konul ceferli

Gəlinlik mağazasında ağladılan gəlin

Baxış sayı: 832

Amerika televiziyalarının birində toyla bağlı fenomen bir layihə var. Veriliş gəlinlik mağazasında çəkilir. Süjet xətti belədir: Ərə getməyə hazırlaşan qadınlar dükana gəlir və arzu etdiyi toy libasını seçir. Vəssalam!

Di gəl, bu bəsit məzmunlu layihə 10 ildir davam edir, hələ də baxılır və sevilir. Elə tamaşaçılarından biri də mənəm. Düzdür, qaşları alınmış kişi aparıcını birinci dəfə görəndə bəyənməsəm də, adamın alicənablığı ilk dəqiqələrdən diqqətimi cəlb etdi. Məncə verilişin uğuru da elə Rendi Fenolinin layihə iştirakçıları ilə davranışı, nəzakətli ünsiyyəti ilə bağlıdır. Aparıcı həm də tanınmış dizayner, moda evinin rəhbəridir. Fenoli çəkiliş zamanı o qədər səmimi mühit yaradır ki, nə gəlinlik seçən qızların göz yaşları, nə də analarının sevinci izləyiciyə süni təsir bağışlamır.

Verilişin qonaqları kimlər olmur ki? İlk dəfə gəlin köçəcək qızlardan tutmuş hamilə qadınlara, 2-3 uşaqlı analara, 60-70 yaşlı nənələrədək hər kəs gəlinlik seçmək üçün Rendinin mağazasına üz tutur. Aparıcı kimsənin xətrinə dəymir, hər kəsə xəyalındakı libası seçməyə həvəslə kömək edir.

Bir dəfə verilişə 120 kiloqram çəkisi olan qız qatılmışdı. Xeyli paltar geyinib-soyunsa da, köklüyünə görə seçim edə bilmir, bəyəndiyi libaslar əyninə olmurdu. Axırda əlacsız qalıb, ölçüsünə uyğun bir gəlinlik seçdi. Annanı kədərli görən aparıcı “Toy günü arzuladığı libası geyinmək hər bir qadının haqqıdır”, – deyib, o qız üçün Avropadan gəlinlik sifariş etdi. Özü də böyük məbləğdə endirimlə. Cəmi iki həftə sonra Annanın əynində xəyalını qurduğu don vardı. Göz yaşlarını saxlaya bilməyən qız Rendi və mağaza satıcılarını bağrına basıb təşəkkür etdi. Aparıcı bu sevinci qeyd etməyi də unutmamış, şampan açaraq Annanı daha çox xoşbəxt etməyi bacarmışdı.

Mənə təsir edən qızın arzuladığı libasa qovuşmasından daha çox aparıcının ona olan münasibəti idi. Anna artıq çəkisindən utansa da, Rendi müştərinin köklüyünə bir kəlmə də işarə etmir, əksinə “Narahat olmayın, bizdə model çoxdur. Gözəlliyinizi vurğulayacaq donu tapacaqsınız”,-söyləyib qıza dəstək olurdu.

Yadıma yerli mağazalarımız düşdü. Mən özümə gəlinlik seçəndə bir kök qız da gəlmişdi. Geyindiyi paltarlar əyninə olmadıqca hərə bir tərəfdən söz atırdı:

– O gəlinlik sənə olmaz! Zərif qızlar üçündür, sən bu tərəfdəkinə bax.

– Toya qədər arıqlayardın də. Gör, nə boydasan! Əyninə don da tapılmır.

– Bu canla çətin qəşəng gəlinlik seçə biləsən!

O qədər dedilər, axırda yazıq ağladı. Anlamırlar ki, kiminsə fiziologiyasına dil uzatmaq, ələ salmaq tərbiyəsizlikdir. Bunu kimsə, hələ satıcılar heç etməməlidir.

Bir anlıq Rendinin komandasını və özümüzünküləri müqayisə etdim. Nə qədər mədəniyyət və xidmət fərqi var! Dindirsən, qaşını-başını bəhanə edib, amerikalı aparıcını bəyənməzlər. Amma onun bircə verilişi bizim satıcılarımız üçün əsl “master class” ola bilər.

Bir də deyirik ha, gəlinlik kimi mövzular guya bizim üçün nəsə özəl, qiymətlidir. Qətiyyən elə deyil! Əks halda kök, gözəl olmayan qızlarla o cür kobud davranmazdıq. Hansı bədənin geyinəcəyinin nə önəmi var, əgər həqiqətən də toy libası bizim üçün müqəddəsdirsə?

Amma bax, yeri gələndə qəbul etmədiyimiz amerikalılar üçün gəlinlik həqiqətən də xüsusi dondur. Onu əyninə geyinən hər kəsə böyük ehtiram və həssaslıqla yanaşırlar. Rendi üçün toya hazırlaşan bütün gəlin namizədlər özəldir. Əvvəl hər kəsi səbrlə dinləyər, necə model arzuladığını öyrənər, sonra libas seçiminə keçərlər. Yox, əgər müştərinin istədiyi dizayn bədən ölçülərinə uyğun gəlmirsə, bunu şillə kimi üzünə çırpmaz, çox səliqəli şəkildə başqa bir gəlinliyə yönəldər. Budur mədəniyyət, gəlinliyə verilən dəyər və peşəkarlıq!

Deyə bilərsiniz, bir verilişə əsaslanaraq, qənaət çıxarmaq yetərmi? Haqlısınız, yetməz. Amma mən o məzmunda hazırlanan başqa 7-8 layihə də izləmişəm, sırf aparıcının iştirakçılarla davranışını müşahidə etmək üçün. Hər birində insan faktoruna, bədəninə, seçiminə, arzusuna hörmət görmüşəm. Onlar mühakiməyə cəhd etməz, kimsəni qərarına görə didişdirməzlər. Hətta təəccübləndikdə belə “Maraqlıdır, təəccüblüdür, amma bu, onun seçimidir”, – deyərlər.

Bizim qızlar isə gəlinlik seçəndə öz istəkləri ilə yanaşı qayınana və baldızın da fikirlərini nəzərə almalı olur. Rəfiqəmin toyu bu söhbətlərə görə dağılmadımı? Birinin burnuna, digərinin bığına ağız büzə-büzə 35 yaşında barmağına üzük taxıldı. Toyadək hər şey yolunda gedirdi, ta ki gəlinlik seçənədək. Elə dava da burda başladı.

İlhamə türk aktrisa Tuğba Böyüküstünün fanatıdır. Həmişə deyirdi ki, ailə qursam, aktrisanın gəlinliyinə bənzər libas geyinəcəyəm. Toyla bağlı ən böyük xəyalı bu idi. Haqqüçünə, qayınanası qızın arzusunu normal qarşılayıb, Tuğbanın gəlinliyinə oxşayan libas da sifariş verdi. İlhamə “primerka”ya gedəndə donu bəyənsə də, belinə bağlayacaq qırmızı lenti istəmədi. Dedi, Tuğba qara kəmər taxmışdı, mən də eləsini istəyirəm. Oğlan evi etiraz etsə də, xeyri olmadı. Xüsusən baldızı daş atıb başını tutdu ki, qara yas rəngidir, qoymaram qardaşımın toyunda gəlin qara bağlasın. Qız da ayağını dirədi ki, onda mən də gəlinliyi geyinməyəcəyəm. Əvvəl bəy İlhaməni dəstəkləsə də, məsələ böyüyəndən anası tərəfə keçdi. Lent məsələsi ölüm-qalım savaşına döndü. Toya son qoyan söhbət isə baldızının dediyi bu cümlə oldu: “35 yaşında ər tapıb, naz eləməyinə bax!”

Beləcə, xeyir işə 2 həftə qalmış nişan qayıtdı.

Bu da gəlinlik sevdasının milli nəticəsi. Bilmirsən, paltarı gəlin geyinəcək, yoxsa qayınanası, baldızı? Sonluğu müqayisə ilə bitirmək istəməsəm də deməliyəm. Mən Rendinin kömək etdiyi yüzlərlə gəlin izlədim. Onlar seçim edərkən kimsə kənardan müdaxilə etməz, qarışmazdı. Öz ürəklərini dinləyib, elə qərar verirdilər. Kimsə inciməsin, biz nəyi bacarsaq da, seçimə hörmət etməyi öyrənə bilməmişik.

 

Könül Cəfərli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir