usaqlar

Evdə uşaqları bir-birinə əmanət etmək olarmı?

Baxış sayı: 1. 607

Valideynlərin əksəriyyəti tək uşaq arzusundadır. Onu daha yaxşı böyütmək, ona mümkün qədər yaxşı gələcək təmin edə bilmək üçün tək uşaq ideal say sayılır. Lakin əksər valideynlər övladına dayaq, arxa olması üçün ikinci, üçüncü uşağa da sahib olurlar. Bəzən isə qardaş-bacı arasındakı münasibət elə həddə çatır ki, valideyn özü belə uşaqlar arasında qalır. Belə olan halda bir-birinə dayaq duran uşaqlardan narahatlıq duyulmağa başlayır. Onların aralarındakı “soyuq müharibə” ilə onları bir-birinə əmanət etmək olarmı?

Ümumiyyətlə, münasibətin başlanğıcı ikinci uşağın dünyaya gəlişindən sonra qoyulur. Böyük uşaq ikinci uşağın gəlişi ilə tacını itirmiş kral vəziyyətinə düşür. Evin bütün diqqəti, qayğısı ikinci uşağa yönəlir. Böyük övladın qısqanclığını azaltmaq üçün bəzən valideynlər “axı, o, sənin qardaşın, bacındır. Sən ona qarşı daha həssas olmalısan, onu qorumalısan” kimi cümlələr qururlar. Bundan ürəklənən böyük övlad ikincini gözdən salmaq üçün onu diqqətsiz əzizləyir, ağladır, sonra ağlamasın deyə onu cəzalandırır, axı o “böyük uşaqdır”. İkinci övlad qız olduqda valideynlərin ona qarşı daha həssas və qoruyucu olmasını görən qardaşlar aradakı fərqi anlamayacaq yaşda olduqları üçün daha eqoist olmağa başlayırlar. Münasibətlər məhz bu zaman tənzimlənməlidir. Qardaşı kiçik bacıya qarşı dost münasibətində olmağa yönəltmək lazımdır. “O, qızdır, zəifdir, onu qorumaq üçün əlindən gələni et” demək yerinə “o, özünü qoruya bilər, sən hər zaman onun yanında olmağa hazır ol” demək daha doğrudur.

 Psixoloq Qurban Talıblının sözlərinə görə, kiçik yaşlarında qısqanclıq və rəqabət arasında get-gəl edən böyük qardaş və kiçik bacı münasibəti yaş ötdükcə daha fərqli hal alır. Böyük qardaşın kiçik bacını əks cinsin nümayəndələrindən qorumaq istəyi bir müddət sonra daha böyük münaqişələrə səbəb olur. Bu münaqişənin nə dərəcədə gərgin olması isə valideynlərdən asılıdır: “İnsanlararası münasibətlərdə təkcə haqlı olmaq kifayət deyil. Bəzən insan elə bir hərəkət edə bilər ki, haqlı olsa belə, haqsız bir vəziyyətə düşə bilər. Qızlar böyüdükcə qardaşlar bacının sanki onun şəxsi əşyasıymış kimi davranması, qorumaq adı altında basqı göstərməsi valideynlərdən qaynaqlanır. Çünki kiçik yaşlarında valideyn oğlanla qız arasındakı tərbiyə üsuluna fikir vermir. Oğlan görməlidir ki, valideyn qızın hər işi ilə maraqlanır, geyiminə, davranışına fikir verir, özündə bacı məsuliyyətini o qədər ağır hiss etməməlidir”.

Uşaqlar arasında yaş fərqinin nə qədər olmasından asılı olmayaraq onlara qarşı münasibət eyni olmalıdır. “Sən qızsan, evdə otur, qardaşına olar” demək, xüsusən bunu qardaşın yanında deyib qızla oğlan arasındakı fərqi belə aşkar göstərmək qızlarda özünə inamsızlıq hissini formalaşdırır. İstər oğlana, istərsə də qıza ayrı-ayrılıqda nəyə nə üçün icazə verilmədiyini izah etmək lazımdır. Belə olan halda nə qız özündə qardaşından əskik, nə də oğlan digər uşaqlardan artıq olduğunu hiss etməyəcək.

Q.Talıblı deyir ki, bu gün əksər cinayətlərin səbəbi qardaşların valideyn əvəzi bacıların həyatına müdaxilə etməsidir. Əgər bu gün qardaş dəqiqləşdirmədiyi bir şübhə üçün bacısının həyatına son qoyursa, bu problemin kökü valideyndə bitir: “Ümumiyyətlə, nə qız, nə oğlan, ayrım etmədən valideyn övladlarına ilk öncə izah etməlidir ki, insan niyyəti deyilən bir məfhum var. Xüsusən insan beyninə nəyisə qoyubsa, onu bu yoldan çəkindirmək çox çətin məsələdir. Bunun çarəsi kimisə öldürmək deyil”.

Həmsöhbətimizə görə, oğlan uşaqlarına bacını qorumaq anlayışı düzgün izah olunmalıdır. Qorumaq bacının şəxsi əşyalarını qurdalamaq, onu incidərək söz almaq, hədələmək, güdmək kimi izah olunmamalıdır. “Uşaqlıqdan onları dost kimi böyütməyə çalışmaq, cinsiyyət ayrımı etmədən hər ikisinə eyni hüququ verib, eyni məsuliyyəti yükləmək daha doğrudur”.

Psixoloq qeyd edir ki, qardaşa onun böyüklüyünü, bacısının üstündə ixtiyarı olduğunu elə izah etmək lazımdır ki, o, bacını istədiyi kimi yönləndirəcək bir insan olaraq qəbul etməsin. Bunun ən yaxşı yolu isə ataların oğulları ilə danışmasıdır. “Məndən sonra evin böyüyü sənsən” demək, xüsusən “məndən sonra”nı vurğulamaq lazımdır ki, uşaq özündən böyük qarşısında ata olduğunu dərk etsin: “Əlbəttə, bacı-qardaş münasibətlərini konkret formada “bu, belə olmalıdır” deyib dəqiqləşdirmək olmur. Çünki hər insan ayrı bir dünyadır, hər ailə ayrı bir sistemdir. Ailə içi münasibətlərin dinamikası bir-birindən fərqlidir. Lakin dünyaya gələn hər bir körpənin beyni saf olur, onu necə yönləndirmək isə valideynin öhdəsinə düşür”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir