Ev heyvanları sahiblərinin aynasıdır?

Baxış sayı: 1. 514

Dünyanın əksər ölkələrində evdə heyvan saxlamaq normal qəbul olunur. Hətta elə ölkələr və elə ailələr olur ki, onlar evdə saxladıqları heyvanlara insan münasibəti göstərib övlad kimi yaxınlaşırlar. Təbii ki, Azərbaycanda da belə ailələr az deyil. Artıq bizdə də elə ailələr var ki, orda heyvanlar uşaqların yerini tutmağa başlayır. Xüsusi qidalar, içkilər, geyimlər, papaqlar, saç sancaqları, hətta körpələr üçün nəzərdə tutulan pamperslər belə bu gün ev heyvanları üçün alınır və çox təbii qarşılanır.

Bütün dünyada ev heyvanlarından ən çox saxlanlanı itlərdir. İkinci yerdə pişiklər, daha sonra balıqlar, müxtəlif quşlar, meymun, tısbağa, dovşan, kirpi və s. gəlir. İnsan ilə mehribanlığı və sanki insanı başa düşürmüş kimi davranışları ilə seçildiklərinə görə it və pişik saxlanılan ev heyvanları arasında liderlik edir.

Son zamanlar sosial şəbəkələrdə maraqlı şəkillər yayılır. Şəkillərdə heyvanlar və onları saxlayan sahiblərinin üz quruluşları verilir. Demək olar ki, heyvanların üz quruluşuna bənzəyən sahibləri insanlar arasında da marağa səbəb olur. Həqiqətənmi insanlar zamanla saxladıqları heyvanlarin üz quruluşuna bənzəməyə başlayır? Messina Universitetinin tibbi baytarlıq araşdırmaları göstərir ki, heyvan və onun sahibinin oxşarlığı sadəcə xoş bir təsadüf deyil. Heyvanlar tədricən insanların alışqanlıqlarını mənimsəyir. İnsanlarda isə onlara bənzərlik yaranır. Tədqiqatçılar heyvanların iki növünü araşdırıblar. Birinci qrup ev heyvanlarının sahibləri öz sevimlilərini kiçik evlərdə, özlərinə daha yaxın saxlayıb, demək olar ki, onları küçəyə çıxarmayıblar. İkinci qrup heyvanların sahibləri isə böyük və təmiz evlərdə yaşayıb, heyvanlarına hətta gecə belə küçəyə çıxmağa icazə verənlər olub. Birinci qrup heyvanların həyat tərzi, hətta yuxu vaxtı sahiblərinin həyat tərzinə oxşayır. Bundan başqa, öz yemək vaxtlarının nə vaxt olduğunu bilərək mətbəxə qaçır, tualetin yerini yaxşı bilir və dolabların qapısını asanlıqla aça bilirlər. Aktiv həyat tərzi keçirən, idmanla məşğul olan insanların heyvanları daha aktiv, oynağan, passiv həyat sürən insanların heyvanları isə kökəlməyə yönümlü olur. Sakit insanların heyvanları əsasən sakit, aqressiv insanların isə aqressiv olur.

Psixoloq Emil Behrudinin fikrincə, insanların saxladıqları heyvanlara bənzəməsi mümkün deyil. Bunu tibb-baytarlıq araşdırmaları nəticə olaraq üzə çıxara bilər, amma bu o demək deyil ki, insanların üz quruluşu saxladıqları heyvanlara doğru dəyişir. Şəkillərə gəlincə, həmsöhbətimiz hesab edir ki, bu, dəyişim deyil, sadəcə sahiblərinin özlərinə bənzər heyvanlara meyl etməsinin nəticəsidir: “Heç vaxt sakit təbiətli, uşaq ruhlu bir insanın yanıda pittbul, buldoq və bu kimi vahiməli heyvanları görə bilməzsiniz. Çünki daxilən sakit və mülayim insanlar heç vaxt sərt, aqressiv, qorxunc görünüşlü heyvan almaz. Eləcə də əksinə, döyüşkən ruhlu insan dekor itlərinə maraq göstərməz. Çünki əl boyda, tüklü, bəzəkli itlər onlar üçün sadəcə oyuncaqdır. Bənzərlik də bundan irəli gəlmiş ola bilər. Yoxsa insanın üz quruluşu zamanla heyvan üz quruluşuna doğru dəyişir, bənzəyir, bunlar gülməli fikirlərdir”.

Daxilən bənzəməyə qaldıqda, psixoloqun fikrincə, bu cür bənzəmələr mümkündür. Bu zaman da insan heyvana deyil, heyvan insana bənzəməyə meyl edir. Sahibi kimi sakit, yaxud çılğın olmaq, onun kimi evə, yaxud çölə meyl etmək, sakitliyi, yaxud səssizliyi sevmək və s.

E.Behrudi bildirir ki, xarici ölkələrdən fərqli olaraq Azərbaycanda heyvanları alan zaman təkliyi bölüşmək, dost olmaq məqsədi ilə alırlar. Xarici ölkələrdə ailənin 10 üzvü olsa belə ev heyvanı 11-ci canlı kimi masaya əyləşdirilə bilər. Amma Azərbaycanda vəziyyət başqadır. Heyvanlar ya maraq üçün, ya yaşlı insanlar tək qalmasın deyə alınır. Buna görə də sahibi özünə alacaq heyvanın öz daxili aləminə, xasiyyətinə, zövqünə, öz dünyasına yaxın olmasını istəyir. Behrudinin dediyinə görə, heyvanlarına bənzəyən sahiblər dedikdə ilk olaraq itlər göstərilirsə, bu, yenə eyni fikri təsdiqləmiş olur. İnsan bənzəmir, insan özünə yaxın olanını, ürəyi tutduğunu seçib alır. Əgər həqiqətən bu kimi bənzərlik varsa, insanlar saxladıqları pişiklərə, quşlara və digər heyvanlara da bənzəyə bilər. Nə üçün belə şəkillər yayılmır? Çünki bu, mümkünsüz bir şeydir. İnsanlar arasında söhbət yaratmaq üçün ortaya atılmış əsassız bir fikirdir: “Bu cür bənzərlik təsadüfən 1000/1 ola bilər ki, bunu da kimlərsə görüntüləyib yaymağa maraqlı olar. Hər gün yüzlərlə it və sahibi ilə rastlaşırıq. Bənzərlikdən söhbət belə gedə bilməz”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir