temir

Evinizi boyarkən hansı məqamlara diqqət etməlisiniz?

Baxış sayı: 1. 298

Evinizi təmir etməyə hazırlaşırsınızsa, bu məsələdə diqqət ayırmalı məqamların kifayət qədər olması heç kimə sirr deyil. Təbii ki, təmirin ayrılmaz hissəsindən biri də boya işləridir. Bəli, bu yazıda məhz evinizi boyayarkən diqqətlə yanaşmalı olduğunuz məsələləri araşdırdıq. Boyama zamanı əla nəticə əldə etmək və boyanın uzunömürlü olmasını təmin etmək üçün səthi bu işlərə hazırlamaq lazımdır. Boyanacaq səth boya növünə görə hazırlanmalı, ustanın buraxdığı xırda səhvlər aradan qaldırılmalı və su izolyasiyası ilə bağlı lazımı tədbirlər görülməlidir.

Belə ki, rənglənəcək səth tozdan, kirdən, yağdan və digər köhnə, aşınmış boyalardan təmizlənməli, quru və təmiz hala salınmalıdır. Lazım olarsa uyğun inşaat materialları ilə səthdəki çatlar, uçulmuş yerlər doldurulmalıdır. Son iş olan boyamaya keçməzdən əvvəl səthin möhkəmliyini və boyanın uzun ömürlülüyünü artırmaq üçün üzlük suvama işləri aparılmalıdır. Divarı kirdən və digər maneələrdən təmizləmək üçün yuyucu maddələrdən, sürtkü kağızlarından və ya yüksək təzyiqli sudan istifadə etmək olar. Daha sonra mütləq səthin qurumasını gözləmək lazımdır. Çünki nəm boyanın mükəmməl yapışmasına mane olur, qabarmaların və kifin yaranmasına səbəb olur. Bundan başqa su borularında sızmanın, torpaqdan gələn rütubətin qarşısı mütləq izolyasiya işləri alınmalıdır. Əks halda gələcəkdə təmir işlərinin yenidən aparılmasana ehtiyac yaranacaq. Beləliklə istədiyiniz keyfiyyəti əldə etmək üçün səth hazırlığını mükəmməl şəkildə tamamlamaq lazımdır.

Boya işlərində ikinci əsas məsələ havanın temperaturu və hava şəraitidir. Çox isti havalarda, günəş şüalarının birbaşa düşdüyü yerlərdə, güclü küləkdə, dumanda, yağış yağma ehtimalı olan zamanlarda çöl səthin boyanması işini təxirə salın. Çünki boyanın öz keyfiyyətini saxlaması, rəng çalarının olduğu kimi qalması və uzun ömürlü olması üçün sətin temperaturu minimum +5°C maksimum +25 °C olmalıdır. Daxili boyama zamanı isə normal otaq temperaturu gözlənilməlidir.

Əgər siz Təkrar təmir və ya boyama işləri aparırsınızsa səthdə qabarma və tökülmə halları varsa mütləq həmin yerlər qaşınaraq təmizlənməlidir. Daha sonra təmizlənən yerdə uyğun suvaq və ya aralıq doldurma işləri aparılmalıdır.

 

Bəs boya seçimini necə edək?

Boya işləri zamanı əsas problemlərdən biri rəng və keyfiyyətli boya seçimidir. Boyalar istifadə olunduğu yerdən və səthdən aslı olaraq iki yerə bölünür:

  • Çöl ərazilər üçün istifadə olunan boyalar
  • Daxildə istifadə olunan boyalar

Çöl ərazilərin boyanmasında istifadə olunan boyalar günəş, yağış, külək, qar, duman və digər təbiət hadisələrinin təsirinə məruz qalır. Bu da tez aşınmaya, rəngin solmasına keyfiyyətin aşağı düşməsinə səbəb olur. Deməli seçdiyimiz boyanın keyfiyyətinə fikir verməliyik.

Rəng seçimi zamanı da diqqətli olmaq lazımdır. Çünki bəzən seçdiyimiz rəng bizi aldada bilər. Buna görə də boya alarkən günəş işığı altında rəng seçimi etmək lazımdır. İmkan daxilində əgər nümunə varsa istifadə edəcəyiniz yerdə yoxlayın. Çünki seçdiyiniz rəng demək olar ki, bir neçə il sizinlə birlikdə olacaq. Təbii ki, heç kim xoş olmayan məkanda uzun müddət qalmaq istəməz. Alacağınız boyanın miqdarı da önəmlidir. Çünki lazımından artıq alınan boya sizin ailə büdcənizə ziyandır. Lazım olandan az alınan boya isə işlərinizin yarım qalması ilə nəticələnəcək. Əgər siz rəng çalarını özünüz almısınızsa o zaman eyni rəngi yenidən almaq çox çətin olacaq. Bütün bu problemlərdən azad olmaq üçün, siz boyanacaq yerin dəqiq ölçüsünü bilməli, usta və ya boya satıcıları ilə məsləhətləşməlisinz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir