falci

Falçı, falıma bir də bax… – REPORTAJ

Baxış sayı: 226

Uzun müddətdən bəri rəfiqələrimin biri Köhnə Günəşlidə yaşayan yəhudi falçını yaman tərifləyirdi yanımda. Deyirdi ki, Yelena (ad şərtidir) fala gözəl baxır və yaxşı da iş görür. Sən heç nə danışmasan belə, o, sənin üzünə baxıb hər şeyi deyəcək. Düzü, fala-falçıya inanmasam da qızın onu tərifləməsi “bəlkə gedib mən də sınayım” fikrini yaratmışdı məndə. Həftənin tamamını gözləyib, üz tutdum Yelenagilə.

220 nömrəli avtobusun sonuncu dayanacağına yaxın bir yerdə qalırdı Yelena. Evini birtəhər soraqlaşıb tapdım. Qapını üst-başı çirk içində olan bir qadın açdı. Yelenanı soruşdum, “Qeydiyyata yazılmısınız?” deyə soruşdu. Mən də yazılmadığımı və rəfiqəmin məsləhəti ilə gəldiyimi bildirdim.

…İt-pişik saxlanıldığı üçün evdən qəribə qoxu gəlirdi. Növbədə məndən öncə bir neçə adam var idi. Nə qədər qəribə olsa da Yelena hamının falına bir yerdə baxırdı. Mənə qəhvə gətirdilər, acı, dadsız və qulpu qırıq bir fincanda. Həddən artıq isti olan qəhvənin soyumasını gözləyə-gözləyə falçının bir qadına onun başına gələnləri sadaladığının şahidi oldum.

Yelena kollektiv bir şəklə (şəkildə bir neçə adam vardı) baxıb deyirdi:

– Bu yaxınlarda sizdə alqı-satqı olacaq. Evi satmaq istəyirsiniz?

Qadın: – Hə, bir yerdə yaşaya bilmirik.

Şəkildəki uşağa baxan falçı yenidən qadına üz tutub dedi:

– Əslində problem ev problemi deyil, həyat yoldaşın uşağı, qanı qanından olmadığı üçün istəmir və bəhanə axtarır. Uşağın atası başqa adamdır?

– Hə, o, birinci həyat yoldaşımdandır.

Yelena uzun-uzadı danışaraq, qadını əməlli-başlı inandırmışdı. Qadının onun sözləriylə razılaşması məndə də inam hissi yaratmışdı. Nəhayət ki, qəhvəmi içib, fincanı nəlbəkiyə tərsinə çevirdim. 15-20 dəqidədən sonra mənə növbə çatdı. Yelena əlimdən tutub barmağımı qəhvəyə batıraraq danışmağa başladı:

– Həyatında biri olub, böyük acılar çəkib, stress yaşamısan.

Qadının sözlərində, haradasa, həqiqət var idi. 5-6 saniyə fincanın dibinə baxan falçı başını qaldırmadan sözünə davam elədi:

– Amma yollarınız ayrılıb. Düşünürsünüz, sizi birləşdirən nəsə var, amma kökləri quruyub. Kökü olmayan münasibət bitmiş bir münasibətdir. Gözəlsən, qarşıda daha maraqlı həyatın var, amma səni istəməyənlər də çoxdur. Bir qadın var, addım-addım izləyir səni, həyatının yaxşı olmasını istəmir.

Falçı başını qaldırıb üzümə baxdı:

– Uşağın varmı?

– Var.

– Bir qız, bir oğlan, elədirmi?

– Yox, ikisi də oğlandır.

– Mənə biri qız kimi göründü. Amma ola bilər. İndi həyatında biri varmı?

– Yox, istəmirəm.

– Yalan danışma, mən burada səni biri ilə yanaşı görürəm. Ciddi adamdır, evlilik təklif etsə, razılaş. Əslində, o səni sevir, amma ailəsi buna imkan vermir. Mən sənə kömək edə bilərəm. 40 gün yanıma gəlsən, mən elə edərəm ki, o adam səni alar. Çox adam var ətrafında, amma bu səni daha çox istəyir.

Əslində həyatımda biri olmadığı üçün artıq falçıya inamım qalmamışdı. Falçı isə həyatımda olan “o” adamı tərifləyir, gələcəyimin ona bağlı olduğunu deyirdi. Məndən bir cavab ala bilmədiyini görən qadın bir az əsəbi səslə soruşdu:

– Neçə yaşın var?

– 29.

– Nə gözləyirsən? Qocalıb tək-tənha yaşamaq istəyirsən? Bir azdan heç kəsə lazım olmayacaqsan. Qoy hələ 35 olsun, onda peşman olacaqsan. Amma mən elə edə bilərəm ki, bir ilə bütün problemlərin həll olunar və ailə qurarsan.

Qadın mənim üçün “iş” görməkdən ötrü dəridən-qabıqdan çıxırdı. Səsimin çıxmadığını görüb, fala baxma dəqiqələrinin bitdiyini bildirdi və əlavə etdi ki, ona 5 manat ödəməliyəm. Falçının istədiyi məbləği ona verib, dedikləri barədə düşünəcəyimi bildirdim.

Məndən sonra da falçının növbəsində çox adam vardı. Bəziləri əlində qırmızı parçaya bükülmüş dua ilə çıxırdı. Qapıda birinə yaxınlaşıb Yelenanın “işi” hansı qiymətə gördüyünü soruşdum. Yelena bir iş üçün 30-50 manat alırmış. Bir işin müddəti isə 14 gün nəzərdə tutulur.

Özünü Lalə adıyla təqdim edən bir qız sevgilisinin anasının dilini-ağzını bağlamaq üçün gəldiyini bildirdi. “Üç ildir, bir-birimizi sevirik. Amma Zaur anasının ona bacısı qızını almaq istədiyini deyir. Sevgilimlə aramızda problem yoxdur, o, mənə qoşulub qaçmağı da təklif edib. Amma mən evin tək qızıyam, anam toyumu görmək istəyir. Bu səbəblə də gedə bilmirəm” deyən Lalə, Yelena ilə onu rəfiqəsinin tanış etdiyini bildirdi.
Rəfiqəsinin Yelenanın köməkliyi ilə ailə qurduğunu bildirən Lalə, Yelenaya olan inamını da dilə gətirdi. “Mən bu qadına inanıram, düşünürəm ki, onun yardımı ilə işlərim qaydasına düşəcək”.

Digər bir xanım isə övladı olmadığı üçün Yelenanın yanına gəldiyini dedi. “On dörd ildir, övladım olmur, bütün həkimləri gəzmişəm. Ən son çarəm buradır. Yelena deyir ki, sentyabr ayı üçün hamilə qala bilərəm. Görək də nə olur…”

Yelenanın qapısında çox adam var idi, çoxusu ondan razı olsa da ümidini itirib, yalan ümid axtaranlar da var idi o adamlar arasında.

Bir şeyi unutmamalıyıq, hər şeydən yüksəkdə Allah durur. Biz insanlar onun yaratdıqlarından deyil, onun özündən yardım istəməliyik…

İradə Azad




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir