heyvanlar

Ev heyvanlarına cəza verənləri nə gözləyir?

Baxış sayı: 811

Nazirlər Kabineti “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nda dəyişiklik edib. Qaydalara əsasən qeyri-müalicəvi məqsədlə ev heyvanlarının xarici görkəmini dəyişdirmək üçün cərrahi əməliyyatların (quyruğunun, qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) aparılması qadağan olunub.

Dəyişikliyə əsasən bundan sonra qanunla müəyyən edilmiş hallar istisna olmaqla, qeyri-müalicəvi məqsədlə ev heyvanlarının xarici görkəmini dəyişdirmək üçün cərrahi əməliyyatların aparılması qadağandır. Başqa sözlə, qanunla müəyyən edilmiş hallarda qeyri-müalicəvi məqsədlə ev heyvanlarının xarici görkəmini dəyişdirmək üçün cərrahi əməliyyatlar aparılacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində əsasən qanunla müəyyən edilmiş hallar istisna olmaqla, qeyri-müalicəvi məqsədlə ev heyvanlarının xarici görkəmini dəyişdirmək üçün cərrahi əməliyyatların aparılmasına görə iki yüz manat məbləğində cərimə nəzərdə tutulub.

Heyvan Hüquqlarının qorunması cəmiyyətinin sədri Şəfiqə Fərzəli hesab edir ki, bu qanuna çoxdan ehtiyac vardı: “Dəfələrlə müxtəlif şəxslərin heyvanlara qarşı etdiyi təcavüzlərin şahidi olmuşuq. Bu hərəkəti etdikdən sonra fəxr edirmişlər kimi, videoya çəkib sosial şəbəkələrdə də paylaşırlar. Mən düşünürəm ki, gərək cəzalar bir qədər də sərt olaydı. Çünki 200 manat elə də böyük məbləğ deyil. Yəni, heyvana hər hansı zərər vermək niyyəti olan bu addımı ata bilər”.

Müsahibimiz bildirir ki, bəzən ev heyvanları saxlayan şəxslər onların qulağını kəsir, dırnağını çıxarır, bədəninə müxtəlif şramlar atır: “Bu isə heyvana əzab vermək deməkdir. Hətta bəzi insanlar var ki, heyvanların döyüşlərdə daha diqqətçəkici görünməsi üçün qulaqlarını, quyruğunu kəsir, dırnaqlarını, dişlərini çıxarırlar. Təbii ki, bu insanların məsuliyyətə cəlb edilməsi vacibdir”.

Ş.Fərzəlinin dediyinə görə, sahibsiz heyvanlar haqqında da belə bir qanunun olması mütləqdir: “Xarici təcrübəyə nəzər salsaq, heyvan hüquqlarının necə güclü şəkildə qorunduğunun şahidi olarıq. Belə ki, dünyanın bəzi ölkələrində insanlar heyvan hüquqlarını pozduqlarına görə, cinayət məsuliyyətinə belə cəlb edilə bilirlər. Azərbaycanda isə heyvanlar küçələrdə öldürülür. Mən başa düşürəm ki, sahibsiz heyvanlar həddən artıq çoxdur, küçələrdə insanlar üçün təhlükə mənbəyidir, amma bunun qarşısını almaq mümkündür. Dövlət də bu iş üçün maliyyə ayırmalıdır. Bələdiyyələr, icra nümayəndəlikləri itləri peyvəndləməli, qısırlaşdırmalıdır. Ondan sonra heyvanları rahat buraxmaq olar. Əgər küçə heyvanları peyvənd edilərsə, insanlar üçün təhlükə olmaz”.

İnsanlar hələ qədim zamanlardan evdə heyvan saxlamaqla məşğul olub. Mütəxəssislərə görə, ev heyvanı saxlamaq əsəbləri sakitləşdirir. Evdə heyvan saxlamağın uşaqlar üçün də çox vacib olduğunu deyən mütəxəssislər bildirirlər ki, kiçik yaşlarından təbiətlə ünsiyyətdə olmaq uşaqların inkişafı üçün böyük əhəmiyyət daşıyır. Psixoloq Fidan Əliyevaya görə, heyvan sevgisinin uşaq üzərində müsbət təsirlərini ortaya çıxarmaq üçün çalışmaq lazımdır ki, uşaq heyvanı atılıb-satılan bir obyekt kimi görməsin. “Təəssüf olsun ki, indi şəhər mühitində böyüyən uşaqların çoxu lazımi qədər təbiətlə ünsiyyətdə ola bilmir. Son zamanlar uşaqlarda artan allergik reaksiyalar da uşaqları təbiətdən uzaq salır. Bu, onların istər psixoloji vəziyyətinə, istərsə də sağlamlığına böyük təsir göstərir. Uşaqlar təbiəti də televizyadan, komputerdən görür, öyrənirlər”.

Həmsöhbətimiz deyir ki, təbiəti, heyvanları kompüterdən, televiziyadan öyrənən uşaqlar böyüdükcə mərhəmət hissinin varlığından xəbərsiz olurlar. Heyvanı bəsləmək, onu sevmək, ona zərər verməmək, onun yaxşılığını düşünmək, uşağın yalnız heyvanlara olan müsbətini tənzimləmir, eyni zamanda başqalarının varlığının da özününki qədər qiymətli olduğunu xatırladır. Uşaq, heyvanla ünsiyyət qura-qura başa düşməyə başlayır ki, sevgi almaq, sevilmək üçün sevmək lazımdır.

“Heyvanlarla ünsiyyət uşağa, insanın təbiətin bir parçası olduğunu başa salır. İnsanlar kimi olmasa da, heyvanın da ağrı çəkə, kədərlənə, sevinə, sevgi və bağlılıq hiss edə bildiyini, xəstələnə bildiyini, hətta bənzər orqanları olduğunu öyrənən uşaq, onu qorxulacaq bir varlıq kimi qəbul etmir. Uşaqlar az ömrülü heyvanlar sayəsində doğum və ölüm haqqında öyrənməyə başlayır”.

Heyvan sevgisinin müalicəvi təsirləri də var. Amerikada psixoloji problemləri olan uşaqları bala itlərlə müalicə edirlər. Psixoloqların fikrincə, həyatı boyu heyvanlarla oynamayan, heç bir heyvana toxunub, sevməyən uşaqlarda heyvan fobiyası inkişaf edir: “Və bu fobiya yaşayanlar çox zaman sonradan heyvanlara qarşı zorakılıq edir, incidir, qəddar davranırlar. Bəzən isə insanlar həyata qarşı olan aqressiyanı heyvanları incitməklə çıxmış hesab edirlər. Bu isə artıq xəstəlikdir. Çalışmaq lazımdır ki, insana heyvan sevgisi uşaq yaşlarından aşılansın”.

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir