ev heyvanlari

Ev heyvanları ilə təmasda olmaq uşaqlara necə təsir edir?

Baxış sayı: 1. 363

Bir neçə gün öncə məhəlləmizdə Rafiqin ağladığını gördüm. Yaxınlaşıb nə üçün ağladığını soruşanda, bildirdi ki, evdə it saxlamaq istəyir, amma valideynləri buna icazə vermir. Rafiqdən nə üçün evdə it saxlamaq istədiyini soruşanda dedi ki, tək darıxır, dostlarının əksəriyyətinin evdə pişiyi, tutuquşusu, dovşanı var. İstəyir ki, onun da balaca, şirin ev heyvanı olsun. Açığı, Rafiq ev heyvanı istədiyini elə ürəkdən dedi ki… Məsələni həll etmək, valideynlərinin fikrini öyrənmək üçün Rafiqlə birlikdə onlara getdik. Anası ilə söhbət edən zaman aydın oldu ki, xanımın evdə heyvan saxlamaq qorxusu var. Deyir ki, bina evində heyvan bəsləmək, onun qulluğunda durmaq, təmizliyinə diqqət etmək çox çətindir. Həmsöhbətim qeyd etdi ki, əgər həyət evində yaşasaydılar, məmnuniyyətlə Rafiqin arzusunu yerinə gətirərdilər.

Açığı, mövzu mənim özümə də maraqlı gəldiyi üçün uşaqların sosial psixoloji inkişafında ev heyvanlarının rolunun nə dərəcədə əhəmiyyətli olduğunu mütəxəssislərlə müzakirə etmək qərarına gəldim.

Uşaq psixoloqu Vəfa Əkbər qeyd etdi ki, heyvanlarla təmasda olan uşaqlar diqqətlərini toplamağı, sevgilərini başqaları ilə bölüşməyi öyrənirlər: “Uşaqlar böyüdükcə onlara sevgini, qayğını, məsuliyyəti aşılamağa çalışırıq. Amma bunu təcrübi olaraq göstərsək, daha gözəl nümunə olar.  Bu nümunələrdən biri də zooterapiya, yəni evdə heyvan bəsləməkdir. Uşaqlar əzizləməyi, qayğı göstərməyi çox sevir. Bu, onda normal davranış qaydalarının formalaşmasına müsbət təsir edir. Heyvanlarla əlaqədə olan uşaqlar daha tez sosiallaşırlar, sevgi dolu böyüyürlər, cəmiyyətdə başqaları ilə də daha tez dil tapa bilirlər. Hər hansı bir problemlə qarşılaşdırda da, daha tez çıxış yolu tapa bilirlər. Tək qaldıqları zaman belə, özünəqapanma halları olmur. Çünki onların yanında sevdikləri olmasa da, kiçik bir heyvan bəsləməklə, onu əzizləməklə həmin tənhalığı aşmağı bacarırlar. İnkişaf etmiş ölkələrdə hiperaktivlik və aqressiya müşahidə edilən uşaqlara zooterapiya tətbiq edilir. Heyvanlarla əlaqədə olmaqla, uşaqlar diqqətlrini toplamağı, sevgilərini başqaları ilə bölüşməyi öyrənirlər. Digər tərəfdən, heyvana qulluq etmək, onu yeməyi ilə məşğul olmaq, gəzintiyə çıxarmaq uşaqda məsuliyyət hissinin də formalaşmasına şərait yaradır. Heyvan sevgisinin yaşı olmur. Onlar lap körpəlikdən şəfqət göstərməyi, əzizləməyi, məsuliyyətli olmağı öyrənməlidirlər. Bu şəraitdə böyüyən uşaq zərərsiz, mehriban, aqressiyadan uzaq olur.”

Psixoloqdan evdə hansı heyvanı saxlamağın daha məqsədəuyğun olduğu barədə də soruşduq: ” Uşaqların hər birinin fərqli özəllikləri var. Məsələn, uşaq var ki, uçan heyvanlara maraq göstərir, eləsi var yeriyən, qaçan, suda üzəni sevir. Heyvan alarkən mütləq uşağın fərdi seçimlərinə önəm verilməlidir.  Yəni çalışmalıyıq ki, uşağın qayğı göstərə biləcəyi, sevəcəyi heyvanı alaq. Ev heyvanı seçimi uşağın psixoloji vəziyyətinin göstəricisidir”.

Psixoloq Nərgiz Süleymanlı bildirdi ki, ev heyvanları ilə yaxın təmasda olmaq uşaqlarda humanizm hissini formalaşdırır: “İnsanların uşaqlıq yaşından heyvanlarla təmasda olması onların həm psixoloji inkişafı, gərginliklərinin atılması, həm də bəzi insanı duyğularının formalaşmasında böyük önəm daşıyır. Çünki uşaq heyvana toxunaraq, ona qayğı göstərərək, başqa canlılarla davranış və rəftar tərzini öyrənir. Hətta, davranış pozğunluğu, psixoloji problemləri olan uşaqların, bir müddət müəllimləri ilə birlikdə heyvanlarla dərsləri də olur. Heyvanlarla əlaqədə olmaq uşaqlara gələcəkdəki qorxularını aşmağa kömək edir. Elə valideynlər var, uşaqlarına icazə vermir ki, heyvana toxunsun, onunla daha yaxın məsafədə olsun. Bu, düzgün deyil. Həmin uşaqda sosial bacarıqlar sərhədli şəkildə formalaşmağa başlayır. İnkişafa meyilli olmur. Təbii ki, valideynləri də anlamaq lazımdır. Hazırda bir çox ailələr hündürmərtəbəli binalarda yaşadıqları üçün evdə heyvan saxlamaq imkanları olmur. Onlar övladlarını heyvanların saxlanıldığı yerlərə apara bilərlər. Bu zaman uşaq aqressiyadan uzaq, sevgi dolu böyüyür. Bundan başqa, heyvanlarla yaxın əlaqədə olmaq, uşaqlarda humanizm hissini də formalaşdırır”.

Sosioloq Lalə Mehralı qeyd etdi ki, uşaqların heyvanlarla əlaqədə olması çox yaxşı haldır, amma bu məsələnin başqa tərəfləri də var: “Evdə heyvan saxlamaq, ona qulluq etmək böyük ürək tələb edir. Mən bu işlə məşğul olan insanları alqışlayıram. Həmin valideynlər uşaqlarının inkişafı üçün çox gözəl addım atırlar. Amma bir məsələni də nəzərdən qaçırmaq olmaz. Bu, gigiyenik qaydalardır. Hamımız bilirik ki, heyvanlardan insanlara müəyyən xəstəliklərin yoluxması halları baş verir. Xüsusilə də həmin xəstəliklərin uşaqlara keçmə riski böyükdür. Ona görə, məsləhət görərdim ki, baytar yoxlanışından keçirmədikləri heyvanı evə gətirməsinlər. Uşaqların elə heyvanlara toxunmasına icazə verməsinlər. Yaxşı olar ki, bütün peyvəndləri qaydasında olan, həkim yoxlanışından keçmiş heyvanlara sahiblənsinlər. Özəlliklə də, zərərvermə ehtimalı olan heyvanlara xüsusi diqqət etmək lazımdır. Məsələn, bir dəfə eşitdim ki, bir ailənin saxladığı it uşaq yatan zaman onu dişləyib. Ona görə, bu tip məsələlərdə bir az həssas olmaq lazımdır. Hətta, sağlam heyvan alsalar belə, müntəzəm şəkildə onu həkim müayinəsinə aparsınlar. Bu kimi qaydalara riayət edildiyi təqdirdə, uşaqların heyvanlarla əlaqədə olmasından heç bir problem yoxdur”.

(Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir