Ətir alarkən nələrə diqqət edək?

Baxış sayı: 1. 911

Bazarda eyni adda müxtəlif qiymətə məhsullar təklif olunur ki, alıcı seçim etməkdə çətinlik çəkir

“Ətirlər zamanda yaşayır. Onların özünəməxsus gəncliyi, kamilliyi və qocalığı olur və əgər onlar bu yaş hədlərinin hər üçündə eyni ətri, eyni qoxunu verirsə, demək ideal vəziyyətdən söz açmaq olar” – bu fikir Patrik Zuskindin məşhur “Ətriyyatçı” romanındandır. Bu gün Azərbaycan bazarında bizə müxtəlif dünya ölkələrinin brendləri adı altında fərqli qoxuda ətirlər təqdim olunur. Onların arasında çox baha və ucuz olanları da var.

Alıcı isə çox vaxt seçim edə bilmir. Çünki ətirlərlə bağlı müxtəlif fikirlər səsləndirilməkdədir. Bəzən deyirlər ki, ən bahalı ətirlər belə, saxta ola bilir. Ona görə də puluna heyfi gələnlər olur. Ya da ucuz qiymətə olanları alıb keyfiyyətindən şikayət edənlər də az deyil. Düzdür, istifadə etdikləri ətirlərin keyfiyyətindən məmnun qalanlar olsa da, “Azərbaycana keyfiyyətli ətir gətirilmir” – deyənlər də az deyil. Keyfiyyətsiz olduğu zaman ətirin insanda allergiya yaratdığını bildirənlər də var. Bəs əslində deyilənlər nə dərəcədə doğrudur?

Ətirlər geri qaytarılmayan məhsullar siyahısındadır

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qəzetimizə açıqlamasında bildirdi ki, ölkəmizin ətir bazarı ən çox çirklənmiş seqmentlərdən biridir. O deyir ki, ətirlərin də ərzaq malları kimi etiketində istehsal və son yararlılıq tarixi yazılmalıdır: “Lakin monitorinq aparsaq, görərik ki, ən brend dükanlarda belə, ətirlərin 95 faizinin etiketində buraxılma tarixi və yararlılıq müddəti yazılmayıb. Bu, onların saxta olmasına ciddi dəlalət edir. Yaxud dolaşıq qoloqramlarla bir şey yazılıb. Satıcı göstərir ki, kodla sayta girdikdən sonra açılır. Bunlar hamsı istehlakçını aldatmaq jestləridir”.

E.Hüseynovun sözlərinə görə, bu sahədə problem yaradan məqamlardan biri də ətirlərin geri qaytarılmayan məhsullar siyahısında olmasıdır: “Amma əslində bunun heç bir məntiqi yoxdur. Qanundakı bu boşluqdan isə bir çox firmalar istifadə edirlər. Bəzən qadınlara 2000-3000 AZN dəyərində parfümeriya dəsti satırlar. Nisyə verirlər, alıcı pulu ödəyə bilməyəndə isə məhkəməyə verib, tələb edirlər. Nazirlər Kabinetinin ətirləri geri qaytarılmayan mallar siyahısından çıxarması ilə bağlı iş aparmaq istəyirik. Çünki bazar çox çirklənib. Bu haldan istifadə edən xarici və yerli şirkətlər istehlakçıların hüquqlarını pozurlar”.

Ən prestijli mağazada da saxta ətir sata bilirlər

AİB sədri bildirdi ki, şəhərin mərkəzi yerlərində test ətirlərinin satışının aparılması da düzgün deyil: “Onlar satılmamalı, qablaşdırılmamalıdır. Bununla da bağlı şikayətlər olur. Üstəlik, açıq ətir satışı da baş verir. Bu, dəri ilə təmasda olan bir məhsuldur. İnsanların dərisində xəstəliklər əmələ gətirə bilər. Dəfələrlə ətirlə bağlı şikayətlər daxil olub, amma biz onların geri qaytarılmasına nail ola bilməmişik. Çünki ətirlər geri qaytarılmayan məhsullar sırasındadır. Düşünürəm ki, bu, istehlakçılar üçün bir haqsızlıqdır”.

Ətirlərin qiymətinin baha olduğunu deyən E.Hüseynov onu da bildirdi ki, Azərbaycanda ən prestijli mağazada belə, ən saxta ətirə rast gəlmək mümkündür: “Əlbəttə, qiymətlər də bahadır. Ölkənin məşhur adamlarından biri bir neçə il öncə nişanlısına ətir almışdı. Onun nümunəsi də bizdədir. Ətirin içi boş çıxmışdı. Qutu yaxşı qablaşdırılmışdı, amma içi boş idi. Bu sahədə normal ekspertiza olmadığından, xarici ölkədə ən ucuz qiymətə olan ətiri burada çox baha satırlar”.

E.Hüseynov keyfiyyətli ətiri təyin etməyin alıcılar üçün çətin olduğunu dedi: “Onun quruluşuna, üstündəki kağızın yapışdırılmasının keyfiyyətinə, tarixinə fikir versinlər. Saxta ilə həqiqi məhsul yan-yana olmadığı üçün alıcı fərqi hiss edə bilmir. Qiyməti baha olanların yaxşı olduğunu demək olmaz. Lakin saxta ətirlərin də baha qiymətə satılması baş verir. İstehlakçının hüququ var ki, istənilən məhsulun sənədlərini tələb etsin. Qoxunun uzun müddətli qalması məhsulun keyfiyyət göstəricilərindən biridir. Spirt olan ətirlərdə qoxuverici maddənin dayanıqlılığı, kifayət qədər qalması əsas göstəricilərdən biridir. Ətirlərin keyfiyyətli olub-olmadığını təyin etmək çətindir. Ona görə də hansının dəri üçün zərərli olduğunu da bilmək olmur. Elə etmək lazımdır ki, ətir dəriyə dəyməsin. Saça, geyimə vurmaq daha məsləhətlidir. Uşaqlarda xüsusilə bu qaydalara riayət etmək lazımdır”.

Ətir nə zaman allergiya yaradır?

Allerqoloq Nigar Hacıyeva deyir ki, tibbdə ətirlərə qarşı allergiya anlayışı var. Amma bu problemin yaranmasına ətirin keyfiyyətindən çox, tərkibində olan kimyəvi maddələr səbəb ola bilər: “Ətirin keyfiyyəti o qədər də önəmli deyil. Ətirin tərkibində olan hər hansı kimyəvi maddəyə qarşı insanın allergiyası ola bilər. Tənəffüs və dəri allergiyası baş verə bilər. Biz səpkini qulaq ətrafında, boyun nahiyəsində görürüksə, başqa yerdə olmursa, pasientdən ətiri haqqında məlumat alırıq. Bu zaman ətirin allergiya verməsindən şübhələnmək olar. Aşağı keyfiyyətli məhsulların tərkibində ucuz, qeyri-keyfiyyətli maddələr ola bilər. Amma insan bahalı ətirlərə qarşı da əks reaksiya verə bilər. Ətir deyəndə biz təkcə parfümeriyanı nəzərdə tutmuruq. Təcrübəmdə ağcaqanad və digər həşəratlar əleyhinə istifadə olunan ətirlərdən də uşaqlarda ciddi, dəridə səpkilər formasında allergik reaksiya ilə rastlaşmışam”.

Allerqoloq deyir ki, çox nadir hallarda analar uşaqlarına ətir vururlar. Əgər uşağın ətirin tərkibində olan hansısa maddəyə qarşı allergiyası varsa, bu, problem yarada bilər. Bunu isə öncədən təyin etmək mümkün olmur.

N.Hacıyeva allergik reaksiyanın əlamətləri haqda da danışdı. Bildirdi ki, ətiri vurandan sonra allergik reaksiyası varsa, asqırma, burun qaşınması, gözlərin yaşarması, burundan şəffaf ifrazatın gəlməsi, bədəndə səpkilər, qızartılar ola bilər. Ən ağır halda isə boğulma da verə bilər. Çünki ətir həm də tənəffüslə bağlı allergik reaksiya verir.

Keyfiyyətdən şübhələnənlər laboratoriyaya müraciət edə bilərlər

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı isə bildirdi ki, Azərbaycanda bir çox sahələrdə olduğu kimi, ətir bazarında da müasir standartlar tətbiq edilir. Müasir keyfiyyətlərə cavab verən məhsullar idxal olunur: “Son illər Azərbaycan bu sahədə yerli istehsalı da artırmağa başlayıb. Deyə bilmərik ki, yüksək səviyyədədir. Amma bu bazar hələ ki əsasən xarici istehsalın üzərində qurulub. Keyfiyyətli ətirlər bazarda çoxluq təşkil edir. Son vaxtlar ətirlərin keyfiyyəti ilə bağlı bizə alıcı şikayəti daxil olmayıb. Topdansatış məntəqələrində, metro stansiyalarının yaxınlığında olan müxtəlif obyektlərdə məşhur brendlərin məhsulunun ucuz qiymətə satılması halları da var. Təbii ki, keyfiyyətlə bağlı artıq bu qiymətin özü şübhə doğurur. Hər bir alıcı bilir ki, 10 manata məşhur fransız brendinin keyfiyyətli ətirini almaq mümkün deyil. Artıq o məhsulu alıb-almamaq alıcının öz ixtiyarındadır. Ümumiyyətlə, bu sahədə ciddi problem olduğunu düşünmürəm”.

F.Talıblı deyir ki, bazardakı məhsullarda hər hansı problemin olması ilə bağlı iddia etmək asandır. Amma iddianın arxasında faktın durub-durmadığını laboratoriya analizləri sübut edir: “Onu xarici görünüşlə müəyyən etmək mümkün deyil. Ya da gərək o qədər ətir bilicisi olasan ki, qoxusundan keyfiyyətini təyin edəsən. Əgər kiminsə hər hansı iddiası varsa, həmin məhsulun tərkibini bizim komitənin tərcübə-sınaq mərkəzinə müraciət etməklə yoxlada bilər. Ətirlərin standartında üzərində istehsal və son istifadə tarixinin olması vacibdir. Alıcılar məhsul alarkən buna da fikir versinlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir