ELIL

Fiziki məhdudiyyəti olan şəxslərin psixologiyası – PSİXOLOQ YAZIR

Baxış sayı: 280

Fiziki məhdudiyyət; “insanın şəxsi və ya sosial həyatındakı işlərini, somatik və ya ruhi bacarıqlarında müəyyən məhdudiyyət olduğu üçün edə bilməməsidir”. Bir insanın fiziki funksiyalarında yaranan hər hansı pozuntu və bunların hərəki bacarıqlarında yaratdığı əksiklik və çətinlik, onu cəmiyyətin digər üzvlərindən fərqləndirir. Bu fərqlilik fiziki məhdudiyyəti olan şəxslərin yaşadığı ayrıseçkiliyin əsas səbəbidir. Bildiyimiz kimi, hər növ ayrıseçkiliyin təməlində fərqli olmaq, yəni “öyrənilməmiş xüsusiyyətlərə” sahib olmaq dayanır. Fiziki funksiyaların pozuntuları və bunların hərəki bacarıq üzərində yaratdığı məhdudiyyətlər insanı cəmiyyətdən uzaqlaşdırır.

Sosial dəstək sistemlərinin kifayət qədər olmaması, insanları cəmiyyətdən uzaqlaşdıran davranışlar fiziki məhdudiyyəti olan insanın cəmiyyətə uyğunlaşmasının qarşısını alır. Ailə, uşaqların sağlam böyüdülüb, inkişaf edəcəyi və heç vaxt əhəmiyyətini itirməyən universal təşkilatdır. Xüsusilə, ilkin davranış formaları, ictimai həyatla bağlı qayda və rollar, təməl vərdişlər, sevgilər, gündəlik münasibətlər daxilində ailə tədqiq olunur. Buna görə də normal və ya qüsurlu, problemli və ya problemsiz hər uşağın, içində böyüyüb inkişaf edəcəyi ailəyə ehtiyacı var. Uşağın qüsuru tam aydınlaşdırıldıqdan sonra ailə üzvlərinin uşağı və qüsurunu qəbul etməsi çox vacibdir. Lakin ailələr bu müddətdə müəyyən mərhələlərdən keçməlidirlər.

1. Şok: Uşağın fiziki məhdudiyyətli olduğunu öyrənən ailələrdə tez-tez müşahidə olunan reaksiyaların birincisidir. Bu vəziyyət əsasən, ağlama, emosional donuqluq və çarəsizlik şəklində müşahidə olunur.

2. İmtina etmək: Bəzi valideynlər övladlarının qüsurlu olduğunu qəbul etmək istəmirlər. Bu zaman nümayiş etdirdiyi imtina (müdafiə mexanizmi), bilmədiyi situasiyaya qarşı yaşadığı qorxu hissindən qaynaqlanır. Valideynlərin özləri və uşaqların gələcəyinə yönəlik narahatlıq, təşviş, hədsiz məsuliyyət, “necə olacaq?” sualına cavab tapa bilməmələri bu mərhələnin yaranmasına səbəb olur.

3. Əzab çəkmə və depressiya: Valideynlər fiziki məhdud uşağa sahib olduğu təqdirdə əksər hallarda xəyal qırıqlığı yaşayırlar. Valideynin düşüncəsində qüsur, xəyallarında yaşayan ideal uşağın yox olma simvoludur. Bu halda duyulan olunan əzab hissi, çox istədiyi insanı itirən birinin yaşadığı kədər, əzabla eyni dərəcədədir. Depressiya isə əzabın sonunda müşahidə olunmağa başlayır. Bir çox hallarda valideynlər öhdələrindəki məsuliyyət qarşısında hər şeyi bacarmayacaqları inancı vasitəsilə depressiya ilə qarşılaşırlar. Nəticədə isə bütün ailə üzvlərində cəmiyyətdən təcrid olma müşahidə olunur.

4. Günahkarlıq hissi: Fiziki məhdudiyyətli uşağa sahib hər ailədə əzab hissindən sonra rast gəlinən vəziyyətdir. Övladlarındakı məhdudiyyətə səbəb kimi valideynlər daima özlərini günahlandırır və ya hər hansı yanlış hərəkətinə görə Allah tərəfindən cəzalandırıldıqlarını düşünürlər.

5. Qərarsızlıq: Fiziki məhdudiyyətli uşağa sahib bəzi valideynlərdə yeni vəziyyətə dərhal uyğunlaşma gözlənilsə də, bəzilərində bu hal uzun müddəti əhatə edir. Qəbul etmə mərhələsində yaşanılan qərarsızlıq, ailə üzvlərinin bir-birini günahlandırması prosesinin uzanmasına səbəb olur.

6. Qəzəb hissi: Bu hal valideynlərin qəbul etmə müddətində yaşadığı və qəbul etmə prosesinə mane olan hissdir. “Niyə mən?”, “niyə mənim\bizim övladımız” kimi suallara cavab axtarırlar. Bu mərhələ, ailə üzvlərindən birində olduğu təqdirdə digərlərinə də sirayət edir. Həkimlər, pedaqoqlar və psixoloqlar da fiziki məhdudiyyət yaşayan insanın və ya ailə üzvlərinin qəzəb obyektinə çevrilə bilər.

7. Utanma: Hər valideyn övladının uğur qazanmasını, başqaları tərəfindən təqdir edilməsini arzulayır və bu halda son dərəcə qürur duyur. Halbuki fiziki məhdudiyyətli uşağın, cəmiyyət tərəfindən təqdir olunmaması, acınılması, qorxulması kimi neqativ situasiyalar yaşanılır. Belə olduğu halda ailə, fiziki məhdudiyyətli övladından utanır. Mütəmadi şəkildə digər insanlarla ünsiyyətdən qaçır, övladını evdən kənara çıxarmır.

8. Uzlaşma: Bu tip davranış müşahidə olunan insanlar, tez-tez “əgər uşağın bu vəziyyətdən çıxmasına kömək etsən, bütün ömrüm boyu sənə minnətdar olaram” fikri ilə başqalarına müraciət edirlər. Övladının yaşadığı problemə çarə axtarmaq, ailələrdə son cəhd olaraq ifadə edilir.

9. Uyğunlaşma və ya qəbul etmə: Valideynlərin, övladlarıyla qarşılıqlı müsbət münasibətlər yarada biləcəklərini anladıqları mərhələdir. Ailə üzvlərinin, fiziki məhdudiyyətli uşağın varlığını qəbul etdikləri müddətdir. Bu zaman təşviş, qorxu səviyyəsi azalır, utanc kimi neqativ duyğular aradan qaldırılmış olur. Ailə artıq fiziki məhdudiyyətli övladı ilə nələr edə biləcəyini, münasibətlərini necə tənzimləyəcəyini araşdırır.

Fiziki məhdudiyyətli insanların psixoloji, pedaqoji baxımdan müəyyən dərəcədə problem yaşamaları normal haldır. Bizə aid olan məqam, məsuliyyət onları mühakimə etməmək, cəmiyyətdən kənarlaşdırmamaq, onlara dəstək olmaq, tənhalıqlarını paylaşmaqdır. Bu, bizim insanlıq vəzifəmizdir. Onların hamından çox dəstəyə ehtiyacları olduğunu unutmamaq lazımdır…

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Nərmin Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir