mekteb-sagird

Fiziki “tərbiyə” və qara paltarlı qız

Baxış sayı: 564

Məktəb direktorunun şagirdi döyməsi ilə bağlı görüntülərə heç cür sakit baxa bilmədim. Bir neçə saniyəlik o videonu izləyərkən istər-istəməz özümü yeniyetmələrin, kənardan keçən o qızın yerində hiss etdim. Hətta bir anlıq mənə elə gəldi ki, itələnilən, əl qaldırılan şagird yoldaşlarını görən o qara geyimli qız şahid olduğu vəziyyət qarşısında özünü itirib, həyəcan, təlaş içərisində ora-bura vurnuxur, hara, niyə hərəkət etdiyini unudub.

Bu yerdə mənə elə gəldi ki, qızın, eləcə də görüntüdəki digər şagirdlərin qara forması sadəcə geyim deyil. O rəng həm də əksər yeniyetmələrimizin həyat tərzini simvolizə edir. Evdə, bağçada, məktəbdə döyülən, qapaz altında əyilmiş qamətini ali məktəbin son kurslarına qədər qaldıra bilməyən fərdlərin gələcəklərinin rəngidir. Bu gün elə gənclərimiz var ki, həmin qapazların təsirini öz üstlərindən bir ömür ata bilməyəcək qədər ağır travmalarla yaşayırlar. Hər kəs özünə sual verməlidir: “Biz şəxsiyyət yetişdiririk, yoxsa müti qullar?”

 

Bu gün məktəblərdən heç xoş xəbərlər almırıq

Olmaz, vallah, insana əl qaldırmaq olmaz. Hələ uşağa, yeniyetməyə, ümumiyyətlə, olmaz. Bu, heç bir halda tərbiyə, rametmə metodu ola bilməz, bilməyib də. Belə olsa idi, bu gün məktəblərdən müəllimlərin, valideynlərin başıalovlu, həyəcanlı səsləri eşidilməzdi. Çünki onsuz da döyülənlər var və olmaqda davam edir.

Bu istiqamətdə sosial mediada gedən müzakirələrdə məktəb direktoruna haqq qazandıranlar da az deyil. Müdafiə üçün ifadə etdikləri fikrin məğzi də budur ki, bu gün məktəblərimizdə şagirdləri ram etmək olmur, sözə baxmırlar, qızlar, oğlanlar pozulublar. Bəli, beləcə də deyilir: “Qızlarımız, oğlanlarımız sözə baxmır, pozulublar”. Niyə? “Çünki müəllimin şagirdə əl qaldırması qadağandır, buna görə uşaqların ayağı yer alır, onları saymırlar”.

 

Yaxşı tərbiyə üçün nə imkanımız var, nə də vaxtımız

Əslində isə onlar yanılırlar. Şüursuz heyvan belə, sevgi qarşısında ram olursa, şüurlu varlıq olan övladlarımızı ram edə bilməməyimizin başqa səbəbləri var. Şəxsi müşahidlərimə söykənərək gəldiyim qənaət belədir ki, yaxşı tərbiyə vermək üçün vaxtımız və imkanımız yoxdur. Valideynin başı sosial vəziyyətin gətirdiyi çətinliklərlə mübarizəyə qarışıb. Uşağına vaxt ayırmağa imkan edə bilmir. Axşam işdən yorğun gəlir, bir qismət yemək verəndən sonra uşağından gününün necə keçdiyi ilə maraqlanmağa halı olmadan yorğun düşür.

Ev qadınlarının isə başını türk serialları qatıb. Uşağı geyindirib yedirtməyi böyük məharət sayırlar. Bir çox hallarda məhz həmin ev qadınlarının uşaqlarının üst-başından pintilik yağır. Kitab ağzı açmağa, uşaq tərbiyəsi ilə maraqlanmağa gün ərzində 15-20 dəqiqə vaxtı olmayan həmin səbirsiz xanımlar 2 saat davam edən serialları böyük maraqla izləyir, bircə bölümünü də qaçırmırlar. Çünki həmin xanımların çoxu yaşaya bilmədiyi gəncliyin, sevginin, xoş günlərin əskikliyini kimlərinsə xəyal məhsulu olan həmin seriallarda görüb izləməklə doldurmağa çalışır. Bu gün ipə-sapa yatmayanlar da həmin xanımların yanında kitab oxuyaraq, onunla oynayaraq, suallarına cavab verərək yox, seriallar izlədərək böyütdüyü uşaqlardır.

mekteb

Uşaq sənin malın deyil, cəmiyyətin bir üzvüdür

Ailədə diqqətdən, qayğıdan məhrum qalmış övladlar məktəbdə də müəllim kötəyi ilə qarşılaşırlarsa, bu, bizi narahat etməlidir. Özü də hər kəsi düşündürməli, qayğılandırmalıdır. Çünki bir övlad təkcə ana-atasının deyil, bütöv cəmiyyətindir. Bəlkə elə bu gün döyülən o uşaqlar sabah məni qoruyan polis, əməliyyat edən həkim olacaqlar?

Mən narahatam. Çünki bu gün döyülən, başıqapazlı, müti qul kimi yetişdirilmələri üçün böyüklərin əllərindən gələni etdikləri, uşaqlığı müxtəlif bəhanələrlə əlindən alınanlar sabah mənim gəncliyim, övladımın yaşadığı cəmiyyətin üzvləri olacaqlar. Bu gün şiddətlə üz-üzə qaldığına görə, sabah özünü keçmişdə aldığı travmalarla müdafiə edəcək, “bizi də valideynimiz döyüb, məktəbdə müəllimimiz vurub” deyərək övladını döydüyü, başqasını vurduğu, nifrətlə itələdiyi, kobudluq etdiyi üçün özünə haqq qazandırmağa çalışacaq.

Bunun belə olmaması üçün məktəb rəhbərlikləri, müəllimlər uşaqlara qarşı daha həssas olmalıdırlar. Nəzərə almalıdırlar ki, məktəblər sadəcə dörd divar deyil, təlim-tərbiyə, elm ocağıdır. Bəlkə də bir çox uşağın ailəsindən sığındığı yerdir. Müəllim də insandır. Yaxşı xatırlananları isə bəzən dost, bəzən valideyn olanlardır. Gərək ona dərsini danışdığın kimi, dərdini də danışa biləsən.

 

Və sonda…

Müəllimi müdafiə edənlər bir qədər öz uşaqlıqlarını, yaşadıqlarını sorğulasınlar. Özlərinə qarşı səmimi olsunlar. Onda başa düşəcəklər ki, həmin müəllimin davranışını niyə qınayıram, qınayırıq

Siz heç uşaq vaxtı qohum-qonşu arasında valideyninin əl qaldırdığı adamların bunu yetkin yaşda hansı ağrı-acı ilə danışdıqlarına şahid olmamısınız? Bəlkə orta məktəbdə primitiv bir suala cavab vermədiyinə görə müəllimindən qapaz yeyən adamın yetkin yaşında həmin situasiyanı xəyal edib necə məyus olduğunu da görməmisiniz?

Bunu inkar edən olsa belə, inanmaram. Bizim cəmiyyət üçün bu, olmaz iş deyil. Kimsə ya uşaqlığında özü bu cür təhqir edilib, ya da hansısa yaxını, tanışı bununla üz-üzə qalıb. Həmin şəxslər arasında bu gün şiddətə qarşı olan, uşağını sevgi, mərhəmətlə böyüdən mütaliəli valideynlər də var. Əks tərəfdə olanlar bu gün həmin müəllimə haqq qazandıranlardır. Onlar travmalarını aşa bilməyiblər. Ruhlarının dərinliklərində hələ də həmin ağrını acını ya yaşayırlar, ya basdırırlar. Qəbul edənlər isə o anı ürəkağrısı ilə yada salır, övladının o cür situasiyalarla üz-üzə qalamaması üçün əlindən gələni edirlər. Doğrusu da budur.

Birincisi, özümüz qəbul edək. Qəbul edək ki, bizlər qaldırılmış əllərin acısını bu gün də özümüzlə daşıyırıq, hansısa məqamlarda bunu bizə yaşadanlardan çıxa bilmədiyimiz hayıfı əlimizə fürsət düşdüyü anda başqalarından çıxırıq. Sadəcə bunu ifadə etməkdən qorxuruq. Bu haqda düşünməyə belə, cəhd etməyən adamlar var. Çünki bu cəmiyyətdə özünü tanımağa, kəşf etməyə, pisi-yaxşısı ilə qəbullanmağa çalışan, dərdi özü ilə olan adamlar azdır. Təəssüf ki, həmin adamların yetişdirdiyi, daha doğrusu, yetişdirə bilmədiyi, evdə özü, məktəbdə müəlliminin döydüyü həmin şəxslər də bu yolu davam etdirəcəklər. Onlar arasında özündə güc tapan, yaddaşına həkk edilmiş bu kodları sındıranlar az olacaq.

“Ən yaxşı tərbiyə örnək olmaqdır”, – deyiblər. Örnək olaq!

 

Aləmdə Nəsib




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir