aile

Gənc ailənin problemi nədən başlayır?

Baxış sayı: 1. 812

“Ailə – kiçik bir dövlətdir”. Bu ifadə nə vaxt deyilib, dəqiq bilən yoxdur, amma mahiyyəti hər zaman, bütün məqamlarda dəyişməzdir. Öz qayda-qanunları, adətləri ilə fərqlənən ailələr ümumilikdə həm də oxşardır. Bu bənzəyiş bəlkə də əsrlər boyu qoruna-qoruna gələn adət-ənənələrimizə bütün ailələrdə qanun kimi riayət edilməsindən doğur. Son onilliyin timsalında isə “ocaq” kimi formalaşan ailələrin çox vaxt heç nədən soyuduğunun şahidi oluruq. Əlbəttə, zaman keçir və onun diqtəsi həyatın hər sahəsinə olduğu kimi, ailələrə də təsirsiz ötüşmür. Qərbə açılan qapılar Şərq ailəsinin içindən keçir. Əvvəllər adət-ənənələrimizə qeyd-şərtsiz əməl edən gənclər müasir dünyanın təsirindən, qərbləşməsindən ailəyə ikinci dərəcəli məsələ kimi yanaşırlar. Təbii ki, Qərb ailələri haqqında şübhə yaratmaq istəmirik, sadəcə onlardan fərqli şərqli mentaliteti deyilən bir nəsnə var ki, onu qorumağa hamımız borcluyuq. Əvvəllər ailənin dağılmasına, boşanmağa faciə kimi yanaşanlar bu gün uf demədən ailəsini dağıdır, bir-birindən ayrılırlar. Səbəb?! Çox sadədir. Bir vaxtlar yaranmış söz-söhbətlər, çatışmazlıqlar, ağsaqqal, ağbirçək məsləhəti ilə yoluna qoyulurdusa, indi bu haqda danışmağa belə dəyməz. Bu gün “xasiyyətin tutmaması”ndan, “birlikdə yaşamağın maraqsız olması”ndan neçə-neçə ailənin ocağına soyuq su calanır. Xırda problemlər qlobal bəla səviyyəsinədək şişirdilir. Boşanmalardan itirən isə valideynlərindən birini diri ikən itirən övladlar olur. Uşaqsız ailələrdə isə ən böyük faciə baş verir: ailənin məhz nəsil artırmaqdan ötrü qurulduğunu bir daha yəqin edib, öz həyatının mənasızlığını görmək, zənnimizcə, kimsəyə xoş gəlməz. Gənclər ailə qurmazdan, bu “dövlət”in varlığına son qoymazdan öncə psixi cəhətdən möhkəmlənməli, onlara tibbi anlayışlar, hüquqi məsləhətlər verilməli, ailənin uzunömürlüyünü qorumaq üçün mütəxəssislərdən məsləhətlər alınmalıdır. Şərq ailəsinə məxsus qaydalara onu qəbul edərkən sonadək riayət edilməli, bir-birinə inam olmalıdır. Bu, əlbəttə, heç bir rəsmi qanunla təsdiqlənmir. Amma bunları bilməli və mentalitetimizdən irəli gələn atribut kimi ailə həyatımızda tətbiq etməliyik.

 

Gənc ailənin problemi nədən qaynaqlanır? 

Zənnimcə, gənc ailənin problemlərinin yaranmasına başlıca səbəb qayınana-gəlin problemi, rezusfaktor, dünyagörüşün üst-üstə düşməməsi, kənar müdaxilə, oğlanın ailə həyatına hazır olmaması, övladın olmaması, qısqanclıq, inamsızlıq, maddi vəziyyətin ağırlığı və s. Təcrübə göstərir ki, ailənin dağılmasına qızın yeni düşdüyü mühitin onu qəbul etməməsi də səbəb olur. Ana ilə həyat yoldaşı arasında yaranan xoşagəlməz münasibətlərin öhdəsindən gələ bilməyən və məsələnin məcrasına düşməsində qəti mövqe göstərməyi bacarmayan oğul sonda kənara çəkilərək ailənin dağılmasına şərait yaradır. Ailələrin birinin “demokratik”, digərinin “mühafizəkar” olması da evliliyə son verə bilər. Tutaq ki, təhsilli, bir az ekstravaqant geyinən, müasirliklə daha çox ayaqlaşan qız nisbətən mühafizəkar ailəyə gəlin gedir. Bu qızın hərəkətləri həmin ocaqda tərbiyəsizlik kimi qəbul ediləcək. Bundan yaranan problemlər isə sanki partlayışla nəticələnəcək. Sonda valideynlərin və ailənin təsiri ilə oğula təzyiq edilərək qız qarşısında şərt qoyulacaq: “Ya bizim ailənin ab-havasına öyrəşməli, ya da ayrılmalısan”. Bəs nə etməli? Təbii ki, seçim etməzdən öncə həm qudalar, həm də oğlanla qız bir-birinin dünyagörüşünə, təhsil səviyyəsinə, həyata baxışlarına bələd olmalı, göstəricilərin uyğunluğu qarşılığında izdivaca razılıq verilməlidir. Uyğunluq gözlənilərsə ailə uzunömürlü, əks halda onun “süqutu” qarşısıalınmaz olur.

 

Qayınana, rezus faktor və qız anası

Heç şübhəsiz, ailənin dağılmasında başlıca rolu qayınana oynayır. Qayınana birmənalı olaraq evinə yad gəlin gəldiyini və onun oğlu üçün doğmaya çevrildiyini başa düşməyə çalışmalıdır. Əgər o, belə HUMANİST işə qol qoyarsa, problemi həll etmək nisbətən asanlaşar. Qayınana gəlininin müəyyən hərəkətlərinə – yuxudan bir az gec qalxmasına, yeməyi vaxtında bişirməməsinə, yaxud yaxşı bişirməməsinə göz yummalı, qüsurları oğluna görə keçməli, ona ana kimi yol göstərməyi bacarmalıdır. Gəlin isə yad mühitə düşdüyünü unutmamalı, müxtəlif dünyagörüşlü insanlara qarşılaşacağını əvvəlcədən yəqin edərək özünü həmin mühitə hazırlamalıdır. Gəlin və qayınana ilk gündən kompromisə gedib özlərini psixoloji cəhətdən hazırlasalar, həmin ailədə heç vaxt qalmaqal, səs-küy yaranmaz.

Ailələrin dağılmasını şərtləndirən amillərdən biri də rezus faktordur. Ananın qanının rezusu mənfi, övladının qanında isə atasında olduğu kimi, rezus müsbət olduqda ananın qanında övladın qanına qarşı antitellər yaranır. Birinci hamiləlik, adətən uğurlu olsa da, sonrakılarda müxtəlif formada problemlər meydana çıxa bilir. Buradan da ailədə bir çox narazılıqlar – həkimə çox pul xərcləmək, ailənin digər övlada sahib olmaması baxımından söz-söhbətlər yaranır ki, bu da boşanmayla nəticələnir. Ailənin dağılmasına kənar müdaxilə də əsasən qız anasının qarışması səbəb ola bilər. Bir məsələni də unutmaq olmaz ki, məhz valideynlərdən hər birinin övladını ailə həyatına hazırlanmaması da pis sonluqla nəticələnə bilər. Bəzən çox erkən evləndirilən oğul ailənin ilkin çətinliyi ilə rastlaşanda çiyinlərini kənara çəkir və ilk problem qarşısında zəiflik nümayiş etdirir. Ona görə də oğulu tərbiyə edəndə onu, ilk növbələ, çətinliklərə alışdırmağa çalışmaq lazımdır. Bu çətinliklərin yolu isə əsasən hərbi xidmətdən keçir.

 

Ailənin uzunömürlü olması üçün nə etməli?

Təbii ki, gənclər öz seçimlərində nə qədər israrlı olsalar da, valideynlər bu sahədə təcrübələrini əsas gətirərək işin onların dediyi kimi sonuclanmasını arzu edirlər. Təcrübə göstərir ki, ailənin uzunömürlü olması üçün gənclər daha çox məhəbbət faktoruna üstünlük versələr də, belə nikah əkər hallarda uğursuzluqla nəticələnir. Yəni sevgi xülyaları üzərində qurulan ailələrin çoxunun ömrü  6-7 aydan uzağa gedə bilmir. Bu müddət ərzində onların bir-biri üçün çox adi insanlar olduğu aydınlaşır və izdivaca asanlıqlı son verilir. Valideyn məsləhəti ilə qurulan ailələr nisbətən daha sabit olur. Çünki valideynlər məhz ailənin kökünü, əsil-nəslini, özlərinə münasib olub-olmamasını müəyyənləşdirdikdən sonra belə izdivacın baş tutmasına razılıq verirlər. Lakin yeni qurulan ailələrin problemlərinə nəzər saldıqda asanlıqla söyləmək olar ki, sadaladığımız hər iki faktorda ailələrin dağılmasını və uzunömürlü olmamasını görmək mümkündür.

 

Maraqlı məqam

Görəsən, gənclər ailə qurmazdan əvvəl öz hüquq və vəzifələrinin nədən ibarət olmasını bilirlərmi? Düşünürlərmi ki, qarşılaşdıqları problemin həllinin tez tapılması üçün ilkin olaraq hansı hüquqi addımların atılması zəruridir? Çox təəssüf ki, digər sahələrdə olduğu kimi, burada da əksər gənclərin hüquqi savadsızlığı ailənin dağılması, ayrılmadan sonra müxtəlif lazımsız söz-söhbətlərin yaranması ilə nəticələnir.

 

Nikah nədir?

Nikah, hər şeydən əvvəl, qadın və kişinin könüllü ittifaqıdır. Qanunvericiliyə görə, kişilər 18, qadınlar isə 17 yaşda nikaha girə bilərlər. Ailə Məcəlləsinin 1.4-cü maddəsində göstərilir ki, nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Nikahın bağlanması mühüm haldır. O həm və sonradan yaranan problemlərin qarşısının alınması üçün vacibdir. Əgər dövlətin tanıdığı rəsmi nikah yoxdursa, gələcəkdə onların hüquq və vəzifələri tanına bilmir. Bir yerdə yaşamaq mümkün olmasa və boşanmaya qərar verilərsə, nikahın ləğv edilməsinə dair tərəflər yaşadıqları rayon məhkəməsinə müraciət edə bilərlər. Qeyd etmək zəruridir ki, Ailə Məcəlləsinin 20.2-ci maddəsində müəyyən olunub ki, tərəflərdən birinin nikahı pozması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın boşanması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər.

 

Hansı halda tərəflər iddia qaldıra bilmirlər?

Qanunvericilikdə göstərilir ki, hamiləliyi dövründə və uşaq anadan olduqdan 1 yaşı tamam olana qədər nikahıq ləğv edilməsinə dair iddia qaldırıla bilməz. Bu həm qadına, həm də kişiyə aiddir. Bunlardan başqa, yaranacaq hansısa problemin qarşısını Ailə Məcəlləsinin 38-ci maddəsində göstərilən nikah müqaviləsi ilə almaq mümkündür. Həm kişi, həm də qadın bir çox problemlərlə üzləşməsinlər deyə, öncədən nikah müqaviləsini notarial qaydada bağlamalıdırlar. Qeyd edək ki, məlum müqavilədə həm ərin, həm də arvadın hüquq və vəzifələri, tərəflərin məsuliyyəti və başqa məsələlər geniş şəkildə əksini tapıb. Qadın və kişi nikah müqaviləsi bağlasalar, əminliklə demək olar ki, gələcəkdə qarşılaşa biləcəkləri bir çox problemlərin qarşısını əvvəlcədən ala bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir