8

Futbol adamları xanımlara nə hədiyyə edir? – BİZİM SORĞU

Baxış sayı: 2. 134

8 martda xanımlara nə hədiyyə edək sualı bir neçə gündür demək olar ki, bütün kişiləri düşündürürdü. Şübhəsiz elə bu gün də bu haqda fikirləşənlər az deyil. Bəs görəsən, ölkəmizin futbol adamları 8 mart bayramında ən çox hansı hədiyyələri almağa üstünlük verirlər və futbol adamlarının xanımlara bağışladığı ən bahalı hədiyyə nə olub? Bunu müəyyənləşdirmək üçün ölkəmizin futbol arenasında olan bəzi məşqçi və futbolçular arasında sorğu keçirdik.

Şahin Diniyev (“Kəpəz”in baş məşqçisi): “ Daha çox gül və ətir bağışlamağa üstünlük verirəm. Ancaq həyat yoldaşıma ən bahalı hədiyyəni 6 il əvvəl etmişəm. Ona 8 martda  Hunday  i 20 markalı avtomobil almışdım. Qiyməti isə 14200 manat idi”

Kamal Quliyev (“Neftçala”nın çalışdırıcısı): “Məncə, hədiyyənin bahalı və ya ucuz olmasının fərqi yoxdur. Mən heç vaxt bahalı hədiyyə aşiqi olmamışam. Başqa sözlə, ayağımı yorğanıma görə uzatmışam. Aldığım hədiyyəyə gəlincə, bir buket qızılgül almışam. Bununla yanaşı, pul vermişəm ki, özləri nə istəyirlərsə, onu alsınlar”

Arif Əsədov (“Neftçi”nin keçmiş baş məşqçisi): “Daha çox gül dəstəsi və bahalı ətir hədiyyə etməyə üstünlük verirəm. Ən bahalı bayram hədiyyəm isə həyat yoldaşıma hədiyyə etdiyim 700 manatlıq şirəçəkən maşındır”

Elbrus Məmmədov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Qadınlar bayramında ətir və gül hədiyyə edirəm, amma ən bahalı hədiyyənin qiyməti haqqında danışmaq istəmirəm”.

Səttar Əliyev (“Neftçi”nin əvəzedici komandasının məşqçisi): “Ən bahalı hədiyyə kimi ətir bağışlamışam ki, onun da qiyməti 100 manat idi. Ümumiyyətlə, daha çox ətir və gül hədiyyə edirəm”

Ceyhun Sultanov (“Sumqayıt”ın baş meneceri): “8 martda anama və yoldaşıma hədiyyə alıram, ancaq bu hədiyyələrin nədən ibarət olmasını heç kimə açıqlaya bilmərəm. Məncə, heç qiymətindən də bəhs etmək məsləhət deyil”.

Ruslan Əmircanov (“İnter”in müdafiəçisi): Məncə, qadınlara təkcə bayram günləri yox, daim diqqət göstərmək, imkan daxilində vaxtaşırı hədiyyələr bağışlamaq lazımdır. Hədiyyədən çox göstərilən qayğı önəm daşıyır. Mənim qadınlar bayramında hansı hədiyyəni bağışlamağıma gəlincə, hamı bilir ki, xanımlar gülü daha çox sevir. Mən də bu səbəbdən gül bağışlayıram. Bundan başqa, ətir və suvinir də hədiyyə edirəm. Gül bir neçə gün keçdikdən sonra solur, ətir isə bir müddət sonra bitirsə, suvinir həmişəlik yadigar qalır. Qiymət məsələsinin isə qapalı qalmasını istəyirəm”.

Elvin Məmmədov (“Zirə”nin futbolçusu): Adətən gül alıram. Ən bahalı hədiyyəni isə anama almışam.

Saşa Yunisoğlu (“Rəvan”ın müdafiəçisi): “Ətir və gül hədiyyə etmişəm. Qiyməti isə yadımda deyil, çünki düzü, bununla maraqlanmırdım. Əsas o idi ki, xoşuma gəlsin. Məsələn, 30 dollara da olurdu, 150-200 dollara da”.

Tural Məmmədov

“Gencaile.az”

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir