koronavirus

Evdə müalicə alan koronaviruslu xəstələr nələrə diqqət etməlidir?

Baxış sayı: 725

Son bir neçə həftədir ki, Azərbaycanda da koronavirusa yoluxanların sayında sürətli artım müşahidə olunur. Mütəxəssislər qeyd edir ki, virusa yoluxma sayının sürətlə artmasının əsas səbəblərindən biri vətəndaş məsuliyyətsizliyi, karantin qaydalarına əməl etməmək və mövsümün dəyişməsi ilə bağlıdır.

Ölkədə yoluxma sayının artmasını nəzərə alaraq, bir çox ekspertlər karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı qərarların qaçılmaz olacağını bildirirlər. Təəssüf ki, mövcud karantin qaydalarına da əməl olunmadığının şahidi oluruq. Aparılan reydlər nəticəsində təkcə son bir həftədə çoxlu sayda kafe və restoran sahiblərinin, eyni zamanda vətəndaşların karantin qaydalarını pozduğu aşkarlanıb. Məhz həmin məsuliyyətsiz şəxslər ucbatından bu gün həm onların yaxınları, ailə üzvləri, həm də yüzlərlə insan virusa yoluxmaqdadır.

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla aşağıdakıları dedi: “Son zamanlar vətəndaşların məsuliyyətsiz davranışları ucbatından koronavirusa yoluxmaların sayı sürətlə artmaqdadır. Lakin bu təkcə bizim ölkədə deyil, bütün dünya üzrə nəzərəçarpan tendensiyadır. Ekspertlər hesab edir ki, virus özünün ikinci mərhələsini yaşayır. Yəni ikinci mərhələyə daxil olub. Virus mutasiyaya uğrasa da, yoluxuculuq qabiliyyətini saxlayır. Bunu Avropa ölkələrində virusun tüğyan etməsi də sübut edir. Bizdə də çoxları karantin qaydaları, davranışlarını qulaqardına vurur. Maska taxmaq istəmir, əllərin gigiyenasına fikir vermir, məsafə gözləmirlər.

Unutmaq olmaz ki, xəstəliyin mənbəyi məhz insandır. Xəstə insandan uzaq dayanmaq, ondan yoluxmamağa çalışmaq lazımdır. Bunun üçün də qeyd etdiyim kimi, ən əlçatan karantin davranşları hesab olunan – mütəmadi olaraq əllərin dezinfeksiya edilməsi, maska taxılması, məsafə saxlanması çox vacibdir”.

Qeyd edək ki, koronavirusa yoluxmuş xəstələrin bir çoxu simptomlarından asılı olaraq ev şəraitində müalicə alır. Yəni xəstəliyi yüngül formada keçirən şəxslər həkim rəyinə əsasən, yaşadıqları və ya olduqları yerdə təcrid olunur və onların üzərində tibbi müşahidə həyata keçirilir.

 Adil Qeybulla

Bəs evdə müalicə alan koronaviruslu xəstələr nələrə diqqət etməlidir?

Adil Qeybulla bu məsələ ilə bağlı da tövsiyələrini bildirdi: “Təbii ki, bütün koronaviruslu xəstələr üçün xəstəxanalarda yer yoxdur. Bunun üçün əsasən ampulator müalicə nəzərdə tutulur, necə ki, əvvəlki etapda, yəni may ayında həyata keçirilirdi. Həmin ambulator yardım sistemi ilə daha yüngül xəstələr seçilib, ev şəraitində müalicə olunurlar. Lakin unutmaq olmaz ki, ilk müalicə də həkim nəzarəti altında olmalıdır. Yoxsa ki, ”qonşudan, tanışdan resept aldım müalicə elədim” kimi bu şəkildə müalicə olunmaq olmaz. Təəssüflər olsun ki,  bu cür müalicə əksər hallarda xəstələrin vəziyyətini ağırlaşdırır. Qeyd edim ki, may ayında müalicəyə yanaşma ilə indikinin arasında xeyli fərqlər var. Məsələn, artıq aydın oldu ki, “Remdesivir” adlı dərman preparatının, ümumiyyətlə, təsiri yoxdur. Beləliklə, bəzi dərmanları boş-boşuna bədənə qəbul etmək əhəmiyyətsizdir. Bu baxımdan da diqqətli olmaq lazımdır. Bütün müayinə, müalicə prosedurlarının hamısı qeydiyyatdan keçməli, həkim nəzarətində olmalıdır”

Qeyd edək ki, evdə müalicə alan vətəndaşlar da dövlət tərəfindən dərman preparatları ilə təmin olunurlar. Dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adıçəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur.

Sahə həkimləri koronavirusa yoluxmuş evdə müalicə alan xəstənin vəziyyətini 14 gün ərzində gündəlik müşahidə etməlidirlər, əgər ağırlaşma olarsa, o zaman həkimlər vətəndaşın stasionar şəraitdə müalicəsini davam etdirmək barədə qərar verir. Xəstənin vəziyyətində şiddətli kəskinləşmə baş verərsə, həmin şəxs və onun yaxınları təcili tibbi yardıma 103 qısa nömrə vasitəsilə müraciət etməlidirlər.

Mütəxəssislər həmçinin qeyd edir ki, evdə müalicə alan şəxslər mütləq ayrıca bir otaqda izolyasiya olunmalıdır. Həm xəstə, həm də onunla eyni evdə qalan bütün şəxslər evin daxilində tibbi maska və qoruyucu vasitələrdən istifadə etməli, bununla da həm özlərini və ətrafdakıları yoluxmadan qorumuş olurlar. Tibbi maska hər iki saatdan bir dəyişdirilməlidir. Evdəki insanlar əşyaları, məsələn, qab-qacaq, dəsmal və yataq dəstlərini bölüşməkdən çəkinməlidir. İmmuniteti zəif olan və ya xroniki xəstəliyi olan şəxslərə xəstə üçün yemək hazırlamaq və onunla təmasda olmaq məsləhət görülmür. Xəstələrə və onlarla eyni evdə yaşayanlara vitaminlərlə zəngin pəhriz tövsiyə olunur.

Xəstəliyi yüngül və ya simptomsuz keçirən şəxslərin toxunduğu əşyalar mütləq dezinfeksiya olunmalıdır. Xəstənin yaşadığı ev xlor tərkibli mayelərlə təmizlənməli, paltarları isə ayrıca olaraq 60-90 dərəcədə yuyulmalıdır. Həmçinin otaqları tez-tez havalandırmaq da tövsiyə olunur.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir