evlilik

Evlilik təzyiqinin fəsadları – MÜTƏXƏSSİS YANAŞMASI

Baxış sayı: 1. 412

Övladını zorla evliliyə sürükləyən valideynlər bu gün də mövcuddu. İstəmədiyi biri ilə evlənməyə məhkum olunan gənclərin özünə qəsd etdiklərini çox görmüşük. Təəssüf ki, valideynlər hərdən atdıqları addımların sonluğunu düşünmürlər. Məhz buna görə də adətən qızlar çıxış yolunu qaçmaqda tapırlar.

Elə əsl həngamə də bundan sonra başlayır. Valideynin istədiyi biri ilə deyil, sevdiyi şəxslə qaçan qızlar bütün yaxınları, qohumları tərəfindən daim təzyiqlərə məruz qalır. Halbuki, belə olan halda yalnız bir çıxış yolu var. Necə deyərlər, olan-olub, keçən də keçib. Ana və atanın, qohumların yenidən hədə-qorxuları görəsən nəyi dəyişdirəcək? Ya da valideynlər övladını geri qaytarıb yenidən zorla başqasına ərə verməyimi planlaşdırırlar? İstənilən halda bu cür düşüncənin arxasında maarifsizlik “yatır”. Çünki cəmiyyət olaraq kimlərisə təqib etmək, həyatlarını zindana çevirmək sanki ümumi bir simvolumuzdur.

evlilik

Məsələni dəyərləndirən ekspertlər də valideynlərin göstərdiyi təzyiqin tamamilə yanlış olduğunu düşünürlər. Onların sözlərinə görə, yetkinlik yaşına çatmış hər bir şəxsin evlənmək hüququ var və heç kəsin ona sərt təpki vermək haqqı yoxdur. Hüquqşünas İradə Cavadova cəmiyyətimizdə valideynin hətta 30 yaşı olan övladına təzyiq göstərdiyini söyləyir:

“Azərbaycanın daha çox regionlarında belə məsələlərlə üzləşirik. Valideynlər hesab edirlər ki, 18 yaşına çatmış və o yaşdan yuxarı olan övladlar hələ uşaqdır. Azərbaycanda buna münasibət birmənalı deyil. 21 yaşında gənc xanımdı, o artıq valideynlərinin tənbehi ilə yaşaya bilməz. Onun şəxsi həyatı var. Azad fikri və seçim hüququ var. Sevdiyi oğlanla ailə qurub və həm qız tərəfi, həm də oğlan tərəfi buna hər hansı bir təzyiq göstərə bilməz. Əgər qız yetkinlik yaşına çatmamış olsaydı, o zaman valideyn deyə bilərdi ki, hələ yetkinlik yaşına çatmayıb və ailə qurmaq hüququ yoxdur. Həmçinin hansısa hüquq mühafizə orqanlarına müraciət edə bilərlər. Hər iki gənc müstəqil şəxslərdi və özlərinin seçim hüquqları var. Buna hörmətlə yanaşmaq lazımdır”.

evlilik

Sosioloq Əhməd Qəşəmoğlu isə hələ lap qədim adət-ənənələrimizdən bəri belə hadisə baş verdikdən sonra məsələnin bağlandığını bildirib. Sosioloqun fikrincə, əgər qız öz istəyi ilə qaçıbsa, ona qarışmaq heç bir halda düzgün deyil:

“Artıq iş-işdən keçib. Düşünürəm ki, bu gənclərə qarışmaq mümkün deyil. Son vaxtlar cəmiyyətdə müəyyən gərginlik var. İntihar halları da artıb. Ona görə də ehtiyatlı olmaq lazımdır. Yəni, uşağa birmənalı olaraq heç bir təzyiq göstərmək olmaz. Təzyiqin ancaq mənfi nəticəsi ola bilər. Əgər valideynlər bilsəydilər ki, qız başqa birinə qaçacaq, o zaman müəyyən maarifləndirici söhbətlər apara bilərdilər. Azərbaycan mühitində ictimai rəy və qınaq yeni bir şey deyil. Hər zaman belə hallar olub. Lakin yenidən bu məsələlərə qarışmaq heç məqbul sayılmır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir