filmler

Filmlərdə gördüyümüz, real həyatda mümkün olmayan 10 SƏHNƏ – FOTOLAR

Baxış sayı: 443

Dünyada film izləməyən adam yoxdur. Bəziləri real həyatdan götürülsə də, əksəriyyəti qeyri-ciddi mövzular və şablon xarakter daşıyır. Uydurma səhnələrlə dolu bu filmlər dünyada bəlkə də ən çox izlənənlər sırasında yer alır. Elə insanlar var ki, özlərini bu filmlərin “cool” qəhrəmanlarına oxşatmağa çalışırlar. Bu, kənardan çox gülməli görünür.

“Gencaile.az” “Publika.az”-a istinadən sizə “real həyatda bunlar necə baş verə bilər” deyə sual doğuran filmlərdən 10 səhnəni təqdim edir:

 

1. İtən kimisə axtarışa vermək

Filmlərdə kimsə itdiyi zaman o dəqiqə polisə zəng edirlər. Polis də deyir ki, axtarışlara başlamaq üçün “şəxsin itməsindən 24 saat keçməlidir”. Niyə? Yaxşı itsin ki, tapa bilməyək. Belə bir şey yoxdur, ola bilməz. Real həyatda 20 dəqiqə evə geciksən az qalırlar səni axtarışa verələr ki, filankəs itib.

 

2. Xloroform ilə zərərsizləşdirmək

Aksion filmlərində ən çox rast gəldiyimiz səhnə. Evə girən oğru üzərinə xlorof tökülən dəsmalı ilk qarşısına çıxan adamın ağzına tutur. Bu da göründüyü kimi asan deyil. İnsanın huşunu itirməsi üçün ən az 5 dəqiqə xlorof iyləməlidir. Filmlərdə isə 1 dəqiqədə 5 nəfəri yatırdırlar.

 

3. Eyni anda iki silahla hədəfə atəş açmaq

Filmin “qəhrəmanı” iki silah ilə 50 metr uzaq məsafədə olan “düşmənləri” tək atəşlə vurur. Əslində bu çox gülməlidir. Heç tək silahla 50 metrdən uzaq məsafəyə dəqiq atəş açmaq asan deyil, qaldı ki, iki silahla eyni anda.

 

4. Boğularkən qışqırmaq

Standart boğulma səhnələri var. Fərqi yoxdur hansı obrazsan. Boğulursansa, mütləq əlləri göydə hər 2 dəqiqədən bir suya girib-çıxıb qışqırmalısan. Əlbəttə nəzərə alsaq ki, adam boğulur, qışqıra bilməz. Çünki boğulan birinin ağzına dolan su hava axınının bu dərəcədə sərbəst istifadəsinə şərait yaratmır.

 

5. Əl qumbarasının iynəsini dişlə çıxarmaq

Filmlərin ən populyar səhnələrindən biri. Qəhrəman əl bombalarının iynələrini dişi ilə çıxarıb tək əllə bu başdan o başa atır. Bu səhnəni real həyatda canlandırmaq istəyən insan gərək dişləri ilə vidalaşsın. Cizgi filmlərində isə bu səhnə lap gülməlidir. Əl qumbarasının iynəsini çəkəndən sonra fikirləşir ki, bunu it hürən tərəfə atım, yoxsa işıq gələn tərəfə.

 

6. Telefon siqnalından ərazini müəyyənləşdirmək

Cinayətkarı tapmağın ən “ağıllı” üsulu. Zəng edirsən, 1 dəqiqə danışırsan, vəssalam, bütün polis tökülüşür həmin ünvana və şübhəli şəxs tutulur. Texnologiya nə qədər inkişaf etsə də, bu prosedurların belə özünün zamanı var. Bu da uydurmadır. Çünki ən yaxşı texnologiyaların köməyi ilə də telefon siqnalları üzərindən ərazini dəqiq müəyyənləşdirmək üçün ən azı 1 saat vaxt lazımdır.

 

7. Elektroşokla insanı həyata qaytarmaq

Xəstəxana səhnələrində ürəyi dayanan adamı necə həyata qaytardıqlarını görürük. Tibb işçiləri daha yaxşı bilər ki, elektroşok ürək döyüntüləri ritmsiz olan insanlarda istifadə edilir. Məqsəd ürək döyüntülərini nizama salmaqdır. Saatlar əvvəl ölmüş insanın elektroşok vasitəsilə 4-5 cəhddə həyata qaytarmaq olsaydı, heç kim ölməzdi.

 

8. Paraşütlə uçan iki şəxsin söhbəti

Bir balaca külək əsən kimi yan-yana duran iki adam belə bir-birini rahat eşidə bilmirsə, havada olan insanların küləyin səsinə rəğmən, rahat-rahat ciddi söhbətlər aparması gülməlidir.

 

9. Güllə ilə qapı kilidi qırmaq

Filmdə şiddətə meyilli obrazlar qapını, pəncərəni aça bilməyəndə o dəqiqə güllə ilə vurub qırırlar. Bu, inandırıcı deyil. Heç bir şirkət bu qədər keyfiyyətsiz məhsullar istehsal etmir. Qapı kilidi metal olduğu üçün güllə ilə qırılması çox nadir hallarda baş verə bilər.

 

10. Cəsədin ekspertizası

Ölən adamın hansı səbəbdən öldüyünü müəyyənləşdirmək üçün həmin dəqiqə yarırlar və nəticə 1 gün ərzində bəlli olur. Amma belə bir şey yoxdur, çünki bu tip nəticələrin araşdırılması üçün çoxsaylı analizlər götürülür ki, bunun cavabları da həftələr və aylar çəkə bilir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir