9e2-4-4849

Ev şəraitində marsipan və mastika xəmirinin hazırlanması – QAYDALAR

Baxış sayı: 152

Mastika və Marzipanın hazırlanma qaydaları yəqin ki, hamınız üçün maraqlıdır. Bəs bu xəmirlərin bənzər və fərqli cəhətləri nələrdir? Çoxumuz elə bilirik ki, bu sözlər eyni xəmirin müxtəlif adlarıdır. Əslində isə, belə deyil. Mastika çox zaman jelatin, nişasta və s. ərzaqlardan hazırlanan bərk xəmirdir ki, ondan tortların üzərini tam örtmək və müxtəlif mürəkkəb formaları hazırlamaq üçün istifadə olunur. Marzipan isə mütləq şəkildə badam unu ilə hazırlanan şirin xəmirdir. Ondan peçenye, müxtəlif rəngli konfetlər və təbii ki,tortların üzərini bəzəmək üçün istənilən formalı bəzəklər hazırlamaq olar. Lakin unutmayın ki, marzipan xəmiri mastikaya nisbətən daha kövrəkdir. Odur onu tortun üzərinə örtük kimi, istifadə etmək yalnış fikirdir.

Beləliklə, həm mastika, həm də marzipan xəmirlərinin hazırlanma aydasını təqdim edirik.

 

Tərkibi:

Mastika

2 x/q su

1,5 ç/q jelatin

1,5 ç/q qlükoza

2 ç/q qliserin

455 qr ələnmiş şəkər kirşanı

Marzipan

1 stəkan badam ləpəsi

1 stəkan şəkər tozu

1/3 stəkan su

2-3 damcı badamm esensiyası

 

Hazırlanması:

Mastika

İlıq suya jelatin töküb, qarışdırın. Tam həll olmağını gözləyin. Kütləni mikrodalğalı sobada təxmini 8 saniyə saxlayın ki, qızsın (qaynatmaq olmaz yoxsa atmaq lazım gələcək). İsti jelatinə qlükoza və qliserin töküb, qarışdırın. Qarışımın üzərinə yavaş-yavaş qarışdıraraq şəkər kirşanı səpin. Qaşıqla qarışdırmaq tam mümkünsüz hala gələndə, artıq kirşan xəmirə səpərək, əllə yoğurun. Xəmir hamar və ələ yapışmayan hala gələndə tam hazır sayılır. Bu xəmirə müxtəlif qida rəngləri qatmaq olar. Mastikanı sellofana büküb, 2 həftəyədək soyuducuda saxlaya bilərsiniz. İstifadə üçün çıxardanda isə, otaq temperaturuna gətirin.

Marzipan

Marzipan xəmiri hazırlamaq üçün badam ləpələrini ilıq suda saxlayıb, qabıqlarından təmizləyin. Sonra 2 dəqiqə ərzində quru tavada qarışdırın ki, nəm qalmasın. Sonra ləpələri blenderlə əzib un halına gətirin. Ya da mağazalardan hazır badam unu alın. Şəkər tozu və suyu ocağın üzərində qaynadıb, sirop hazırlayın. Sirop o həddə qədər bişməlidir ki, əlinizlə yuvarlayıb, xırda toplar düzəltmək mümkün olsun. Lakin diqqət edin ki, sirop karamel qatılığınadək bişməsin. Siropa badam unu töküb, badam esensiyası damcıladın. Əvvəlcə xəmir duru olacaq. Lakin ocağın üzərində 2-3 dəqiqə qaynatdıqdan sonra qatılaşıb, istədiyiniş tərkibi alacaq. Hazır marzipan əlinzdə ovulursa üzərinə azca su əlavə edib, yoğurun. Həmçinin ona istədiyiniz qida rəngi də qata bilərsiniz. Bu reseptlə hazırlanmış xəmiri doğrayıb, konfet kimi də nuş edə bilərsiniz. Marzipanı sellofana büküb, saxlayın, yoxsa quruyub, istifadəyə yararsız hala gələ bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir