komputer

Frilanser xanımlardan evdə işləyənlərə tövsiyələr

Baxış sayı: 793

Son illər sərbəst rejimdə işləyənlərin sayı ölkəmizdə də sürətlə artmağa davam edir. Əksər insanların başa düşməyə çətinlik çəkdiyi, bəzilərinin isə qeyri-ciddi yanaşdığı sərbəst işçilər – frilanserlərin sayı karantin zamanı bir neçə dəfə artdı və bu hər kəs üçün normaya çevrilməyə başladı. “Google” ilə bərabər yüz minlərlə başqa şirkətlər də öz işçilərinə gələn ilin yayına qədər evdən işləmək imkanı yaratdılar. Əslində uzaqdan iş və frilanser işi bir qədər fərqlənsə də, hər iki halda insanlar evdə, kafelərdə və ya kovörkinq mərkəzlərində işləməli, öz vaxtlarını özləri idarə etməlidirlər. Lakin bu o qədər asan deyil. Bu məqalədə həm frilanser kimi, həm də uzaqdan iş rejimində işləyən azərbaycanlı xanımlardan təcrübələrini bölüşməyi xahiş etdik.

 

Aytən Murtuzova

Aytan Murtuzova

Nevarneyox.com layihəsinin yaradıcısı və rəhbəri. 14 il şirkət rejimində işləyəndən sonra təhsilinə vaxt ayırmaq və yaratdığı layihəni həyata keçirmək üçün frilans rejimə keçməyə qərar verib.

Uzun müddət korporativ mühitdə çalışmışam. Həmin rejim məni bir az yormağa başlamışdı. Frilans işləməyin mənim üçün üstünlüyü odur ki, indi daha sərbəstəm. Əvvəldən hər şeyi planlaşdırıram. Əlbəttə, spontan və ya təcili məsələlər də olur, bu, bütün şirkətlərdə də var. Ona görə də mənim üçün çox vacibdir ki, zamanımı özüm idarə edim. Ola bilər ki, işimi təhvil vermək üçün bir neçə gün dayanmadan işləyim, lakin istədiyim zaman dincələ də bilməliyəm. Hal-hazırda öz startapımı idarə edirəm. İnsanın öz işi olanda bütün gününü ona sərf edir, amma bu məni yormur, çünki sevdiyim işlə məşğulam.

Frilans rejimdə motivasiyamı yüksəltmək üçün müxtəlif metodlarım var. Daha çox kitablar oxumaq və filmlərə baxmaq və fiziki aktivliyimi artırmaqla buna nail ola bilirəm. Eyni zamanda sevdiyim işlə məşğul olmaq ən böyük motivasiya qaynağımdır. Öz işimlə yorulmadan məşğul ola bilərəm.

Mənə görə sərbəst rejimdə nizam-intizam və produktivlik üçün ilk şərt vaxtı idarə etmək bacarığının olmasıdır. Əvvəlcədən qrafik qurulmalıdır, işləri müxtəlif rənglərdən istifadə etməklə vacibliyinə görə qruplaşdırmaq mütləqdir. Bu məsələlərə vaxt və diqqət ayırmaq lazımdır. İnsan hər şeyi yadda saxlaya bilməz, mütləq bir sistem olmalı və işlər qruplara bölünməlidir. Buna görə də mən, özümə uyğun, işlək bir sistem yaratmağa çalışıram. Yuxu rejimimə diqqət edirəm, əks halda vaxtı effektiv idarə etmək mümkün olmur. Təbii ki, istisnalar da var. Elə olur ki, gecəyə qədər işləyirəm, bəzən isə tezdən oyanıb işə başlaya da bilərəm.

Səhərlər ilk növbədə özümə qulluğu da unutmuram. Rutinimə daxil olan şəxsi qulluq, səhər yeməyi və s. proseslər bitəndən sonra mütləq işə başlayıram. Xaotik vəziyyətə düşməyim deyə hər şeydən əvvəl gündəlik proqramımı tərtib edirəm, yəni işlərin siyahısını və son tarixləri qeyd edirəm. Bu siyahıya əsasən işləri həyata keçirməyə başlayıram. Çalışıram həftəlik proqramı da qurum, amma frilanser üçün bu, bir az çətindir. Bəzən olur ki, daha yüksək templə işləmək lazım gəlir, son tarix çox yaxındır və işi gecikdirmədən təhvil vermək lazımdır. Buna görə də işlərin siyahısını tutmaq və tarixləri qeyd etmək çox vacibdir, əks halda planlarım pozula bilər. Hərdən naharı da ötürürəm, bu da mənim mənfi cəhətimdir.

Əhvalımı yüksək saxlamaq üçün arada fasilə verərək musiqi dinləyirəm və bəzən də rəqs edirəm. İdman hərəkətləri etmək və ya havaya çıxaraq qısa bir gəzinti də mənə çox kömək edir.

Evdən başqa kafelərdə və parklarda da işləyirəm. Lakin evdə işləməyi üstün tuturam, çünki daha rahatam, səs-küy və mənə mane olan heç nə yoxdur. Yenə də eyni mühit insanı yorur, beyini çalışdırmaq üçün, mütləq havaya çıxıram. Bəzən sevdiyim bir parkda işləyirəm və bu mənə çox böyük bir zövq verir. Xoşuma gələn bir kafeyə də gedə bilərəm, lakin bu kafe sakit olmalıdır. Bakıdakı əksər kafelərdə musiqinin səsi çox yüksək olduğu üçün fikrimi toplamağıma mane olur.

Bir sonrakı gün harada işləyəcəyimi öncədən müəyyən etmirəm. Bu, spontan və ya əhvalımdan asılı ola bilər. Bəzən evdə ürəyim sıxılır, yoruluram, bu zaman kompüterimi və digər iş ləvazimatlarımı götürüb, sevdiyim bir kafeyə gedirəm. Həm də tək yaşadığım üçün işi kənara qoymaq və yemək hazırlamağa vaxt ayırmaq çətinləşə bilər. Bu səbəbdən kafedə işləyərkən naharımı hazırlayan bir insanın olması daha əlverişlidir.

Əgər insanda nizam-intizam bacarığı zəifdirsə, sərbəst iş həyatını xaosa çevirirsə, bəlkə də, frilans işlə məşğul olmamalıdır. Çünki sərbəst rejimdə işləmək, özünə aid hər bir şeyi idarə edə bilmək daha çox məsuliyyət tələb edir, nəinki şirkətdə işləmək. İnsanlar rahatlığa tez öyrəşdikləri üçün düşünürlər ki, frilans iş komfort deməkdir. Bəli, nə zaman nə edəcəyinə özün qərar verə bilirsən, xüsusi bir rejimdə işləməyə məcbur deyilsən. Nəqliyyat problemi, işə gecikməklə bağlı gərginlik kimi qayğılar yoxdur. Əvəzində isə işi vaxtında təhvil vermək, işlə bağlı görüşlərə getmək, davamlı yeni müştərilərin axtarışı, iş görüşlərinə gecikməmək kimi qayğılar var və bunların hamısı insandan intizamlı və məsuliyyətli olmağı tələb edir. Özlərində bu potensialı görmürlərsə, sərbəst rejimə keçməyə tələsməsinlər. Çünki frilans iş odur ki, daimi maaşın yoxdur, ayın hər hansı məlum bir günü maaş almırsan, özün işləri axtarıb tapmalısan və hər bir şeyi özün idarə etməlisən. Yəni nizam-intizam yoxdursa, risk etməyə dəyməz, çünki səhər pulsuz qalmaq təhlükəsi var.

Keçid linki: https://instagram.com/nevarneyox.az

 

Könül Quliyeva

Konul Quliyeva

Natiqlik sənəti, ünsiyyət bacarıqları, bədən dili və liderlik üzrə təlimçi. Artıq 1 ildir ki, sərbəst rejimdə işləyir və təlimlərini internet üzərindən keçir.

Frilans rejimdə motivasiyamı yüksək saxlamaq üçün yalnız uğurlara, gələn müsbət “feedback”lərə fokuslanıram. Proqramımı övladlarıma uyğun qururam. İşləyən ana üçün ən ideal saatlar övladının ya məktəbdə, ya da yuxuda olan vaxtlarıdır. Rahat işləmək üçün sakitliyi təmin edirəm, kitablarım, əyani vəsaitlərim iş masamda olur. Bununla bərabər eyni anda iki iş görməyə özümü öyrəşdirmişəm. Məsələn, yemək bişirə-bişirə işimlə bağlı kurslara, videomateriallara baxıram.

Əhvalımı yüksəltmək üçün sakit otaq, internet, müvafiq texniki vəsaitlərlə yanaşı, təzə çay və ya kofe olmalıdır. Musiqi və açıq havada gəzinti də əhvalımı qaldıra bilir. İnsan özünü yaxşı tanıyırsa, uyğun iş mühiti yaratmaq onun üçün çox rahat olacaq.

Evdən başqa əməkdaşlıq etdiyim şirkətlərin ofisinə gedirəm. Diqqətimi cəmləmək üçün mənə sakit, rahat və internetə çıxışı olan məkan lazımdır. Bu cür kitabxanalar azdır və ya bəlkə də, mən xəbərsizəm. Tərəfdaşla görüşüm varsa, planımı elə qururam ki, ya araşdırmağa, ya oxumağa tanıdığım məkana gedim, ya da görməli olduğum hər hansısa işimi həll edim.

Frilanser öz proqramını qurmağı bacarmalı və hər an dəyişə biləcək hadisələrə hazır olmalıdır. Evdə digər ailə üzvlərinin də işlərini öncədən müəyyən etməyə və ya öyrənməyə çalışıram. Bəzən də onlar mənə görə proqram qurur. İki övlad anası olduğum üçün, üçnəfərlik komandanın iş, təhsil, inkişaf, əyləncə və s. planını mənim qurmağım lazım gəlir və bu da əlavə təcrübə tələb edir.

Sərbəst rejimdə işlədiyim müddət proqramlaşdırma, planlama, şəxsi inkişafa zaman ayıra bilmək, yeni əməkdaşlıqlar qazanma şansına sahib olmaq kimi üstünlükləri kəşf etdim. Frilanserin büdcəsi dəyişkən, gəlirlər qeyri-stabil olur. Ona görə gələcəyə dair plan qurarkən diqqətli olmalıdırlar.

Keçid linki: https://instagram.com/knlguliyeva

 

Leyla Surxayzadə

Leyla Surxayzade

“EREB Global” şirkətində Təlim və İnkişaf Meneceri; “ICF” sertifikatlı kouç

Frilanser kimi işlədiyim zaman motivasiyamı yüksək saxlamaq üçün müxtəlif maraqlı və rahat məkanlar tapmağa çalışıram. Tez-tez yer dəyişmək mənə müsbət təsir edir. İş yoldaşlarımla görüşüb-danışmaq istər-istəməz motivasiyamı yüksəldir. Hiss edirəm ki, mənimlə eyni və ya oxşar işi görənlər var, oxşar problemləri olanlar var, ona görə də bunu paylaşaraq rahatlayıram. Növbəti həftələr üçün isə kimin necə nəticələr göstərəcəyi maraqlı olur, arada yaranan bu sinerji mənə motivasiya verir. Ümumiyyətlə isə işimi sevdiyim üçün, işimlə əlaqədar daim fərqli insanlar tanımaq mənə ən xoş təsir edən şeylərdən biri olduğu üçün motivasiya avtomatik yüksəlir.

Planlamanı ofisdə işləyərkən necə edirdimsə, evdə də o cür edirəm. Şirkətlərdə olan intizam artıq formalaşıbsa, o insan üçün rahat olur, eyni şeyi evdə də tətbiq edir. Sərbəst rejimdə işləməyi seçənlər başa düşməlidirlər ki, oyanıb işə getmək deyilən bir şey yoxdur. Evin içində işə tez köklənmək çətin olur. Əgər bu yaradıcı işdirsə, bir köşən var, gedib o köşədə işləyirsən. Lakin stol arxasıda, kompüterlə işləmək lazımdırsa, gərək özün üçün bir ab-hava yaradasan. Planlama buradan başlayır. Məsələn, mən səhər duranda iş geyimimi geyinirəm, çünki bunu etmək işə köklənməyimə çox kömək olur. Ev geyimindən fərqli bir geyim olmalıdır ki, məni ciddi işə hazırlasın. Müştərilərlə onlayn görüşlərə hazırlaşarkən mütləq geyimə də diqqət etmək lazımdır. Görüş olmasa belə mən hazırlıqlı oluram, iş əhvalında olmaq mənim üçün vacibdir. Ondan sonra isə günü planlamaq olar. Həmin gündən nə gözlədiyimi, əsas 3 hədəfimi müəyyənləşdirirəm. Planlama çox rahat olur, çünki məni sıxan məsələlər yoxdur, istədiyim vaxt havaya çıxa, öz yeməyimi rahat hazırlaya bilirəm. Fasiləni də özüm təyin edirəm, bir saat işləyib iyirmi dəqiqə fasilə edə bilərəm. Bu qısa zamanı isə yoqa və dartınma hərəkətləri etməklə dəyərləndirirəm.

Özünə aid köşə yaratmaq, işləri düzgün planlamaq, ətraf-mühitin mənfi təsirlərini, səs-küyü aradan qaldırmaqla yanaşı, iş zamanı mane ola biləcək insanlardan uzaqlaşmaq lazımdır.

Diqqətimi cəmləmək və motivasiyamı yüksək saxlamaq üçün uyğun mühit olmalıdır. Fikrimi dağıdan hər şeydən uzaqlaşmağa çalışıram. Mühiti dəyişmək, hava almaq, hərəkət etmək, özümə yemək hazırlamaq diqqətimi toplamağa kömək edir. İşə tam fokuslana bilmək üçün ən yaxşı metod isə mənim üçün meditasiyadır. Bu işə nə üçün başladığımı özümə xatırladıram. Bir neçə dəqiqə meditasiya etdikdən sonra işə daha rahat davam edə bilirəm.

Evdən başqa işləmək üçün ən yaxşı yerlər kafelər və ya parklardır. Lakin bəzi işlər var ki, konfidensiallıq tələb edir. Bu səbəbdən də ətrafda insanların olması uyğun deyil. Onlayn görüşlər keçirərkən mühit mütləq səssiz olmalıdır. Bu halda kafe işimə yaramaya bilər, çünki əksər kafelər çox səsli olur. Dəqiq bir işdirsə, müştərilərlə görüşlər varsa, o işin qaydalarına uyğun yer seçmək lazımdır. Kovörkinqdə isə yalnız komanda ilə işləyə bilərəm. Tək olmaq istəyirəmsə, hər gün fərqli kafelərdə işləməyi seçirəm. Sürətli internet və səssizlik əsas şərtimdir, lakin yaxşı kofesi olmasa, mən orada işləmirəm. Kafe seçimlərim ayırdığım büdcəyə görə dəyişir. Yalnız təmiz, zövqümü oxşayan, səssiz və yaxşı kofe verilən yerlərdə işləməyi seçirəm.

Əvvəlki gündən bilirəm ki, bu gün mənə işlə bağlı nələr lazımdır. Əgər sürətli və yaxşı işləyən internet lazım olacaqsa, evdə qalıram və işimi riskə atmıram. Hava şəraiti də evdə qalmağıma səbəb ola bilər. Bu, tamamilə kənar şərtlər və əhvalımdan asılıdır.

Sərbəst işçi kimi produktivlik və intizamlılıq üçün ən vacib şərtim bu işi nə üçün etdiyimi bilmək və özümə xatırlatmaqdır. İkincisi özüm kimi insanlarla ən azı ayda bir dəfə görüşmək, baş verənləri bölüşmək və xoş vaxt keçirməkdir. Üçüncüsü isə tez-tez uyğun məkanlar axtarıb tapmaq, evdə şərait olmadığı hallarda, sürətli şəkildə öz yerini dəyişə bilmək vacibdir. Produktivliyi artırmaq üçün sərbəst rejimdən öz xeyrimizə istifadə etmək bacarığımız olmalıdır.

Frilanser kimi özümdən başqa heç kəsə hesabat verməyə ehtiyac qalmır. Öz günümü, vaxtımı və hər şeyi özüm idarə edirəm. Məkan, geyim və digər şeylərlə bağlı rutin qaydalar olmur, daha doğrusu öz qaydalarım olur. Mənim üçün sərbəst işləməyin ən böyük üstünlüyü azadlıqdır. Şəxsi işlərim, hobbilərimlə məşğul ola, özümə vaxt ayıra bilirəm. Bəziləri üçün bu rejim uyğun olmaya bilər, lakin hər kəs yoxlayıb onlara necə təsir etdiyini görməlidir. İnsanlar frilansın özlərinə uyğun üstünlüklərini kəşf edə bilərlər. Risk etməyi sevməyənlər də özü üçün elə bir sistem qura bilər ki, bu, ona daimi gəlir gətirsin.

Bəzən frilans rejimi seçənlər evdəkilərlə düzgün ünsiyyət qura bilmədikləri üçün işlərində produktivlik çox aşağı düşür. Karantin dönəmində belə bir vəziyyətlə qarşılaşdım. Düşünürəm ki, bu məsələnin həlli insanın öz işinə nə qədər ciddi yanaşdığına bağlıdır. Evdəkilərlə iş saatlarınızı bölüşərək həmin vaxtlarda sizi narahat etməmələrini xahiş edin. Bu anlaşmaya rəğmən ev əhli yenə də sərhədi keçirsə, sizə qarşı həssas deyillərsə (bu onlardan asılı olmaya da bilər), işləmək üçün evdən kənar bir məkan tapmaq vacibdir. Əks halda frilans sizin üçün zülm ola bilər.

Keçid linki: https://instagram.com/leyla.surkhayzade

(“Nevarneyox.com”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir