evlilik

Evlilik yaşınız neçədir? – “EVLİSƏN”

Baxış sayı: 659

Neçə yaşınız var? Bəlkə 25, bəlkə 37, bəlkə də 42. Bəs “evlilik yaşınız” neçədir? Bəlkə 1, bəlkə 4, bəlkə də 15. Təbii ki, bu məsələ həyat yoldaşınıza da aiddir…

Həyat yoldaşınızın bəlkə 30 yaşı var, ancaq “evlilik yaşı” hələ 3-dür. Və ya əksinə sizin bəlkə 35 yaşınız var, ancaq “evlilik yaşınız” hələ 1-dir. Başqa sözlə, əgər həyat yoldaşınızla 3 ildir evlisinizsə, onun həyat yoldaşı təcrübəsini 30 illik həyat təcrübəsinə görə yox, 3 illik evlilik təcrübəsinə görə müəyyən etməlisiniz.

Tərəflər bəzən həyat yoldaşlarının bəzi məsələlərdə kifayət qədər diqqətli olmadıqlarını və onların tələblərinə kifayət qədər cavab vermədiklərini düşünürlər. Buna görə də, əksər ailələrdə bu cür sözlər səslənir: “Böyük kişidir, ancaq, bir qadınla necə rəftar etmək lazımdır bilmir” və ya “Böyük qadınsan, ancaq, hələ də məndən belə şeylər gözləyirsən”…

evlilik

Təbii ki, bu cür şikayətlər daha çox tərəflərin “evlilik yaşını” yox, həqiqi yaşını nəzərə alan tərəflərdə müşahidə olunur. Halbuki, tərəflər bir-birilərinə evlilik təcrübəsi qazanmaqda kömək etməli və bu işdə ilk növbədə bir-birilərinin “evlilik yaşını” nəzərə almalıdırlar.

Hər insanın özünəməxsus xüsusiyyətləri var. Bunların bəziləri anadangəlmə xüsusiyyətlər olsa da, bəziləri kənar təsirlər (ailə münasibətləri, ictimai münasibətlər və s.) nəticəsində formalaşan xüsusiyyətlərdir. Bu xüsusiyyətlər qarşı tərəfin tələbləri ilə toqquşduqda isə ailədə problemlər baş verir. Çünki insan evlənən kimi malik olduğu xüsusiyyətləri tərk edə bilmir və ya bu xüsusiyyətləri (hətta bu xüsusiyyətlər həyat yoldaşının tələbləri ilə ziddiyyət təşkil etsə belə) tərk etməməkdə təkid edir. Məsələn, 30 yaşında evlənmiş, ancaq daha əvvəl evdə iş görmək kimi bir ehtiyacla qarşılaşmamış bir kişi evləndikdən sonra həyat yoldaşına kömək etmək kimi bir ehtiyac hiss etməyə bilər. Hətta bu az imiş kimi bəzən həyat yoldaşının “Kömək et!” təklifinə rədd cavabı da verə bilər. Belə bir vəziyyətdə onu diqqətsizlikdə ittiham etmək və ya bu xasiyyətini dəyişdirməyəcəyini düşünərək ümidsizliyə qapılmaq doğru deyil. Bu məsələdə bir az səbir göstərmək və ya bu məsələni qarşı tərəflə müzakirə etmək işinizi kifayət qədər asanlaşdıra bilər. Digər tərəfdən, bu məsələni müzakirə edərkən qarşı tərəfi qarşıdurmaya sövq edən bir üslubdan qaçmalı və mövcud problemləri həlli mümkün olmayan problemlər siyahısına daxil etməməlisiniz.

evlilik

Ancaq unutmaq olmaz ki, vəziyyət heç də həmişə belə olmaya da bilər. Başqa sözlə, evlənən tərəflərin xarakterik xüsusiyyətləri elə ilk vaxtlardan bir-biriləri ilə üst-üstə də düşə bilər. Burada, sadəcə olaraq, bir şeyi xatırlatmaq yerinə düşər. Həyat yoldaşımız bizim atamız və ya anamız deyil və təbii olaraq, biz ondan atamız və ya anamız kimi olmağı tələb edə bilmərik. Buna görə də, həyat yoldaşımız və ya evliliyimizlə bağlı tələblərimizi evlilik təcrübəmizə görə nizamlamalı və elə ilk gündən yüksək tələblərdən başlamamalıyıq.

Bu məsələdə əsas amillərdən biri də tərəflərin evlilik məsələsində bir-birinə kömək etməsidir. Bunun üçün üslubunuza maksimum dərəcədə diqqət yetirməli və tənqid etmək kimi, ittiham etmək kimi şeylərdən uzaq olmalısınız.

“Qoy mənim nə istədiyimi özü başa düşsün” deyə düşünmək isə vaxt itirməkdən başqa bir şey deyil.

 

Təqdim etdi: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir