Fexriyye Xelefova

Fəxriyyə Xələfova: “Beş il sonra bəylər mənə inanmağa başladı” – MÜSAHİBƏ

Baxış sayı: 2. 915

Əməkdar incəsənət xadimi, tanınmış rəssam-modelyer Fəxriyyə Xələfovanın Ailem.az-a müsahibə verib. “Gencaile.az” həmin müsahibəni təqdim edir:

İl başlayanda insanları maraqlandıran məsələlərdən biri də dəbdir. 2017-ci ilin dəbi və tendensiyası necə olacaq?

– Bu ilin dəbi keçən ilin yay aylarından təqdim edilib və ilin sonuna yaxın kolleksiyalar nümayiş olundu, tendensiyalar formalaşdı. Beynəlxalq Rəng Təşkilatı “Pantona” hələ  ötən il 2017-ci ilin rəng çalarlarını elan etmişdi. “Panton” beynəlxalq sözdür, rəngin tonunu ifadə edir. 2017-ci ilin kolleksiyalarında zümrüd və bənövşəyi rəng daha çox əks olunub. Bu o deməkdir ki, bu il həmin rənglər dəbdə olacaq. 2017-ci ilin ən maraqlı xüsusiyyəti odur ki, kontras rənglərin bir yerdə geyim ansamblında öz yerini tapması müşahidə olunur. Ənənəvi kontras rənglər, məsələn qara-qırmızı, ağ-qara, bənövşəyi ilə açıq və ya tünd bənövşəyi, berj tonla ağ tonlar gözəl kombinasiya yaradır. 2017-ci ildə geyim ansamblında bir və ya iki rəng az görünəcək. 4-5, hətta 7 rəng bir yerdə ola bilər. Bu isə qeyri-adi görünə bilər. Üslub kimi klassikadan uzaqlaşma var. Klassik ikililər, pencək-ətək, pencək-bluz, pencək-şalvar biznes-ledi stilindən çıxıb kütləviləşdi. Lakin artıq avanqard geyim tərzinə meyl edəcəyik. Avanqard o deməkdir ki, məsələn, adi bluz ola bilər, amma orada hansısa detal olsun. Tutaq ki, pencəkdə yaxasında, cib qapaqlarında maraqlı dekor ola bilər, praporsiyalar dəyişə bilər.

Zövqsüz insan görəndə ona yaxınlaşıb iradınızı bildirirsiniz?

– Çalışıram fikrimi çatdıram, o da ən yaxın adamlara. Amma heç kimi zövqsüz saya bilmərəm. Bu, subyektiv fikirdir. Modelyer rəyi obyektiv fikirdir. Taktik və incə məsləhətlərimi çatdırıram. Amma tanımadığım insana birdən-birə durub fikir söyləyə bilmərəm. Bu, müdaxilə ola bilər. Mənə çox müraciət edirlər, suallar verirlər, məsləhət istəyirlər. Hərdən deyirəm ki, siz deyəsən məni həkim hesab edirsiniz, hər kəs məndən bir resept istəyir.

Zövq insanla xüsusiyyəti kimi bərabər doğulur, yoxsa elm kimi öyrənmək lazımdır?

– Hazırda psixoloqlar bu suala cavab axtarırlar ki, zövq daxildən gələn xüsusiyyətdir, yəni genetikdir, yoxsa insan yaşadıqca öyrənir, təcrübə toplayır. Məncə, zövq daxildən gələn hissdir. Bu hiss insanla doğulur və sonradan öz ifadəsini göstərir. Hazırda geyindiyimiz Avropa dəbinin 200 yaşı var. İkinci Dünya müharibəsindən, Koko Şanelin fəaliyyətindən sonra yarandı. Həmin vaxtdan dəbdə müxtəliflik, parça növləri yarandı. Koko Şanelin fəaliyyətindən indiyədək dəb aləmində 60-70 dəb adı var. Bu, heç də çox deyil. Brendə dizaynerin adı verilir və marka yaradılır. İstifadəçilər daha çox ada etibar edirlər. Markalar daha azdır, nəinki adlar. Belə çıxır ki, dünyada 60-70 insan zövqlüdür? Xeyr.

Dəbi siz diktə edirsiniz. Bəs özünüz dəblə nə dərəcədə ayaqlaşırsınız?

– Modelyer kimi fəaliyyətimdə Azərbaycan çalarlarını dəbə gətirməyi bacardım. Sonra hədəfim Azərbaycan milli irsindən istifadə edərək Avropaya eksport etmək oldu. Parisdə moda nümayişlərinə qatıldım. Ötən il isə Vyanada “Avropa üçün dəb” mükafatının “Qran-pri”sinə layiq görüldüm. Demək, biz Avropanı təəccübləndirəcək dəb göstərə bilərik. O ki qaldı özümün dəblə ayaqlaşmağıma, mən özümü avanqard qrupda hesab edirəm. Özümə məxsus geyim üslubum var. Dəbi nə qədər kütləviləşdirsəm də, özüm üçün ayrı dəb yaradıram. Bu işi isə əhvalıma uyğun edirəm. Moda nümayişlərinin sonunda ən gözəl geyimi özüm üçün saxlayıb geyinirəm. Tamaşaçılar məni heç vaxt Avropa dizaynerləri kimi cins şalvar və qara “vodalaskada” görməyəcəklər. Onlar iş geyimində səhnəyə çıxırlar, mən həmişə öz geyimimdə. Dəblə ayaqlaşmağı prioritet hesab edirəm.

Dəblə ayaqlaşmaq üçün vəsait tələb edilir. Çünki dəb olan baha olur. Bəs sadə insanlar dəblə necə ayaqlaşa bilərlər?

– Fabriklər, şirkətlər geyim maliyyə baxımdan münasib olmasa belə, dəbin tendensiyasını təkrarlayırlar, bir neçə tendensiyanı birləşdirirlər. Çünki hər şirkət tanınmış modelyerin fikirlərindən istifadə edə bilməz. Ona görə də jurnallara baxırlar, moda həftələrində iştirak edirlər, oradan ideya götürürlər. İndi istehsalçılar bahalı geyim istehsal etmirlər. Çalışırlar ki, maraqlı etsinlər. Ən adi geyim də istər-istəməz maraqlı görünməyə məcburdur. Məşhur brendlərin “kopiyalarını” da edirlər. İndiki zəmanədə geyim müxtəlifliyi o qədər çoxdur ki, dəblə ayaqlaşmaq çətin deyil. Hər kəs çalışır ki, brendlərə oxşar geyim tapsın. İnternetdə çox yayılıb, baxırlar və dəblə uyğunlaşa bilirlər. Sadəcə olaraq qarderob zəngin və maraqlı olmalıdır, orada kombinə imkanları geniş olmalıdır. Geyimdə dəbdən əvvəl səliqə-səhman gəlir. Eleqant görünmək bu işin yarısıdır. Aksessuarla kompozisiya yaratmaq olar. Bir aksessuarla geyimi tamamilə dəyişmək mümkündür. Bunun üçün şəxsi fantaziya kifayətdir.

Özünüzə məxsus ətir brendiniz var. Niyə geyim yox, məhz ətir?

– Bu, ənənəvi bir yoldur, modelyer özünü dəb aləmində təsdiq etdikdən sonra ətir buraxa bilər. 2010-cu ildə ilk ətrim satışa çıxarıldı. Bu vaxta qədər hiss etdim ki, artıq məni yetərincə tanıyırlar. Dəbdə də ətir ənənəvi yoldur. Ətriyyatçıların vətəni sayılan Fransanın Qras şəhərində peşəkar kurslar keçdim. Yenidən oxumaq çətin olsa da, öhdəsindən gəldim. Bu işin texnologiya və əsasını öyrəndim. Ətrimi yaranadək özümü real həyatdan təcrid etdim. Çətin iş olsa da, bu, mənim hədəfim, arzum idi.

Brendləriniz harada istehsal olunur?

– Xanımlar üçün 5, bəylər üçün 1 ətrim var. Çünki kişi ətrinə tələbat son vaxtlar artdı. Satışdan görürdüm ki, ətirlərim xanımlara nisbətən kişiləri daha az cəlb edir. Xanımlar məni daha çox dəstəkləyirdi, nəinki kişilər. 5 il sonra bəylər mənə etibar etməyə başladılar. Bu işin kimyəvi, yaradıcılıq və biznes tərəfi var. Xarici ölkələrdə ən yaxşı laboratoriya və mətbəələrdə həyata keçirilən bu işə şəxsən özüm nəzarət edirəm. Çünki ətir istehsalı üçün çox yaxşı təchiz olunmuş fabriklər lazımdır. Ümid edirəm ki, nə zamansa Azərbaycanda da ətir istehsalı üçün ideal şərait olacaq.

Özünüz öz ətrinizdən istifadə edirsiniz, yoxsa başqa ətir vurursunuz?

– Yalnız öz ətirlərimdən istifadə edirəm, çünki hər zaman ətrafımdadır. Həm də özüm yaratmışam. Bir ətrin istifadə müddəti 5 ildir, bu müddətdə onun keyfiyyəti itmir. Elə ətrim var ki, 5 il əvvəl istifadə etmişəm. Bəlkə də həmin vaxt demişəm ki, bunda nəsə çatmır, başqa nəsə də əlavə etmək olardı. Amma 5 il sonra istifadə edəndə görmüşəm ki, çox yaxşı ətirdi, mənə daha çox xoş gəlir. Ətir gərək arzulanan olsun, zorla heç kimə ətir aldırmaq olmaz. Mən marketoloqlarla satış barədə çox müzakirələr etdim. Şəhərdə böyük bilbordların ətir reklamı üçün çox uğursuz nəticə verəcəyini bildirdilər. Televiziya reklamı da çətin oldu. Çünki televiziyada ətir reklamını çox məşhur ulduzlar etməlidir. Yeganə çıxış yolu insanların olduğu yerdə sərgilərdə iştirak etmək, promo-aksiyalar və özümün istifadə etməyim oldu. Bu yol da mənə uğur gətirdi.

Amerikalı müğənni Doris Dey qadının çox çazibədar geyinməsinin günahını kişilərdə görür. O, müsahibələrinin birində bununla bağlı belə söyləmişdi: “Əgər qadın çox çəkici geyinirsə, bunun günahı kişidədir. Çünki kişilərin gözləri, ağlından daha çox inkişaf edib.

– Feminist fikirdir. Kişiləri bu qədər tənqid etmək olmaz. Bəylər məni dəstəkləyəcəklər. Dəb sosial fenomendir. Araşdırmalar göstərir ki, xanımlar bəylər üçün deyil, xanımların arasında rəqabət üçün geyinirlər. Nəticə etibarıilə xanımlar bir-biri ilə daha çox rəqabət aparır, bir-birini rəqabətdə udmaq üçün geyinirlər. Mən düşünürəm ki, insan özü və daxili aləminin rahatlığı üçün geyinməlidir. Burda özünü bənzətmək və rəqabət faktoru da var. İnsanlar özlərini ulduzlara, məşhur insanlara bənzətmək istəyirlər. Bu da normal və yaxşı prosesdir. Ancaq “mənə nə yarışır onu geyinirəm”, “heç kimə baxıb geyinmirəm” demək də çox maraqsızdır. Çünki dəb sosial prosesdir.

Kişilər demişkən, 2017-ci ildə kişilər üçün dəb necə olacaq?

– Xoruz ili olduğu üçün bu ilin rəmzi rəngarəng, cazibədar heyvandır. Özünə əminlik hissi geyimdə ifadə olunmalıdır. Bu isə geyim stilindən başlamalıdır. Burada da avanqard elementlər özün göstərəcək. Bəylər üçün mühüm aksessuar qalstukdur. Qalstuk əl-əlvan olmasa da, rəngarəng olmalıdır. Demirəm ki, qırmızı olsun. Qırmızı qalstuk geyinməklə iş düzəlmir. Qalstuk, köynək və kostyum arasında sintez etmək lazımdır. Klassik geyim, kostyum, qalstuk, köynəyin rəng çalarları bir yerdə maraqlı olmalıdır. Tətil günləri, həftəsonu, bayramlarda kişilər fərqli görünməyə çalışmalıdır. Turistik stil çox aktualdır. Fikiləşirlər ki, bir cins, bir köynəklə ötüşmək olar. Bunlar da fərqli olmalıdır.

Ən çox pulu adətən geyimə xərcləyirlər. Siz ən çox pulu nəyə xərcləyirsiz?

– Geyimlər özümündür. İstənilən an özüm üçün geyim tikə bilərəm. Digər brendlərə görə  öz geyimim daha münasib qiymətə başa gəlir. Geyim də istehsal etsəm, münasib qiymətə olacaq. Çünki istəyirəm ki, mənim geyimlərimdən daha çox insanlar geyinsin. Tədbirlər, moda nümayişləri üçün xarici ölkələrə tez-tez gedirəm və təbii ki, büdcəmdən müəyyən məbləğ istifadə olunur. Hər şeyi çalışıram ki, tarazlayım. Qadın sahibkarlığına daxil olduqdan sonra da çox qənaətcil olmuşam. Qadın sahibkarlar çox qənaətcil olurlar. Çünki bilir ki, hər şey onun öhdəsindədir. Mən də digər sahibkar xanımlar kimi, qənaətciləm, hər manatın dəyərini bilirəm, hər manatın dəyəri bizim üçün vacibdir. Qənaətcil olmalıyam ki, hər şeyi çatdıra bilim.

Özünüzə necə qulluq edirsiniz, özünə baxımlı xanımsınız?

– Pəhriz birinci yerdə durur, idman beşinci (gülür). İdmana vaxtım yoxdur. Ətir düzəltmə prosesində bəzən çəki alıram. Çünki laboratoriyada daim otururam və görürəm ki, çəkim artıb. Sonra başlayıram pəhrizə. 2 gün ac qaldığım günlər olur, ya da bütün günü su içirəm. Mənim üçün əsas geyim ölçüsüdür. Çalışıram hər zaman ölçümü qoruyub saxlayım. Az yeyirəm və yalnız dadına baxıram.

Övladlarınızın geyiminə müdaxilə edirsiniz?

– Özüm övlad olanda valideynlərim məni həmişə məlumatlandırıblar. O vaxt internet yox idi, jurnallar alırdılar. Bizim evdə həmişə tikiş maşını olub. Anamla parça seçməyə gedirdik. Çalışıram ki, özüm də bu ənənəni davam etdirim. Dəbi uşaqlıqdan sevdirmək lazımdır. Oğlumla alış-verişə gedirik. O, çox səbrlidir. Bir yerdə alış-verişə gedəndə məni saatlarla gözləyir. Çünki bunu ona uşaqlıqdan öyrətmişəm ki, səbrli olmaq lazımdır. Mütləq onunla məsləhətləşirəm. Parça seçimində mənə çox kömək edir. Saatlara onunla parça seçirik. Onunla məsləhətləşib parçalar alıram. Sonra da çantaları daşımaqda mənə kömək edir.

Ananız və ya nənənizdən qalan hər hansı əşya istifadə edirsiniz?

– Mən ilk kolleksiyamı 1997-ci ildə anamın yığıb topladığı parçlardan təqdim etmişdim. O, həvəskar idi, parçanı alırdı, deyirdi tikdirəcəm, amma vaxtı olmurdu – 3 övlad, pedaqoji fəaliyyət. Anam çox işləyirdi. Parçlar da yığılırdı. Mən o parçalardan ilk kolleksiyamı yaratdım. Unudulmaz xatirədir mənim üçün. Anamın qarderobunu açdım ki, 10-15 parça var. Zövqlərimiz də üst-üstə düşürdü. Elə həmin parçalardan da geyimlərimi tikdim, modelyerliyə belə başlanğıc etdim.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir