evdar kisi

Evdar kişilər – müasir dünyada yeni fenomen…

Baxış sayı: 1. 847

 Bu ifadə dilimizə yenicə girib – evdar kişilər. Əslində Azərbaycan cəmiyyəti üçün o qədər də xarakterik hal deyil. Amma ağır sosial şərtlər, iş imkanları, iqtisadi çətinlik… bəzən ailədəki funksiyalar arasında klassik mənzərəni pozmağa kifayət edir.

 

Bu yaxınlarda ziyarət etdiyim gözəllik salonunda bu dialoqa qulaq müsafiri olmasaydım, sözügedən mövzuda yazmaq da ağlıma gəlməyəcəkdi. Ustalardan biri əlində fen, qulağında isə telefonla kiməsə qışqırırdı: “Yox, çəkilmiş əti buzluq yerinə qoy, bulyondan sup hazırla. Uşaqlar sup xoşlayır. Sabah da buzluqdan əti çıxarıb, kotlet-kartof qızardarsan…” İlkin təəssürat bu tapşırığın evin böyük qızına, ən pis halda isə evdəki anaya-qayınanaya verilməsi ilə bağlıdır. Amma danışığı bitirən kimi usta ordakı iş yoldaşlarına belə izahat verdi: “Axır vaxtlar elə bil yarıtmaz olub. Əvvəl gül kimi hər şeyi özü edirdi, indi hər şeyi məndən soruşur. Yaşı artdıqca qorxaqlaşır e bu kişi…”

Bəli, izahatdan da məlum olduğu kimi, indi Azərbaycan dilinə də evdar kişi söz birləşməsi yerləşib. İşsiz qalan, ya da işləmək istəməyən kişilər evdarlıq yolunu seçir. Paralel olaraq evdarlığın bütün yükünü də – təmizlik, ütü, yır-yığış, uşaqların qayğısı… Ölkəmizdə o qədər də geniş vüsət almayan bu hal dünyanı başına götürüb. Faktlar və detallar barədə bir azdan.

 

BRİTANİYA “EVDAR KİŞİ” STATİSTİKASINA LİDERLİK EDİR

20 il ərzində Britaniyada uşaqlarına qulluq edən “evdar atalar”ın sayı yüksələrək rekord həddə çatıb. Böyük Britaniya Milli Statistika İdarəsinin məlumatına görə, hazırda İngiltərədə evdə oturub uşaqlarına qulluq edən ataların sayı 229 min nəfər təşkil edir.  Halbuki, 1993-cü ildə bu rəqəm 111 min idi. Bununla yanaşı, evdar xanımların sayı əvvəlki illərlə müqayisədə 45 min nəfər azalıb. Hazırda Britaniyada evdar xanımların sayı 2,04 milyona yaxındır.   İngiltərədəki Atalıq İnstitutunun direktoru Adrian Berdjesin sözlərinə görə, indi ailədə xanımların kişilərlə müqayisədə bəzən onlardan da artıq qazancı olur. Buna görə də ailə büdcəsinə qənaət etmək baxımından kişilərin ev işləri ilə məşğul olması daha sərfəlidir.

1960-cı illərin sonlarında “evi dolandıran” qadınlar cəmi 4% idisə, 2000-ci ildə bu rəqəm 19%-ə yüksəlib. Tədqiqatçılar hesab edirlər ki, belə qadınların sayı bundan sonra da artacaq. Çünki hazırda 25% xanım ərilə eyni qazanca malikdir və qarşıdakı dövrdə onların daha da “irəli getmələri” mümkündür.

Kişilərə gəlincə, son 15 ildə işsiz ataların sayı 80%-ə çatıb! 1994-cü ildə 120 min britaniyalı kişi evdə uşaqları ilə otururdusa, hazırda onların sayı 214 mindir. Mütəxəssislər hesab edirlər ki, bu, 70-ci illərdən etibarən kişilərin qahınlarla hüquqların bərabərliyinə daha loyal yanaşmasının nəticəsidir.

 

QADINLAR ƏRLƏRİNİN KÖMƏKLƏRİNDƏN İSTİFADƏ EDİR, AMMA ÖZLƏRİNİ…

İngiltərədə bir ailə jurnalının apardığı araşdırmaya görə, kişilərin 28%-i ev işlərini və ailə bazarlığını həyat yoldaşı ilə birlikdə edir. Amma qadınların yalnız 14%-i bunun doğru olduğunu deyib. Sözügedən araşdırmada kişilərin 18%-i kişi evdə yeməyi xanımı ilə birlikdə bişirdiyini deyib, amma qadınların yalnız 8%-i bunun doğru olduğunu bildirib.

Qeyd edək ki, cəmi 50 il əvvəl İngiltərədə cəmiyyətin qınağına görə, qadınlar kişilərlə birlikdə işə gedib-gəlmirdilər. Qadının işi yalnız onun evi idi. O zaman ingilis kişiləri birmənalı olaraq ev işlərinin qadın tərəfindən həll edilməsini düşünürdü.

Amma 90-cı illərdən etibarən İngiltərədə kişilər ev işlərində xanımlarına kömək etməli olduqlarını fikirləşirlər. Xüsusilə qadınların böyük bir əksəriyyəti həm evdə, həm də işə getdikləri zaman işlədikləri üçün kişilərin itirdiyi enerjinin 2 misli qədər enerji itirirlər. Jurnalın gəldiyi qənaətə görə, buna baxmayaraq kişilərin böyük bir qisimi bu ev işlərində xanımına kömək etməkdən qaçır.

Qeyd edək ki, bu sadəcə İngiltərə cəmiyyəti üçün xarakterik deyil. Bütün Avropada son dövrlərdə həyata keçirilən gender proqramlarından sonra kişilərin hamısı ev işlərindən qaçırlar. İspaniya hakimiyyəti kişilərin ev işlərində xanımlarına kömək etmələri üçün reklama 780 min dollar xərc çəkib.

 

EVDAR KİŞİ BUNLARIN HAMISINI BACARIR…

Araşdırmalar isə sübut edib ki, evdar kişilər öz işlərinin öhdəsindən lazımi səviyyədə gələ bilirlər. Onların hər biri barədə ayrılıqda danışmağa ehtiyac var.

Təmizlik – kim deyir ki, kişilər qadınlardan daha az təmizkardır? Əslində təmizkarlıq bir xüsusiyyət, hətta həyat tərzidir və o, sonradan qazanılmır. Maşınını daim təmiz saxlayan, onun “naz” i ilə oynayan güclü cinsin nümayəndələrini gözünüzün qabağına gətirin. Sizcə onlar mebel tozunu almağa, döşəməni silməyə, çilçırağı təmizləməyə ərinə bilərmi?

Uşaqlara qayğı – Uşaqlar bir qayda olaraq evdə ataları ilə qalmağı sevir. Axı kişilər “əbədi uşaqlar”dır və onlar uşaqlarla daha çox oynayıb, vaxt keçirmələri o qədər də çətin olmamalıdır. Analar uşaqlarına münasibətdə daha sərt və tələbkardılar. Atalarsa bəzi səhvlərə göz yumur ki, bu da onları uşaqların sevimlisi edir.

Ailə büdcəsi – Əgər kişi evdarlıq yolunu seçibsə, demək ki, ailənin büdcəsini yönləndirmək, lazımi istiqamətdə xərcləmək də onun boynundadır. Bu halda nəzərə almaq lazımdır ki, qadınlar alış-verişdə daha çox başını itirən kateqoriyaya aiddir. Kişilər isə alış-veriş tələlərinə heç zaman düşmürlər, reklamlar onların gözünü örtmür və nəticədə daha hesablı, amma faydalı alış-veriş edirlər. Bu baxımdan ailə büdcəsinin idarə olunması kişinin əlində olanda bu, daha məqsədəuyğun sayıla bilər.

Aşpaz kişi – Tarix sübut edib ki, dünyanın ən yaxşı aşbazları kişilərdir. Onlar bişirməyi də, yeməyi də, ümumənsə mətbəxi çox sevirlər. Əgər daha öncələr onların mətbəxdəki bütün fəaliyyəi qayğanaq-sosiska səviyyəsində idisə, hazırda internetin, televerilişlərin sayəsində bu sahədə də peşəkarlaşmaq da mümkündür. Qadınlar birdəfəlik yadında saxlamalıdır ki, kişilər heç zaman gözəl paltar ütülədiklərini, yemək bişirdiklərini nümayiş etdirmirlər. Daha doğrusu, risk etmək istəmirlər. Axı ortada belə bir təcrübə var – bir dəfə eləsən, həmişə edəcəksən. Yəni, kişilər yuxarıda sadaladığımız işləri sırf boyunlarına düşən, məcbur olduqları vaxt edirlər. Əks halda, bunun adət, qadının kaprizinin nəticəsinə çevriləcəyindən qorxurlar.

 

Nəticə isə onu göstərir ki, kişilərlə bağlı stereotiplərə son qoymaq lazımdır. Heç onlara “bu işi bacarmaz” deyib, yuxarıdan aşağı baxmaq da lazım deyil. İnsan övladı elə proqramlaşdırılıb ki, məcbur qaldığı vaxt çox işin öhdəsindən gələ bilir. Maşın yağı, təkəri dəyişən qadını gözünüzün qabağına gətirin. Onlar bunu edə bilirlərsə, kişilər niyə yağı tavaya töküb, üstündə yemək bişirməsin ki?

  

Sevinc Telmanqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir