qadin

Evdən qaçan gəlinlər – ​Dözülməz şərait, müstəqil yaşamaq istəyi, yoxsa?!

Baxış sayı: 1. 465
Son zamanlar ölkəmizdə ailəli qadınların evdən qaçması hallarına daha tez-tez rast gəlinir. Hələlik sonuncu sayılan hadisə Tovuz rayonunun Öysüzlü kəndində baş verib. Belə ki, Öysüzlü kənd sakini, iki uşaq anası 27 yaşlı A.Quliyeva evdən qaçmışdı.
 
A.Quliyevanın atası Məzahir Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, qızı ərindən və onun ailə üzvlərindən bezdiyi üçün evdən qaçıb: “Qızım evdən bezdiyi üçün qaçdığını dedi. Bildirdi ki, əri onu tez-tez döydüyündən evdən qaçmaq qərarına gəlib. Əri, qayınanası Aytəkini bezdirirmiş. Qızım çarəsizlikdən evdən qaçıb. Allaha çox şükür ki, qızım sağ-salamatdır, ona heç nə olmayıb. Qızımı bir daha o evə göndərməyəcəm. Son nəfəsimə kimi qızıma və onun uşaqlarına baxmağa hazıram”.
 
Gəlinin qayınatası Məzahir Əhmədov isə ehtimal edirdi ki, gəlin başqa bir oğlana qoşulub qaçıb: “Bir dəfə mən gəlinin əlində telefon tutmuşdum. Hansı ki, onun mobil telefonu yox idi. Soruşdum ki, kimin telefonudur. Dedi ki, qonşu qızınındır. Polis həmin qızdan ifadə aldı. O bildirdi ki, telefon onun yox, Aytəkinin olub. Aytəkin onu məcbur edib ki, desin telefon mənimdir. Bu insan gizli telefonu nə üçün işlətsin ki? Normal ana uşaqlarını atıb qaçmaz. Çox güman ki, Aytəkinin danışdığı oğlan olub, o, ərinə xəyanət edib. Bəlkə də həmin oğlana qoşulub qaçıb”.
 
“Milana Psixologiya və Nitq İnkişafı Mərkəzi”nin psixologiya sahəsinin rəhbəri, psixoloq Vəfa Rəşidovanın “Ekspress”ə bildirdiyinə görə, ailəli qadınların evdən qaçmaları ciddi psixoloji problemlərdən qaynaqlanır: “Bunu qınaq obyektinə çevirənlər də var, “oldu, keçdi” kimi baxanlar da. Amma baş verən hər bir hadisənin dərin psixoloji özəkləri, tutarlı səbəbləri var”.
 
V.Rəşidova qeyd edib ki, birinci növbədə xanımlar və bəylər ailə həyatına hazır olmalıdırlar: “Fikir verin, bəzi rayonlarımızda, şəhərlərimizdə xanımlar daha tez ailə qurmağa üstünlük verirlər. Gəlinlərin qaçaq düşməsinin səbəblərindən biri də erkən nikahlardır. Erkən ailə quran qızlarda bu, daha çox baş verir”.
 
Onun bildirdiyinə görə, gəlinlərin evdən qaçmasının səbəblərindən biri də seriallardır: “Seriallar bizim evimizi yıxdı. Çünki bizim xanımlar, qızlar seriallardakı eşq macəralarını, uydurma ailə həyatlarını özlərinə ailə modeli kimi nümunə götürürlər. Əsl ailə modeli, həqiqət, ata-babalarımızın öyüd-nəsihəti bir kənarda qalır, seriallar bizə necə yaşayacağımızı diktə edir. Seriallardan həyatda davranmaq modelləri, madiyyata önəm vermək, hansı söz və ifadələrdən istifadə etmək, hansı tərzdə danışmaq, qısa və açıq geyinmək götürülür. Həqiqi milli mentalitetimiz, milli dəyərlərimiz, milli özəl olaraq üstünlüklərimiz parçalanır, bitir, dağılır, tükənir, məhz o serialların kölgəsində”.
 
Həmsöhbətimiz deyir ki, gənc xanımlar, yeniyetmələr serialların təsirinə daha çox düşürlər. Təbii ki, bu da onların baxış bucağında oturuşur. “Onların həyata baxış tərzləri dəyişir. Onlara elə gəlir ki, onlar serialdakı kimi davrananda müasir olurlar. Mən hər zaman deyirəm ki, müasirlik qısa geyinmək, evdən qaçmaq, üç gün hardasa dincələndən sonra evə qayıtmaq deyil, müasirlik insanın daxilində, canında, qanında, kitabında, dəftərində olmalıdır. Bu gün evdən qaçıbsa, bu xanımın Allah bilir həyatdan gözləntisi nədir? Gözləntisi villada yaşamaqdırmı? “Hammer”də gəzməkdirmi? Yoxsa Eyfel qülləsinə üçgünlük baxıb qayıtmaqdırmı? Önəmlisi olan hansı niyyətlə qaçmağıdır. Bəli, ailə varsa, ailədə söz-söhbət olur. Bu, heç bir halda heç kimə bəraət qazandırmır ki, ailəni, evini qoyub qaçasan. Gəlin adını batırasan. Bir ifadə var. Qurunun badına yaş da yanır. Bir gəlin qaçırsa, insanlarda qəribə bir fikir formalaşır ki, o biri gəlinlər də qaça bilər. Başqa ailələr gəlinlərini basqı altında saxlamağa başlayırlar. “O qaçıbsa, birdən sən də qaçarsan!” fikri ailə münasibətlərdə dərin iz salır. Bir gəlinin evdən qaçması neçə ailələrə travma verir. Neçə-neçə ailələrə söz-söhbət salır”.
 
Psixoloq valideynləri qız ərə verərkən, oğul evləndirərkən çox ehtiyatlı və diqqətli olmağa çağırır: “Onların ailə həyatına hazır olub-olmaması mütləq şəkildə öyrənilməlidir. Bunun üçün psixoloqlar, yaxın olan insanlar var. Onlar bu məsələni çözməlidirlər. Əlbəttə ki, ailə qurmağa hazır olmayan insan ailə qurduqda məsuliyyətlə rastlaşır və bunun altına girə bilmədiyi üçün qaçır. Biz ailə institutlarını formalaşdırmışıqmı? O qaçan gənclərin ailə haqqında, ümumiyyətlə, fikirləri varmı? “Ailə nə deməkdir” sualına cavab verə bilirlərmi?”
 
Mütəxəssisin fikrincə, onların gözləntiləri qeyri-real olduğu üçün qaçırlar: “Evdən qaçanlara elə gəlir ki, onlar həyatda gözəl bir mənzərə ilə rastlaşacaqlar. Əslində, qınaqla rastlaşırlar. Düşünülməmiş hərəkətlər, dünya görüşün olmaması insanları çıxılmaz vəziyyətlərə salır”.
 
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, gəlinlər ailədaxili konfliktlərə, dözülməz şəraitə və s. müxtəlif səbəblərə görə evdən qaçırlar: “Bəzi gənc xanımlar müstəqil olmaq istəyirlər. Onlar özlərini müstəqil şəkildə idarə edə biləcəklərini hesab edirlər. Müstəqil yaşaya bilmək üçün də evdən qaçırlar”.
 
Onun dediyinə görə, digər səbəb, ailədə uşaqla valideyn arasında münasibətlərin tənzimlənməməsidir. Son bir ayda bu hallarla bağlı rəhbərlik etdiyi təşkilata iki nəfərin müraciət etdiyini xatırladan Zeynalova deyir ki, onlardan biri dəfələrlə evdən qaçıb: birlik bir dəfə onu valideyninə qaytarıb: “Qohumları qızı himayə edəcəklərini dedilər. Buna baxmayaraq, ata yenə də qızıyla münasibətləri tənzimləyə bilməyib. Qızına kifayət qədər qeyri-etik sözlər işlədib. Buna görə də münasibətləri heç cür alınmır”.
 
M.Zeynalova bildirib ki, məcburi ərə verilən qızlar da evdən qaçmağa meylli olurlar: “Valideynlər əksər vaxtlarda qız uşaqlarını təhsildən yayındırırlar. Məcburi ərə vermək halları baş verə bilir. Burada əsas sosial psixoloji amildir ki, valideyn övlad ilə münasibətləri tənzimləyə bilmir, psixoloqa müraciət etmir, özündə günah görmür”.
 
Qızların bir qismi isə, sosial şəbəkələrdə yazışır və yazışdığı insanın inandırıcı təklifləri qızların evdən çıxmasına səbəb olur.
 
Aynurə Məmmədova



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir