalereyasına yollandım.

Burada hər kəs başında xüsusi çıxacaq olan stəkanlar alıb özü ilə su içməyə gətirir. Bəlkə də təkcə məndən savayı. Əllərimi məşğul etməkdən acığım gəldiyindən hər dəfə birdəfəlik kapron stəkanlardan istifadə edirəm.

Dayım mənə 4№-li mənbənin mineral suyunu içməyi tövsiyə etsə də öz bildiyimi edib yenə 17№-li mənbənin suyunu isti halda içdim. Sonra qalereyadan çıxıb adətim üzrə fotoatelyenin iri fotoreklam lövhəsindəki tanış simayla – KVN üzrə əsrin çempionu olmuş «Bakılı oğlan» Bəhram   Bağırzadənin fotosuyla salamlaşdım, başladım qalereyanın qarşısındakı şıdırğı alverə tamaşa etməyə. Qulaqlı və yun papaq satan kim, suvenir, matryoşka satan kim, bal, şoraba satan kim. Hamısı gur səslə müştəri haylayırdı, amma konsertə, teatra, rəqs gecəsinə, eləcə də ekskursiya turlarına bilet satanların səsi daha gur idi, bütün səsləri batırırdı.

Elə bu vaxt qulağım «Kerç» sözünü aldı, geriyə qanrılanda olduqca yaşlı bir kişiylə qadının söhbətləşdiyini gördüm. Elə bil, xəbərdar idilər ki, bayaq dayımla Proxor da Kerçdən danışıb.

Kişi «Axı Kerç Krımdadır, oranın iqlimi mülayimdir, qar istisna halda yağır» söyləyib qadını təkzib etmək istəsə də qadın sözünün üstündə möhkəm dayanmışdı: «Yox, həmin il çox bərk şaxtalar düşmüşdü. Mitridad dağından olduqca böyük qar uçqunları gəlir, hamımız üçün təhlükə törədirdi».

Cəld dayımın tapşırığını xatırlayıb telefonumu açaraq internetə girməyə cəhd etdim. Dərhal da telefonun «Safari» guşəsi «Google»nin rəngbərəng hərflərini nümayiş etdirdi. Bir göz qırpımında axtarış lövhəsinə «809-cu piyada batalyonu» sözünü yazdım, «erməni legionu» sözlərini görcək hövlanak Tambukan vannalarına tərəf götürüldüm.

Kuşetə uzanıb üzərinə yaxılmış müalicəvi palçığın istisindən xumarlanan dayım ona xidmət göstərən yaşlı tibb bacısına əsgərlik xatirələrini danışırdı. 1976-cı ildə Kalinin vilayətində inşaat batalyonunda xidmət etməsi, kolxozun bostan sahəsindən kələm toplayarkən Maşa adlı al yanaqlı qıza vurulması, sonradan tez-tez «samavolka»ya qaçıb Maşanı görməsi…

Dayım danışır, tibb bacısı da maraqla onu dinləyirdi…

Doğrudan da yaşlı insanlar hər addımlarını xatirələrlə birgə atırlar.   Hətta deyərdim ki, xatirələr onların qoltuq ağaclarıdır. Xatirələrsiz addımlamaqları çətin olur.

…Dayımı qoltuq ağaclarından ayırmalı oldum, gətirdiyim xəbərdən necə dik atıldısa tibb bacısı diksinib çığırdı. Kişi bir anın içində necə duş qəbul elədi, necə geyindi, oradan necə çıxdı, telefonumu əlimdən qamarlayıb acgözlüklə məlumatı necə oxudu, təsvir etməkdə çətinlik çəkəcəyəm. Bir də onu gördüm, artıq sanatoriyadayıq, dayım otaq yoldaşlarından Proxorun yerini soruşur. Bir də onu gördüm, mərkəzi parkdakı mineral su qalereyasında dayım Proxoru kənara çəkib.

İlk olaraq bu sualı verdi:

– Səninçün dünyada ən örnək götürüləsi adam baban Pyotr olub da, eləmi?

Proxor əlbəəl: – Bəli, – dedi.

Və dayım aram-aram danışmağa başladı:

– 1942-ci il, Stalinqrad döyüşü ərəfəsində Hitler Sovet xalqlarının qeyri-rus nümayəndələrindən ibarət legionlar yaratmaq, bununla da   Sovet ordusu arasında parçalama siyasəti yeritmək əmri verir. Nəticədə bir neçə milli legionlar yaranır. Tatar, gürcü, azərbaycanlı, erməni, ukrain, belarus… Amma bu legionlardan yalnız biri – erməni legionu müvəffəqiyyət qazanır və sonadək faşizmə xidmət edir. Sənin sevimli babanı döyüş yoldaşları ilə birgə qətlə yetirən 809-cu batalyon da həmin legionun tərkibində olub. Rəsmən adı isə belədir: Vermaxt erməni legionunun 809-cu piyada batalyonu.

Proxor: – Ola bilməz, – sözlərini söyləyəndə dayım telefonun ekranını onun gözləri qarşısında tutdu, onun dodaqlarını dişləməsi, yumruqlarını düyünləməsi fonunda isə uzun-uzadı danışmağa başladı:

– 1942-ci ilin mayında Polşa ərazisində – Radom şəhərindən 10 km aralıdakı düşərgədə Vermaxtın 1-ci erməni atıcı batalyonu yaranıb.    «Vartan Zoravar», yəni sərkərdə Vartan adlanan bu batalyonun əsgərləri    Vartanank adlandırılıblar. İyun ayının 20-də Pulava şəhər meydanında faşist ordusu komandanlığı nümayəndələrinin qatıldığı mərasimdə erməni legionerlər hərbi and içiblər. Onlar farağat duraraq sağ əllərinin şəhadət və orta barmağını gicgahları bərabərində tutub söyləyiblər:    «Mən Allahın və Adolf Hitlerin qarşısında and içirəm ki, son damla qanıma kimi Alman dövlətinə sədaqətli olacaq, bolşevik və imperialistlər əleyhinə nasional-sosializm işi uğrunda mübarizə aparacağam». Həmin vaxt flaqştokda faşist Almaniyasının bayrağı ilə yanaşı üçrəngli erməni bayrağı da dalğalanırmış.

Bu yerdə Proxor soruşdu ki, bu danışdıqların sizin Azərbaycan mənbəyindən deyil ki? Dayım sübut kimi şəklini çəkdiyi internet səhifəsini göstərərək söylədi ki, xeyr, erməni tarixçisi Eduard    Abramyanın «Erməni Legionunun tarixindən» kitabındandır.

Proxorun qəzəbi və məyusluğu bir-birinə qarışmışdı, öz aralarında şiddətlə vuruşmaqda idilər. Və o, tez-tez də «Axı niyə onlar bunu etsinlər ki?»sualını ünvanlayırdı.

Dayımsa şövqlə faktları yanaşı düzməkdəydi:

– Babanı işıqlı dünyadan məhrum edən 809-cu batalyon da Polşada, 1942-ci ildə yaranıb. Dərhal ön cəbhəyə göndərilib, Şimali Qafqaz uğrunda gedən döyüşlərdə iştirak edib. Nalçik, Mozdok, Kuban,    Nəhayət Krım, Kerç… Ardınca Ukraynada, Polşada döyüş yolu keçib. 1944-cü ildə erməniləri Belçika və Niderlanda yollayıblar, Reyxstaq Atlantik  istehkamını qorumağı da onlara tapşırıb ki, faşistlərə qarşı ikinci cəbhə açan amerikan, ingilis və fransızlardan ibarət müttəfiqlərin qitəyə girişinin qarşısı alınsın. 809-cu batalyonunun erməni əsgərləri şövqlə vuruşublar, sonadək faşistlərə sədaqət nümayiş etdiriblər. Kubanda Sovet ordusuna amansızlıqla zərbə vurduqlarına görə əksər döyüşçüyə «Kuban qalxanı» mükafatı verilib. Kerçdə – sənin babanın ölümü ilə nəticələnən döyüşdəki müvəffəqiyyətinə görə isə batalyon general feldmarşal Evald fon Kleyst tərəfindən Təşəkkürnamə ilə mükafatlandırılıb, döyüşçülər Dəmir xaç və Şərq medallarına layiq görülüblər. O ki qaldı batalyonun sonrakı aqibətinə,  1944-cü ilin avqustunda Normandiyada gedən döyüşlərdə müttəfiqlərin  «Overlord» adlı hüsum əməliyyatı zamanı batalyon darmadağın edilib.

Proxor bu müddətdə bilmirəm neçə siqaret çəkdisə, özü də etiraf etdi ki, müalicəsi zay olub getdi.

Dayımın hafizəsinə heyran qalmamaq olmurdu. Erməni legionunun uniformasının faşist əsgərlərindən fərqlərini (ermənilər, deməzsənmiş köhnə – 1939-cu il nümunəli uniforma geyinirlərmiş, boz petlisaları, tünd yaşıl rəngli paqonları, qabarıq kokardaları, bir də qollarındakı üçrəngli erməni bayrağından və «Armenien» sözlərindən ibarət qol emblemləri onları fərqləndirirdi) elə dəqiqliklə izah edirdi, onların daşıdıqları silahların növlərini elə ardıcıl sadalıyırdı ki…

Sanki film görürmüş kimi bu cür geyinmiş və silahlanmış erməni əsgərlərini bağıraraq çoxsaylı müharibə filmlərindən yadımda qalmış doğma sovet əsgərlərinin üstünə yeriməsini təsəvvürümdə canlandırırdım.

Proxor boşalmış siqaret qutusunu xışmalayıb yerə atdı, yoldan keçən bir gəncdən siqaret istədi.

Haradansa ağlıma belə bir deyim girdi: «Siqaret – bizi təsəlli verə-verə zəhərləyən nəsnə».

Dayım isə susmaq bilmirdi:

– 2-ci dünya müharibəsi zamanı Sovet ordusuna qarşı ön cəbhədə ermənilər 11 batalyonda, 20000 əsgər heyəti ilə vuruşublar. Bundan əlavə, on minlərlə erməni əsgəri daha 22 inşaat, dəmiryolu, avtomobil, rabitə, təsərrüfat batalyonlarında faşist ordusuna xidmət edib. Erməni legionuna xüsusi amansızlıqları ilə seçilən Qaregin Ndje, Drastamat    Kanayan kimi şəxslər komandanlıq ediblər. Ancaq bu da hələ hamısı deyil. Sovet ordusuna qarşı ermənilərin mübarizəsi yalnız SSRİ-də yaşayan ermənilərin Erməni legionununda vuruşmasından ibarət olmayıb. Faşist ordusunda Avropada və Almaniyada yaşayan yüzlərlə erməni vuruşub. Hətta faşist ordusunun SS Ştandartanfüreri Vartan     Sarkisyan, qruppenfürer Razmik Nazaryan, kapitan Misak Torlakyan kimi tanınmış komandanları da olub.

Proxor əsəbi halda: «Bəs niyə biz ruslar bütün bunları bilmirik və yaxud, bilənlər buna əhəmiyyət vermir?» sualını sanki özü-özünə ünvanladı. Dayımsa ironiya ilə «Bilmirəm, siz ruslar niyə buna əhəmiyyət vermir və erməni sevgisi nümayiş etdirirsiniz, amma ermənilər bu faktları nəinki gizlədir, əksinə, bunlarla qürur duyurlar. Prezidentləri Serj Sarkisyan Almaniya kansleri Angela Merkeldən hətta bu xidmətin müqabilində Qarabağ məsələsinin həllində dəstək də istəyir».

Dayım əynindəki paltonu bir az tarıma çəkdi, papağını gözünün üstünə basdı, şərfini boynuna daha da sıxdı. Palçıq vannasından sonra şaxtalı havada bu qədər dayanması səhhətinə pis təsir edəcəkdi, bunu özü də, mən də duyurdum. Ancaq o, çox inadcıl adamdır, ürəyindəkiləri sonadək deməsə rahatlamaz.

Bu vaxt səhərdən bəri yağmağa ara vermiş qar yenidən yağmağa başladı. Dayım danışanlar əhvalımı nə qədər korlasa da qarın bu gözəlliyi ruhuma sevinc çiləməyə başladı.

Son olaraq dayım Dro təxəllüslü Drastamat Kanayan haqqında danışdı. Siz bir işə baxın, bu şəxs 1905-ci ildə Bakıda çar Rusiyasının general-qubernatoru Nakaşidzeni terrorla qətlə yetirib. Bakıdakı erməni-müsəlman davasında yüzlərlə azərbaycanlının ölümünə bais olub. Ardınca 1908-ci ildə kommersant adı ilə Türkiyəyə – Bəyazitə keçib, işi  oradakı erməniləri silahlandırmaqdan ibarət olub, nəticədə yüzlərlə türkün məhvinə fərman verib. 40-cı illərdə isə faşistlərlə ittifaqda əksəriyyəti ruslardan ibarət minlərlə sovet adamının ölümünün baiskarı olub. Və qəribəsi: 1956-cı ildə Bostonda vəfat edən bu şəxsin cinayətlərini müstəqil Ermənistan bağışlayıb, hətta dərinə gedərək ona milli qəhrəman adını veriblər, 2000-ci ildə Ermənistan rəhbərliyi onun nəşini Ermənistana gətirərək Baş Aparan məzarlığında Qəhrəman döyüşçülər memorialının yanında dəfn elətdirib.

Qeyri-ixtiyari mən də söhbətə qoşuldum, «Böyük Vətən müharibəsində Sovet ordusunun itkisi 17 milyon nəfər olub, 17 milyon nəfər» sözlərini dərin təəssüflə söylədim.

Proxor növbəti iki gündə heç gözümə dəymədi. Dayım isə qızdırma içində yataqda yatdı. Yesentukili günlərin son dönəmində fürsətdən istifadə edib Kislovodsk şəhərinə yollandım, oranı okivar gəzdim, sirkdə, şəkil qalereyasında oldum, «Xram Vozduxa» restoranında nahar etdim, Şəhər parkındakı yarmarkadan nənəm üçün qaraçay corabı, anamçün yun şal aldım. Və əlbəttə ki, bir banka da Tiberdanın dağ balını aldım.

Beləcə Yesentukili günlərin sonuna yetişdik. Dünyanın ən rahat, ən sadə və bunlarla da bərabər, ən faydalı kurortuyla, çətin də olsa, ayrılmalı olduq.

Bakıya dönən gün hamıyla, xüsusən tibb bacılarıyla mehribanlıqla sağollaşdım, hamını günəşli vətənimə qonaq çağırdım. Dayım hələ də nasaz idi, soyuqlaması səbəbindən müalicəsi effektiv  olmamışdı.   Ancaq daxilən razı idi, məmnunluğu simasından duyulurdu.

Sanatoriyanın qarşısındakı Qar adamının başının dəmir vedrədən ibarət papağını düzəltdim, burun əvəzi yerkökünü dərinə itələdim.    Dayanıb selfi çəkdim.

Dayım sifariş verdiyimiz taksini gözləyirdi, mən də buranın son dəfə dadını çıxarırdım.

Qarı ovucladım, bir daha parıltılı bəyazlığına heyranlıqla baxdım.

Qar dənəciyinin altı guşəli olduğunu bilirsiniz? Eynən Davudun ulduzu kimi. Hətta, bir yəhudi dostum zarafatla söyləyib ki, qar sionizmə xidmət edir.

Baxdım, görüm güşələri gözümlə ayırd edə biləcəyəmmi. Amma edə bilmədim, dənəciklər çox xırdaydılar.

İnsan hər bir xırdalığı gözüylə görə bilsəydi, bir düşünürsünüzmü nələr baş verərdi? Dünyanın bütün gizlinləri, sirləri açılardı, aləm bir-birinə dəyərdi. Beyinə qat-qat çox məlumat, informasiya daxil olub onu o qədər yükləyərdi ki, beyin sadəcə kilidlənərdi…

Taksiyə minəndə uzaqdan Proxorun qaça-qaça gəldiyini görəndə, nədənsə heç təəccüblənmədim. Təngnəfəs dayımdan soruşdu:

– Sizdə indi atəşkəsdir, hə?

Dayım: – Hə, – söylədi.

Proxor bir kağız parçası uzadıb içini çəkdi:

– Bu mənim telefon nömrəmdir. Əgər müharibə başlasa mənə xəbər edərsən. Gəlib günahımı yuyacağam!

Taksi buz bağlamış yolla irəliləyirdi. Geriyə qanrılıb on dörd gün bizə qucağını açmış sanatoriyanın bəmbəyaz qardan əsla seçilməyən ağappaq binasına tərəf hey baxdım, baxdım.

O, get-gedə kiçildi və nəhayət, gözdən itdi.

Sonra haradansa qulaqlarıma məşhur xırıltılı səs, onun ecazkar ifası gəldi:

– Ax, voyna, çto j tı podlaə sdelala.

Vmesto svadeb – razluki i dım.

Naşi devoçki platğiüa belıe

Razdarili sestrenkam svoim.

    Qəfildən diksindim. Sandım ki, haradansa üstümə qar uçqunları tökülməyə başladı.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir