novruz

Evlənmək üçün qapı pusan, üzük falı edən, qəribə yuxular görən XANIM MƏŞHURLARIMIZ

Baxış sayı: 1. 537

Novruz ən çox adət-ənənələrinə görə sevilir. Hansı ki, onların bir çoxu dövrümüzə qədər qorunub saxlanılıb. Bəs görəsən, məşhurlarımız hansı adətlərimizi bəyənir? Bayram fallarına inanırlarmı?

Bu yazıda məhz bu suallara cavab axtarmışıq.

 

Xalq artisti Ceyran Haşımovanın uşaqlıq illəri müharibə dövrünə təsadüf etsə də, bayram ənənələrini bəyənir. Lakin qulaq falına çıxmağı məsləhət görmür:

Image result for Ceyran Haşımova

“Mən müharibə dövrü yaşamışam. Uşaqlıq görməmişəm, çox əziyyətlər çəkmişik. Qapı pusma, üzük falı etməmişəm, amma görmüşəm. Tonqaldan hoppanmışam. Müasir dövr insanları çıxır televiziyaya, deyir ki, mən buna inanmıram. Amma mən deyirəm ki, insanda maraq oyadır. Çünki, bu, bizim ənənəmizdir. Bu inanclar var, olub və olacaq. Amma bəyənmədiyim bir məsələ var. Keçmişdə qapıya eyni adamlar bir dəfə papaq atırdılar. Ancaq indi bir neçə dəfə papaq atır, qapını az qala sındırırlar. Kim istəyir, gəlib papaq ata bilər.

Amma qulaq falının tərəfdarı deyiləm. Çünki o xoşbəxtlik də gətirə bilər, bədbəxtlik də. Pis hadisə baş versə, bu, bir az insanların əhvalını korlayır, ənənəyə hörmətsizlik olur.

 

Əməkdar artist Firuzə İbadova:

Image result for Firuzə İbadova

“Adətlərə hamımız inanırıq. Novruz torpağın oyanışı, ağacların yenilənməsi, yazın gəlişi, təbiətin bayramıdır. Yumurta boyayırdıq, döyüşürdük, kim qalib gəlsə, digər tərəf onun istəyini yerinə yetirirdi. Papaq atırdıq. Atılan papağı mütləq doldurmaq lazımdır. Mən heç vaxt papaq atmamışam. Amma indi 6-cı mərtəbədəyik, məni fikir götürüb ki, görəsən, bizə papaq atan olacaq?

Çox istəyərdim ki, mənim dostum, qardaşım Mənsum İbrahimov bizə papaq atsın, mən də ora yaxşı hədiyyələr qoyum.

Daha sonra gənclərdən Ramal, Elton, Elnur, Röya, Aygün də bizə papaq atsın.

Qulaq falına çox çıxmışam. Biz “Sovetski” məhəlləsində böyümüşük. Fikirləşirdim ki, kimin qapısına getsəm, qan-qaraçılıq yox, yaxşı sözlər eşidərəm? Həmişə də “ruzin bol olsun, ruzili olasan” kimi sözlər eşidirdim. Şükür Allaha, doğurdan da qulaq nə eşitsə, o da yaxşı olur. Üzük fırladırdın ki, neçə yaşda ailə quracaqsan. O üzüyü həmin gecə qoyurduq, başımızın altına. Ailə quracağımız insan yuxumuza girsin. Mən yuxuda həmişə naməlum görürdüm, yadımda qalmırdı. Doğurdan da, görürsünüz, həyatım bilər-bilinməzdi. Şəkərbura bükəndə, hər qız nişanlısının adını yazardı, xüsusən, qız evinə aparanda onu ayrıca bükürdülər ki, qız onun adını yazıb. Çox gözəl adətlərimiz var idi”.

 

 

Əməkdar artist Elza Seyidcahan fala inananlardandır:

“Səməni adətləri, qulaq falı – hamısına inanıram. Qapı pusmuşam, üzük falı etmişəm. Bu, doğrudur. Ona görə də bayram günü evdə yaxşı sözlər danışmalısan ki, gələn insan qapıdan yaxşı sözlər eşitsin. Mən “gözləyirlər məni, gözləyirlər məni” – eşitmişdim. Əvvəl qohum, qonşunu bayramda gəzə bilirdin, indi vaxt məhdudlaşıb. Adətlərə görə, bayramda masanın üzərində balıq olmalıdır, balığın üzərində pulu olmalıdır, təmizlənməməlidir ki, ruzi bol olsun. Səməni, sarımsaq, süd, sancaq kimi, 7 “s” hərfi ilə başlayan təamlar olmalıdır. Biz də bu adətləri davam etdiririk.

 

Əməkdar artist Nazpəri Dostaliyeva uşaqlıqda papaq atıb, indi isə səbirsizliklə papaq atılmasını gözləyir:

“Novruz Azərbaycan xalqının ən gözəl bayramıdır. Əslində, biz müsəlman olduğumuza görə, qapı pusmaq, qulaq falı kimi bir çox Novruz bayramının adət – ənənələri bizə görə batil inanclardır. Lakin Novruz əsrlərdən bəri yaşayan bayramımız olduğu üçün bu bayramın inanclarına çoxumuz əməl edirik. Əlbəttə ki, mən də uşaqlıqda papaq atmışam, qulaq falına çıxdığım vaxtlar da olub. İndi də balacalar, oğlanlarımın uşaqları bayram axşamı mənim evimə papaq atırlar. Sonra da bir süfrə başına yığışırıq”.

 

Əməkdar artist Şölə Səfərəliyeva bayram fallarına inandığını, hətta icra etdiyini bildirir:

Image result for Şölə Səfərəliyeva

“Novruz bayramı ailəmizin ən sevimli bayramlarındandır. Bütün adətləri etməyə çalışıram. Çünki bu adətlər bizə uşaqlığımızdan xatirədir. İndiyədək heç vaxt səməni almamışıq. Ötən il də səmənimiz çox gözəl cücərmişdi, bu, o deməkdir ki, yeni il uğurlu olacaq. Həqiqətən də bu il ailəmiz üçün çox bərəkətli oldu. İndi 2019-cu il üçün də səməni hazırlamışıq.

Adətlərə gəlincə, çəkilişdə bir dəfə üzük falı etmişdim. Üzük o qədər stəkana dəydi ki, yaşı sayıb qurtara bilmədim. Nəticədə, hələ indiyədək subay qalmışam. Keçən il sinif yoldaşımla qapı pusmuşdum. Qapıda xoş söz eşitdik. İlim həqiqətən uğurlu keçdi. Papaq bu yaşda atmaq alınmır, imkan olmur. Papaq atmaq istədiyim adam yoxdur, amma kim istəyir, papaq ata bilər. Bir də papağa son zamanlar ancaq konfet və pul qoyulur. Amma əslində şəkərbura, paxlava, evdə nə varsa, yaxşı pay qoyulmalıdır”. (“Publika.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir