ders

Ey töhmətli müəllim!

Baxış sayı: 262

Bir vaxtlar məktəbə müqəddəs məkan, müəllimə ilahi varlıq kimi baxsaq belə, son bir neçə ildə təhsil müəssisələrində baş verənlər, eləcə də müəllimlərə münasibət həmin dəyərlərin kökündən dəyişdiyini göstərir.

Sosial şəbəkələrdə 165 saylı məktəbin 9-cu sinfində oxuyan bir qrup şagirdin məktəbdə çəkdiyi video bunu sübut edən onlarla faktdan biridir. 165 nömrəli tam orta məktəbdə şagirdlərin qeyri-etik hərəkətlərini əks etdirən videogörüntü yayıldıqdan sonra fənn müəllimi cəzalandırılıb. Şagirdlərin davranışlarına görə müəllimin cəzalandırılması isə cəmiyyətdə birmənalı qarşılanmayıb.

fazil mustafa

Deputat töhmət verilən müəllimin müdafiəsinə qalxdı

Millət vəkili Fazil Mustafa “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib ki, müəllimi cəzalandırmaq ədalətsizlikdir:

“Bu nə cəsarətsizlik, nə qorxaqlıqdır? Müəllimi belə aşağılamağa, töhmətləməyə kim haqq verib sizə? Sosial şəbəkədə yüz şey paylaşıla bilər. Şagird tərbiyəli davranmırsa, müəllim islah-əmək müəssisəsinin rəhbəri deyil ki? Ayağını qaldırıb partanın üzərinə qoyub video çəkdirən şagirdi müəllim, bilmirsiniz, niyə görməyib? Normal dərs keçmək əvəzinə müəllim gündəlik səhifələrlə formal sənədləri doldurmalı olur. İcmal, gündəlik, formativ jurnal və başqa tələb olunan mənasız yazılar müəllimi dərsə diqqət yetirməkdən məhrum edib. Nə dərsə hazırlaşmağa vaxtı olur, nə sinifdə hansısa uşağa qəlbə dəyən söz deməyə. Dərhal tökülüb gəlirlər ki, “uşağın üstünə çığırmısan”. Hələ sertifikasiyaya hazırlaşmağı demirəm”.

Deputat bildirib ki, ümumiyyətlə, 45-50 yaşdan yuxarı bütün müəllimlərə aid sertifikat tələbini ləğv etmək lazımdır:

“Onların 15-20 illik təcrübəsi şagirdə bilik verməyə kifayət edər. Bu qədər gərginliyin altında qalan müəllimə şagirdlərin tərbiyəsiz hərəkətinə görə hələ bir töhmət də verirlər. Mən həmin müəllimi tanımıram. Ancaq məhz bu məsələ ilə bağlı onun hüquqlarını qorumağa hazıram. Vurulan mənəvi zərbəylə bağlı birbaşa təhsil naziri şəxsən həmin müəllimdən üzr istəməlidir və töhmət dərhal ləğv olunmalıdır.

Müəllimi belə məsələlərə görə günahkar çıxarmanın tam əleyhinəyəm. Azərbaycanın dəyərli müəllimlərini qorumaq, onlara mənəvi dəstək vermək lazımdır. Şagirdləri bu şəkildə müəllimlərin üzərinə qaldırmaq olmaz. Əlbəttə, pis niyyətli, qaba xarakterli, savadsız müəllimlər də ola bilər, amma konkret faktlar və konkret davranışlar üzrə dəyərləndirilməlidir. Ancaq həmin videogörüntüdəki şagirdlərin hərəkətinə görə müəllimin cəzalandırılması tamamilə yanlışdır”.

nadir israfilov

Müəllimin etinasızlığının səbəbi araşdırılmalıdır

Təhsil üzrə ekspert Nadir İsrafilov bildirir ki, müəllimə töhmət vermək, işdən azad etmək mümkündür. Çünki bunlar qanunvericilikdə öz əksini tapmış məsələdir. Ekspert deyir ki, 165 saylı məktəbdə şagirdlərin qeyri-etik davranışlarını əks etdirən video ilə bağlı müəllimə töhmət verilməsi vəziyyətdən çıxış yolu deyil:

“Birinci hal deyil. Bir müddətdir ki, məktəblərdə uşaqlara qarşı zorakılıq halları ilə bağlı tərbiyəçi, müəllim, müəssisə rəhbəri cəzalandırılıblar. Hətta işdən azad edilənlər olub. Hansısa fakta görə müəllimi cəzalandırmağı çıxış yolu hesab etmirəm. Biz adətən nəticəyə əsasən qərar çıxardırıq. Amma gərək hadisənin baş vermə səbəblərini araşdıraq.

Bu hadisənin baş vermə səbəbləri araşdırılmalıdır. Video görüntülərdən müəllimin sinifdə baş verənlərə etinasız yanaşdığı hiss olunur. Uşaqlar az qala müəllimin başına çıxsalar belə, müəllim öz işi ilə məşğul olur. Bu görüntülərdən anlaşılır ki, müəllimin dərslərində bu hal dəfələrlə baş verib.

Müəllimin etinasız yanaşmasından da görünür ki, o, şagirdlərə qarşı hər hansı cəza tədbirinin görülməsini mümkün saymır. Çox güman ki, fikirləşir ki, şagirdi döymək, söymək, onu sinifdən çıxartmaq, məktəbdən qovmaq olmaz, hətta ona “gözün üstə qaşın var” demək də olmaz. Ona görə düşünür ki, uşağa qarşı hər hansı cəza tədbiri onun işini itirməsi ilə nəticələnəcək. Bu səbəbdən ən düzgün yolu başını aşağı salıb işini görməkdə görür”.

 

Şagird və valideyn məsuliyyəti niyə nəzərə alınmır?

Ekspert deyir ki, təhsil qanunvericiliyimizdə köklü dəyişiklik aparılmalıdır. Onun sözlərinə görə, istər uşaq konvensiyası, istər etik qaydalar, istər məktəbin nizamnaməsində bütün hallarda günahkar müəllim hesab olunur: “Şagird və valideynin məsuliyyəti haqqında heç bir rəsmi sənəd yoxdur. Cəzasızlıq mühitinin olmaması şagird özbaşınalığına rəvac verir. Dünya təcrübəsində valideynin məsuliyyəti qanunvericiliklə təsbit olunub. Təəssüf ki, bizdə tətbiq olunmur. Baxmayaraq ki, valideyn pedaqoji təhsil prosesinin bərabərhüquqlu subyektidir. Tərbiyə işi təkcə məktəbin üzərinə düşmür. Uşağın tərbiyəsinin əsası evdən, valideyndən başlayır. Məktəb isə bunu davam etdirir. Valideynlərin isə heç bir məsuliyyəti yoxdur”.

 

Video şantaj üsuluna çevrilə bilər

N.İsrafilov bildirir ki, proseslərin qarşısı alınmasa, müəllimdən narazı şagirdlər belə videolar yayaraq müəllimi aşağılamağa səy göstərəcəklər:

“Qiymət və sair məsələlərlə bağlı müəllimdən narazı şagird, valideynlər var. Onlar bu yolla müəllimdən qisas almağa çalışacaqlar. Ona görə də çıxış yolu Təhsil Qanunvericiliyinə müəllimlərlə yanaşı, şagird və valideynlərin məsuliyyətini tələb edən maddələr salınmalıdır”.

Gunel Seferova

Dərsdə baş verənlərə müəllim cavabdehdir?

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova isə  bildirir ki, sinifdə təlim-tərbiyə məsələsinə məsul şəxs müəllimdir. Ona görə müəllim bunu təşkil etməlidir. G.Səfərova 165 saylı məktəbdə baş verənlərə gəlincə, bu məsələnin araşdırılmalı olduğunu söyləyir:

“Araşdırma aparılmalı idi ki, müəllim həmin sinifdə qeyri-etik hərəkət edən şagirdlərin qaydalara əməl etməməsi ilə bağlı məktəb rəhbərliyinə məlumat veribmi? Məktəb rəhbərliyi buna baxmayıbsa, rəhbərlik də cəzalandırılmalı idi. Müəllim bu məsələ ilə bağlı məktəb rəhbərliyinə yazılı, yaxud şifahi şikayət etməyibsə, dərs prosesini pozmağa imkan verirsə, bu zaman məsuliyyət müəllimin üzərinə düşür”.

Şura sədri deyir ki, bu məsələdə valideynlərin üzərinə məsuliyyət düşsə də, təhsil müəssisəsində baş verənlərlə bağlı məsuliyyət əsasən müəllimin üzərindədir:

“Valideyn uşağın tərbiyəsinə məsul olan əsas şəxsdir. Konstitusiyamızda da qeyd olunub ki, valideyn uşağa baxmalı, onun tərbiyəsilə məşğul olmalıdır. Dərs prosesində isə bu prosesə nəzarəti müəllim təmin etməlidir”.

 

Qanun kimin üzərinə daha çox məsuliyyət qoyur?

Qeyd edək ki, “Müəllimlərin Etik davranış Qaydaları” haqqında Təhsil Nazirliyinin Kollegiyasının qərarında göstərilib ki, müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, müəllim nüfuzunu yüksək tutur, ziyalılıq nümunəsi göstərir.

“Təhsil haqqında” qanunda da həm təhsilalanların, həmçinin də təhsilverənlərin vəzifələri qeyd olunub. Bu qanunun 32-ci maddəsində qeyd olunub ki, pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq, təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək, dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək təhsilalanların vəzifələridir. Həmçinin şagird və tələbə təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etməlidir.

Qanunun 33-cü maddəsində isə təhsilverənlərin hüquq və vəzifələri öz əksini tapıb. Burada da qeyd edilib ki, müəllim etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etməli, müəllim nüfuzunu yüksək tutmaqla ziyalılıq nümunəsi göstərməlidir. O, həmçinin daxili intizam qaydalarına əməl etməli, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirməlidir.

 

Müəllimə niyə töhmət verildi?

Yayılmış videoya gəlincə xatırladaq ki, 165 nömrəli tam orta məktəbdən  verilən məlumatda qeyd olunub ki, şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi araşdırma aparıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib.

Məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib. Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları valideynlərlə şagirdlərin izahatlarını alıblar. Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüblər.

BŞTİ-dən  isə bildirilir ki, ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi, uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Tədris prosesinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.

 

Polis şagirdləri 3 illik nəzarətə götürdü

Müəllimə qarşı hörmətsiz davranışlara yol verən üç nəfər 9-cu sinif şagirdi polis tərəfindən 3 illik profilaktik uçota götürülüb. Məktəbin direktoru Vüqar Məmmədov bildirir ki, müəllimin etik davranış qaydalarını pozduğuna görə töhmət verilib. Direktor əlavə edib ki, təşkilatçı müavin və direktor müavini haqqında da xüsusi təqdimat yazılıb. Direktor həmçinin qeyd edib ki, məktəbdə qeyri-etik hərəkət edənlər 9-cu sinifdə təhsil alır, onlar xüsusi risk qrupuna aid şagirdlərdir. Onun sözlərinə görə, bu şagirdlərin ilk belə tərbiyəsiz davranışı deyil.

Xatırladaq ki, bir müddət öncə Bakıda məktəbdə müəllimin döyülməsi faktı qeydə alınmışdı. Yanvarın 24-də sosial şəbəkələrdə məktəb müəllimini bir nəfər naməlum şəxsin döydüyünü əks etdirən video paylaşım edilib. Həmin görüntülər üzrə polisin apardığı təxirəsalınmaz araşdırmalarla əməli 2000-ci il təvəllüdlü Fərid Əfəndizadənin törətməsi müəyyən olunub. Fakt üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və keçirilən tədbirlərlə ictimai təhlükəli əməldə şübhəli bilinən F.Əfəndizadə tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir.

 

Zülfiyyə Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir